Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2683/2025 08.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Aleksandroviçin Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, prosessual maraq, müqavilə azadlığı) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Aleksandroviçin Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Aleksandroviç Cavabdehnə qarşı (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 01 avqust 2022ci il tarixli konsultasiya xidmət müqaviləsi üzrə 15500 manat xidmət haqqının və ödənilmiş 136 manat dövlət rüsumunun, 1500 manat vəkil xidmət haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı cavabdehə xidmətlər göstərmişdir. İddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli 0822/SC002 “konsultasiya xidmət müqaviləsi” bağlanmışdır. Müqavilənin 3.1-ci bəndinə əsasən, iddiaçı tapşırıq əsasında texniki siqnalların keçirilməsi və təhlili üzrə xidmət göstərməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 4.1.2-ci bəndinə əsasən, cavabdeh xidmət haqqını vaxtında ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən xidmətlər tam şəkildə və vaxtında təqdim edilmişdir. Cavabdeh iddiaçıya 15500 manat məbləğində xidmət haqqı borcludur. Müqavilənin 6.1-ci bəndinə əsasən, yerinə yetiriləcək xidmətlərin ümumi dəyəri göndərilən elektron qaimədə uyğun olaraq müəyyən olunur. İddiaçı tərəfindən xidmətlər tam şəkildə yerinə yetirilmiş, bununla əlaqədar iddiaçı cavabdehə xx.xx.2024-cü il tarixində elektron qaimə-faktura göndərmişdir. Tərəflər arasında uzun müddət şifahi danışıqlar aparılmış, cavabdehin qanuni təmsilçisi Hamadı Rokbanı hər dəfə ödənişin ən qısa zamanda aparılmasına dair söz versə də, son 1 il ərzində heç bir ödəniş aparılmamışdır. Müqavilənin 9.4-cü bəndinə əsasən, tərəflər mübahisəni onun yarandığı vaxtdan 30 təqvim günü müddətində danışıqlar və ya sülh yolu ilə həll edə bilmədikdə və ya mübahisənin danışıqlar yolu ilə həlli mümkün olmadıqda mübahisənin həll olunması Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun Azərbaycan Respublikasının müvafiq məhkəməsinə verilir və onun qərarı tərəflər üçün qəti sayılır. İddiaçı tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixində Dövlət Vergi Xidmətinin rəsmi portalındakı hesabı üzərindən pretenziya məktubu göndərilmiş, lakin cavabdeh həmin pretenziya məktubuna heç bir reaksiya verməmişdir. Eyni zamanda “Kredo” vəkil bürosu ilə iddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli 751 saylı hüquqi yardımın göstərilməsi haqqında müqavilə bağlanmış və onun tərəfindən 1500 manat vəkil xidmət haqqı ödənilmişdir. Belə olan halda, həm hüquqi yardımın göstərilməsinə görə ödənilən vəsait, həm də iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442 və 448-ci maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi.
6. Məhkəmə bildirişləri cavabdehin X1 Sistemində yaradılmış elektron kabinetində yerləşdirilməklə, hüquqi ünvanına və qanuni təmsilçisinin yaşayış yeri üzrə qeydiyyata alındığı ünvana göndərilməklə, sonuncunun mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmaqla məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Xidmət müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı
8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi aidiyyəti, mümkün və mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
10. İddia ərizəsinə əlavə edilmiş iddiaçı (Konsultant qismində) ilə cavabdeh (Sifarişçi qismində) arasında bağlanmış xx.xx.2022-ci il tarixli 0822/SC002 nömrəli konsultasiya xidmət müqaviləsinin şərtlərindən görünür ki, Müştəri dedikdə PD&MS, X2 (2.1), Layihə dedikdə “Supply of Black Trades” and “Supply of Hired equipment & Consunriables” (2.2) nəzərdə tutulur. Konsultant Müştərinin Layihəsi çərçivəsində Tapşırıq əsasında Texniki sınaqların keçirilməsi və təhlili üzrə xidməti göstərəcəkdir (3.1). Layihə çərçivəsində Konsultantdan tələb olunan xidmətə dair ətraflı məlumat tərəflər arasında imzalanan Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə (“Layihənin ümumi Texniki Tapşırıq sənədi”) və 2 saylı Əlavədə (“Ödəniş cədvəli”) razılaşdırılır (3.2). Bu Müqavilə 1 Avqust 2022-ci il tarixindən qüvvəyə minir. 1 Avqust 2023-cü ilədək qüvvədədir (3.3). Konsultant tərəfindən yerinə yetiriləcək xidmətlərin ümumi dəyəri göndərilən elektronqaimədə uyğun olaraq müəyyən olunur (6.1). Xidmət haqqı müvafiq tapşırıqların Müştəri tərəfindən təhvil alındıqda, müştəri tərəfindən ödəniş edildikdən sonra 30 iş günü ərzində, Konsultant tərəfindən qanunauyğun ödəniş sənədlərinin təqdimindən sonra Sifarişçi tərəfindən ödəniləcəkdir (6.2). Xidmət Konsultantın bank hesabına köçürmə yolu ilə həyata keçiriləcəkdir. Hesablaşma Azərbaycan manatı (AZN) ilə aparılmalıdır (6.3).
11. Məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli EBDZ 051007 seriya və nömrəli elektron qaimə-fakturadan görünür ki, xx.xx.2024 – xx.xx.2024-cü il və xx.xx.2021 – xx.xx.2024-cü il tarixləri üçün 15500 manat dəyərində xidmətin göstərilməsi ilə bağlı elektron qaimə tərtib edilərək cavabdehə göndərilmişdir.
12. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə” altsistemindən çıxarışdan görünür ki, xx.xx.2024cü il tarixli EBDZ 051007 seriya və nömrəli elektron qaimə-faktura cavabdeh tərəfindən təsdiq edilmişdir.
13. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli 0822/SC002 nömrəli konsultasiya xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı PD&MS, X2 şirkətlərinin “Supply of Black Trades” and “Supply of Hired equipment & Consunriables” layihəsi üzrə tapşırıq əsasında texniki sınaqların keçirilməsi və təhlili üzrə xidmət göstərilməsini, cavabdeh isə yerinə yetiriləcək xidmətlərin ümumi dəyərini göndərilən elektron-qaiməyə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən göstərilmiş xidmətlərlə bağlı cavabdehə xx.xx.2024-cü il tarixli EBDZ 051007 seriya və nömrəli elektron qaimə göndərilmiş, həmin elektron qaimə cavabdeh tərəfindən təsdiq edilmiş, ləğvə və ya düzəlişə qaytarılmamışdır.
14. İddiaçı xx.xx.2022-ci il tarixli 0822/SC002 nömrəli xidmət müqaviləsi üzrə göstərilmiş xidmətlərin dəyəri olan 15500 manat məbləğində pulun tutulmasını tələb edir.
15. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.
16. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
17. Mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir.
18. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
19. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
20. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
21. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
22. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
23. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
24. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 0822/SC002 nömrəli müqavilə xidmət müqaviləsidir. Lakin mülki qanunvericilikdə “xidmət müqaviləsi” münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil. Ona görə də məhkəmə bildirir ki, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.
25. Qanunun tələbindən görünür ki, mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın.
26. Hazırkı iş üzrə müqavilədə tərəflər hüquqlarını və hər bir tərəfin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.
27. Məhkəmə qeyd edir ki, müqavilənin ödəniş şərtlərində xidmət haqqının köçürmə yolu ilə ödənilməsi şərtləşdirilmiş, lakin xidmətlərin dəyəri ödənilməmişdir. Həmçinin, müqavilədə ödənişin müştəri tərəfindən ödəniş edildikdən sonra ödənilməsi şərtləşdirilsə də, cavabdeh bu hala istinad etməmiş, elektron qaimənin təqdim edilməsindən uzun müddət keçməsinə baxmayaraq müştəri tərəfindən ödənişin edilib-edilməməsi, edilməmişdirsə səbəbləri və alınması üçün özündən asılı olan hərəkətləri etməsini təsdiq edən sənəd təqdim etməmişdir.
28. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
29. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
30. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
31. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
32. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
33. Həmin Məcəllənin 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır.
34. Beləliklə, məhkəmə cavabdehin xidmət müqaviləsi üzrə göstərilmiş xidmətlərin dəyərini ödəmək ilə bağlı öhdəliyini pozaraq icra etmədiyini, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, iddia tələbi 15500 manat məbləğində pulun tutulması hissəsində əsaslı olduğundan təmin edilməli, həmin məbləğ Cavabdeh MMC-dən tutularaq İddiaçı Aleksandroviçə ödənilməlidir.
b) Məhkəmə xərcinin tutulması ilə bağlı
35. İddia ərizəsində iddiaçı 136 manat dövlət rüsumunun, 1500 manat vəkil xidmət haqqının da cavabdehdən tutulmasını xahiş etmişdir.
36. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 136 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
37. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, xx.xx.2024-cü il tarixdə 1500 manat məbləğində pul “Kredo” vəkil bürosunun hesabına köçürülmüşdür (xx.xx.2024-cü il tarixli ******* nömrəli vəkil orderi).
38. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
39. Həmin Məcəllənin 115.0 və 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir.
40. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
41. Məhkəmə kommersiya mübahisəsinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, iddia ərizəsi və əlavə olunan sənədlərin xüsusi qaydada çatdırılması və s.), məhkəmə iclaslarının sayını və müddətini nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq 1200 manat məbləğində pul ağlabatandır və cavabdehdən tutulmalıdır.
42. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
43. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi yardım xərcinin əvəzi olaraq 1200 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 136 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı Aleksandroviçə ödənilməlidir.
V. Nəticə:
44. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. İddiaçı Aleksandroviç ilə Cavabdeh arasında bağlanmış 01 avqust 2022-ci il tarixli konsultasiya xidmət müqaviləsi üzrə 15500 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı Aleksandroviçə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 136 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 1200 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı Aleksandroviçə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim: Nərmin Əhmədova