Məhkəmə qərarları › İş №e-2-2(113)-2675/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2675/2021

21.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2675/2021 21.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Mən, Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlu, İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Sotiriou Giordanoya qarşı kredit xətti müqaviləsi üzrə borcun ödənilməsi tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş qaydada verdiyi ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN E T D İ M: İddiaçı Bank "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Bank "xxxx" ASC-nin “Xətai” filialı ilə Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 şəxsində bağlanmış 27.09.2019-cu il tarixli BC-00004-15/19A saylı kredit xətti müqaviləsindən irəli gələn 21.04.2021-ci il tarixinə ödənilməmiş 4990,55 manat əsas borc, 838,57 manat faiz məbləği, 516,15 manat dəbbə pulu borcu, iddia qaldırılması üçün 30,40 manat dövlət rüsumu, ümumilikdə 6345,27 manat və 30,40 manat pulun cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Sotiriou Giordanodan müştərək qaydada iddiaçının xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı Bank "xxxx" ASC-nin “Xətai” filialı ilə Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 şəxsində bağlanmış 27.09.2019-cu il tarixli BC-00004-15/19Asaylı kredit xətti müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə biznes məqsədi ilə 24 ay müddətinə illik 23 faiz ödəmək şərti ilə 5000 manat məbləğində 27.09.2021-ci il tarixinədək bərpa olunan kredit xətti açır, kredit xətti çərçivəsində tam şəkildə və ya hissə-hissə kreditli borcalanın isə həmin kreditdən biznes məqsədi ilə istifadə etməyi və onu 27.09.2021-ci il tarixinədək faiz ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı Bank "xxxx" ASC-nin “Xətai” filialı ilə Cavabdeh2 oğlu 27.09.2019-cu il tarixdə iddiaçıyla BCZ-A004-15/19A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1 MMC-nin həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. İddiaçı Bank "xxxx" ASC-nin “Xətai” filialı ilə cavabdeh Sotiriou Giordano 27.09.2019-cu il tarixdə iddiaçıyla BCZ-0004/15/19A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1 MMC-nin həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Cavabdeh1 MMC kredit xətti müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Nəticədə iddiaçı cavabdehlərlə arasında olan müqaviləsinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Kredit xətti müqaviləsinin 2.2-ci bəndinə əsasən, borcalan krediti və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəniş cədvəli ilə müəyyən olunmuş elə məbləğlərdə və elə müddətlərdə borcverənə qaytarmalıdır ki, kredit və kreditdən istifadəyə görə hesablanmış faizlər ən geci kreditin qaytarılmasının razılaşmada nəzərdə tutulmuş son tarixinə qədər tam həcmdə borcverənə ödənilmiş olsun. Həmin müqavilənin 5.4-cü bəndinə əsasən, borcalan kreditin və ona hesablanmış faizlərin məbləğinin ödənilməsini 3 (üç) təqvim günündən çox gecikdirdikdə, 4-cü gündən etibarən, kredit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc (güzəştli aylarda faiz forcu) məbləğinin 0,5%-i məbləğində gündəlik cərimə hesablanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-4.1.4.-cü maddəsinə əsasən, ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. 284-4.3-cü maddəsinə əsasən, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilən ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə olduqda məhkəmə həmin ərizənin qəbul olunmasından imtina edir. İddia ərizəsində 516,15 manat dəbbə pulunun ödənilməsi tələbi ilə bağlı mübahisə olduğunu nəzərə alan məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-in 263, 264-cü maddələrinə əsasən, QƏRARA A L D İ M: İddiaçı “Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Sotiriou Giordanoya qarşı kredit xətti müqaviləsi üzrə borcun ödənilməsi tələbi üzrə kiçik iddialar üzrə sadələşdirilmiş icraat barədə kommersiya mübahisəsinə dair ərizənin qəbul olunmasından imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin 30 manat məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən ********* nömrəli, 19.04.2021-ci il tarixli qəbz geri qaytarılsın. İddiaçı “Bank "xxxx" ASC-yə izah edilsin ki, kiçik iddialar üzrə sadələşdirilmiş icraat barədə kommersiya mübahisəsinə dair ərizənin qəbul edilməsindən imtina olunması onun həmin tələb üzrə iddia icraatı qaydasında ərizə verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar