Məhkəmə qərarları › İş №e-2-2(113)-2697/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2697/2023

03.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2697/2023 03.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2nə, Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) cavabdehlər Cavabdeh2nə (bundan sonra Cavabdeh2 MMC), Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh2 MMC arasında 24 fevral 2022-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə 20 000 manat əsas borc, xx.xx.2022-ci il tarixə 60,02 manat faiz borcu, kredit müqaviləsinin bitdiyi tarixdən, yəni xx.xx.2022-ci il tarixdən sonra borclunun icranın gecikdirməsi nəticəsində iddiaçıya vurulmuş zərər olaraq 933,33 manat olmaqla, cəmi 20993,35 manat və 47 manat məbləğində ödənilmiş dövlət rüsumunun, 200 manat mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1 və 150.1.6-cı maddəsinə əsasən iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) əlavə edilir. Həmin Məcəllənin 150.2-ci maddəsinndə göstərilmişdir ki, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi) yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixli hər iki zaminlik müqaviləsinin 5.4-cü bəndinə əsasən, bu müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq aidiyyəti məhkəmələr vasitəsilə həll edilir. Həmçinin 5.6-cı bəndinə əsasən, zaminin göstərdiyi poçt ünvanına göndərilən bütün korrespondensiya ona çatdırılmış hesab olunur. Bu müqavilənin qüvvədə olduğu müddətdə ünvanında və rekvizitlərində dəyişikliklər baş vermiş tərəf bu barədə digər tərəfi 10 (on) gün müddətində yazılı formada xəbərdar etməlidir. Məhkəmə müəyyən edir ki, pretenziya məktubları cavabdehlər Cavabdeh1 və Cavabdeh3 sifarişli poçt göndərişi vasitəsilə çatdırılmış, onlar vergi ödəyicisinin eyniləşdirmə nömrələrinə malik olsa da, pretenziya məktublarının həmin cavabdehlərin X1 Sistemində yaradılmış elektron kabinetlərinə göndərilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə olunmamışdır. Beləliklə, pretenziya məktubları qanunvericiliklə müəyyən edilmiş qaydada cavabdehlərə çatdırılmamışdır. Həmçinin Mülki Prosessual Məcəllənin 150.1.6 və 150.2-ci maddələri imperativ normalar olduğundan, tərəflərin razılaşması ilə istina edilməsi və ya başqa qaydanın müəyyən edilməsi də mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.6-cı maddəsinə əsasən hakim müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsini geri qaytarır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1 və 150.1.4-cü maddəsinə əsasən iddia ərizəsinə həmin Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə olunmalıdır. Məhkəmə müəyyən edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər cavabdehlərə qanunvericiliklə nəzərdə tutulmuş qaydada çatdırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.4-ci maddəsinə əsasən hakim kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, iddia ərizəsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ilə mübahisənin qanunvericiliklə müəyyən olunmuş qaydada məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin cavabdehlərə çatdırılmasını təsdiq edən sənəd əlavə olunmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması zamanı yol verilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən Bakı Kommersiya Məhkəməsinə müraciət edə bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 114.1 və 114.1.3-cü maddəsinə əsasən həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən edir ki, ********** nömrəli qəbzlə 47 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından 47 manat məbləğində dövlət rüsumu da qaytarılmalıdır. Eləcə də nəzərə alınmalıdır ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150-152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı ASC cavabdehlər Cavabdeh2 MMC-yə, Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı ASC-yə geri qaytarılsın. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 47 (qırx yeddi) manat məbləğində pul İddiaçı ASC-yə qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar