Məhkəmə qərarları › İş №e-2-2(113)-2679/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2679/2024

21.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2679/2024 21.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 oğluna və Cavabdeh2 qarşı kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi ilə, Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı ASC (kreditor) ilə Cavabdeh1 (borc alan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 22-MCR-1-272-22 saylı kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən tərəflər kredit limitinin məbləği 100.000 manat, kredit limitinin müddəti 120 ay, kredit limiti üzrə aylıq faiz dərəcəsi 2.50 %, kredit limiti üzrə gündəlik cərimə faiz dərəcəsi 0.20 % olmaqla razılığa gəlmişlər. Müqavilə hər iki tərəfin imzası və kreditorun möhürü ilə təsdiq edilmişdir.

2. İddiaçı ASC (kreditor) ilə Cavabdeh2 (zamin) arasında 31 mart 2022-ci il tarixli, Z/04783/22 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən zamin, xx.xx.2022-ci il tarixli 22-MCR-1-272-22/1 saylı kredit limitinin ayrılmasına dair müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ay hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və borc alan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 4.2-ci bəndinə görə kreditin məbləği, ondan istifadəyə görə hesablanan faizlər, dəbbə pulu (cərimə və peniya), borc tutulması üzrə məhkəmə xərclərinin və borc alanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borc alan ilə eyni həcmdə məsuliyyət daşıyır. 6.3-cü bəndinə əsasən bu müqavilə tərəflərin imzalandığı gündən qüvvəyə minir və tərəflərin bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. Müqavilə kreditorun imzası və möhürü, zaminin isə imzası ilə təsdiq edilmişdir.

3. İddiaçı ASC (kreditor) ilə Cavabdeh1 oğlu (borc alan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli 22-MCR-1-272-22/1 saylı kredit verilməsinə dair razılaşma əsasən kreditor tərəfindən borc alana biznes məqsədilə 32 ay müddətinə aylıq 1,83 %-lə 10.000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. Həmin razılaşmanın 12-ci bəndinə əsasən razılaşma xx.xx.2022-ci il tarixli 22-MCR-1-272-22/1 saylı kredit limitinin ayrılmasına dair müqavilənin əsasında rəsmiləşdirilmişdir bə həmin müqavilənin ayrılmaz tərkib hissəsidir. Müqavilə hər iki tərəfin imzası və kreditorun möhürü ilə təsdiq edilmişdir.

4. 22-MCR-1-272-22/1 saylı kredit müqaviləsinə 1 saylı əlavə olan xx.xx.2022-ci il tarixli ödəniş cədvəlinə əsasən Cavabdeh1 oğlu tərəfindən kredit müqaviləsi üzrə (sonuncu ödəniş tarixi xx.xx.2024-cü il olmaqla) ödəyəcək əsas məbləğ 10.000 manat, faizin məbləği 3336,46 manat, cəmi ödəniləcək məbləğ 13.336,46 manat məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli kreditor və borc alan tərəfindən imzalanmışdır.

5. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 xx.xx.2022-ci il tarixli 22-MCR-1-272-22/1 nömrəli kredit müqaviləsi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə əsas borc üzrə sonuncu ödəniş xx.xx.2024-cü il olmaqla 198 manat, faiz borcu üzrə sonuncu ödəniş xx.xx.2023-cü il olmaqla 40,88 manat ödəniş etmiş və Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə əsas borc üzrə qalıq məbləği 4815,97 manat, faiz borcu üzrə qalıq məbləği 1350,96 manat, cərimə borcu üzrə qalıq məbləğ 962,45 manat, cəmi borcu 7129,38 manat, kreditin bitmə tarixinə (xx.xx.2024-cü il) əsas borc üzrə qalıq məbləğ 0 manat, faiz borcu üzrə qalıq məbləğ 0 manat təşkil edir.

6. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə xx.xx.2023-cü il tarixli, KBD-9416 saylı xəbərdarlıq məktubu ünvanlayaraq borclu tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2022-ci il tarixli 22-MCR-1-272-22/1 saylı kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilmədiyi təqdirdə xəbərdarlıq məktubunu aldığı vaxtdan etibarən 5 gün müddətində məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

7. İddiaçı ASC tərəfindən verilmiş sonuncu hesabdan çıxarışdan müəyyən edilir ki, xx.xx.2022-ci il tarixli 22-MCR-1-272-22/1 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 borcun iddia ərizəsində tələb olunan tarixdən, yəni xx.xx.2023-cü il tarixdən sonra müxtəlif vaxtlarda (xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixlərinə) 198 manat, cəmi 990 manat məbləğində ödənişlər etmişdir.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyul 2024-cü il tarixli, 9/4792 saylı ekspert rəyinə əsasən Cavabdeh1 oğlunun maliyyə arayışı məlumatları və tərəflər arasında imzalanmış 31 mart 2022-ci il tarixli 22-MCR-1- 272-22/1 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə iddia ərizəsində tələb olunan tarixə, yəni xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə ödənilməli əsas borcu 5878,85 manat, faiz borcu 420,34 manat, maliyyə arayışında qeyd edilən tarixə, yəni xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə ödənilməli əsas borcu 5284,85 manat, faiz borcu 988,27 manat məbləğində müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil edir.

İİ. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

9. İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 5.805,97 manat əsas borc, 545,97 manat faiz borcu və 149,66 manat cərimə borcu olmaqla cəmi 6.501,6 manat borcun, 110 manat ödənilmiş (mediasiya ödənişinin) tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh1 İddiaçı ASC-nin “Nərimanov” filialından 120 ay müddətinə 100.000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2022-ci il tarixli Kredit limitinin ayrılmasına dair müqavilənin təminatı olaraq xx.xx.2022-ci il tarixdə Cavabdeh2 ilə zaminlik müqavilələri bağlanmışdır. xx.xx.2022-ci il tarixli kredit verilməsinə dair razılaşmaya əsasən Cavabdeh1 İddiaçı ASC-dən illik 22% olmaqla 32 ay müddətinə 10.000 manat məbləğində kredit götürmüşdür. 2023-cü ilin dekabrın 11-dək Cavabdeh1 banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 5.805,97 manat əsas borc, 545,97 manat faiz borcu və 149,66 manat cərimə borcu olmaqla cəmi 6.501,6 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçı ASC cavabdehlər Cavabdeh1və Cavabdeh2 arasında olan kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müraciət etmiş, lakin tərəflər arasında razılıq əldə olunmamışdır

11. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 445.2.1, 448.1, 465.2, 472.1, 472.2 və 501-ci maddələrinə istinad etmişdir

12. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair kiçik iddialara dair işlərə sadələşdirilmiş icraat qaydasında baxılması barədə ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

b) İddiaya qarşı etirazın dəlilləri

13. İddiaya qarşı etiraz təqdim olunmamışdır.

b) İşdə iştirak edən şəxslər və onların izahatları

14. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 məhkəmədə verdiyi izahatda hər ay 200 manat məbləğində ödəniş etdiyini bildirərək borcun hissə-hissə icra edilməsinə şərait yaradılmasını xahi etdi.

15. İddiaçı və digər cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, lakin iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, iş həcminin çoxluğunu nəzərə alaraq baxış iclasının iştirakları olmadan keçirilərək, iddialarının tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, cavabdeh isə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

16. Məhkəmə işə iddiaçı və Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

17. Əvvəlki məhkəmə iclasına iddiaçının nümayəndəsi cavabdeh tərəfindən 2 dəfə hər dəfəsində 200 manat olmaqla əlavə ödəniş edilyini və xx.xx.2024-cü il tarixə əsas borc məbləğinin 4815 manat təşkil etdiyini bildrimişdir.

İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

18. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

19. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

İV. TƏTBİQ EDİLƏN HÜQUQ

20. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 432.4-cü maddəsinə görə əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.

21. AR MPM-in: - 103.1-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 113.2-ci maddəsinə əsasən iddia tələbləri artırıldıqda, rüsumun kəsir məbləği artırılmış iddia qiymətinə müvafiq olaraq ödənilir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır.

22. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

23. Azərbaycan Respublikası Konstitusiya məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

24. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.

25. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh1 oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 22-MCR-1-272-22 saylı kredit limitinin ayrılmasına dair müqavilə və həmin müqavilə çərçivəsində bağlanmış xx.xx.2022ci il tarixli 22-MCR-1-272-22/1 saylı kredit razılaşmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı ASC Cavabdeh1 oğluna kredit müqaviləsində müəyyən edilmiş şərtlərlə 10.000 manat məbləğində kredit verməklə, göstərilən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh1 oğlu kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə Cavabdeh1 oğlunun iddiaçıya kredit müqaviləsi üzrə əsas və faiz borcu yaranmışdır. Hazırda iddiaçı "xxxx" ASC həmin kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixədək olan dövr üçün yaranmış əsas borc, faiz borcu və dəbbə pulunun ödənilməsini tələb edir.

26. Kredit müqavilələri üzrə əsas və iddiaçının tələb etdiyi dövr üçün (xx.xx.2023-cü il tarixədək olan müddət üçün ) faiz borcunun məbləğinə gəldikdə məhkəmə ilk növbədə qeyd edir ki, Cavabdeh1 oğlunun həmin borcların məbləğini müəyyən etmək üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmişdir. Ekspert rəyi ilə Cavabdeh1 oğlunun İddiaçı ASC-yə iddia ərizəsində tələb edilən tarixə, yəni xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə ödənilməli əsas borcunun 5878,85 manat, faiz borcunun 420,34 manat məbləğində olması müəyyən edilmişdir.

27. Məhkəmə MPM-in 206.1-ci maddəsinə əsasən, ekspert rəyini tədqiq edərək belə qənaətə gəlir ki, hazırkı halda məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir.

28. Digər tərəfdən ekspert rəyindən, eləcə də bank tərəfindən təqdim edilmiş hesabdan çıxarışdan müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdən etibarən cavabdeh tərəfindən hər dəfə 198 manat məbləğində olmaqla 5 dəfə, cəmi 990 manat məbləğində ödəniş edilmişdir. Həmin ödənişlər bank tərəfindən təqdim edilmiş sonuncu maliyyə arayışından da göründüyü kimi bank tərəfindən əsas borcdan çıxılmışdır.

29. Odur ki, məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən edilmiş ödənişlər ekspert rəyi ilə müəyyən edilmiş ərizəsində tələb edilən tarixə, yəni xx.xx.2023-cü il tarixə olan əsas borc məbləğindən çıxılmaqla əsas borc məbləği 4888,85 manat (5878,85-990) müəyyənləşdirilməlidir.

30. Tələbin 149,66 manat məbləğində dəbbə pulunun tutulması hissəsinə münasibədə məhkəmə qeyd edir ki, Cavabdeh1 ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan, eləcə də dəbbə pulunun azaldılması üçün əsaslar olmadığından iddiaçı mübahisəli müqavilə üzrə yuxarıda göstərilən məbləğdə dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır.

31. Bununla yanaşı iş materiallarından görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli, 22-MCR-1-272-22 saylı kredit limitinin ayrılmasına dair müqavilə üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi İddiaçı ASC (kredit verən) ilə Cavabdeh2 (zamin) arasında 31 mart 2022-ci il tarixli, Z/04783/22 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən zamin Cavabdeh2 kredit alan Cavabdeh1 oğlunun xx.xx.2022ci il tarixli, 22-MCR-1-272-22 saylı kredit limitinin ayrılmasına dair müqavilədən irəli gələn öhdəliklərinə zamin durmuşdur.

32. Məhkəmə zamin Cavabdeh2 xx.xx.2022-ci il tarixli, 22-MCR-1-272-22 saylı kredit limitinin ayrılmasına dair müqavilə üzrə borc alanın bütün öhdəliklərinə zamin durduğundan həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, İddiaçı ASC kredit müqaviləsi üzrə borcun (kredit və faiz olmaqla) müştərək (birgə) qaydada borc alan və zamindən tutulmasını tələb etməkdə haqlıdır.

33. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 110 manat məbləğində mediasiya prosesinə dair xərclər iddiaçı tərəfindən ödənilmişdir.

34. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 85 manat təşkil edir.

35. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir.

36. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir.

37. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməli, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 93 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

38. Məhkəmə hazırkı qətnamə ilə iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 manat pul vəsaitinin 122 manat hissəsi cavabdehlərdən müştərək qaydada, 23 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir.

39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 oğlu və Cavabdeh2 müştərək qaydada xx.xx.2022-ci il tarixli, 22-MCR-1-272-22 saylı kredit limitinin ayrılmasına dair müqavilə və həmin müqavilə çərçivəsində bağlanmış xx.xx.2022-ci il tarixli 22-MCR-1-272-22/1 saylı kredit razılaşması üzrə 4888,85 manat məbləğində əsas borc, 420,34 manat məbləğində faiz borcu, 149,66 manat məbləğində dəbbə pulu, ümumilikdə 5458,85 məbləğində pul vəsaiti, mediasiya xərclərinin əvəzi olaraq 93 manat məbləğində pul vəsaiti pul vəsaiti tutularaq İddiaçı ASC yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 manat pul vəsaitinin 122 manat hissəsi cavabdehlərdən müştərək qaydada, 23 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar