Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2705/2025 11.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı cavabdeh “Nartek Mühendislik və TLŞ LTD” şirkətinə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi üzrə dəbbə pulu, dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, X2 katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3 iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı cavabdeh “Nartek Mühendislik və TLŞ LTD” şirkətinə qarşı “pul” tələbinə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Cavabdehndən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkə“ti Azneft” İstehsalat Birliyinin xeyrinə xx.xx.2022-ci il tarixli, 539/SAM/2022 nömrəli Alqı-Satqı müqaviləsi üzrə malların çatdırılmasının gecikdirilməsinə görə hesablanmış 13 660 (on üç min altı yüz altmış ) Avro məbləğində dəbbə pulunun və 163 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı (İB) ilə “Cavabdeh arasında “Azneft” İB-nin struktur təşkilatlarının Avtomatika avadanlıqları ilə təchiz edilməsi məqsədilə ümumi dəyəri 136 600,00 (Yüz otuz altı min altı yüz) EUR məbləğində xx.xx.2022-ci il tarixli, 539/SAM/2022 nömrəli Alqı-Satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, Müqavilə imzalandığı tarixdən 100 gün müddətində, yəni xx.xx.2023-cü il tarixinədək “Azneft” İB-nin ünvanına Nartek Mühendislik ve TLŞ LTD tərəfindən ümumi məbləği 136 600,00 (yüz otuz altı min altı yüz) EUR dəyərində Avtomatika avadanlıqları təchiz olunmalı idi. xx.xx.2023-cü il tarixində 12,800.00 EUR,xx.xx.2024-cü il tarixində 73,900.00 EUR, xx.xx.2024-cü il tarixində 7,900.00 EUR və xx.xx.2023-cü il tarixində 35,400.00 EUR olmaqla cəmi 130,000.00 EUR mal mədaxil edilmişdir. Lakin qalan 6600 (altı min altı yüz) EUR dəyərində mal tədarük edilməmişdir. Müqavilənin 10.1-ci maddəsinə görə, Malların çatdırılması müəyyən edildiyi müddətdən çox gecikdirildiyi hallarda Satıcı hər ləngidilmiş tam həftə üçün aşağıdakı qaydada Alıcıya dəbbə pulu ödəməlidir: ilk 4 həftə üçün – gecikdirilmiş malların dəyərinin 0,5%-i miqdarında, daha sonrakı müddətdə - gecikdirilmiş Malların dəyərinin 1,5%-i miqdarında. Sözügedən Alqı-Satqı müqaviləsi üzrə “Cavabdeh tərəfindən malların çatdırılmasının gecikdirilməsinə görə, həmin müqavilənin 10-cu maddəsinə əsasən 13 660 (on üç min altı yüz altmış ) Avro məbləğində dəbbə pulu hesablanmışdır.
3. Cavabdehin nümayəndəsi hazırkı iş üzrə müraciət ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdeh “Nartek Mühendislik və TLŞ LTD” şirkəti Bakı Kommersiya Məhkəməsinə müraciət təqdim edərək, bildirmişdir ki, ilk olaraq məhkəmə iclasında dair məlumat onlara dünən, xx.xx.2025-ci saat 16.00 radələrində verilib, iddiaçı ilə daima və hər gün təmasda olsalar da məhkəmə iclasına dair onlara məlumat verməyib və bu predmet üzrə X4 və birliyin hüquqşünası Aslan Ramazanov da daxil olmaqla əməkdaşlarına yazdıqları emaillər cavabsız qalıb və onlara heç bir məlumat verilməyib. Həmçinin bildirlər ki, bugünə qədər Azneft İB-dən aldıqları sifarişlərin hamısı yalnız və yalnız Açıq Müsabiqələrdədə qalib olmaqla əldə olunub. Azneft İB-yə dəfələrlə bildirilib ki, Sonuncu 6000 EUR-fuq malı onlar 3-4 həftə erzində çatdıra bilərlər. Lakin müqavilədə qeyd olunan istehsalçını dəyişməyə zərurət var. Belə ki, Rusiya-Ukrayna müharibəsi- forsmajor halı ilə bağlı olaraq istehsalçı onlar bu malı sata bilmədi. Çünki onlar bu istehsalçı ilə uzun müddət yazışsalarda istehsalçının özü və ya əməkdaşı uzun yazışmalar apararaq məsələnin həllini təmin edə bilmədi. Həmçinin bildirlər ki, onların nümayəndəyə Azneft İBnin X9 İdarəsində mallara baxış zamanı Azneftin bir əməkdaşı tərəfindən bu mala artıq ehtiyac olmadığı bildirilmişdi. X1 4-cü bəndinə uyğun olaraq ödəniş şərtləri “çatdırılmadan sonra 30 gün” olsa da, ödənişlərimiz 279 gün Gecikmə ilə həyata keçirilib. Məsələn məhz məhkəmə predmeti olan müqavilənin 35400 EUR (Schneider Foxboro istehsalı olan məhsullar) dəyərində olan mal partiyası xx.xx.2023-ci ildə çatdırılsa da, həmin malın ödənişi 279 Gün, 12800 eur (Emerson istehsalı olan məhsullar) mal partiyası xx.xx.2023ci ildə çatdırılsa da, malın ödənişi 249 sonra sonra həyata keçirilib (İdxal YGB-si və ödəniş tapşırığı qoşmada təqdim olunur). Həmçinin məhz məhkəmə predmeti olan müqavilənin xx.xx.2023-ci il tarixində çatdırılan (İnvoys və İdxal bəyannaməsi qoşmada təqdim olunur) 73900 eur-luq (X8 istehsalçısı) mal partiyası üçün ödəniş 70 gün sonra xx.xx.2023-ci tarixinində icra olunmuşdur. Bu müqavilədə ödəniş müddətinin 30 gün olduğunu qeyd etmişdirlər. (73900 EUR üçün ödəniş sənədi əlavə olunur). X6 (istehsalçıdır), Emerson (İstehsalçıdır) və Kobold Group (malı GMT Europe GmbH adlı distribyutor vasitəsilə satır) firmalarının malların istehsalçı tərəfindən gecikməsini təsdiqləyən məktubları sizə təqdim olunur. Hər iki məktub email vasitəsilə 2023-cü ildə və məktubların üzərində qeyd olunan tarixlərdə Azneft İB-nin satınalma əməkdaşı Nazim Əliyevə ( Fərhad Məhərrəmova ) təqdim olunub. Lakin təqdim olunmuş 3 məktub da belə gecikmənin bizdən asılı olmayan səbəblərdən baş verdiyini və iddianın əsassız olduğunu göstərir. Həmçinin SOCAR Azneft İB tərəfindən ödənişlərin 9 aydan çox gecikdirilməsi firmamızın fəaliyyətini iflic vəziyyətinə salmiş, firmamız maliyyələşmə xərclərinə (bank faizi (aylıq 1-2%) və s.-) görə zərərə uğrayır və eyni zamanda digər layihələrdə iştirak edə biləməyərək də gəlirlərindən məhrum olur və əldən çıxmış fayda halı ilə üzləşir. Aşağıdakı cədvəldə gecikmələr detallı şəkildə qeyd olunub. Kapital xərcinə və əldən verilmiş faydaya görə etdikləri zərəri diqqətə alınmasını xahiş etmişlər. Lakin ödənişlərlə bağlı həddən artıq gecikmələrə baxmayaraq onlar malların hamısını tədarük etmişlər, hətta zərərlə olsa belə yenə də tədarük etmişlər ki, Azərbaycan neft sənayesinə olan bu fədakarlıq və töhfə sayəsində möhkəm qarşılıqlı faydalı və loyal əməkdaşlıq münasibətləri yaransın. Həmçinin onların nümayəndəyə X9 idarəsində mallara baxış zamanı Azneftin bir əməkdaşı tərəfindən bu mala (6500 avroluq mala) artıq ehtiyac olmadığı bildirilmişdir. Partnyor və müştərilərlə xoş dosyatyana, vicdanlı, qarşılıqlı faydalı münasibət və əməkdaşlığın tərəfdarıdılar və yuxarıda sadaladıqlarından da görünür ki, indiyənədək bütün hərəkətlərində bunu nümayiş etdirməyə çalışıblar və son dərəcə vicdanlı olublar. Bu baxımdan məsələnin barışıq yolu ilə həllini və iddianın məhkəmə tərəfindən rədd edilməsini xahiş edirlər.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
5. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir.
6. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a)Məhkəmənin beynəlxalq səlahiyyəti və tətbiq olunacaq hüquq ilə bağlı
8. Məhkəmə, əvvəla, hazırkı mübahisəyə baxmaqda səlahiyyətli olub-olmamasının müəyyən edilməsi və mübahisənin həllində tətbiq ediləcək maddi hüquq normalarının seçilməsini zəruri hesab edir.
9. Mülki Prosessual Məcəllənin 439.1-ci maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır.
10. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli 16/2023 nömrəli Qərarının 2.4-2.5-ci bəndlərinə əsasən, əgər xarici elementli kommersiya mübahisəsinə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən baxılmasını istisna edən, bu Qərarın 2.2-ci bəndində göstərilən hallardan hər hansı biri mövcud deyilsə, MPM-in məhkəmələrin beynəlxalq səlahiyyətinin ümumi şərtlərinin təsbit olunduğu 440.1-ci maddəsinin tələbləri əsas götürülməlidir. ... Həmin ümumi şərtlərlə yanaşı, MPM-in 443-cü maddəsi aşağıdakı xüsusi hallarda xarici elementli kommersiya mübahisəsi üzrə Azərbaycan Respublikası məhkəmələrinin beynəlxalq səlahiyyətini müəyyən edir: ... xarici şəxslərin idarəçilik orqanı, filialı və ya nümayəndəliyinin Azərbaycan Respublikasının ərazisində olması; ... iddianın icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəlməsi.
11. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericilikdə məhkəmənin beynəlxalq səlahiyyəti ilə bağlı ümumi norma və xüsusi normalar əks olunmuşdur. Hazırkı mübahisəyə baxmağa məhkəmənin beynəlxalq səlahiyyəti xüsusi norma olan Mülki Prosessual Məcəllənin 443.0.2 və 443.0.7-ci maddələrindən irəli gəlir. Belə ki, həmin maddələrə əsasən, Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin idarəçilik orqanı, filialı və ya nümayəndəliyi Azərbaycan Respublikasının ərazisində olduqda, iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə işlərə baxmağa haqlıdır.
12. Digər tərəfdən, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanunun 1.2-ci maddəsinə əsasən xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir.
13. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli 16/2023 nömrəli Qərarının 5.10-cu bəndinə əsasən, tərəflər arasında konkret mübahisəyə xarici hüququn tətbiqinə dair müqavilənin və ya müqavilə şərtinin mövcudluğuna baxmayaraq, tərəflərdən biri mübahisəyə Azərbaycan Respublikası qanununun tətbiqini məhkəmədən xahiş edirsə və qarşı tərəfin etirazı yoxdursa, həmin hal nəzərə alınaraq mübahisəyə Azərbaycan Respublikasının maddi hüquq normaları tətbiq edilməlidir.
14. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin 12-ci bəndinə əsasən müqavilə Azərbaycan Respublikasının qanunlarına əsasən təfsir edilir və idarə olunur. Mübahisə tərəflər arasında danışıqlıqlar yolu ilə həll edilmədiyi halda, məsələ Azərbaycan Respublikasının müvafiq məhkəmələri tərəfindən həll edilir və eyni zamanda icraçı Azərbaycan məhkəmələrinin səlahiyyətlərinın tam qəbul edir.
15. Odur ki, məhkəmə hazırkı işə baxmağa səlahiyyətlidir və mübahisə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilməklə həll olunmalıdır.
b) Alqı-satqı müqaviləsi üzrə dəbbə pulun tutulması tələbi ilə bağlı
16. “Nartek Mühendislik və TLŞ LTD” şirkəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2022ci il tarixli, 539/SAM/2022 nömrəli Alqı-Satqı müqaviləsinə əsasən:
17. Müqavilənin 1.1-ci bəndinə əsasən bu Müqaviləyə əsasən Satıcı bu Müqavilənin 1 saylı Qoşmasında göstərilmiş spesifikasiyaya, miqdara və qiymətə uyğun Avtomatika avadanlıqları (bundan sonra “Mallar'’ adlanacaq) “lnkoterms-2020”-ə əsasən DAP Bakı, Azərbaycan şərtilə bu Müqavilənin 3.3-cü bəndində göstərilmiş Alıcının ünvanına çatdırır - Alıcı isə Müqavilə əsasında Malların deyərini ödəyir.
18. Müqavilənin 1.2-ci bəndinə əsasən mallar yeni olmalıdır və Satıcı Malların keyfiyyətinə aid bu Müqavilənin 5.1.-cı maddəsində qeyd olunan sertifikatını Alıcıya təqdim etməlidir.
19. Müqavilənin 1.3-cü bəndinə əsasən müqavilənin icrası ilə bağlı bütün gömrük sənədlərinin rəsmiləşdirilməsini Azerbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı X9 idarəsi heyata keçirəcəkdir.
20. Müqavilənin 2.1-ci bəndinə əsasən bu Müqavilədəki Malların qiyməti DAP Bakı, Azərbaycan şərtinə (İnkoterms-2020) əsasən müəyyən edilmiş və 1 saylı Qoşmada göstərilmişdir və Malların qiymətinə qablaşdırma, işarələnmə, yoxlama, saxlanma Bakıya nəql etmə və “inkoterms-2020”-də DAP şərtinə əsasən-Satıcıya aid bütün digər xərclər daxildir.
21. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilənin ümumi dəyəri malları 136 600.00 EUR (Yüz otuz altı min altı yüz EUR 00 sent) (sonradan “Müqavilənin ümumi dəyən" adlanacaq) təşkil edir.
22. Müqavilənin 2.3-cü bəndinə əsasən bu müqavilənin 2.1 və 2.2-ci bəndlərində göstərilmiş müqavilənin ümumi dəyərinə ixrac ölkəsində ödənilən bütün rüsum və vergilər daxildir. Lakin Müqavilənin ümumi dəyərinə Alıcının ölkəsində ödənilən bütün rüsum və vergilər (ƏDV) daxil deyil.
23. Müqavilənin 3.1-ci bəndinə əsasən mallar DAP Bakı, Azerbaycan, inkoterms 2020 şərtinə əsasən çatdırılmalıdır.
24. Müqavilənin 3.2-ci bəndinə əsasən mallar müqavilə imzalandıqdan sonra bu Müqavilənin 3.3-cü maddəsində göstərilmiş Alıcının ünvanına 100 gün ərzində çatdırılacaqdır. Malların çatdırma müddətindən əvvəl göndərilməsinə, hissə-hissə göndərilməsinə, bir nəqliyyat vasitəsindən başqa nəqliyyat vasitəsinə yüklənməsinə icazə verilir.
25. Müqavilənin 4.1-ci bəndinə əsasən mal DAP Bakı şərti ilə yükalanın ünvanına tədarük edildikdən sonra malların tam dəyərini yəni 136 600,00 EUR (Yüz otuz altı min altı yüz EUR 00 sent) 30( otuz) iş günü ərzində Alıcı Satıcıya ödəyir.
26. Müqavilənin 10.1-ci maddəsinə əsasən malların çatdırılması müəyyən edildiyi müddətdən çox gecikdirildiyi hallarda Satıcı hər ləngidilmiş tam həftə üçün aşağıdakı qaydada Alıcıya dəbbə pulu ödəməlidir: ilk 4 həftə üçün – gecikdirilmiş malların dəyərinin 0,5%-i miqdarında, daha sonrakı müddətdə - gecikdirilmiş Malların dəyərinin 1,5%-i miqdarında.
27. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
28. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
30. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
31. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2022-ci il tarixində malların alqı-satqısına dair müqavilə bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh iddiaçını 136.600 avro dəyərindən mallar ilə təchiz etməli idi. Cəmi 130.000 avro dəyərindən mallar iddiaçıya təhvil verilsə də, 6600 avro dəyərində mallar cavabdeh tərəfindən tədarük edilməmişdir. Hazırda iddiaçı müqavilə bəndinə (Müqavilənin 10.1-ci maddəsinə əsasən malların çatdırılması müəyyən edildiyi müddətdən çox gecikdirildiyi hallarda Satıcı hər ləngidilmiş tam həftə üçün aşağıdakı qaydada Alıcıya dəbbə pulu ödəməlidir: ilk 4 həftə üçün – gecikdirilmiş malların dəyərinin 0,5%-i miqdarında, daha sonrakı müddətdə - gecikdirilmiş Malların dəyərinin 1,5%-i miqdarında) istinad edərək 6600 avro məbləğində malların tədarük edilməməsinə görə cavabdehdən 13600 avro dəbbə pulunun tutulmasını xahiş edir. Cavadeh mübahisəni barışıq qaydasında həll edilməsi niyyətini yazılı şəkildə bildirsə də, qətnamə çıxan tarixə kimi mübahisə məhkəmədən kənar və ya barışıq sazişi ilə öz həllini tapmamışdır.
32. Məhkəmə iddia tələbini qismən əsaslı hesab edir.
33. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
34. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə öhdəliklərini gecikdirməsi (qismən icra edilməsi) işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.
35. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
36. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun tədarük edilməyən 6600 avro malların dəyərinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan, həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 450 Avro manat məbləğində müəyyən edilməlidir.
37. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 163 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
38. Azərbaycan Respublikası MPM-in:
39. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
40. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.
41. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
42. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün, iddianın təmin edilmiş məbləğinə mütənasib olaraq, dövlət rüsumu xərcinin əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
43. Nəticə:
44. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh “Nartek Mühendislik və TLŞ LTD” şirkətindən 450 avro məbləğində dəbbə pulu və dövlət rüsumunun əvəzi olaraq 30 manat tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçınə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Günay Namazova