Məhkəmə qərarları › İş №e-2-2(113)-2700/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2700/2025

28.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2700/2025 28.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: sığorta hadisəsi, dərmiş zərər, subroqasiya qaydasında pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 iştirakları ilə, İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (ləğv prosesindədir) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 6500 (altı min beş yüz) manat məbləğində sığorta ödənişi, 85,40 (səksən beş manat qırx qəpik) manat dövlət rüsumu və 320,50 (üç yüz iyirmi manat əlli qəpik) manat hüquqi xidmət göstərilməsi üçün vəkilə çəkilmiş xərc olmaqla, cəmi 6905,90 manat (altı min doqquz yüz beş manat doxsan qəpik) məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən Cavabdeh1 məxsus, Cavabdeh2 icarəyə verilən “Faxralı” kafesində yanğın hadisəsi baş vermiş, alov yayılaraq "xxxx" ASC-yə (bundan sonra ASC) məxsus “Subaru Forester” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə keçmiş, nəticədə sonuncu əmlaka maddi ziyan dəymişdir. AR FHN Əməliyyat İstintaq İdarəsinin baş müstəntiqi, daxili xidmət kapitanı Fuad Məhərrəmovun xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən hadisənin baş verməsində Cavabdeh2 təqsirli bilinmişdir. “Subaru Forester” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilə dəymiş zərərlə bağlı ASC tərəfindən 6500 (altı min beş yüz) manat məbləğində sığorta ödənişi edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, ********** saylı “avtomobillərin tam sığortası” üzrə sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, “Subaru Forester” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ASC tərəfindən “əmlak sığortası” qaydasında sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş AR FHN Əməliyyat İstintaq İdarəsinin baş müstəntiqi, daxili xidmət kapitanı Fuad Məhərrəmovun xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən Cavabdeh1 məxsus, Cavabdeh2 icarəyə verilən “Faxralı” kafesində yanğın hadisəsi baş vermiş, alov yayılaraq "xxxx" ASC-yə (bundan sonra ASC) məxsus “Subaru Forester” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə keçmiş, nəticədə sonuncu əmlaka 17000 (on yeddi min) manat məbləğində maddi ziyan dəymişdir. Hadisənin baş verməsində Cavabdeh2 təqsirli bilinmişdir. İddia ərizəsinə əlavə edilmiş AR Nazirlər Kabineti yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Seriya MH ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh1 məxsusdur. xx.xx.2017-ci il tarixli və xx.xx.2018-ci il tarixli icarə müqavilələrinin surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında icarə müqaviləsi bağlanmışdır. xx.xx.2024-cü il tarixli sığorta aktı və xx.xx.2024-cü il tarixli ödəniş tapşırıqlarından müəyyən olunur ki, “Subaru Forester” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilə dəymiş zərərlə bağlı ASC tərəfindən 6500 (altı min beş yüz) manat məbləğində sığorta ödənişi edilmişdir. Hüquqi xidmət göstərilməsi barədə müqavilə və ödəniş tapşırığından müəyyən olunur ki, hüquqi xidmətlərin göstərilməsi üçün iddiaçı tərəfindən 320,5 (üç yüz iyirmi manat əlli qəpik) manat məbləğində xərc çəkilmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385.1, 430.1, 936, 1096, 1097, 1108.1, 1114-cü maddələrinə istinad olunmuşdur.

4. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, iddia ərizəsində olan bütün "xxxx" ASC sözlərinin ləğv prosesində olan "xxxx" ASC kimi oxunmasını xahiş etmiş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli protokol qərarı ilə ərizə təmin edilmişdir.

5. İddia tələbinə etiraz daxil olmamışdır.

6. Digər Cavabdeh1 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, avtomobil 10000 dəyərində sığortalanıb, 16970 manat zərər məbləğidir. Qalıq hissələrin dəyəri 2000 manat, azadolma məbləği 1500 manat məbləğində müəyyən olunmuşdur. Azadolma məbləği 15 faiz təşkil edir. Qalıq hissələrin dəyəri çıxılıb və ödəniş olunubdur. Məbləğ mülkiyyətçiyə ödənilmişdir. Cavabdeh2 faktiki istifadəçi, Cavabdeh1 isə obyektin sahibidir. Hüquqi yardım xərci ilə bağlı 20 manat marka puludur və bununla bağlı sübut yoxdur.

8. Cavabdeh2 məhkəmə iclasında izahat verərək bildirdi ki, nəqliyyat vasitəsini hadisədən 2 gün sonra aparıblar və 5500 manat dəyərində satışa çıxarıblar. Əgər iddiaçı banka pul ödəyibsə, ondan nəyə görə eyni zamanda bank pul tələb edir. Nəqliyyat vasitəsi düzgün qiymətləndirilməyibdir.

9. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, icarəyə verən qismində Cavabdeh1 ilə icarəçi qismində Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli icarə müqaviləsindən görünür ki, ünvan 2 ünvanında yerləşən Cavabdeh1 məxsus qeyri-yaşayış sahəsi Cavabdeh2 icarəyə verilmişdir.

10. İcarəyə verən qismində Cavabdeh1 ilə icarəçi qismində Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsindən görünür ki, ünvan 2 ünvanında yerləşən Cavabdeh1 məxsus qeyri-yaşayış sahəsi Cavabdeh2 icarəyə verilmişdir.

11. ********** saylı avtonəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsi və ona əlavə olunan cədvəl 1-ə əsasən "xxxx" ASC-yə məxsus, “Subaru Forester” markalı, **-PB- *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək dövr üzrə sığortalanmışdır. “Subaru Forester” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı minik avtomobili 10000 manat məbləğində sığorta edilmiş (1 saylı cədvələ əsasən) və 1500 manat azadolma məbləği (15%) müəyyən edilmişdir. Şəhadətnaməyə əsasən hər bir hadisə üzrə azadolma məbləği avtomobil tam məhv olmuş hesab edildikdə, həmçinin oğurlandıqda, habelə qaçırılldıqda sığorta məbləğinə nisbətdə tətbiq olunan azadolma məbləğl (oğurlanma va qaçırılma nəticəsində nəqliyyat vasitəsinin qismən zərərə məruz qalması halları istisna olmaqla) 1 saylı cədvələ əsasən 15% təşkil edir.

12. "xxxx" ASC-nin zərərin hesablanması aktından görünür ki, **-PB-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmir-bərpa xərcləri cəmi 16970 manat təşkil edir.

13. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin baş müstəntiqi, kapitan X1 xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 03 radələrində ünvan 2 ünvanında yerləşən “Faxralı” kafesində baş vermiş yanğın hadisəsi ilə əlaqədar Cavabdeh1 və Cavabdeh2 əməllərində cinayət tərkibi olmadığından barələrində cinayət təqibinin başlanması rədd edilsin.

14. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, İT241224002 nömrəli ödəniş tapşırığından görünür ki, **-PB-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmir edilməsinə görə "xxxx" ASC tərəfindən "xxxx" ASC-nin AZ25BRES********************1 nömrəli hesabına 6500 manat məbləğinə ödəniş edilmişdir.

15. xx.xx.2024-cü il tarixli, CM241/24 nömrəli sığorta aktından görünür ki, sığortalı “Subaru Forester” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın ümumi məbləği 16970 manat, avtomobilin qalıqlarının dəyəri 2000 manat və sığorta ödənişinin məbləği 6500 manat təşkil edir.

16. "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda deyilir ki, ********* saylı sığorta şəhadətnaməsi ilə sığortalanmış, "xxxx" ASC-ə məxsus olan ** PR *** dövlət qeydiyyat nömrə nişanlı, “Subaru Forester” markalı avtomobilə dəymiş zərərə görə təyin olunan 6500,00 AZN məbləği şirkətimizin aşağıda qeyd olunan rekvizitlər üzrə “Bank Respublika’ ASC-də olan hesabına köçürməyinizi xahiş edirik.

17. Qəzaya uğramış avtomobilin qalıq hissəsinin qiymətləndirilməsi aktında deyilir ki, xx.xx.2024-cü il tarixli, **********-13 saylı nəqliyyat vasitələrinin Kasko sığorta şəhadətnaməsi ilə sığortalanmış, "Bank Respublika” ASC-yə məxsus "Subaru Forestr” markalı (** PB ***), dövlət qeydiyyat nişanlı avtomobilə sığorta təminatı verilmişdir. xx.xx.2024-cii il tarixdə göstərilən avtomobil yol-nəqliyyat hadisəsinə uğramış və nəticədə avtomobilin yararsız vəziyyətə düşmüş ehtiyyat hissələrinin və təmir xərclərinin ümumi məbləği 16970.00 (on altı min doqquz yüz yetmiş) manat təşkil etmişdir. Avtomobilin qalıq hissəsinin qiymətləndirilməsinə dair müvafiq tədbirlər görülmüş, bütün zəruri araşdırmalar aparılmış və nəticədə avtomobilin qalıq hissəsinin dəyəri 2000 (iki min) manat məbləğində müəyyən olunmuşdur.

18. Avtomobilin qəza nəticəsində tam zərərə uğramasına dair aktdan görünür ki, xx.xx.2024-cü il tarixli **********-13 saylı nəqliyyat vasitələrinin Kasko sığorta şəhadətnaməsi ilə sığortalanmış “Subaru Forestr" markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirərkən müəyyən edilmişdir ki, həqiqətən də xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsinə uğrayaraq, "xxxx"ASC-nin təqdim etdiyi qüsur aktına əsasən 16970.00 (on altı min doqquz yüz yetmiş) manat zərər dəymiş və həmin məbləğ sığorta dəyərinin 75 %-dən artıq hissəsini təşkil etdiyindən avtomobil tam məhv olmuş hesab edilir.

19. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2025-ci il tarixli, AZ********** nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən Ekol Vəkil Bürosunun AZ60UBAZ**********0090AZN001 nömrəli hesabına 300 manat məbləğində ödəniş edilmişdir.

20. İddiaçı tərəfindən cavabdehlərə göndərilmiş xx.xx.2025-ci il tarixli, BS-S-25/0022 nömrəli pretenziya məktubundan görünür ki, 6500 manat vəsaitin 5 (beş) gün müddətində "xxxx" ASC-yə ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.

21. "xxxx" MMC tərəfindən verilən xx.xx.2025-ci il tarixli, CVN/İ 18-223/25 saylı mütəxəssis rəyindən müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanında yerləşən Cavabdeh1 məxsus, Cavabdeh2 icarəyə verilən “Faxralı” kafesində baş vermiş yanğın hadisəsi nəticəsində “Subaru Forester” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dəymiş zərərin məbləği 16320 manat təşkil edir. Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçi subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən, başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün), zərərin əvəzinin ödənilməsi nəzərdə tutular. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

23. “Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaları” nın 1.10.2, 6.2 və 6.5-ci bəndlərinin tələblərinə əsasən, yanğın təhlükəsizliyinin təmin edilməsi sahəsində fiziki şəxslər öz mülkiyyətlərində, istifadəsində olan binalarda və tikililərdə, nəqliyyat vasitələrində yanğın təhlükəsizliyi qaydalarına riayət etməlidirlər. Elektrik mühərrikləri, idarə etmə aparatları, işə salıb nizamlama, nəzarət ölçü cihazları və mühafizə aparatları, köməkçi qurğular və elektrik ötürücüləri (kabelləri, naqilləri), müvafiq qaydaların tələblərinə uyğun olaraq seçilib quraşdırılmalı, eləcə də artıq yükləmədən və qısa qapanmadan mühafizə edilməsi üçün qoruyucu aparatlarla təmin edilməlidirlər. Elektrik aparatlarını və cihazlarını onu hazırlayan müəssisənin tövsiyələrinə (təlimatlarına) uyğun olmayan şəraitdə və ya yanğına səbəb ola bilən nasazlığı olduqda istifadə etmək, eləcə də örtüyü (izolyasiyası) zədələnmiş və ya sıradan çıxmış naqilləri və kabelləri istismar etmək elektrik qurğularının istismarı zamanı qadağandır.

24. “Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi qaydalarının 1.2, 3.5, 3.5.3.1, 3.5.3.3 və 3.5.3.4-cü bəndlərinə əsasən qüvvədə olan qanunvericiliyə müvafiq olaraq ticarət, ictimai iaşə müəssisələrinin, baza və anbarların yanğın təhlükəsizliyinin təmin edilməsinə görə məsuliyyəti bu obyektlərin rəhbərləri, inzibati heyəti və ya sahibkarlar (sonradan rəhbərləri) daşıyırlar. Texniki xidmət və təmir işlərinin ixtisaslaşdırılmış təşkilatlar tərəfindən aparıldığı zaman bu işlərin keyfiyyətli surətdə yerinə yetirilməsinə nəzarət edilməsini, müəssisədə qurğuların istismarına cavabdehlik daşıyan vəzifəli şəxslər həyata keçirirlər. Elektrik avadanlıqlarının və elektrik şəbəkələrinin vaxtında profilaktiki baxışını və planlı-xəbərdaredici təmirinin təşkili, habelə yanğın və alışma törədə bilən hallarının vaxtında aradan qaldırılmasını təmin etmək; Qısa qapanmalardan, artıq yüklənmələrdən, artıq daxil və atmosfer gərginliklərindən və s. pozuntulardan mühafizə aparatlarının saz olmasına müntəzəm surətdə nəzarət etmək. Bütün elektrik qurğularının yanğın və alışmaya gətirib çıxaran təhlükəli amillərdən mühafizəedici aparatı olmalıdır.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi

26. İşin faktiki hallarından göründüyü kimi, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh1 məxsusdur və həmin əmlak Cavabdeh1 tərəfindən Cavabdeh2 icarəyə verilmişdir. xx.xx.2024-cü il tarixdə qeyd olunan ünvanda yerləşən Cavabdeh1 məxsus, Cavabdeh2 icarəyə verilən “Faxralı” kafesində yanğın hadisəsi baş vermiş, alov yayılaraq "xxxx" ASC-yə məxsus “Subaru Forester” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə keçmiş, nəticədə sonuncu əmlaka maddi ziyan dəymişdir. AR FHN Əməliyyat İstintaq İdarəsinin baş müstəntiqinin xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən cinayət işinin başlanmasının rədd edilmiş və qeyd edilən faktlar həmin qərarda əks olunmuşdur. Tərəflərə dəymiş ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah olunmuşdur. Qərarda deyilir ki, Cavabdeh1 ünvan 2 ünvanında yerləşən “Faxralı” kafesinin sahibi, Cavabdeh2 kafenin icarəçisi kimi üzərlərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxslər olduğu halda, “Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaları”nın 1.10.2, 6.2, 6.5-ci və “Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbariar üçün yanğın təhiükəsiziiyi qaydaları”nın 1.2, 3.5, 3.5.3.1, 3.5.3.3 və 3.5.3.4-cü bəndlərinin tələblərini pozaraq yanğın təhlükəsizliyi qaydalarına riayət etməmişlər. Bu səbəbdən xx.xx.2024-cü il tarixdə saat 03 radələrində “Faxralı” kafesində soyuducunun elektrik naqillərində qısaqapanmanın yaranmasından yanğın hadisəsi baş vermişdir. Yanğın hadisəsi nəticəsində hər hansı şəxsin sağlamlığına zərər vurulmamış, "xxxx" ASCyə məxsus avtomobilə dəymiş 17000 manat maddi ziyan ağır nəticə kimi qiymətləndirilmir, hadisə ölümə və ya digər ağır nəticələrə səbəb olmamışdır.

27. xx.xx.2024-cü il tarixli, ********** saylı “avtomobillərin tam sığortası” üzrə sığorta şəhadətnaməsinə əsasən “Subaru Forester” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ASC tərəfindən “əmlak sığortası” qaydasında sığortalanmışdır. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, “Subaru Forester” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilə dəymiş zərərlə bağlı "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə 6500 (altı min beş yüz) manat məbləğində sığorta ödənişi edilmişdir.

28. Həmçinin nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği sığorta dəyərinin 75%-dən artıq hissəsini təşkil etdiyindən avtomobil tam məhv olmuş hesab edilmişdir.

29. İddia tələbi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6500 (altı min beş yüz) manat məbləğində sığorta ödənişinin tutulmasından ibarətdir.

30. Məhkəmə işin faktiki hallarını və qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, sığorta ödənişini vermiş iddiaçı həmin məbləğin ödənilməsini tələb etmək hüququna malikdir.

31. Məhkəmə qanunvericilik normalarını, işin faktiki hallarını, sığorta ödənişini vermiş iddiaçının həmin məbləğin ödənilməsini tələb etmək hüququna malik olmasını və xx.xx.2025-ci il tarixli, CVN/İ 18-223/25 saylı mütəxəssis rəyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh2 5820 (beş min səkkiz yüz iyirmi) manat sığorta ödənişi iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə və Cavabdeh1 münasibətdə təmin edilməməlidir.

32. Belə ki, ilk öncə qeyd olunmalıdır ki, icarəyə verən qismində Cavabdeh1 ilə icarəçi qismində Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsinin 10-cu bəndinə əsasən obyektdə bütün texniki və yanğın təhlükəsizliyinin, sanitar-gigiyenik və digər normaların təmin edilməsi üçün icarəçi tam məsuliyyət daşıyır. Göstərilən normaların təmin edilməməsindən irəli gələn xərclər icarəçinin hesabına ödənilir. Göründüyü kimi, tərəflər arasında bağlanmış icarə müqaviləsinin şərtlərinə əsasən icarəçi Cavabdeh2 obyektdə bütün texniki və yanğın təhlükəsizliyinə dair normaların pozulmasına görə tam məsuliyyət daşımaq öhdəliyini üzərinə götürmüşdür. Yanğın hadisəsi baş verən vaxt da qeyri-yaşayış sahəsi Cavabdeh2 icarəsində olmuşdur. Ona görə də məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia Cavabdeh1 münasibətdə təmin olunmamalı, digər cavabdehə münasibətdə isə qeyd edilən hissələrdə təmin olunmalıdır.

33. Məhkəmə həmçinin nəzərə almışdır ki, avtomobilə dəymiş zərərin məbləğinin müəyyən edilməsi ilə bağlı məhkəmə tərəfindən ekspertiza təyin edilmiş, xx.xx.2025-ci il tarixli, CVN/İ 18-223/25 saylı mütəxəssis rəyində qeyd olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanında yerləşən Cavabdeh1 məxsus, Cavabdeh2 icarəyə verilən “Faxralı” kafesində baş vermiş yanğın hadisəsi nəticəsində “Subaru Forester” markalı, **- PB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dəymiş zərəri məbləği 16320 manat təşkil edir. "xxxx" ASC tərəfindən “Subaru Forester” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı minik avtomobili 10000 manat məbləğində sığorta edilmiş və 1500 manat azadolma məbləği müəyyən edilmişdir. Baş vermiş yanğın hadisəsindən sonra avtomobilin qalıq dəyəri 2000 manat təşkil etmişdir. Odur ki, dəymiş ziyan 16320 manat təşkil etdiyinə görə iddiaçıya ödənilməli olan məbləğ 5820 manat (16320-2000-(10000-1500)=5820) təşkil edir.

34. Eləcə də, iddiaçı 85,40 (səksən beş manat qırx qəpik) manat məbləğində dövlət rüsumu və 320,50 (üç yüz iyirmi manat əlli qəpik) manat məbləğində hüquqi xidmət göstərilməsi üçün vəkilə çəkilmiş xərcin cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulmasını xahiş etmişdir.

35. Məhkəmə hesab edir ki, Cavabdeh2 300 (üç yüz) manat hüquqi yardım xərci (yalnız qeyd edilən məbləğlə bağlı ödəniş tapşırığı əlavə edilmişdir), ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 76 (yetmiş altı) (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq) manat tutularaq iddiaçıya ödənilməlidir.

36. Həmçinin, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 250 manat pulun 223,90 manat hissəsi Cavabdeh2, 26,10 manat hissəsi isə ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətindən (ləğv prosesindədir) tutularaq "xxxx" MMC-nin hesabına (kod: 805711, VÖEN: ********** müxbir hesab: AZ03NABZ********************, SWİFT BİK: İBAZAZ2X, hesab: AZ471BAZ********************) köçürülməlidir.

37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 5820 (beş min səkkiz yüz iyirmi) manat sığorta ödənişi, 300 (üç yüz) manat hüquqi yardım xərci, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 76 (yetmiş altı) manat olmaqla, cəmi 6196 (altı min yüz doxsan altı) manat məbləğində pul vəsaiti iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə və Cavabdeh1 münasibətdə təmin edilməsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 250 manat pulun 223,90 manat hissəsi Cavabdeh2, 26,10 manat hissəsi isə ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətindən (ləğv prosesindədir) tutularaq "xxxx" MMC-nin hesabına (kod: 805711, VÖEN: ********** müxbir hesab: AZ03NABZ********************, SWİFT BİK: İBAZAZ2X, hesab: AZ471BAZ********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar