Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2700/2020 27.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “1734” kiçik müəssisəsinin Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “1734” kiçik müəssisəsi Cavabdeh ASC-yə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı “1734” kiçik müəssisəsinin mülkiyyətində olan və ünvan 1 məhəllə 999 ünvanında yerləşən 101 kv.m. ibarət qeyri-yaşayış sahəsi üzrə 4.362 manat məbləğində borc öhdəliyinə müddətin keçməsi ilə əlaqədar xitam verilməsi və silinməsinin Cavabdeh ASC-yə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “1734” kiçik müəssisəsi Zəngəzur kafesi kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsini 2007-ci ildə özəlləşdirilmiş və DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixli çıxarış verilmişdir. Qeyd edilən qeyri-yaşayış sahəsi özəlləşdirilənə kimi Cavabdeh ASC-yə su və kanalizasiya xidmətlərinə görə borcu olmuşdur. Cavabdeh tərəfindən təqdim olunmuş xx.xx.2016-cı il tarixli abonent haqqında məlumatda borcun 2000-ci ildən, yəni 20 il əvvəldən yarandığı və 2006-cı ildə 5047 manat, 2007-ci ildə isə 5264 manat olduğu göstərilmişdir. Cavabdeh özəlləşdirməyə qədər olan su və kanalizasiya borcunu iddiaçının adında saxlamış və bununla bağlı kafeyə verilən suyu dayandıracağı ilə onları hədələmişdir. Göründüyü kimi hazırkı mübahisə sudan istifadəyə və çirkab sularının axıdılmasına görə yaranmış borcla əlaqədardır. İddiaçıdan tələb edilən borcun məbləği hazırda 4.362 manat təşkil edir. İddiaçı cavabdehin ona ünvanlamış olduğu xəbərdarlıqda göstərilmiş 4.362 manat məbləğində borcu qəbul etmir. Hesab edir ki, borc öhdəliyinə müddətin keçməsi ilə xitam verilməsi və silinməsi cavabdehə həvalə edilməlidir. Yuxarıda qeyd edilən xüsusatlarla bağlı tərəflərindən cavabdehə pretenziya qaydada müraciət edilsə də, heç bir nəticəsi olmamışdır. Bu səbəbdən də hazırkı iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Əlavə olaraq qeyd edir ki, iddiaçı eyni tələblə 2017-ci ildə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 2- 2(81)-960/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Daha sonra iş üzrə cavabdeh tərəfindən apellyasiya şikayəti verilsə də, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 2(103)-762/2017 saylı, 23.11.207-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmişdir. Bundan sonra cavabdehin həmin qətnamədən vermiş olduğu kassasiya şikayəti qismən təmin edilərək iddiaçı “1734” kiçik müəssisəsinin Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddia ərizəsinin baxılmamış saxlanılmasına səbəb isə Mülki Prosessaul Məcəllənin 152.1.4-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinin cavabdehə göndərilməsinə və çatdırılmasına dair heç bir sübutun olmaması əsas olmuşdur. Eyni zamanda iddiaçı məhkəməyə ərizə təqdim edərək, iddianın təmini tədbiri qismində kommersiya işi üzrə yekun məhkəmə qərarı qəbul edələnədək “1734” kiçik müəssisəsinin mülkiyyətində olan və Bakı şəhəri, Nəsimi rayonu, X5 küçəsi 10, məhəllə 999 ünvanında yerləşən 101 kv.m. metrdən ibarət qeyri-yaşayış sahəsinə (“Zəngəzur” kafesi) suyun verilməsinin dayandırılmasının cavabdehə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-2700/2020 saylı qərardadı ilə ərizə təmin edilmiş, “1734” kiçik müəssisəsinin mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X5 küçəsi 10, məhəllə 999 ünvanında yerləşən 101 kv.metrdən ibarət qeyri-yaşayış sahəsinə (“Zəngəzur” kafesi) su təchizatının verilməsinin dayandırılması Cavabdeh ASC-yə qadağan olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: Cavabdeh ASC ilə abonent X.Əsədov arasında xx.xx.2005-ci il tarixli, 051213 saylı su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidmətlərinə dair müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən həmin müqavilə Cavabdeh ASC su təchizatı sistemindən abonentin tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə 2874-82 saylı dövlət standartının tələblərinə uyğun, məişət içməli və istehsalat məqsədi ilə suyun buraxılması, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüququ və öhdəliklərini müəyyən edir. Müqavilədə abonentin VÖEN-i qismində “1734” kiçik müəssisəsinin VÖEN-i (**********1) qeyd edilmişdir. Cavabdeh ASC ilə abonent X.Əsədov arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 051213 saylı su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidmətlərinə dair müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən həmin müqavilə Cavabdeh ASC su təchizatı sistemindən abonentin tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə 2874-82 saylı dövlət standartının tələblərinə uyğun, məişət içməli və istehsalat məqsədi ilə suyun buraxılması, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüququ və öhdəlikləri müəyyən edir. Müqavilədə abonentin VÖEN-i qismində “1734” kiçik müəssisəsinin VÖEN-i (**********1) qeyd edilmişdir. X3 Su Ölçmə X1 və X6 ilə “1734” kiçik müəssisəsi (abonent) arasında su təchizatı sistemindən su buraxılmasına dair xx.xx.1999-cu il tarixli, 051213 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən SÖCİT və SSM abonenti lazım olan miqdarda su ilə təchiz olunmasını, abonent isə işlətdiyi suya görə tariflər üzrə haqq ödəməyi öhdəsinə götürmüşdür. 051213 kodu üzrə Abonent haqqında məlumata əsasən abonentin Cavabdeh ASCyə xx.xx.2004-cü il tarixinə içməli suya görə 3025,8 manat, çirkab suya görə 1068,66 manat , cəmi 4.094,46 manat məbləğində, xx.xx.2005-ci il tarixə içməli suya görə 3.426,07 manat, çirkab suya görə 1148,9 manat, cəmi 4574,97 manat məbləğində borcu olmuşdur. xx.xx.2020-ci il tarixə Cavabdeh ASC-yə içməli suya görə borcu 3692,35, çirkab suya görə 2.376,84 manat, cəmi borcu 6069,19 manat təşkil edir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, “1734” kiçik müəssisəsinin iddiası təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş abonent barədə məlumata əsasən müəyyən edilir ki, iddiaçı “1734” kiçik müəssisəsinin silinməsini tələb etdiyi sudan istifadəyə görə hesablanmış borc məbləği xx.xx.2005-ci ilədək olan müddət üçün məişət içməli sudan istifadəyə və çirkab suyun axıdılmasına görə yaranmışdır. Məhkəmə qeyd edir ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 550-ci maddəsi təşkil edir. Həmin maddəyə görə tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə görə kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Belə olan halda məhkəmə iddiaçının silinməsini tələb etdiyi borcun xx.xx.2005-cü il tarixədək yarandığını, yəni həmin borcun yaranmasından Mülki Məcəllənin 551.2.1-ci maddəsində vaxtaşırı ödənişlər haqqında tələblər üçün nəzərdə tutulmuş 5 illik müddət keçməklə həmin öhdəliklər üzrə tələb etmə hüququna müddətin keçməsi ilə əlaqədar xitam verildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı həmin hissədə borcun silinməsini tələb etməkdə haqlıdır. Cavabdeh ASC-nin istinad etdiyi 051213 abonent kodu üzrə su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidmətlərinə dair müqavilənin “1734” kiçik müəssisəsi ilə deyil, fiziki şəxs X.Əsədovla bağlanması, belə olan halda isə “1734” kiçik müəssisəsinin həmin borcun silinməsini tələb etməyə dair subyektiv hüquqa malik olmaması barədə dəlillərinə münasibətdə məhkəmə əvvəla qeyd edir ki, mübahisəli obyektin su təchizatına dair 2005 və 2006-cı il tarixli müqavilələr X.Əsədov ilə bağlansa da( X.Əsədov “1734” kiçik müəssisəsinin direktorudur), həmin müqavilələrdə abonentin VÖEN-i kimi “1734” kiçik müəssisəsinin VÖEN-i qeyd edilmişdir. Digər tərəfdən iş materiallarından görünür ki, 2005-ci ilə qədər həmin obyektin su təchizatı ilə bağlı müqavilə “1734” kiçik müəssisəsi ilə bağlanmış və 051213 saylı abonent kodu müəssisəsinin adına olmuşdur. Belə olan halda məhkəmə mübahisəli borcun 051213 saylı abonent kodunun iddiaçı “1734” kiçik müəssisəsinin adına olan dövrdə yarandığını nəzərə alaraq hesab edir ki, iddiaçı borcun silinməsini tələb etməyə dair subyektiv hüquqa malikdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 051213 saylı abonent kodu üzrə hesablanmış 4.362 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ASC tərəfindən iddiaçı “1734” kiçik müəssisəsinə 051213 saylı abonent kodu üzrə hesablanmış 4.362 (dörd min üç yüz altmış iki) manat məbləğində borc silinsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2700/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2700/2020
27.11.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver