Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-272/2024 05.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdeh X5 qarşı “müqavilədən irəli gələn borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, əsas borc, faiz borcu, cərimə borcu, mediasiya xərci) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi X6 iştirakı ilə, Cavabdeh X3 iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh X5 qarşı “müqavilədən irəli gələn borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 DCS00194507-01 saylı kredit müqaviləsinə əsasən 10.000 manat əsas borc, 2,051.22 manat faiz borcu, 323,06 manat cərimə borcu olmaqla, cəmi 12,374.28 manat məbləğində borcun və mediasiya prosesi üzrə ödənilmiş 200 manat məbləğində xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə X7 (bundan sonra “Borcalan”) arasında xx.xx.2019-cu il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2019-cu il tarixli 1.0.1 nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə OnGTC/SE/0745 saylı Razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X8 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Eyni zamanda İddiaçı ASC (bundan sonra “Bank”) ilə X7 (bundan sonra “Borcalan”) arasında xx.xx.2021-ci il tarixli DCS00194507-01 nömrəli kredit müqaviləsi imzalanmış və kreditor Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun (bundan sonra - “Fond”) 06 avqust 2021-ci il tarixli ZM-1527/2021 nömrəli Zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək şərtilə Borcluya illik 15% dərəcəsi ilə 24 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Lakin Borcalan qeyd edilən DCS00194507-01 saylı maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərini 647 gün icra etməyərək kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Borcalanın xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında DCS00194507-01 saylı kredit müqaviləsinə əsasən10000 manat əsas borc, 2,051.22 manat faiz borcu, 323.06 manat cərimə borcu olmaqla, cəmi 12,374.28 manat təşkil edir. Tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli DCS00194507-01 nömrəli kredit müqaviləsinin 3-cü bəndinə əsasən Kreditor Borclu tərəfindən kreditdən məqsədli təyinatına uyğun istifadə edilməsinə nəzarət edir və bunu Borcludan tələb edir, borclunun fəaliyyətinin (biznes proseslərin qurulması, fəaliyyət mühiti, mövcud və potensial istehsal gücü və s.), o cümlədən kreditin təyinatı üzrə istifadə edilibedilməməsinin yoxlanılması məqsədilə təklikdə və ya Fondla birgə baxışlar təşkil edir. Eyni zamanda müqavilənin şərtlərinə əsasən Borclu kreditdən müqavilənin 1.3-cü bəndində göstərilmiş məqsədli təyinatına uyğun istifadə etmədikdə Bank müqaviləyə vaxtından əvvəl bir tərəfli qaydada xitam verə və kredit üzrə əsas borc qalığının bu müddətə qədər hesablanmış faizi dəbbə pulunun ödənilməsini borcludan tələb edə bilər. Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı fondu tərəfindən İddiaçı ASC-yə ünvanlanmış zəmanətli kredit vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsinə dair məktub və monitorinq aktından aydın olur ki, Fond tərəfindən keçirilmiş monitorinq zamanı müəyyən edilmişdir ki, Borcluya ayrılmış kreditdən təyinatı üzrə istifadə edilməmiş, nəticədə Fond kredit üzrə verilmiş zəmanəti ləğv etmişdir. Buna görə də Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək Borcalana xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Bundan başqa tərəfimizdən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə mediasiya institutunun tətbiqi qaydasında Mediasiya Şurasına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı ASC Mediasiya prosesi üzrə 200 manat məbləğində xidmət haqqı ödəmişdir.
3. İddiaçının nümayəndəsi iddia ərizəsinə əlavə təqdim edərək, cavabdeh X2 DCS00194507-01 saylı kredit müqaviləsinə əsasən 10.000 manat əsas borc, 1561,06 manat faiz borcu, 323,07 manat cərimə borcu olmaqla, cəmi 11,884.13 manat məbləğində borcun və mediasiya prosesi üzrə ödənilmiş 200 manat məbləğində xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın tam təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, hesabdan çıxarışdan da görünür ki, 10.000 manat tam köçürülüb cavabdehə, komissiyalar da olub əlbəttə ki, bu da müqavilə şərtlərinə uyğun olub.
5. Məhkəmə iclasında iştirak edən cavabdeh bildirdi ki, kredit verilərkən 10.000 manatdan 2400 manat faiz tutuldu, nəyə görə tutdular bilmirəm, 10.000 manat yox, cəmi 7600 manat veriblər. Şirkətdə işlədiyi dövrdə bank tərəfindən bir dəfə borca görə 500 manat tutuldu, ondan sonra şirkət onu işdən çıxartdı. Hal-hazırda işi yoxdur, borcu ödəməyə hazırdı, işə çıxdıqdan sonra hissə-hissə borcu ödəyəcək.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: -14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. X7 tərəfindən xx.xx.2019-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2019-cu il tarixli 1.0.1 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC/SE/0745 saylı Razılaşmaya əsasən X7 razılaşmanı imzalamaqla, Bank xidmtlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun Bankın rəsmi internet səhifəsində üzrə yerləşdirilən xx.xx.2019-cu il tarixli 1.0.1 veriyasının şərtlərini diqqətlə oxuduğunu, onun bütün müddəalarını başa düşdüyünü, müqavilə üzrə müəyyən edilən xidmətlərin istifadəsinə dair öz öhdəliyinə düşən şərtlərə riayət olunmasına görə məsuliyyət daşıdığını və əks halda yaranan hər hansı maddi zərər və ya məsuliyyəti birbaşa olaraq öz hesabına daşıdğını qəbul etmişdir.
8. xx.xx.2021-ci il tarixli, DCS00194507-01 saylı kredit müqaviləsinə əsasən kreditor Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun xx.xx.2021-ci il tarixli ZM- 1527/2021 nömrəli Zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək və bu müqavilənin 1.5-ci bəndində müəyyən edilmiş təminatı vermək şərtilə borcluya 10000 manat məbləğində illik 15% dərəcəsi ilə 24 ay müddətinə kredit üzrə güzəşt müddəti əsas borcun ödənilməsinə möhlət verilmiş müddət 6 ay olmaqla kredit verir.
9. İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli PB/BPŞ-OUT-01299-2023 saylı maliyyə arayışına əsasən X3 xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləri DCS00194507-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 10000 manat əsas borc, 1561,06 faiz borcu, 323,07 manat cərimə borcu olmaqla, cəmi 11884,13 manat və gecikdirilmiş günlərin sayı 710 gün qeyd olunmuşdur.
10. Məhkəmə tərəflərin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
12. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
13. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
14. Həmin Məcəllənin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
15. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.
16. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
17. Bundan başqa məhkəmə əsas, faiz və cərimə borcunun nə qədər təşkil edilməsini hər tərəfli və obyektiv araşdırılması məqsədilə məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və ekspertin xx.xx.2024-cü il tarixli, 9/2631 saylı rəyində müqavilə müddətinin sonuna yəni xx.xx.2023-cü il tarixə əsas borcu 10000 manat, faiz borcu 2498,44 manat, maliyyə arayışında göstərilən tarixə yəni xx.xx.2023-cü il tarixə əsas borcu 10000 manat, faiz borcu 2494,44,89 manat və faiz (illik 5%) borcu 98,61 manat müəyyən edilmişdir.
18. Azərbaycan Respublikası Mülki Prpsessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
19. Buna görə məhkəmə hesab edir ki, iddiaçının maliyyə arayışında göstərilən tarixə yaranmış borc tutularkən xx.xx.2021-ci il tarixli, DCS00194507-01 saylı maliyyələşdirmə üçün ərizə nəzərə alınmaqla X3 ekspert rəyində göstərilən əsas borc iddia tələbində qeyd olunan məbləğdə, faiz məbləği isə iddia tələbindən daha yuxarı olduğu üçün – iddiada göstərilən məbləğdə müəyyən edilərək cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
20. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir. Cavabdehin öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
21. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı maliyyələşdirmə üçün ərizə üzrə əsas borcun ödəniş qrafikinə uyğun qaytarılmadığına görə xx.xx.2021-ci il tarixli, DCS00194507-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
22. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
23. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən 323,07 manat məbləğində cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
24. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin maliyyələşdirmə üçün ərizəyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə kredit müqaviləsi üzrə iddiaçıya borcun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdeh X2 DCS00194507-01 saylı müqavilə üzrə 10.000 manat əsas borc məbləği, 1561,06 manat faiz borcu və 323,07 manat məbləğində dəbbə borcu tutularaq iddiaçıya ödənilməlidir.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
26. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.
27. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 200 manat mediasiya xərci və məhkəmə-mühasibatlıq ekspertizaların keçirilməsinə xərclənmiş 150 manat cavabdehə aid edilməlidir.
V. Nəticə:
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdеh X2 DCS00194507-01 saylı müqavilə üzrə 10.000 (on min) manat əsas borc məbləği, 1561,06 (bir min beş yüz altmış bir manat, altı qəpik) manat faiz borcu və 323,07 (üç yüz iyirmi üç manat, yeddi qəpik) manat dəbbə pulu, mediasiya xərcinin və dövlət rüsumunun əvəzi olaraq 200 manat tutularaq İddiaçı ASC-yə ödənilsin. Məhkəmə-mühasibatlıq ekspertizazaların keçirilməsinə xərclənmiş 150 manat məbləğində pul vəsaiti cavabdеh X2 qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X4, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova