Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2719/2025 11.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı "pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, alqı-satqı, mal göndərmə müqaviləsi, cərimə) Bakı Kommersiya Məhkəməsinin hakimi X1, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı "pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1755,59 manat pul vəsaitinin, 632,01 manat məbləğində dəbbə pulunun, 44,0 manat dövlət rüsumunun və 500,0 manat vəkil xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 07 sentyabr 2023-cü il tarixli 19/2023 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən xx.xx.2024-cü il tarixdə İddiaçı MMC tərəfindən ƏDV ilə birlikdə 1755,59 manat dəyərində müxtəlif mallar təqdim edilmişdir. Malların təqdim edilməsi ilə bağlı İddiaçı MMC tərəfindən elektron qaimə faktura göndərilmiş və həmin faktura təsdiq edilmişdir. Bundan başqa malların təhvil verilməsi ilə bağlı tərəfələr arasında təhvil təslim aktı imzalanmışdır. Hazırda İddiaçı MMC tərəfindən satılmış mallara görə Cavabdeh MMC-nin ümumilikdə ƏDV ilə birlikdə 1755,59 manat borcu vardır. Bundan başqa müqavilənin 3.2-ci bəndində qeyd edilmişdir ki, alıcı ödənişləri malın qəbul edilməsindən sonra 15 təqvim günündən gec olmayaraq bank ödənişi və ya nağd ödəniş yolu ilə həyata keçirməlidir. Müqavilənin 6.2-ci bəndində qeyd edilmişdir ki bu müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə alıcı gecikdirmənin hər günü üçün icrası gecikdirilən öhdəliyin dəyərinin 0,2 % həcmində dəbbə pulu ödəyir. Gecikdirmənin müddəti 15 gündən çox olduqda, satıcı öhdəliklərin məcburi qaydada icrası və dəbbə pulunun ödənilməsi üçün məhkəməyə müraciət edə bilər. Qeyd edilən tarixlərdən bu günə qədər gecikdirilmiş günlərə üçün cavabdeh tərəfindən 1755,59 manat borca görə 632,01 manat məbləğində dəbbə pulu da ödənilməlidir. Müqavilənin 7.2ci bəndində qeyd edilmişdir ki mübahisələr məhkəmələrdə həll olunan zaman vəkil xərcləri və digər bu kimi xərclər təqsirkar tərəfin hesabına ödənilməlidir. İddiaçı tərəfindən vəkil xərcləri üçün 500 manat xərc çəkilmişdir. Həmin məbləğdə müqavilə şərtlərinə əsasən cavabdeh tərəfindən ödənilməlidir İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin, 385.1, 425.1, 443.1, 448, 448.2-ci maddələrinə istinad olunmuşdur. Azərbaycan Respublikası MPM-in 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar İş materiallarında olan: İddiaçı MMC “satıcı”, Cavabdeh MMC “alıcı” olmaqla tərəflər arasında imzalanmış 19/23 nömrəli xx.xx.2023-cü il tarixli “Alqı-satqı” müqaviləsinin 1.1-ci bəndinə əsasən, “Satıcı” bu müqavilənin 1.2-ci yarımbəndində göstərilən malları “Alıcı”ya satmağı, “Alıcı” isə həmin malları almağı və onun dəyərini ödəməyi öz üzərinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasəm, müqavilənin predmeti olan məhsulun növləri, çeşidi, kəmiyyəti və qiyməti Razılaşma Protokolunda və ya Qaimə-Fakturada öz əksini tapır. Müqavilənin 3.1-ci bəndinə əsasən Malların qiymətləri bu müqaviləyə əlavə edilən və onun ayrılmaz tərkib hissəsi olan “Razılaşma Protokoluna” ve ya Qaime-Fakturaya uyğun olaraq müəyyən edilir. Müqavilənin 3.2-ci bəndinə əsasən “Alıcı” ödənişləri malın qəbul edilməsindən soma 15 (on beş) təqvim günündən gec olmayaraq bank ödənişi və ya nağd ödəniş yolu ilə həyata keçirməlidir. Müqavilənin 6.2-ci bəndinə əsasən bu müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə “Alıcı” gecikdirmənin hər günü üçün icrası gecikdirilən öhdəliyin dəyərinin 0.2%-i həcmində dəbbə pulu ödəyir. Gecikdirmənin müddəti 15 gündən çox olduqda, satıcı öhdəliklərin məcburi qaydada icrası və dəbbə pulunun ödənilməsi üçün məhkəməyə müraciət edə bilər. xx.xx.2023-cü il tarixli 19/2023 saylı müqaviləyə dair Əlavə 4, tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli Qiymət razılaşma protokolu üzrə 549 m2, “Alçipan 9.5mm” adlı materialın qiyməti 1755,59 (ƏDV ilə) manata müəyyən edilmişdir. İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış xx.xx.2024-cü il tarixli “Mal- Materialın Təhvil-Təslimi” barədə akta əsasən xx.xx.2023-cü il tarixli 19/2023 saylı müqavilə üzrə 549 m2, “Alçipan 9.5mm” adlı material 1755,59 (ƏDV ilə) manat dəyərində satıcı tərəfindən alıcıya təqdim edilmişdir. MT2408 seriyalı, 10128175 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 1755,59 manat “Alçipan 9.5mm” adlı mal ödənilməsi üçün İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təqdim edilmişdir. xx.xx.2025-ci il tarixində İddiaçı MMC tərəfindən cavabdehə pretenziya məktubu ünvanlayaraq, ödənilməmiş 1755,59 manat (ƏDV ilə birlikdə) borc məbləğinin 3 gün ərzində İddiaçı MMC-yə ödənilməsini xahiş etmiş, Əks təqdirdə pul vəsaitinin ödənilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. xx.xx.2025-ci il tarixli “Kapital Bank” vasitəsilə ödənilmiş qəbzdən görünür ki, İddiaçı MMC 44 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 634.1-ci maddəsinə əsasən alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müəyyən olunmuş müddətdə tam ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (təhvil-təslim aktı, razılaşma protokolu, elektron qaimə) öz təsdiqini tapmış, cavabdeh iddiaya qarşı heç bir etiraz etməmişdir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların qalan dəyərini tələb etmək hüququ yaranmışdır. Qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etməyərək təhvil aldığı malların dəyərini, 1755,59 manat pulu ödəmədiyini, belə olan halda isə iddiaçının öhdəliyin icrasını, satdığı malların dəyərini tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malın cavabdehə təhvil verildiyini nəzərə alaraq hesab edirəm ki, iddia tələbi əsaslıdır, buna görə də 1755,59 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı cavabdehdən 632,01 manat cərimə məbləğinin də tutulmasını tələb etmişdir. Qeyd edim ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsində ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edirəm ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 88 manat müəyyən olunmalıdır. İddia tələbinin həcminə nisbətdə vəkilə ödənilmiş pulun əvəzi olaraq 500 manat ağlabatan hesab edilmədiyindən hesab edirəm ki, hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin əvəzi qismində ağlabatan məbləğdə, 300 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin iddia qismən təmin olunduğundan hesab edirəm ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 44 manat dövlət rüsumunun 38,44 manatının əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdim: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 07 sentyabr 2023-cü il tarixli 19/2023 nömrəli alqı-satqı müqaviləsi üzrə 1755,59 manat əsas borc, 88 manat dəbbə pulu olmaqla, ümumilikdə 1843 (min səkkiz yüz qırx üç) manat, 59 (əlli doqquz) qəpik məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 38 (otuz səkkiz) manat 44 (qırx dörd) qəpiyinin əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2719/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2719/2025
11.04.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver