Məhkəmə qərarları › İş №e-2-2(113)-2703/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2703/2025

20.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2703/2025 20.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: müqavilə öhdəliklərinin lazımi qaydada icra olunmaması, pul tələbi) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 42700,31 (qırx iki min yeddi yüz otuz bir manat otuz bir qəpik) manat pul vəsaiti, hüquqi xidmətə görə ödənilən 526 (beş yüz iyirmi altı) manatın iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə aralarında 15 fevral 2021-ci il tarixli, VE xx/xx/2022 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin predmeti olaraq, icarədar icarəçinin təsdiq etdiyi sifarişlər (aylıq icarə) əsasında avadanlığı icarəyə verməyi öz üzərinə götürmüşdür. İcarə müqaviləsi üzrə sifarişçi tərəfindən verilən bütün sifarişlər yerinə yetirilmiş, müvafiq mühasibatlıq sənədləri təsdiqlənmişdir. Cavabdeh tərəfindən müqavilə üzrə bir sıra ödənişlər edilsə də, 42700,31 manat (qırx iki min yeddi yüz otuz bir manat otuz bir qəpik) məbləğində borc bu günədək ödənilməmişdir. Cavabdehə həmin borc məbləği ilə bağlı dəfələrlə müraciət edilsə də, hər dəfə vaxt istəmiş, qısa müddətə borcu tam ödəyəcəklərinə söz vermişdir. Buna baxmayaraq, borc məbləği bu günədək ödənilməmişdir. Tərəflərindən cavabdehə müvafiq təklif (pretenziya) göndərilmişdir. Cavabdeh tərəfindən təklifə dair heç bir münasibət bildirilməmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442-ci maddələrinə istinad edilmişdir.

4. Daha sonra iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 42446,15 (qırx iki min dörd yüz qırx altı manat on beş qəpik) manat icarə haqqı, 220 (iki yüz iyirmi) manat dövlət rüsumu və hüquqi xidmətə görə ödənilmiş 526 (beş yüz iyirmi alt) manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə aralarında 15 fevral 2021-ci il tarixli, VE xx/xx/2022 nömrəli icarə müqaviləsi bağlanmış və həmin müqavilə üzrə öhdəliklər qarşılıqlı şəkildə yerinə yetirilmişdir. Daha sonra münasibətlər 09 oktyabr 2023-cü il tarixli, BTC-PMD-AG-2310-09 nömrəli icarə müqaviləsi ilə davam etdirilmişdir. 09 oktyabr 2023-cü il tarixli, BTC-PMD- AG-2310-09 nömrəli icarə müqaviləsinin predmeti adlanan 1.1-ci maddəsində qeyd edilmişdir ki, “müqaviləyə əsasən icraçı sifarişçinin tapşırığı ilə bu müqavilənin qüvvədə olduğu müddət ərzində Bakı şəhəri, SOCAR HAOR Modernization and ReConsortium Project/SOCAR HAOR Modernləşmə və Yenidənqurma Layihəsində taxtapuşun (iskele) kirayə verilməsi, quraşdırma-sökülməsi və daşınma xidmətləri göstərəcəkdir. Sifarişçi isə icraçıya razılaşdırılmış muzd ödəməyi öz öhdəsinə götürür.” İcarə müqaviləsi üzrə sifarişçi tərəfindən verilən bütün sifarişlər yerinə yetirilmiş, müvafiq mühasibatlıq sənədləri təsdiqlənmişdir. Cavabdeh tərəfindən ümumilikdə əsas məbləğ üzrə 27831,26 manat, ƏDV üzrə 2259 manat ödəniş olunmuşdur. Hazırda cavabdehin əsas məbləğ üzrə 29579,80 manat, ƏDV məbləği üzrə 1990,73 manat borcu olmaqla cəmi 31570,53 manat borcu qalmaqdadır. Belə ki, cavabdehə göndərilmiş: 1. xx.xx.2023-cü il tarixli, EBDE seriyalı, 335631 nömrəli qaimə üzrə - 753,98 manat; 2. xx.xx.2023-cü il tarixli, EBDS seriyalı, 542460 nömrəli qaimə üzrə əsas məbləğ 200 manat, ƏDV üzrə 36 manat olmaqla, cəmi 236 manat; 3. xx.xx.2023-cü il tarixli, EBDT seriyalı, 754399 nömrəli qaimə üzrə 2006,00 manat əsas, ƏDV üzrə 361,08 manat olmaqla, cəmi 2367,08 manat; 4. xx.xx.2023-cü il tarixli, EBDU seriyalı, 874684 nömrəli qaimə üzrə 7614,10 manat; 5. xx.xx.2024-cü il tarixli, EBDX seriyalı, 972165 nömrəli qaimə üzrə 7614,10 manat; 6. xx.xx.2024-cü il tarixli, EBDZ seriyalı, 642615 nömrəli qaimə üzrə 2538,03 manat; 7. xx.xx.2024-cü il tarixli, EBDZ seriyalı, 642180 nömrəli qaimə üzrə 8853,60 manat əsas, ƏDV üzrə 1593,65 manat olmaqla, cəmi 10447,25 manat borc qalmaqdadır. Yuxarıda qeyd edilmiş qalıq borc məbləğləri ümumilikdə 31570,53 manat təşkil edir. Həmçinin xx.xx.2024-cü il tarixdən söküntüsü bitən, lakin Cavabdeh MMC tərəfindən icraçıya qaytarılmayan taxtapuş (iskələ) materiallarının icarə haqqı məbləği ümumilikdə 10875,61 manat təşkil edir.

6. Cavabdehin nümayəndəsi tərəfindən təqdim olunan ərizədə qeyd olunur ki, hazırkı işin araşdırılması zamanı müəyyən edilmişdir ki, quraşdırma işləri Cavabdeh MMCnin əməkdaşları tərəfindən icra edilmişdir. Bunu Layihə rəhbəri tərəfindən təqdim edilmiş akt da sübut edir. Bundan əlavə tərəfimizdən layihə SOCAR-ərazisində həyata keçirildiyindən quraşdırma işlərinin həyata keçirildiyi dövrdə giriş-çıxışların təqdim edilməsi barədə müraciət də edilmişdir. Söküntü işlərini isə İddiaçı həyata keçirmişdir və öz mallarını həmin ərazidə saxlamışdır, bununla bağlı tərəfindən hər hansı müraciət daxil olmamışdır. Belə ki, işgüzar münasibətlərimiz uzun dövrü əhatə etmişdir və hər dəfəsində də söküntü işlərindən sonra mallarını özü götürmüşdür. Malların qaytarılmaması ilə bağlı hallar həqiqətə uyğun deyil. Belə ki, müqavilə şərtlərinə əsasən həm quraşdırma, həm söküntü öhdəliyinin ona aid olmasına baxmayaraq, tərəf quraşdrımanı həyata keçirməmiş, söküntünü həyata keçirdiyi zamanı isə özü mallarını götürməmişdir. Elə iddiaçı tərəfindən təqdim edilmiş cədvəldən də görünür ki, davamlı olraq həmin dövrdə münasibətlər davam etdirmişdir. Bundan əlavə, tərəfimizdən quraşdırmaya görə yalnışlıqla ödənilmiş 14756 manat + ƏDV-nin əvəzləşdirilməsi istənilmişdir (məktub qoşmaya əlavə edilir).

7. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

8. İddiaçı və iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

9. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili verdiyi izahatında bildirmişdir ki, iddia tələbini təxminən 16000 manat hissədə qəbul edirlər. 28017,47 manat borcun olduğunu bildiririk, 1990,73 manat məbəği də qeyd etdiyi məbləğin üzərinə əlavə edir və həmin məbləğdən ödədikləri 14000 məbləği çıxırlar. Borcun məbləği ilə bağlı tərəflər arasında mübahisə var. Hesab edirlər ki, borcları təxminən 16000 manat təşkil edir. Avadanlıqların verilməsini, icarədə olmasını da qəbul edirlər, lakin sökülmə işləri iddiaçı tərəfindən həyata keçirilsə də, quraşdırılma işləri onlar, yəni cavabdehin işçiləri tərəfindən də həyata keçirilmişdir. Ona görə həmin hal nəzərə alınmalıdır. Tərəf özü avadanlıqları vaxtında götürə, ərazidən çıxara bilərdi, götürməmişdir. Ona görə digər hissədə də iddianl qəbul etmirlər.

10. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, icarəyə verən qismində İddiaçı ilə icarəçi qismində Cavabdeh MMC arasında 15 fevral 2021-ci il tarixli, VE xx/xx/2022 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icarədar icarəçinin təsdiq etdiyi sifarişlər (aylıq icarə) əsasında avadanlığı icarəyə verməyi öz üzərinə götürür; 1.2-ci bəndinə əsasən xidmətlər icarəçinin göstərişi əsasında onun fəaliyyət göstərdiyi iş sahəsində həyata keçirilir; 1.3-cü bəndinə əsasən xidmətlər müvafiq qaydada qusursuz icarəçiyə təhvil verildiyi andan icarədar müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş hesab edilir; 2.1-ci bəndinə əsasən bu müqavilənin ümumi məbləği müqavilənin ayrılmaz hissəsini təşkil edən “Əlavə 1“-də qeyd olunmuşdur; 2.2-ci bəndinə əsasən icarəçi tərəfindən icarə ödənişinin əsas məbləği icarədarın müqavilədə göstərilən bank hesabına köçürmə yolu ilə, ÖMV isə icarədarın yerinə büdcəyə ödənilir; 2.3-cü bəndinə əsasən ayaqaltıların icarəsi aylıq hər bir tona görə 186 manat (ÖMV daxil) təşkil edir; 2.4-cü bəndinə əsasən ödəniş vaxtı hər ayın beşindən onunadəkdir; 4.1-ci bəndinə əsasən icarəçi bu müqavilədə nəzərdə tutulmuş ödənişi tam həcmdə icarədara ödəmək öhdəliyini üzərinə götürür; 9.6-cı bəndinə əsasən ‘'İcarədar’a aid materialların anbardan iş sahəsinə daşınması və geri qaytanlması”İcarəçi" yə aiddir.

11. İcraçı qismində İddiaçı ilə sifarişçi qismində Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, BTC-PMD-AG-2310-09 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən müqaviləyə əsasən icraçı sifarişçinin tapşırığı ilə, bu müqavilənin qüvvədə olduğu müddət ərzində Bakı şəhəri, SOCAR HAOR Modernization and ReConsortium Project/SOCAR HAOR Modernləşmə və Yenidənqurma Layihəsində taxtapuşun (iskele) kirayə verilməsi, quraşdırma-sökülməsi və daşınması xidmətləri göstərəcəkdir. Sifarişçi isə icraçıya razılaşdırılmış muzd ödəməyi öz öhdəsinə götürür; 2.1.1-ci bəndinə əsasən icarəsinə görə nəzərdə tutulan icarə haqqını bu müqavilədə qeyd edilən müddətdə və məbləğdə ödəmək sifarişçinin öhdəliyidir; 2.2.1-ci bəndinə əsasən ödəniş yalnız icraçıya edilir, digər şəxslərin sifarişçidən ödəniş tələb etməyi hüququ yoxdur; 2.2.16-cı bəndinə əsasən təhvil-təslim işləri, quraşdırma işləri qurtardıqdan sonra sifarişçi və icraçının vəzifəli şəxsləri tərəfindən ediləcəkdir; 3.1-ci bəndinə əsasən görüləcək xidmətin qiymətləri – 1) taxtabəndlərin və ya dəmirbəndlərin qurulması işləri – 1m3 – 5 manat, 2) taxtabəndlərin və ya dəmirbəndlərin sökülməsi işləri – 1m3 – 3 manat, 3) taxtabəndlərin icarəsi (1 aydan artıq sahədə qurulu qaldığı halda) – 1m3 – 3 manat.

12. xx.xx.2023-cü il tarixli, EBDE seriyalı, 335631 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 6435,60 manat təşkil edir. Qaimənin əsası kimi VE xx/xx/2022 nömrəli müqavilə qeyd edilmişdir.

13. xx.xx.2023-cü il tarixli, EBDN seriyalı, 182407 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri (ƏDV daxil) 5774,42 manat təşkil edir. Qaimənin əsası kimi VE xx/xx/2022 nömrəli müqavilə qeyd edilmişdir.

14. xx.xx.2023-cü il tarixli, EBDS seriyalı, 542460 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri (ƏDV daxil) 2360 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2023-cü il tarixli, BTC-PMD-AG-2310-09 nömrəli müqavilə qeyd edilmişdir.

15. xx.xx.2023-cü il tarixli, EBDT seriyalı, 754399 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri (ƏDV daxil) 2367,08 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2023-cü il tarixli, BTC-PMD-AG-2310-09 nömrəli müqavilə qeyd edilmişdir.

16. xx.xx.2023-cü il tarixli, EBDU seriyalı, 874684 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri (ƏDV daxil) 8853,60 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2023-cü il tarixli, BTC-PMD-AG-2310-09 nömrəli müqavilə qeyd edilmişdir.

17. xx.xx.2024-cü il tarixli, EBDX seriyalı, 972165 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri (ƏDV daxil) 8853,60 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2023-cü il tarixli, BTC-PMD-AG-2310-09 nömrəli müqavilə qeyd edilmişdir.

18. xx.xx.2024-cü il tarixli, EBDZ seriyalı, 642180 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri (ƏDV daxil) 10447,25 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2023-cü il tarixli, BTC-PMD-AG- 2310-09 nömrəli müqavilə qeyd edilmişdir.

19. xx.xx.2024-cü il tarixli, EBDZ seriyalı, 642615 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri (ƏDV daxil) 2951,20 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2023-cü il tarixli, BTC-PMD-AG-2310-09 nömrəli müqavilə qeyd edilmişdir.

20. İddiaçı tərəfindən iş materiallarına mərkəz anbar-çıxış adlı, təhvil-təslim forması adlı sənədlər, mail yazışmaları əlavə edilmişdir.

21. xx.xx.2023-cü il tarixli, BTC-PMD-AG-2310-09 nömrəli müqavilə üzrə xx.xx.2023cü il tarixə yerinə yetirilmiş işlərin qəbulu aktından görünür ki, aktda qeyd edilən 1 adda görülmüş iş(lər)in dəyəri 10750 manat əsas, 1935 manat ƏDV 18% olmaqla, toplam 12685 manat təşkil etmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

22. xx.xx.2023-cü il tarixli, BTC-PMD-AG-2310-09 nömrəli müqavilə üzrə xx.xx.2023cü il tarixə yerinə yetirilmiş işlərin qəbulu aktından görünür ki, aktda qeyd edilən 1 adda görülmüş iş(lər)in dəyəri 2000 manat əsas, 360 manat ƏDV 18% olmaqla, toplam 2360 manat təşkil etmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

23. xx.xx.2023-cü il tarixli, BTC-PMD-AG-2310-09 nömrəli müqavilə üzrə xx.xx.2023cü il tarixə yerinə yetirilmiş işlərin qəbulu aktından görünür ki, aktda 5 adda (1) ayaqaltıların quraşdırılması - 2150 m3, xx.xx.2023-cü il tarix; 2) ayaqaltıların quraşdırılması - 240 m3, xx.xx.2023-cü il tarix; 3) ayaqaltıların quraşdırılması - 196,70 m3, xx.xx.2023-cü il tarix; 4) ayaqaltıların quraşdırılması - 227 m3, xx.xx.2023-cü il tarix; 5) ayaqaltıların quraşdırılması - 137,50 m3, xx.xx.2023-cü il tarix) görülmüş işlər qeyd edilmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

24. xx.xx.2023-cü il tarixli quraşdırma, sökülmə və durma adlı forma 2-dən görünür ki, xx.xx.2023-cü il tarixli, BTC-PMD-AG-2310-09 nömrəli müqavilə üzrə 5 adda (1) ayaqaltıların durma - 2150 m3, xx.xx.2023-cü il; 2) ayaqaltıların durma - 240 m3, xx.xx.2023-cü il; 3) ayaqaltıların durma - 196,70 m3, xx.xx.2023-cü il; 4) ayaqaltıların durma - 227 m3, xx.xx.2023-cü il; 5) ayaqaltıların durma - 137,50 m3, xx.xx.2023-cü il) görülmüş iş(lər)in dəyəri ümumilikdə 14756 manat təşkil etmişdir.

25. xx.xx.2024-cü il tarixli quraşdırma, sökülmə və durma adlı forma 2-dən görünür ki, xx.xx.2023-cü il tarixli, BTC-PMD-AG-2310-09 nömrəli müqavilə üzrə 5 adda (1) ayaqaltıların durma - 2150 m3, xx.xx.2023-cü il; 2) ayaqaltıların durma - 240 m3, xx.xx.2023-cü il; 3) ayaqaltıların durma - 196,70 m3, xx.xx.2023-cü il; 4) ayaqaltıların durma - 227 m3, xx.xx.2023-cü il; 5) ayaqaltıların durma - 137,50 m3, xx.xx.2023-cü il; 6) ayaqaltıların durma yanvar- 2951,20 m3; 6) ayaqaltıların durma fevral- 2951,20 m3; 7) ayaqaltıların sökülməsi- 2951,20 m3; xx.xx.2024-cü il) görülmüş iş(lər)in dəyəri ümumilikdə 29182,26 manat təşkil etmişdir.

26. xx.xx.2023-cü il tarixli, BTC-PMD-AG-2310-09 nömrəli müqavilə üzrə xx.xx.2024cü il tarixə yerinə yetirilmiş işlərin qəbulu aktından görünür ki, aktda qeyd edilən 1 adda (ayaqaltıların sökülməsi 2951,20 m3, xx.xx.2024-cü il) görülmüş işlər qeyd edilmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir

27. xx.xx.2024-cü il tarixindən söküntüsü bitən, lakin Cavabdeh MMC tərəfindən icraçıya qaytarılmayan iskələ materiallarının icarə haqqı hesablanmasına dair hesabatda qeyd edilmişdir ki, 1) xx.xx.2024-xx.xx.2024-cü il tarix aralığında miqdar: 9,83; qiymət 1 ton aylıq – 186, qiymət 1 ton günlük 6,20, icarədə qalma günü – 15, geri qayıtma məbləği 914,19 manat; 2) xx.xx.2024-xx.xx.2024-cü il tarix aralığında miqdar: 16,31; qiymət 1 ton aylıq – 186, qiymət 1 ton günlük 6,20, icarədə qalma günü – 23, geri qayıtma məbləği 2325,81 manat; 3) xx.xx.2024-xx.xx.2024-cü il tarix aralığında miqdar: 3,55; qiymət 1 ton aylıq – 186, qiymət 1 ton günlük 6,20, icarədə qalma günü – 74, geri qayıtma məbləği 1628,74 manat; 4) xx.xx.2024-xx.xx.2024-cü il tarix aralığında miqdar: 1,79; qiymət 1 ton aylıq – 186, qiymət 1 ton günlük 6,20, icarədə qalma günü – 88, geri qayıtma məbləği 976,62 manat; 5) xx.xx.2024-xx.xx.2024-cü il tarix aralığında miqdar: 0,76; qiymət 1 ton aylıq – 186, qiymət 1 ton günlük 6,20, icarədə qalma günü – 88, geri qayıtma məbləği 772,77 manat; 6) xx.xx.2024-xx.xx.2024-cü il tarix aralığında miqdar: 1,91; qiymət 1 ton aylıq – 186, qiymət 1 ton günlük 6,20, icarədə qalma günü – 231, geri qayıtma məbləği 2735,50 manat; 7) xx.xx.2024-xx.xx.2025-ci il tarix aralığında miqdar: 0,76; qiymət 1 ton aylıq – 186, qiymət 1 ton günlük 6,20, icarədə qalma günü – 323, geri qayıtma məbləği 1521,98 manat olmaqla, ümumilikdə 10875,61 manat.

28. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, aktda qeyd edilən 17 adda avadanlıqlar icraçı tərəfindən təhvil verilmiş, sifarişçi tərəfindən təhvil alınmışdır. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

29. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 000İPX123243115D saylı ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı AZ28AİİB410400F**********122 nömrəli hesabına 4000,62 manat məbləğində pul vəsaiti ödənilmişdir.

30. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 000İPX********** saylı ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı AZ28AİİB410400F**********122 nömrəli hesabına 2808,42 manat məbləğində pul vəsaiti ödənilmişdir.

31. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, 000İPX12405401BF saylı ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı AZ28AİİB410400F**********122 nömrəli hesabına 10750 manat məbləğində pul vəsaiti ödənilmişdir.

32. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş İddiaçı AZ73BRES******************** nömrəli hesabında çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı hesabına 4500 manat məbləğində pul vəsaiti ödənilmişdir.

33. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş İddiaçı AZ16HAJCSCRAZN**********7001 nömrəli hesabında çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı hesabına 3972,22 manat məbləğində pul vəsaiti ödənilmişdir.

34. AR VK Bakı şəhəri 11 saylı Vəkil Bürosu tərəfindən verilən xx.xx.2025-ci il tarixli arayışda qeyd edilmişdir ki, verilir, Bakı şəhəri 11 saylı Vəkil Bürosunda fəaliyyət göstərən Nümayəndə ondan ötrü ki, o, həqiqətən vətəndaş Verdiyev Elşən Eldar oğlu ilə Bakı Kommersiya Məhkəməsində hüquqlarının müdafiəsi ilə bağlı xx.xx.2024-cü il tarixli müqavilə bağlamışdır və həmin müqavilə üzrə (marka və xidmət haqqı ilə birlikdə) 530 manat məbləğində xidmət haqqı ödənilmişdir.

35. İddiaçı tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 10 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.1-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 705-ci maddəsinə əsasən əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmənin mövqeyi

38. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında icarə və xidmət müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Həmin müqavilələrə əsasən icarəyə verən əlavədə göstərilmiş malları razılaşdırılmış qiymətə və müqavilədə qeyd olunmuş şərtlərlə icarəçinin istifadəsinə verməyi, icarəçi isə müqavilənin şərtlərinə əsasən icarəyə götürülmüş malların istifadəsi üzrə müəyyən edilmiş icarə haqqını icarəyə verənə ödəməyi öhdəsinə götürmüşdür. Eləcə də, xx.xx.2023-cü il tarixli, BTC-PMD-AG-2310-09 nömrəli icarə müqaviləsinə əsasən icraçı sifarişçinin tapşırığı ilə, bu müqavilənin qüvvədə olduğu müddət ərzində Bakı şəhəri, SOCAR HAOR Modernization and ReConsortium Project/SOCAR HAOR Modernləşmə və Yenidənqurma Layihəsində taxtapuşun (iskele) kirayə verilməsi, quraşdırma-sökülməsi və daşınması xidmətlərinin göstərilməsini, sifarişçi isə icraçıya razılaşdırılmış muzdu ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında qeyd olunan müqavilələrin bağlanılması, avadanlıqların icarəçiyə təhvil verilməsi, quraşdırılma-sökülmə işlərinin həyata keçirilməsi, iddiaçı tərəfindən cavabdehə elektron qaimələrin göndərilməsi, ödənişlərin edilməsi işin mübahisəsiz hallarını təşkil edir. Mübahisəli hal ödənilməmiş qalan məbləğlə, müqaviləyə xitam verildikdən sonra icarə predmetlərinin qaytarılması ilə bağlı olmuşdur.

39. İddia tələbinin bir hissəsini cavabdehə göndərilmiş, iddia ərizəsində qeyd edilmiş elektron qaimələr üzrə qalıq borc məbləğini təşkil edən ümumilikdə 31570,53 manat məbləğində pulun cavabdehdən tutulması təşkil edir.

40. Məhkəmə qanunvericilik normalarını, cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının ödənilməmiş qalan məbləği cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə təmin edilməli və Cavabdeh MMC-dən 31570,53 manat pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Belə ki, iddiaçı xx.xx.2023-cü il tarixli, EBDE seriyalı, 335631 nömrəli qaimə üzrə 753,98 manat; xx.xx.2023-cü il tarixli, EBDS seriyalı, 542460 nömrəli qaimə üzrə 236 manat; xx.xx.2023-cü il tarixli, EBDT seriyalı, 754399 nömrəli qaimə üzrə 2367,08 manat; xx.xx.2023-cü il tarixli, EBDU seriyalı, 874684 nömrəli qaimə üzrə 7614,10 manat; xx.xx.2024-cü il tarixli, EBDX seriyalı, 972165 nömrəli qaimə üzrə 7614,10 manat; xx.xx.2024-cü il tarixli, EBDZ seriyalı, 642615 nömrəli qaimə üzrə 2538,03 manat; xx.xx.2024-cü il tarixli, EBDZ seriyalı, 642180 nömrəli qaimə üzrə 10447,25 manat olmaqla, ümumilikdə 31570,54 manat məbləğində borcun ödənilmədiyini bidirərək, həmin məbləğin cavabdehdən tutulmasını xahiş etmişdir. Qeyd olunan elektron qaimələrin ikisi quraşdırma işləri (xx.xx.2023-cü il tarixli, EBDS seriyalı, 542460 nömrəli qaimə və xx.xx.2023-cü il tarixli, EBDT seriyalı, 754399 nömrəli qaimə), biri sökülmə, digərləri icarə haqqı ödənişi ilə bağlı olmuşdur. Həmin məbləğlərin ödənilmədiyini cavabdeh mübahisələdirməmiş, hesab etmişdir ki, quraşdırma xidmətlərinin həyata keçirilməsində onun işçiləri də iştirak etdiyinə görə həmin xidmət haqqı ondan tutula bilməz və əvəzləşdirmə olmalıdır. Cavabdeh isə bununla razılaşmamışdır.

41. Məhkəmənin qənaətinə əsasən cavabdeh haqlı sayıla bilməz. Belə ki, əvvəla, qeyd olunmalıdır ki, tərəflər hazırkı halda azad surətdə müqavilə bağlayaraq, həmin müqavilələrin məzmununu, qarşılıqlı şəkildə hüquq və vəzifələri müəyyənləşdirmiş, qarşılıqlı surətdə öz üzərlərinə öhdəliklər götürmüşlər. Qanunvericilik normalarından da göründüyü kimi, borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin 2.2.1-ci bəndinə əsasən ödəniş yalnız icraçıya edilir. Müqavilə tərəfi olaraq icraçı iddiaçıdır və müqavilənin tələblərinə uyğun olaraq ödəniş də icraçıya olunmalıdır və digər məsələlər qarşılıqlı raılıq əsasında həll edilə bilər.

42. İddia tələbinin digər hissəsini xx.xx.2024-cü il tarixdən söküntüsü bitən, lakin Cavabdeh MMC tərəfindən icraçıya qaytarılmayan taxtapuş (iskələ) materiallarının icarə haqqı məbləği olan ümumilikdə 10875,61 manat məbləğində pulun cavabdehdən tutulması təşkil edir.

43. Məhkəmə belə nəticəyə gəlir ki, iddia həmin hissədə də təmin olunmalıdır. İddiaçı həmin məbləğin hesablanmasına dair müvafiq cədvəli (icarə predmetlərinin qaytarılmasının gecikdirilmə müddəti, həmin müddətə uyğun icarə haqqı məbləğində hesablama) məhkəməyə təqdim etmişdir. Cavabdeh məbləği, qaytarılma tarixlərini mübahisələndirməmişdir. Cavabdehin mövqeyi ondan ibarət olmuşdur ki, söküntü işlərini İddiaçı həyata keçirmiş və öz mallarını həmin ərazidə saxlamışdır, bununla bağlı tərəfindən hər hansı müraciət daxil olmamışdır. Belə ki, işgüzar münasibətləri uzun dövrü əhatə etmiş və hər dəfəsində də söküntü işlərindən sonra mallarını özü götürmüşdür. Malların qaytarılmaması ilə bağlı hallar həqiqətə uyğun deyil. İddiaçı isə bununla razılaşmamış və bildirmişdir ki, işlər SOCAR HAOR Modernization and ReConsortium Project/SOCAR HAOR Modernləşmə və Yenidənqurma Layihəsi çərçivəsində görülmüşdür və oradan icazəsiz heç bir avadanlığı götürməsi mümkün deyildi və avadanlıqların qaytarılması ilə bağlı cavabdehə müraciətlər etmişdir. Bununla bağlı təqdim olunan e-mail yazşmalarından da görünür ki, 2024-cü ilin əvvəllərindən başlayaraq bir neçə dəfə avadanlıqların ərazidən çıxarılması üçün şərait yaradılması cavabdeh tərəfdən xahiş olunur. bundan əlavə, icarə predmetlərinin qaytarılmasına dair müddəalar xx.xx.2023-cü il tarixli müqavilədə nəzərdə tutulmasa da, ondan əvvəlki müqavilənin 9.6-cı bəndinə əsasən ‘'İcarədar’a aid materialların anbardan iş sahəsinə daşınması və geri qaytanlması icarəçiyə aiddir.

44. Qeyd olunan hallar nəzərə alınaraq, məhkəmə göstərilən nəticəyə gəlmişdir.

45. Beləliklə, iddia əsaslı olduğundan təmin olunmalı və Cavabdehndən 42446,15 manat (31570,54+10875,61=42446,15) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır.

46. Eləcə də, iddiaçı 220 (iki yüz iyirmi) manat dövlət rüsumu və hüquqi xidmətə görə ödənilmiş 526 (beş yüz iyirmi alt) manat pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

47. Məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 217,34 manat (iki yüz on yeddi manat otuz yeddi qəpik) pul və 526 (beş yüz iyirmi altı) manat hüquqi yardım xərci tutularaq iddiaçıya ödənilməlidir.

48. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 42446,15 manat (qırx iki min dörd yüz qırx altı manat on beş qəpik) borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 217,34 manat (iki yüz on yeddi manat otuz yeddi qəpik), 526 manat hüquqi yardım xərci olmaqla, ümumilikdə 43189,49 manat (qırx üç min yüz səksən doqquz manat qırx doqquz qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar