Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2701/2021 11.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbi barədə kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 09.03.2021-ci il tarixinə dövlət büdcəsinə ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə 4701,84 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə 21455 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, vergi ödəyicisi olan Cavabdeh MMC Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində büdcəyə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin büdcəyə ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də büdcəyə ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 09.03.2021-ci il tarixinə yaranan borcuna görə 21455 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə 02.04.2021-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 09.03.2021-ci il tarixinə olan borc məbləğindən dövlət büdcəsinə 4701,84 manat məcburi dövlət sosial sığorta haqları üzrə ödənilməmiş borcu qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmiş, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi isə məhkəməyə ərizə ilə müraciət edərək, iddianın təmin edilməsini və məhkəmə iclasını vergi orqanının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5 və 185.6-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin və iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında 19.03.2021-ci il tarixli protokol və əlavədən, həmçinin vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında 19.03.2021-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, Puta-Korgöz-Qızıldaş- Sahil yolu 9-cu km, 6 ünvanında yerləşən Cavabdeh MMC-yə məxsus sahəsi 61,3 m2 olan, 21455 manat məbləğində qiymətləndirilən daşınmaz əmlak (qeyri-yaşayış binası-1 mərtəbəli Buraxılış Məntəqəsi) siyahıya alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, Puta-Korgöz- Qızıldaş-Sahil yolu 9-cu km, 6 ünvanında yerləşən ümumi sahəsi 3202,9 m2 olan əmlak kompleksi Cavabdeh MMC-nin adına tam xüsusi mülkiyyət hüquqi üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat tarixi 17.06.2011-ci il olmaqla 9 nömrəli reyestr kitabının 838 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən təsdiq edilən siyahının surətindən görünür ki, ümumi sahəsi 3202,9 m2 olan əmlak kompleksi kimi müəssisənin tərkibində digər binalarla (obyektlərlə) yanaşı vergi orqanı tərəfindən siyahıya alınan sahəsi 61,3 m2 olan Buraxılış Məntəqəsi də daxildir. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin: 23.1.6-cı maddəsinə əsasən, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi orqanı onun əmlakını siyahıya ala bilər. 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir və bu siyahı protokola əlavə edilir. 90.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Göründüyü kimi vergi ödəyicisi olan Cavabdeh MMC vergi öhdəliyini lazımınca yerinə yetirməyərək, vergi borcunun dövlət büdcəsinə ödənilməsini təmin etməmişdir. Bu səbəbdən də Cavabdeh MMC-nin dövlət büdcəsinə ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə 4701,84 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 21455 manat dəyərində əmlak siyahıya alınmışdır. Lakin məhkəmə bununla bağlı qeyd edir ki, vergi orqanı tərəfindən siyahıya alınmış Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, Puta-Korgöz-Qızıldaş-Sahil yolu 9-cu km, 6 ünvanında yerləşən Cavabdeh MMC-yə məxsus sahəsi 61,3 m2 olan, 21455 manat məbləğində qiymətləndirilən daşınmaz əmlak (qeyri-yaşayış binası-1 mərtəbəli Buraxılış Məntəqəsi) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh MMC-nin adına tam xüsusi mülkiyyət hüquqi üzrə qeydə alnmış ümumi sahəsi 3202,9 m2 olan əmlak kompleksinin tərkib hissəsinə daxildir, yəni siyahıya alınmış Buraxılış Məntəqəsi dövlət reyestrində ayrıca qeydiyyata alınmadığına görə, əmlak kompleksinin bir elementi olan Buraxılış Məntəqəsi açıq hərracda müstəqil əmlak kimi satıla bilməz. Odur ki, siyahıya alınmış əmlakın Cavabdeh MMC-nin adına tam xüsusi mülkiyyət hüquqi üzrə qeydə alnmış ümumi sahəsi 3202,9 m2 olan əmlak kompleksinin tərkib hissəsinə daxil olduğunu nəzərə alan məhkəmə hesab edir ki, Cavabdeh MMC-nin 09.03.2021-ci il tarixinə dövlət büdcəsinə ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə 4701,84 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT E T D İ: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı 09.03.2021-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə 4701,84 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbi barədə iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən sonra 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2701/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2701/2021
11.08.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver