Məhkəmə qərarları › İş №e-2-2(113)-2688/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2688/2023

08.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2688/2023 08.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlu, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kiçik iddialar üzrə sadələşdirilmiş icraatla bağlı kommersiya mübahisələrinə dair işə məhkəmənin inzibati binasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 152 ünvanında yerləşən “Çinar Plaza” İş Mərkəzinin 4-cü mərtəbəsində, ümumi sahəsi 112 m2 təşkil edən ofis sahəsinin və Binanın qapalı avtoduracağında 1 ədəd avtoduracaq yerinin icarəyə verilməsi haqqında İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 22 dekabr 2021ci il tarixli, 21/458 №-li müqavilə üzrə əsas borc üzrə ƏDV daxil 4882,88 manat məbləğində pul vəsaitinin, habelə qanunvericiliklə müəyyən edilmiş dövlət rüsumunun da ehtiva olunduğu 70 manat məbləğində ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın, cəmi ƏDV daxil 4952,88 manat məbləğinin Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddia ərizəsi belə əsaslandırmışdır ki, cavabdeh (VÖEN: **********) arasında Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 152 ünvanında yerləşən “Çinar Plaza” İş Mərkəzinin (bundan sonra “Bina”) 4-cü mərtəbəsində, ümumi sahəsi 112 m2 təşkil edən ofis sahəsinin və binanın qapalı avtoduracağında 1 ədəd avtoduracaq yerinin (bundan sonra “icarəyə verilən əmlak(lar)”) icarəyə verilməsi haqqında 22 dekabr 2021-ci il tarixli, 21/458 №-li müqavilə (bütün əlavələri ilə birlikdə, bundan sonra “İcarə Müqaviləsi”) bağlanmışdır. İcarə Müqaviləsinin 3.1-ci bəndinə uyğun olaraq başlama tarixi kimi adlandırılmış 10 yanvar 2022-ci il tarixindən etibarən icarə müqaviləsinin qüvvədə olduğu müddət ərzində ƏDV xaric 1680 manat məbləğində aylıq icarə haqqı, ƏDV xaric 638,40 manat məbləğində aylıq Təmizlik və texniki xidmətlərə görə haqq və ƏDV xaric 145,60 manat məbləğində aylıq mühafizə xidmətlərinə görə haqq olmaqla, ümumilikdə ƏDV xaric 2464 manat məbləğində aylıq haqqın cavabdeh tərəfindən ödənilməsi şərti razılaşdırılmışdır. İcarə Müqaviləsinə əlavələrin edilməsinə dair 09 fevral 2022-ci il tarixli əlavə razılaşmaya əsasən 10 fevral 2022-ci il tarixindən etibarən Binanın qapalı avtoduracağında yerləşən 1 ədəd avtoduracaq yeri cavabdehin icarəsinə verilmiş və göstərilən tarixdən etibarən ƏDV xaric 100 manat məbləğində aylıq duracaq haqqının İcarə Müqaviləsinin 3.9-cu bəndində müəyyən edilmiş qaydaya uyğun olaraq cavabdeh tərəfindən ödənilməsi razılaşdırılmışdır. İcarə Müqaviləsinin 3.2-ci bəndinə əsasən cavabdeh icarəyə verilən əmlak(lar)da icarə müddəti, o cümlədən artırılmış icarə müddəti ərzində istifadə etdiyi elektrik enerjisi, telefon (beynəlxalq, mobil, şəhərlərarası telefon danışıqları və aylıq abunə haqları), internet xidmətləri və icarə müqaviləsinin 3.3-cü bəndində qeyd edilməmiş və cavabdeh tərəfindən istifadə edilən digər kommunal xidmətlərə görə xərclərin ödənilməsi və ya kompensasiya olunması öhdəliyini daşıyacaq. İcarə Müqaviləsinin 3.6-cı bəndinə əsasən müqavilənin 3.2-ci bəndi ilə cavabdehə aid edilən xərclər İcarə Müqaviləsinin 3.1-ci bəndində göstərilmiş haqlara daxil deyil və onlar cavabdeh tərəfindən təyinatı üzrə ayrıca ödənilməlidir. İcarə Müqaviləsinin 3.9-cu bəndinə əsasən həmin müqavilənin 3.1-ci bəndində nəzərdə tutulmuş haqları ödəmək öhdəliyi hər cari ayın ilk günündən etibarən yaranır və hansının daha gec baş verməsindən asılı olaraq ya hər cari ayın ilk 10 təqvim günü, ya da ki, müvafiq hesab-faktura və/və ya elektron qaimə-faktura təqdim edildikdən sonra 2 iş günü ərzində həyata keçirilərək, Cavabdeh tərəfindən İddiaçının bank hesabına köçürmə yolu ilə ödənilməlidir. İcarə Müqaviləsinin 5.2.1-ci yarımbəndinə uyğun olaraq İcarə haqqı və Müqavilə üzrə digər ödənişləri hesabfaktura və digər təsdiqedici sənədlər əsasında vaxtlı-vaxtında ödəmək Cavabdehin əsas öhdəliyi kimi nəzərdə tutulmuşdur. İcarə Müqaviləsinin 7.2-ci bəndinə əsasən Cavabdeh müqavilə üzrə ödəniş vaxtı çatmış icarə haqqının və ya müqavilədən irəli gələn digər ödənişlərin ödənilməsində gecikməyə yol verərsə, iddiaçı hər gecikmə gününə görə gecikdirilmiş ümumi ödəniş məbləğinin 0,1%-i məbləğində cavabdehə dəbbə pulu tətbiq etmək hüququnu özündə saxlayır. Bununla belə, icarə müqaviləsi üzrə ödənişlərin vaxtlıvaxtında təmin edilməsi barədə cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə və möhlət verilməsinə baxmayaraq (30 noyabr 2022-ci il tarixində FMG-02/22/374 №-li pretenziya bildirişi təqdim edilib) Cavabdeh tərəfindən İcarə Müqaviləsi üzrə ödəniş öhdəliklərinə və şərtlərinə riayət edilməmiş və İddiaçının etibarından, yaxşı niyyətindən sui-istifadə edilərək ona xeyli miqdarda ziyan vurulmuşdur. İcarə Müqaviləsinin 8.6-cı bəndinə əsasən qarşılıqlı razılıq əsasında Tərəflər istənilən vaxt Müqaviləni ləğv edə bilərlər. Tərəflərin qarşılıqlı razılığı ilə İcarə Müqaviləsinə 08 iyun 2022-ci il tarixində (bundan sonra “Xitam tarixi”) xitam verilmişdir. Tərəflər arasında imzalanmış 07 iyun 2022ci il tarixli xitam razılaşmasının (bundan sonra “Xitam razılaşması”) 2-ci bəndinə əsasən Cavabdeh İcarə Müqaviləsinin şərtlərinə uyğun olaraq İcarəyə Verilən Əmlak(lar)ın İddiaçıya təhvil verildiyi Xitam tarixinədək yerinə yetirməli olduğu bütün öhdəlikləri, o cümlədən İcarə Haqqının və İcarə Müqaviləsində nəzərdə tutulmuş digər ödənişlərin həyata keçirilməsini təmin etməlidir. Xitam razılaşmasının 3-cü bəndinə əsasən 16 may 2022-ci il tarixindən Xitam tarixinə kimi olan dövr ərzində elektrik enerjisinə görə kommunal xidmət haqqı üzrə borc istisna olmaqla Cavabdehin Xitam tarixinədək icarə müqaviləsi üzrə iddiaçıya ödəməli olduğu ümumi borcunun ƏDV daxil 9778,24 manat təşkil etməsi təsbit olunmuşdur. Həmçinin xitam razılaşmasının 3-cü bəndində göstərilir ki, icarə müqaviləsinin 3.11-ci bəndinə əsasən Cavabdeh tərəfindən 4928 manat məbləğində Zəmanət Depozitinin ödənişi həyata keçirilmişdir və Cavabdeh tərəfindən İcarə Müqaviləsi üzrə digər öhdəliklərin (xüsusilə İcarəyə Verilən Əmlak(lar)a zərərin vurulub-vurulmaması) tam icrasının təmin edildiyi təqdirdə Zəmanət Depoziti Cavabdehin ümumi borcunun müvafiq hissəsinin ödənilməsinə yönəldiləcəkdir. Qeyd olunur ki, cavabdeh tərəfindən ödənilmiş Zəmanət Depoziti Cavabdehin qalıq borcunun müvafiq hissəsinin təmin edilməsinə yönləndirilmişdir. Bununla da, cavabdeh tərəfindən ödənilməli olan qalıq borcun məbləği ümumilikdə ƏDV daxil 4882,88 manat təşkil etmiş olur. Göstərilən borc məbləğinə həmçinin 3 ədəd itirilmiş giriş-çıxış kartı üçün ödənilməli olan müvafiq məbləğ və 2022-ci ilin may ayı üçün elektrik enerjisinə görə kommunal xidmət haqqı üzrə borc da daxildir. Xitam razılaşmasının 4-cü bəndinə uyğun olaraq icarə müqaviləsinə xitam verilməsi cavabdehi icarə müqaviləsi üzrə lazımınca yerinə yetirilməmiş öhdəliklərinin icrasından azad etmir. Lakin cavabdeh xitam razılaşması ilə üzərinə qoyulmuş öhdəliklərin icrasından da yayınmışdır. Mübahisənin məhkəməyə qədər könüllü olaraq həll edilməsinə nail olmaq məqsədilə 30 noyabr 2022-ci il tarixində Cavabdehə yaranmış borc məbləğinin ödənilməsinin təmin edilməsi haqqında İddiaçı tərəfindən FMG-02/22/374 №-li pretenziya bildirişi göndərilmiş və sözügedən borc məbləğinin ödənişinin 5 iş günü ərzində həyata keçirilməyəcəyi təqdirdə İddiaçının pozulmuş hüquq, maraq və mənafelərinin bərpası hüququndan istifadə edərək, məhkəmə və hüquq-mühafizə orqanlarına müraciət edəcəyi və bu zaman yalnız borc məbləğinin deyil, həm də dəbbə pulu daxil olmaqla, cavabdehin iddiaçıya vurduğu bütün zərərin əvəzinin ödənilməsinin tələb ediləcəyi bildirilmişdir. Lakin cavabdeh sözügedən pretenziya bildirişinə də məhəl qoymamış və Xitam tarixindən 11 aya yaxın bir müddətin keçməsinə baxmayaraq müvafiq borc məbləğinin ödənilməsi istiqamətində heç bir addım atmamışdır. Xüsusilə vurğulamaq istərdik ki, iddiaçının icarə müqaviləsinin 7.2-ci bəndində təsbit edilmiş dəbbə pulu tətbiq etmək hüququ olsa da, cavabdehə güzəşt olaraq iddiaçı sözügedən hüququndan istifadə etmir və yalnız Cavabdehə qarşıəsas borc məbləğinin təmin edilməsi tələbi ilə çıxış edir. Qanunla müəyyən edilmiş müddətdə Cavabdeh MMC-nin hüquqi ünvanına hazırki tələblə bağlı rəsmi qaydada bildiriş göndərildiyinə görə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2 və 284-5.3-cü maddələrinə əsasən iddiaçının məhkəməyə təqdim etdiyi sənədlər əsasında işə baxılmasını məqsədə müvafiq hesab edirəm. İİ.İşin halları İş materiallarına əlavə edilmiş: xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli ƏMDK DƏDR publik hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 152 ünvanında yerləşən 0,63171 ha torpaq sahəsində yerləşən sahəsi 38780,70 m2 olan əmlak kompleksi "xxxx" MMC-nin adına rəsmiləşmişdir. 27 dekabr 2017-ci il tarixli PMD-27/12/17-856 nömrəli "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış daşınmaz əmlakın icarə və idarəetməyə verilməsi barədə haqqında müqavilədən görünür ki, "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 152 ünvanında yerləşən 0,63171 ha torpaq sahəsində yerləşən sahəsi 38780,70 m2 olan əmlak kompleksi kimi müəssisə İddiaçı MMC-nin icarəsinə və subicarəsinə verir. Müqavilənin 2.1-ci bəndinə əsasən İddiaçı MMC obyektləri və yaxud onun bir hissəsini üçüncü şəxslərə icarə, subicarə və ya idarəetməyə vermək, yaxud obyektləri birgə istifadə etmək hüququna malikdir. 22 dekabr 2021-ci il tarixli, 21/458 nömrəli İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 152 ünvanında yerləşən “Çinar Plaza” iş mərkəzinin 4-cü mərtəbəsində, ümumi sahəsi 112 m2 təşkil edən ofis sahəsinin və binanın qapalı avtoduracağında 1 ədəd avtoduracaq yeri İddiaçı MMC tərəfindən subicarə müqaviləsi əsasında Cavabdeh MMC-yə icarəyə verilmişdir. 07 iyun 2022-ci il tarixli “22 dekabr 2021-ci il tarixli, 21/458 nömrəli qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə xitam verilməsi barədə” razılaşmadan görünür ki, tərəflər qarşılıqlı razılığa əsasən icarə müqaviləsinə xitam vermiş, müqavilənin 2-ci bəndinə əsasən Cavabdeh MMC icarə müqaviləsinin şərtlərinə uyğun olaraq icarəyə verilən əmlakların iddiaçıya təhvil verildiyi xitam tarixinədək yerinə yetirməli olduğu bütün öhdəlikləri, o cümlədən icarə haqqının və icarə müqaviləsində nəzərdə tutulmuş digər ödənişlərin həyata keçirilməsini təmin etməlidir. Razılaşmanın 3-cü bəndinə əsasən 16 may 2022-ci il tarixindən xitam tarixinə kimi olan dövr ərzində elektrik enerjisinə görə kommunal xidmət haqqı üzrə borc istisna olmaqla cavabdehin Xitam tarixinədək icarə müqaviləsi üzrə iddiaçıya ödəməli olduğu ümumi borcunun ƏDV daxil 9778,24 manat təşkil etməsi təsbit olunmuşdur. Həmçinin razılaşmanın 3-cü bəndində göstərilir ki, icarə müqaviləsinin 3.11-ci bəndinə əsasən cavabdeh tərəfindən 4928 manat məbləğində Zəmanət Depozitinin ödənişi həyata keçirilmişdir və cavabdeh tərəfindən icarə müqaviləsi üzrə digər öhdəliklərin (xüsusilə İcarəyə Verilən Əmlak(lar)a zərərin vurulub-vurulmaması) tam icrasının təmin edildiyi təqdirdə Zəmanət Depoziti Cavabdehin ümumi borcunun müvafiq hissəsinin ödənilməsinə yönəldiləcəkdir. 19 aprel 2023-cü il tarixli 22 dekabr 2021-ci il tarixli, 21/458 nömrəli İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında müqavilə üzrə qalıq borc haqqında cədvəldən görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə ƏDV daxil 4882,88 manat məbləğində borcu vardır. 17 mart 2023-cü il tarixli MŞB/8/2023-00366 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı MMC ilkin mediasiya sessiyasında iştirak etmiş və 70 manat məbləğində mediasiya xərci ödəmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1 və 700.2-ci maddələrinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İV.Məhkəmənin gəldiyi nəticə İş materiallarından göründüyü kimi, "xxxx" MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 152 ünvanında yerləşən 0,63171 ha torpaq sahəsində yerləşən sahəsi 38780,70 m2 olan əmlak kompleksi kimi müəssisə İddiaçı MMC-nin icarəsinə və subicarəsinə verilmiş, daha sonra 22 dekabr 2021-ci il tarixli, 21/458 nömrəli İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 152 ünvanında yerləşən “Çinar Plaza” iş mərkəzinin 4-cü mərtəbəsində, ümumi sahəsi 112 m2 təşkil edən ofis sahəsinin və binanın qapalı avtoduracağında 1 ədəd avtoduracaq yeri İddiaçı MMC tərəfindən subicarə müqaviləsi əsasında Cavabdeh MMCyə icarəyə verilmişdir. Göründüy kimi, iddiaçı ilə cavabdeh arasında qanunvericiliyə uyğun olaraq subicarə müqaviləsi bağlanmış, Cavabdeh MMC müqavilə üzrə ödəməli olduğu icarə haqlarını tam olaraq ödəməmiş və 4882,88 manat ƏDV daxil borcu qalmışdır. Qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən 4882,88 manat əsas borc, həmçinin 70 manat mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, Q Ə T E T D İ M: İddia təmin edilsin. Cavabdeh MMC-dən 4882,88 manat əsas borc, həmçinin 70 manat mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar