Məhkəmə qərarları › İş №e-2-2(113)-2692/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2692/2020

21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2692/2020 21.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Rzazadə İqbal Kamil oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin cavabdehlər Cavabdeh1 Akşin qızına və “xxxxxxxxxxx” MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC cavabdehlər Cavabdeh1 və “xxxxxxxxxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və“xxxxxxxxxxx” MMC-dən müştərək qaydada iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xeyrinə 1-xx-xx-2015-YS-AAAF-RO saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə 28815,23 manat, faiz borcu üzrə 7531,93 manat, cəmi 36347,16 manat kredit borcunun, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və 0,40 qəpik bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, məhkəmə aidiyyəti ilə bağlı məsələnin müzakirəsini zəruri hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 işin Bakı Kommersiya Məhkəməsində baxılmalı olduğunu bildirmiş və aidiyyəti üzrə göndərilməsinə etiraz etmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, iş üzrə məhkəmə iclasına gəlməmişlər, “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, digər Cavabdeh1 Akşin qızı isə gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, Mülki Prosessual Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Yuxarıda göstərilən normaların məzmunundan göründüyü kimi mübahisənin məhkəmə aidiyyəti, yəni ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olması müəyyən edilərkən üç meyar - işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. Bu zaman kommersiya mübahisəsinin predmeti sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmalıdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxxx 2020-ci il tarixli, 10 saylı Qərarının 10-cu bəndinə əsasən 2019cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. X4 11-ci bəndinə əsasən O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Hazırkı işin halları ilə isə müəyyən edilir ki, hazırkı iddia üzrə əsas tələb qismində “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC (kredit verən) ilə Cavabdeh1 Akşin qızı (kredit alan) arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tutulması tələbi təşkil edir. İş materiallarından həmçinin görünür ki, həmin müqavilə üzrə kredit alan Cavabdeh1 Akşin qızının fərdi sahibkar statusu yoxdur. Bununla yanaşı mübahisəli müqaviləyə əsasən verilmiş kredit mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə verilən daxili ipoteka krediti olmaqla sahibkarlıq fəaliyyətində istifadə üçün verilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı işdə əsas tələb üzrə mübahisə hər iki tərəfin sahibkarlıq fəaliyyətinin həyata keçirməsi ilə əlaqədar yaranmadığından işə məhkəmə aidiyyəti üzrə ümumi məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İş materiallarından görünür ki, iş üzrə Cavabdeh1 Akşin qızı Bakı şəhəri, Yasamal rayonu, Alatava -2 D/K ünvanında qeydiyyatdadır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin cavabdehlər Cavabdeh1 Akşin qızına və “xxxxxxxxxxx” MMC-yə qarşı pul tələbinə dair iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.3-cü maddəsinə görə hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4-cü maddəsinə görə aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24, 32.3, 32.4 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin cavabdehlər Cavabdeh1 Akşin qızına və “xxxxxxxxxxx” MMC-yə qarşı pul tələbinə dair iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar