Məhkəmə qərarları › İş №e-2-2(113)-2688/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2688/2024

21.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2688/2024 21.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, prosessual maraq, dəbbə pulunun azaldılması) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 02 noyabr 2022-ci il tarixli 358952-CNS-40275 saylı kredit müqaviləsi üzrə 2395,38 manat əsas borc, 246,26 manat faiz borcu və 165,56 manat cərimə olmaqla ümumilikdə 2807,2 manat məbləğində pulun və ödənilmiş 48,07 dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 358952-CNS- 40275 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 23 faiz hesablanması şərti ilə xx.xx.2024-cü il tarixədək, 24 ay müddətinə, 3600 manat məbləğində dövriyyə vəsaitlərinin artırılması (mal-material qiymətlilərinin alınması, təchizatçılar və podratçılarla hesablaşmaların aparılması) üçün kredit verilmişdir. 2.2. Lakin cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2023-cü il tarixdən icra etməmiş və nəticədə iddiaçıya ümumilikdə 2807,20 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək cavabdehin vəzifəsidir. Bundan başqa, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən müqavilə ilə müəyyənləşdirilən kreditin geri qaytarılması və ya faizlərin və ya digər ödənişlərin ödənilməsi üzrə öhdəliklər cavabdeh tərəfindən vaxtında icra edilmədikdə, hər gecikdirilən təqvim üçün gecikdirilmiş məbləğdə 0,5% həcimdə cərimə hesablanır. 2.3. Mübahisəni məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə xəbərdarlıq edilmiş, lakin bundan sonra da kredit müqaviləsinin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Həmçinin cavabdehə pretenziya qaydasında müraciət olunmuşdur.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 462.1, 739.1-ci və s. maddələri göstərilmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2688/2024 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmış, cavabdehə iddia ərizəsinə dair yazılı etirazın və etiraza dair sübutların 20 gün ərzində məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

6. İddiaçı tərəf məhkəməyə ərizələr ilə müraciət edərək, işə onların iştirakları olmadan baxılmasını, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə bildirişləri cavabdehin yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvana çatdırılmaqla, sonuncunun mobil telefon nömrələrinə “SMS” bildirişlər göndərilməklə, telefonoqram ötürməklə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması tələbi ilə bağlı

9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

11. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli 358952-CNS-40275 saylı kredit müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı 3600 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu dövriyyə vəsaitlərinin artırılması məqsədilə illik 23%-lə cavabdehə verməyi, cavabdeh isə aldığı pul vəsaitini hissə-hissə – xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh kredit məbləğini təşkil edən 3600 manat məbləğində pul vəsaitinə (36 manat komissiya haqqı çıxılmaqla) mülkiyyət hüququnu əldə etsə də, pul məbləğini iddiaçıya tam qaytarmamışdır.

12. İddiaçı adıçəkilən kredit razılaşması üzrə 2395,38 manat əsas borc və 246,26 manat faiz borcunun cavabdehdən tutulmasını xahiş edir.

13. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.

14. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

15. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).

16. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.

17. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.

18. Məhkəmə kredit müqaviləsi üzrə borcun tutulması tələbinə hüquqi qiymət verilməsi üçün əvvəlcə tərəflər arasında bağlanmış kredit müqaviləsinin hüquqi qüvvəsi məsələsinin şərh edilməsini zəruri sayır. Məhkəmə həmçinin göstərir ki, borc müqaviləsi və kredit müqaviləsi üzrə münasibətləri tənzimləyən Mülki Məcəllənin müvafiq normaları yeni redaksiyada verildiyindən aşağıda həmin Məcəllənin kredit müqaviləsi bağlanan və müqavilə üzrə öhdəliklər icra edilən zaman qüvvədə olan redaksiyasına istinad edilir.

19. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən (müqavilə bağlanarkən qüvvədə olan redaksiyası) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

20. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

21. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.

23. X1 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.

24. Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.

25. İş materiallarından görünür ki, iddiaçı 20 fevral 2024-cü il tarixli 651P nömrəli pretenziya məktubu ilə cavabdehə müraciət edərək bütün əsas borcu, xx.xx.2024-cü il tarixə faiz və cərimə borcunu tələb etmiş, həmin məktub xx.xx.2024-cü il tarixdə sonuncuya onlayn kargüzarlıq vasitəsi ilə çatdırılmışdır.

26. Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər.

27. Həmin Məcəllənin 447.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda.

28. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərar).

29. Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri üçün həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2024-cü il tarixdə cavabdehə pretenziya məktubu yollayaraq bütün əsas borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəlmişdir və həmin məktubun çatdırıldığı xx.xx.2024-cü il tarixdən müqavilə xitam edilmiş hesab edilməlidir. Belə olan halda, iddiaçı xx.xx.2024-cü il tarixədək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər.

30. Lakin iddiaçı hazırkı iddia ilə əsas borcu və ancaq xx.xx.2024-cü il tarixə olan faiz borcunu tələb edir.

31. Məhkəməyə təqdim edilən xx.xx.2022 – xx.xx.2024-cü il tarixlərini əhatə edən hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə 190 manat, xx.xx.2023-cü il tarixdə 190 manat, xx.xx.2023-cü il tarixdə 190 manat, xx.xx.2023-cü il tarixdə 180 manat və 10 manat, xx.xx.2023-cü il tarixdə 190 manat, xx.xx.2023-cü il tarixdə 191 manat, xx.xx.2023-cü il tarixdə 191 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 300 manat olmaqla ümumilikdə 1832 manat ödəniş edilmiş, həmin ödənişlərdən 1204,62 manat əsas borca, 589,42 manat faiz borcuna, 30,24 manat cəriməyə silinmiş, qalan 7,72 manat komissiyaya çıxılmışdır.

32. İddiaçının təqdim etdiyi maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixə əsas borc 2395,38 manat, faiz borcu 246,26 manat qalmışdır.

33. Məhkəmə tərəfindən hesabdan çıxarış məlumatları kredit razılaşması üzrə ödəniş qrafikinin məlumatları və izahlı maliyyə arayışı ilə müqayisəli şəkildə təhlil edildikdə aydın olur ki, xx.xx.2022-ci il tarixli 358952-CNS-40275 saylı kredit müqaviləsi üzrə əsas borc 2395,38 manat (3600 manat – ödənilən 1204,62 manat), iddiaçının tələb etdiyi tarixə gecikdirilmiş faiz borcu isə 246,26 manat təşkil edir.

34. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli 358952-CNS- 40275 saylı kredit müqaviləsi üzrə borc məbləği maliyyə arayışına əsaslanmaqla 2395,38 manat əsas borc, 246,26 manat faiz borcu kimi müəyyən edilməlidir.

35. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2022-ci il tarixli 358952-CNS- 40275 saylı kredit müqaviləsi üzrə 2395,38 manat əsas borc, 246,26 manat faiz borcu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

b) Kredit müqaviləsi üzrə dəbbə pulunun tutulması tələbi ilə bağlı

36. İddia ərizəsində iddiaçı 165,56 manat cərimənin də cavabdehdən tutulmasını xahiş etmişdir.

37. xx.xx.2022-ci il tarixli 358952-CNS-40275 saylı kredit müqaviləsinin 9.2-ci bəndinə əsasən, bu müqavilə ilə müəyyənləşdirilən kreditin geri qaytarılması və ya faizlərin və ya digər ödənişlərin ödənilməsi üzrə öhdəliklər kredit alan tərəfindən vaxtında icra edilmədikdə, hər gecikdirilən təqvim üçün gecikdirilmiş məbləğdə 0,5 % həcimdə cərimə hesablanır və kredit alan tərəfindən bankın xeyrinə ödənilir.

38. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

39. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

40. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

41. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl pretenziya məktubu göndərilmiş, cavabdeh ilə mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Həmçinin məhkəmə nəzərə alır ki, cavabdeh öhdəliyi hissəvi icra etməmiş, pul məbləğini qaytarmadığı, sonuncu ödənişi xx.xx.2023-cü il tarixdə etdiyi halda, iddiaçı da uzun müddət iddia ilə məhkəməyə müraciət etməmişdir.

42. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları, cavabdeh tərəfindən öhdəliyin pozulma dərəcəsini nəzərə alaraq hesab edir ki, Cavabdeh tutulmalı cərimə məbləğinin 120 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.

43. Məhkəmə belə qənaətə gəlir ki, cərimə olaraq 120 manat Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

c) Məhkəmə xərcləri ilə bağlı

44. İddiaçı eləcə də 48,07 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.

45. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli qəbzlə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən 48,07 manat dövlət rüsumu ödənilmişdir.

46. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

47. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

48. Həmin Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.

49. İş materialları ilə müəyyən olunur ki, kredit borcunun ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh ilə mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin sonuncu mövcud mübahisənin məhkəməyəqədər mərhələsində tələbi cavabsız qoymuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, məhkəmə xərcləri tam olaraq cavabdehdən tutulmalıdır

50. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 48,07 manat pul Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

V. Nəticə:

51. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 05 noyabr 2022-ci il tarixli 358952-CNS-40275 saylı kredit razılaşmasına əsasən 2395 (iki min üç yüz doxsan beş) manat 38 (otuz səkkiz) qəpik əsas borc, 246 (iki yüz qırx altı) manat 26 (iyirmi altı) qəpik faiz borcu, 120 (bir yüz iyirmi) manat cərimə borcu olmaqla ümumilikdə 2761 (iki min yeddi yüz altmış bir) manat 64 (altmış dörd) qəpik məbləğində pul Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 48 (qırx səkkiz) manat 07 (yeddi) qəpik məbləğində pul Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar