Məhkəmə qərarları › İş №e-2-2(113)-2719/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2719/2023

05.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2719/2023 05.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nəqliyyat vasitəsinin icarə müqaviləsi, icarə obyektinə dəymiş zərər, depozit məbləğinin təyinatı, prosessual maraq) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2165 manat maddi ziyan və 100 manat hüquqi yardım xərcinin, 60 manat mediasiya xərcinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra "xxxx" MMC) ilə iddiaçı arasında bağlanmış 15 noyabr 2019-cu il tarixli MAS-1448 saylı daxili lizinq müqaviləsi əsasında lizinqə götürülmüş “Ravon Nexia R3” minik markalı, 2019-cu il buraxılışı, ağ rəngli, XWBTF69V9LA004868 ban nömrəli **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə idarə olunması üçün cavabdehin istifadəsinə verilmişdir. 2.2. Cavabdeh avtomaşını idarə edərkən 05 sentyabr 2022-ci il tarixdə, saat 20:20 radələrində Bakı şəhəri, Zərdabi küçəsində əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozaraq yol-nəqliyyat hadisəsi törətmiş və xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında TP5241497 nömrəli qərara əsasən ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat cərimə edilmə haqqında tənbeh verilmişdir. 2.3. Cavabdehin hərəkətləri nəticəsində avtomaşına zərər dəymişdir. Belə ki, avtomaşın təmir olunması üçün “RS Avtoservis”-ə aparılmış və sonuncu tərəfindən verilən qüsur aktına əsasən avtomaşının təmir-bərpası üçün 2165 manat tələb olunmuşdur. Lakin cavabdeh yuxarıda qeyd olunan məbləği ödəməkdən imtina etmiş, sözügedən nəqliyyat vasitəsi iddiaçı tərəfindən “RS Avtoservis”-də 2165 manat ödənərək öz hesabına təmir edilmişdir. 2.4. Göründüyü kimi, cavabdehin hərəkətləri nəticəsində avtomaşına 2165 manat zərər dəymişdir və həmin məbləğ cavabdehdən tutulmalıdır.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21, 1097-ci maddələri və s. maddələr göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

5. "xxxx" MMC xx.xx.2023-cü il tarixli məhkəmə qərardadı ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb olunmuşdur.

II. Tərəflərin mövqeləri:

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, iddiaçı tərəfindən icarəyə verilmiş **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində zərər dəymişdir. Zərər cavabdehin təqsiri nəticəsində dəydiyindən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin zərər təmir-bərpa sexində qiymətləndirilmiş və 2165 manat məbləğində müəyyən edilmişdir. Hazırda həmin məbləğin tutulması tələb olunur.

7. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi və vəkili bildirdi ki, adıçəkilən nəqliyyat vasitəsi kasko sığortası ilə sığortalanmamış, dəymiş zərər də cavabdehin təqsiri ucbatından yarandığından hər hansı sığorta ödənişi alınmamışdır. Eyni zamanda iddiaçı tərəf 09 oktyabr 2023-cü il tarixli ekspertiza rəyinə etiraz etməmiş, icarə müqaviləsi üzrə cavabdeh tərəfindən 800 manat depozit məbləğinin ödəndiyini qeyd etmişdir.

8. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvana çatdırılmaqla, məhkəmə iclaslarının yeri və vaxtı barədə mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmaqla, telefonoqramlar ötürülməklə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

9. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, "xxxx" MMC ilə lizinq alan İddiaçı arasında bağlanmış 15 noyabr 2019-cu il tarixli MAS-1448 saylı daxili lizinq müqaviləsi üzrə sonuncunun müvəqqəti sahiblik və istifadəsinə verilmiş sözügedən avtomobilə cavabdeh tərəfindən vurulmuş maddi ziyan üzrə təmir-bərpa işləri lizinq alan İddiaçı tərəfindən öz hesabına aparılmışdır. Odur ki, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi ilə bağlı iddianın təmin olunmasına heç bir etiraz edilmir.

10. Həmçinin üçüncü şəxs mübahisəyə iştirakları olmadan baxılmasını xahiş etmiş, məhkəmə işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

11. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) İcarə müqaviləsi üzrə dəymiş zərərin tutulması tələbi ilə bağlı

12. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

13. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

14. İddia ərizəsinə əlavə edilmiş iddiaçı (lizinq alan qismində) ilə üçüncü şəxs (lizinq verən) arasında bağlanmış 15 noyabr 2019-cu il tarixli MAS-1448 saylı daxili lizinq müqaviləsinin şərtlərindən görünür ki, lizinq verən lizinq alanın sifariş etdiyi və həmin Lizinq Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən əmlakı muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan tərəfindən isə həmin Müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür (1.1.). Təhvil-təslim aktı imzalandığı andan müqavilənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamaı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti lizinq alan daşıyır (5.1.).

15. Adıçəkilən müqaviləyə xx.xx.2019-cu il tarixli 1 nömrəli əlavəyə əsasən “Ravon R3” minik markalı (ban nömrəsi XWBTF69V9LA004868) nəqliyyat vasitəsi lizinq obyekti kimi razılaşdırılmışdır.

16. Məhkəməyə təqdim edilən iddiaçı (İcarəyə verən qismində) ilə cavabdeh (İcarəyə götürən qismində) arasında bağlanmış 28 iyun 2022-ci il tarixli icarə müqaviləsinin şərtlərindən görünür ki, nəqliyyat vasitəsini İcarəyə götürən şəxs ona etibar edilmiş nəqliyyat vasitəsini istifadə etmə məsuliyyətini öz üzərinə götürməklə aşağıdakılara əməl etməyə borcludur: ona etibar edilmiş nəqliyyat vasitəsini qorunub saxlanması və təhlükəsizliyini təmin etməyə; nəqliyyat vasitəsini yanacaq və sürtgü materialları ilə rəsmi servisdə təmin etməyə; nəqliyyat vasitəsini istifadə və istismar qaydalarına riayət etmək, avtomobilin üzərinə reklam stikerlərin vurulması qəti qadağandır; nəqliyyat vasitəsini kənar şəxslərin idarə edilməsinə yol verməməyə; nəqliyyat vasitəsinin sıradan çıxmış tam hissələrini (təkər, akkumulyator və s.) rəsmi servisdə öz hesabına yenisi ilə əvəz etməyə; hərəkəti (və ya hərəkətsizliyi) nəticəsində və digər səbəblərdən nəqliyyat vasitəsini və üçüncü tərəfin iddiası ilə bağlı nəqliyyat vasitəsini İcarəyə verən şəxsə dəyən ziyanı öz hesabına ödəməyə; yol nəqliyyatı, yanğın, oğurluq hadisələri zamanı nəqliyyat vasitəsinə dəyən ziyanı ödəməyə; nəqliyyat vasitəsini hər hansı bir səbəbdən nəqliyyat vasitəsini İcarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrinin dəyərini və hasilata olan borc qalığını ödəməyə; nəqliyyat vasitəsini İcarəyə götürən şəxs tərəfindən hər hansı bir yol nəqliyyat hadisəsi və bədbəxt hadisə baş verərsə, nəqliyyat vasitəsini İcarəyə verən şəxs heç bir məsuliyyət daşımır (1ci bənd).

17. Sözügedən müqavilənin sonunda olan 28 iyun 2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, “Ravon R3” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabdeh tərəfindən öz imzası ilə saz vəziyyətdə, heç bir qüsur olmadan, bütün ləvazimatı yerində təhvil alınmışdır.

18. İş materiallarına əlavə edilmiş üçüncü şəxs tərəfindən cavabdehə verilən xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, 15 noyabr 2019-cu il tarixli MAS-1448 saylı daxili lizinq müqaviləsi əsasında lizinqə götürülmüş “Ravon Nexia R3” minik markalı, 2019-cu il buraxılışı, ağ rəngli, XWBTF69V9LA004868 ban nömrəli **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə ediləsi səlahiyyəti xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixədək cavabdehə verilmişdir.

19. İş materiallarında olan TP ******* seriya və nömrəli xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixində, saat 20:20-də Bakı şəhəri, Zərdabi küçəsində “Ravon R3” minik markalı **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, barəsində 40 manat məbləğində cərimə tətbiq edilməsi qərara alınmışdır.

20. Məhkəməyə təqdim edilən “RS Avtoservis” təmir-bərpa sexi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, “Ravon Nexia R3” minik markalı **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi dəymiş zərər 1100 manat ehtiyat hissəsi, 1065 manat işçilik haqqı olmaqla ümumilikdə 2165 manat təşkil edir.

21. İddia ərizəsinə əlavə edilmiş 484439 nömrəli 27 oktyabr 2022-ci il tarixli mədaxil qəbzinin kötüyündən görünür ki, 2165 manat məbləğində pul “RS Avtoservis”ə ödənilmişdir.

22. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında 28 iyun 2022-ci il tarixində icarə müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı üçüncü şəxsdən 15 noyabr 2019-cu il tarixli MAS-1448 saylı daxili lizinq müqaviləsi əsasında lizinqə götürdüyü “Ravon Nexia R3” minik markalı **-PD- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini cavabdehin istifadəsinə 28 iyun 2022-ci il tarixdə saz vəziyyətdə vermişdir. xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi baş vermiş, cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən cərimələnmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə “RS Avtoservis” təmirbərpa sexində dəymiş zərərin hesablanmasına dair akt tərtib edilmiş, adıçəkilən nəqliyyat vasitəsinin təmiri üçün 1100 manat ehtiyat hissə qiyməti, 1065 manat işçilik haqqı olmaqla ümumilikdə 2165 manat məbləğ müəyyənləşdirilmişdir.

23. İddiaçı nəqliyyat vasitəsinə dəyən zərəri, yəni xx.xx.2022-ci il tarixli aktda qeyd edilən 2165 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb edir.

24. Cavabdeh hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən iddiaya heç bir etiraz etmir.

25. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

26. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).

27. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.

28. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqeyini ifadə etməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.

29. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıları qeyd edir.

30. Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

31. İcarə müqaviləsini tənzimləyən mülki hüquq normalarında, o cümlədən əmlak kirayəsi ilə bağlı münasibətlərin tənzimetməsində icarəçinin (kirayəçinin) hərəkətləri (hərəkətsizliyi) ilə icarə obyektinin vəziyyətinin pisləşməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilmə qaydası ilə bağlı xüsusi normalar mövcud olmasa da, Mülki Məcəllənin 21, 443-cü maddələri və tərəflər arasında bağlanmış 28 iyun 2022-ci il tarixli icarə müqaviləsində icarəçinin cavabdeh olduğu hallar, öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi qaydası təsbit (əks) olunmuşdur.

32. Belə ki, 28 iyun 2022-ci il tarixli icarə müqaviləsinin 1-ci bəndinə əsasən, icarəçi (cavabdeh) ona etibar edilmiş nəqliyyat vasitəsinin qorunub saxlanması və təhlükəsizliyinin təmin edilməsi, nəqliyyat vasitəsinin istifadə və istismar qaydalarına riayət etmək, nəqliyyat vasitəsinin sıradan çıxmış tam hissələrini (təkər, akkumulyator və. s) rəsmi servisdə öz hesabına yenisi ilə əvəz etmək, hərəkəti (və ya hərəkətsizliyi) nəticəsində və digər səbəblərdən nəqliyyat vasitəsini və üçüncü tərəfin iddiası ilə bağlı icarəyə verənə dəyən ziyanı öz hesabına ödəmək, yol nəqliyyatı, yanğın, oğurluq hadisələri zamanı nəqliyyat vasitəsinə dəyən ziyanı ödəmək kimi vəzifələri öz üzərinə götürmüşdür.

33. Mülki Məcəllənin 443.1 və 443.2-ci maddələrinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

34. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

35. İş materiallarında olan fotoşəkillər və tərtib edilən aktdan “Ravon Nexia R3” minik markalı **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərərin vurulduğu müəyyən olunur.

36. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2719/2023 nömrəli qərardadı ilə adıçəkilən nəqliyyat vasitəsinə dəymiş zərərin həcminin müəyyənləşdirilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Məhkəməyə təqdim edilən 09 oktyabr 2023-cü il tarixli 9/5648 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə “RS Avtoservis” tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdakı məlumatlara əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə 2038 manat müəyyən edilmişdir.

37. Məhkəmə qeyd edir ki, iddia obyektini təşkil edən məbləğlər hər bir halda iddiaçının mövqeyini əks etdirməklə birtərəflidir, lakin məhkəmə ekspertizası təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır və həmin tədqiqatın nəticəsində əldə olunan məlumatlar (nə qədər ki mötəbərdir) müvafiq məbləğlərin müəyyənləşdirilməsində həlledicidir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin nəzərə alır ki, ekspert rəyi məhkəməyə daxil olduqdan sonra iddiaçı və cavabdeh ekspert rəyinə etiraz etməmiş, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı vəsatət, o cümlədən təkrar və ya əlavə ekspertizanın keçirilməsi ilə bağlı vəsatət də verməmişlər.

38. Belə olan halda məhkəmə hesab edir ki, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəyən zərər 2038 manat təşkil edir.

39. Lakin məhkəmə depozit məbləği və onun təyinatı ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

40. Belə ki, cavabdeh 28 iyun 2022-ci il tarixli icarə müqaviləsinin 3-cü bəndinə əsasən, müqavilə bağlandığı zaman iddiaçıya 800 manat depozit məbləği ödəmişdir.

41. Həmin müqaviləyə əsasən, nəqliyyat vasitəsini icarəyə götürən şəxs hər hansı bir səbəbdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrinin dəyərini və hasilata olan borc qalığını ödəməlidir və ya depozit məbləğindən verməlidir (4-cü bənd). Nəqliyyat vasitəsini icarəyə götürən şəxs nəqliyyat vasitəsini üç aydan tez qaytararsa, depozit məbləği geri qaytarılmır, üç aydan sonra isə depozit məbləğinin 50 faizi on gün müddətinə geri qaytarılır və yazılı şəkildə qeyd olunur. Nəqliyyat vasitəsini icarəyə verən şəxsə nəqliyyat vasitəsini icarəyə götürən şəxsin borcu olduğu halda həmin kəsr hissəsi nəqliyyat vasitəsini icarəyə götürən şəxsin depozit məbləğindən tutulur (5-ci bənd). Nəqliyyat vasitəsini icarəyə götürən şəxs təqsiri üzündən nəqliyyat vasitəsinə dəymiş zərəri göstərilən depozit məbləğindən aradan qaldırmalıdır, depozit məbləğindən qalan hissəni nəqliyyat vasitəsini icarəyə götürən şəxsdən nəqliyyat vasitəsini icarəyə verən şəxs tələb etməlidir və sonra nəqliyyat vasitəsini icarəyə verən şəxsdən depozit məbləğini bərpa etməyi tələb etməlidir (6-cı bənd). Bu müqavilə bitdikdə, istifadə olunmamış depozit məbləğinin 50 faizini nəqliyyat vasitəsini icarəyə verən şəxs geri nəqliyyat vasitəsini icarəyə götürən şəxsə qaytarmalıdır (8-ci bənd).

42. Göründüyü kimi, tərəflər arasında bağlanmış icarə müqaviləsində depozit məbləğinin hüquqi rejimi müəyyənləşdirilmişdir. Depozit məbləği, müqavilə rejimi etibarilə, cavabdehin öhdəliklərinin icrasının təminat üsulu kimi çıxış etməklə həmçinin nəqliyyat vasitəsinə dəyən zərərin aradan qaldırılması mənbələrindən biri kimi razılaşdırılmışdır.

43. 28 iyun 2022-ci il tarixli icarə müqaviləsinin 5-ci bəndini digər bəndləri ilə əlaqəli təhlil etdikdə aydın olur ki, depozit məbləğinin cavabdehə qaytarılmasının şərtlərindən fərqli olaraq nəqliyyat vasitəsinə dəyən zərərin depozit məbləği ilə aradan qaldırılmasını istisna edən hər hansı şərt müqavilədə nəzərdə tutulmamış, əksinə nəqliyyat vasitəsini icarəyə götürən şəxsin təqsiri üzündən nəqliyyat vasitəsinə dəymiş zərəri sonuncunun göstərilən depozit məbləğindən aradan qaldırması vəzifəsi əks olunmuşdur.

44. Belə olan halda məhkəmə hesab edir ki, nəqliyyat vasitəsinə dəyən zərər cavabdehdən tutularkən sonuncu tərəfindən ödənilmiş depozit məbləği nəzərə alınmalıdır.

45. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, “Ravon Nexia R3” minik markalı **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəyən zərərin əvəzi olaraq 1238 (2038 manat dəymiş zərər – 800 manat depozit məbləği) manat Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.

b) Məhkəmə xərcləri ilə bağlı

46. İddiaçı eləcə də 60 manat mediasiya xərcinin və 100 manat hüquqi yardım xərcinin cavabdehdən tutulmasını xahiş etmişdir.

47. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞB/12/2023-00326 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçının nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş, mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərci ödənmişdir.

48. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, 09 oktyabr 2023-cü il tarixli 9/5648 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 100 manat təşkil edir.

49. Məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 14 saylı vəkil bürosuna 100 manat məbləğində pul ödənilmişdir.

50. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

51. Həmin Məcəllənin 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər və məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.

52. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

53. Göründüyü kimi, bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbidir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.

54. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

55. Həmin Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.

56. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

57. İş materialları ilə müəyyən olunur ki, dəymiş zərərin lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin cavabdeh mövcud mübahisənin məhkəməyəqədər mərhələsində tələbi cavabsız qoymuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehlərdən tutulmalıdır.

58. Digər tərəfdən, məhkəmə kommersiya mübahisələrinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, mediasiya prosesində iştirak, iddia ərizəsi və əlavə olunan sənədlərin çatdırılması), təyin olunmuş məhkəmə iclaslarının sayını və vəkilin əksər iclaslarda iştirak etdiyini nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq tələb olunan xərc ağlabatandır və cavabdehdən tutulmalıdır.

59. Beləliklə, məhkəmə hesab edir ki, hüquqi yardım xərcinin əvəzi olaraq 100 manat, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 60 manat Cavabdeh tutularaq İddiaçı ödənilməli, ekspertiza xərci olaraq 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.

V. Nəticə:

60. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh 1238 (bir min iki yüz otuz səkkiz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 60 (altmış) manat, hüquqi yardım xərcinin əvəzi olaraq 100 (bir yüz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ekspertiza xərci olaraq 100 (bir yüz) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ**********0000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar