Məhkəmə qərarları › İş №e-2-2(113)-2716/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2716/2025

11.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2716/2025 11.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, öhdəliyin icrası, zaminlik, cərimə) Bakı Kommersiya Məhkəməsinin hakimi X1, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair ərizəsinə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: İşin halları İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada onun xeyrinə, 009R********** saylı krеdit razılaşması üzrə 1952,76 manat məbləğində krеdit bоrcu, 155,87 manat məbləğində faiz bоrcu və 54,90 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 2163 manat 53 qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 41,64 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırmışdır ki, İddiaçı QSC ilə Cavabdeh1 və zaminlər Cavabdeh2, Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 009L**********41 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə 150000 manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixli 009R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 manat məbləğində məbləğində kredit götürmüşdür. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 8047.24 manat ödəmiş, onun 1952.76 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 100 gün üçün hesablanmış faiz borcu 155.87 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 100 gün üçün hеsablanmış cərimə 54.90 manat təşkiledir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. Həmin müqavilənin 11.4-cü bəndinə əsasən zamin müqavilə üzrə verilmiş kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 445.2.1, 448.1, 465.2, 472.1, 472.2-ci maddələrinə istinad olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: Bank İddiaçı QSC ilə borclu Cavabdeh1, zaminlər Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 009L**********41 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən Borc alana 120 ay müddətinə 150000 manat məbləğində kredit ayırmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinə əsasən kredit alan hər bir Kredit üzrə borcunu, Kredit faizini, xərcləri və başqa məsrəfləri bu Müqavilənin tələbləri nəzərə alınmaqla müvafiq Kredit Sazişində müəyyən olunmuş qaydada, habelə olduğu halda Ödəniş planına və ya Ödəniş haqları Cədvəlinə uyğun olaraq Banka qaytarmağı öz öhdəsinə götürür. Müqavilənin 4.4-cü bəndinə əsasən, Kredit faizi, qaytarılmalı Kredit məbləği üzrə hər gün üçün Bank tərəfindən Kreditin verildiyi tarixdən (gündən) onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün Kredit Faiz Kreditin Faiz Dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Müqavilənin 4.9-cu bəndinə əsasən bank kredit alan krediti və kredit faizini banka vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirlən gün üçün kredit qalığının 0.02%-i məbləğində cərimə borcu hesablamaq hüququna malik olması şərtləşdirilmişdir. Bank hesablanmış cərimə borcunu öz mülahizəsinə uyğun olaraq Kredit alanın Bankda olan hesablarından birtərəfli qaydada akseptsiz şəkildə silir, və ya həmin cərimə borcunun ödənilməsini kredit alandan tələb edir. Müqavilənin 5.1-ci bəndinə əsasən Bank Hesabının kreditləşməsi və Girov barədə qarışı Razılaşma eyni zamanda Cari Hesab müqaviləsnin ayrılmaz tərkib hissəsidir. Müqavilənin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında birgə məsuliyyət daşımağı və kredit alanla birgə bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2022-ci il tarixli 009L**********41 saylı Uzunmüddətli kredit və təminat müqaviləsi üzrə xx.xx.2022-ci il tarixli 009R********** saylı krеdit sazişi – biznes krediti və girov barədə qarışıq razılaşmadan görünür ki, İddiaçı QSC Cavabdeh1 ümumi məbləği 10000 manat olan, illik faiz dərəcəsi 25% olmaqla 24 ay müddətinə biznes krediti vermişdir. Kreditin verilməsi (köçürmə) barədə qəbzdən və hesabdan çıxarışdan görünür ki, İddiaçı QSC Cavabdeh1 hesabına 10000 manat kredit köçürmüşdür. xx.xx.2024-cü il tarixli İddiaçı QSC tərəfindən tərtib edilmiş arayışından görünür ki, xx.xx.2024-cü il tarixə Cavabdeh1 1952,76 manat məbləğində əsas bоrcu, 155,87 manat məbləğində faiz bоrcu və 54,90 manat məbləğində cərimə borcu, cəmi 2163,53 manat borcu vardır. xx.xx.2022-ci il tarixli 009L**********41 saylı Uzunmüddətli kredit və təminat müqaviləsi üzrə xx.xx.2022-ci il tarixli 009R********** saylı krеdit sazişi – biznes krediti və girov barədə qarışıq razılaşma üzrə tərtib edilmiş ödəniş planından görünür ki, ümumi məbləği 10000 manat olan aylıq faiz dərəcəsi 2,0833% olmaqla verilmiş kreditə görə Cavabdeh1 07 fevral 2023-cü il tarixdən 07 yanvar 2025-ci il tarixinə qədər hər ayın 7-i (vəya 5-i olmaqla) 538 manat, sonuncu ay 528,83 manat ödəməlidir. xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı QSC 41,64 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 009L**********41 saylı Uzunmüddətli kredit müqaviləsinə əsasən 10000 manat məbləğində aylıq faiz dərəcəsi 2,0833% olmaqla 24 ay müddətinə kredit vermişdir. Həmçinin öhdəliyin icrasının təmin edilməsi üçün iddiaçı ilə zaminlər Cavabdeh2 və Cavabdeh3 arasında imzalanmış xx.xx.2022-ci il tarixli 009L**********41 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən zaminlər kredit öhdəliyin icra edilməməsinə görə borclu ilə birgə məsuliyyəti öz üzərinə götürmüşlər. Kreditor, yəni iddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zaminlər, yəni cavabdehlər krеdit razılaşması və kredit və təminat müqaviləsi üzrə öhdəlikləri tam icra etməmişlər, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə iddiaçının cavabdehlərə qarşı krеdit razılaşması və kredit və təminat müqaviləsi əsasında borcu tələb etmək hüququ yaranmışdır ə onun tələbi haqlıdır. İşin hallarına məcmu şəkildə qiymət verərək hesab edirəm ki, iddiaçının 009R********** saylı krеdit razılaşmasına əsasən 1952,76 manat məbləğində əsas bоrc və 155,87 manat məbləğində faiz bоrcu tələbi əsaslı olduğundan təmin edilməlidir. Bununla yanaşı iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında xx.xx.2022-ci il tarixli 009L**********41 saylı kredit müqaviləsinin 4.9-cu bəndinə əsasən hesablanmış 54,90 manat məbləğində cərimə pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür. Hesab edirəm ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Tələb olunan cərimə məbləğinin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edirəm ki, cavabdehlərdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından cavabdehlərdən 54,90 manat məbləğində cərimə məbləği tutulmalıdır. Bundan başqa hesab edirəm ki, iddia təmin olunduğundan, ödənilmiş 41,64 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 009R********** saylı krеdit razılaşması üzrə 1952,76 manat məbləğində kredit bоrcu, 155,87 manat məbləğində faiz bоrcu və 54,90 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 2163 (iki min yüz altmış üç) manat 53 (əlli üç) qəpik məbləğində pul vəsaiti, habelə ödənilmiş 41 (qırx bir) manat 63 (altmış üç) qəpik məbləğində dövlət rüsumunun əvəzi İddiaçı QSC-nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar