Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2720/2023 02.08.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 ASC və Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətinə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: subroqasiya, sığorta hadisəsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Xəlil Ülkər Abdurahman qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh2 ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 ASC və Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətinə qarşı “pul” tələbinə dair dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh2 ASC və Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətinə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 1497,77 manat məbləğin və 60 manat mediasiya xərcinin, ümumilikdə 1557,77 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2016-cı il tarixində iddiaçı ilə "xxxx" MMC arasında BA 603830 saylı sığorta şəhadətnaməsi ilə sığorta müqaviləsi bağlanmış və Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 57 ünvanında yerləşən qeyri-yaşayış sahəsi sığorta təminatı almışdır. xx.xx.2016-cı il tarixində Cavabdeh2 ASC-nin Xətai rayon şöbəsi tərəfindən qışa hazırlıqla əlaqədar olaraq istilik xətlərinə su verilmiş, suyun verilməsi vaxtı həmin binanın qeyri-yaşayış sahəsindən keçən istilik xəttində baş vermiş qəza nəticəsində (28 dekabr 2016-cı il tarixli, 77 saylı məktub əlavə edilir) sığortalı "xxxx" MMC-yə ziyan vurulmuş, iddiaçı tərəfindən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 57 ünvanında yerləşən "xxxx" MMC-nin istifadəsində olan obyektə dəymiş zərərlə bağlı müqavilə öhdəlikləri nəzərə alınaraq 1497,77 manat sığorta ödənişi həyata keçirilmişdir. Hesab edirləri ki, ödənilmiş 1497,77 manat məbləğ, qanunvericiliklə nəzərdə tutulmuş subroqasiya tələbi qaydasında cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.
3. Cavabdeh2 ASC iddia ərizəsinə yazılı etiraz təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, Azarbaycan Respublikası Prezidentinin 2012-ci il 06 iyun tarixli 648 nömrəli Farmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.9.2-ci yarım bəndinə əsasən müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı sahəsində dövlat siyasətinin hayata keçirilmasini təmin edir, kommunal təsərrüfatın va mənzil-istismar sahələrinin idarə olunmasını təşkil edir, mühəndis qurğularının va kommunikasiyaların saxlanılmasına, istismarına, cari və əsaslı təmirinə nəzarəti həyata keçirir, mənzil-kommunal infrastrukturunun inkışafını təmin edir. Bundan əlavə, Azarbaycan Respublikasının Mənzil Məcəlləsinin və Mülki Məcəlləsinin müvafiq maddələrinə əsasən yaşayış binasının mənzildən kənarda va ya mənzil daxilində yerləşən, birdan çox manzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki elektrik sanitariya-texniki və digər avadanlığı ümumi paylı mülkiyyət hüququ ila yaşayış binasının tərkib hissəsi mülkiyyatçilərinə mansubdur. İddia tələblərinin onlara aid olan hissədə tamamilə əsassız olması səbəbindən rədd edilməsini xahiş edir.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2720/2023 saylı qərardadı ilə "xxxx" MMC hazırkı iş üzrə icraata müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmişdir.
II. Tərəflərin mövqeləri:
6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi L.İsrəfilova iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
7. Məhkəmə iclasında Cavabdeh2 ASC-nin nümayəndəsi R.Nəsirov iddia tələbinə etiraz edib iddianın onlara aid olan hissədə rədd edilməsini xahiş etmiş, əlavə olaraq iddia müddətinin tətbiq olunması barədə ərizə verərək hazırkı iş üzrə iddia müddətinin də ötürüldüyünü bildirmişdir. Əlavə olaraq nümayəndə bildirdi ki, onlara yalnız qazanxanalar, habelə istilik xətlərinin binaya qədər olan hissəsinə görə məsuliyyət daşıyırlar. Hazırkı halda qəza binanın daxilində baş vermiş, bu səbəbdən baş vermiş həmin qəzaya görə onlar cavabdehlik daşımamışlar.
8. Cavabdeh Bakı şəhər Xətai Rayon İcra Hakimiyyəti və üçüncü şəxs "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişlər.
9. Məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
11. DƏDRX ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Gəcə pr., ev 57 nömrəli binanın 1-ci mərtəbəsindəki 252 kv.metr ibarət qeyri-yaşayış sahəsi V.Nəzirovun xüsusi mülkiyyətindədir.
12. İcarəyə verən N.Vəzirovla icarəçi "xxxx" MMC arasında bağlanmış xx.xx.2013cü il tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəcə pr., ev 57 nömrəli binanın 1-ci mərtəbəsindəki 252 kv.metr ibarət qeyri-yaşayış sahəsi "xxxx" MMC-yə icarəyə verilmişdir.
13. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış BA603830 saylı, xx.xx.2016-cı il tarixli sığorta müqaviləsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəcə pr., ev 57 nömrəli binanın 1-ci mərtəbəsindəki 252 kv.metr ibarət qeyri-yaşayış sahəsi xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixə qədər sığorta edilmişdir.
14. 30.12.2016-cı il tarixli sığorta aktına əsasən Xətai rayonu, Gəncə pr. 57 ünvanında yerləşən daşınmaz əmlaka baş vermiş su basma nəticəsində 1650 manat zərər dəymiş, müəyyən edilmiş həmin məbləğdən 150 manat azadolma və 2 manat 23 qəpik əlavə sığorta haqqı çıxılaraq cəmi 1497,77 manat sığorta ödənişi müəyyən edilmişdir.
15. Dəymiş zərərin hesabatına əsasən xx.xx.2016-cı il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş zərərin ümumi məbləği 1650 manat müəyyən edilmişdir.
16. 11.01.2017-ci il tarixli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən "xxxx" MMCyə 1497,77 manat sığorta ödənişi verilmişdir.
17. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-52-13/2-645/2023 saylı sorğuya cavabdan görünür ki, ünvan 2 ünvanında yerləşən yaşayış binası dövlət mənzil fonduna aid olmaqla Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır.
18. Bakı şəhər Xətai Rayon İcra Hakimiyyəti MKTB 85 saylı Mənzil-kommunal İstismar Sahəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2016-cı il tarixli, 77 nömrəli məktuba əsasən xx.xx.2016-cı il tarixdə Cavabdeh2 ASC Xətai Rayon şöbəsi tərəfindən qışa hazırlıqla əlaqədar olaraq istilik xətlərinə su verilmiş, suyun verilməsi vaxtı Gəncə pr. 57 saylı binanın qeyri-yaşayış sahəsində “Araz marketdən 2-ci mərtəbədəki mənzilə keçən istilik xəttində baş vermiş qəza nəticəsində “Araz” marketə su axması baş vermişdir.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
20. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
21. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
22. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
23. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı ilə üçüncü şəxs "xxxx" MMC arasında sığorta müqaviləsi bağlanmış, sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə sığorta hadisəsi baş vermiş, sığortalıya dəymiş zərər 1650 manat müəyyən edilərək, sığortalıya iddiaçı tərəfindən 1497,77 manat sığorta ödənişi verilmişdir.
24. Məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi barədə iddiaçının irəli sürdüyü tələb cavabdeh Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətinə olan hissədə əsaslıdır.
25. Belə ki, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.4-cü bəndinə əsasən mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, istifadəsində, idarəçiliyində və ya təsərrüfatında istilik təchizatı mənbələri olan istismar təşkilatları və müəssisələri tərəfindən əhaliyə xidmət edən mühəndis şəbəkəsinin və kommunikasiyaların fasiləsiz işinə, saxlanılmasına və təmirinə nəzarəti həyata keçirmək; 4.5.10-cü bəndinə əsasən elektrik, içməli su, kanalizasiya, istilik və qaz şəbəkələri və qurğularının fasiləsiz işinin təmin olunmasına nəzarət etmək, bu sahədə təsərrüfat xidmətlərinin fəaliyyətini əlaqələndirmək yerli icra hakimiyyəti başçısının səlahiyyətidir.
26. Bundan əlavə, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-52-13/2- 645/2023 saylı sorğuya cavabdan görünür ki, ünvan 2 ünvanında yerləşən yaşayış binası dövlət mənzil fonduna aid olmaqla Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır.
27. Bu səbəbdən məhkəmə hesab edir ki, sığorta hadisəsinin baş verdiyi əmlak Bakı şəhər Xətai İcra Hakimiyyətinin balansında olmaqla, həmin binanın daxilində olan istilik xəttlərinin salamatlığına, təmirinə nəzarət etmək vəzifəsini Bakı şəhər Xətai İcra Hakimiyyəti daşıdığından baş vermiş sığorta hadisəsi nəticəsində yaranmış zərəri ödəmək vəzifəsi də onun üzərinə qoyulmalıdır.
28. Cavabdeh2 ASC-nin Nizamnaməsinin 3.1-ci bəndinə əsasən cəmiyyətin əsas məqsədi Azərbaycan Respublikasının ərazisində yerləşən yaşayış evləri və binalarına, sosial obyektlərə, mülkiyyət formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlara istilik və isti su təchizatı xidmətlərini göstərməkdən, istehlakçıların istilik enerjisinə olan tələbatının etibarlı və keyfiyyətli təminatını təşkil etməkdən ibarətdir.
29. Həmin Nizamnamədə yaşayış və qeyri-yaşayış binalarının daxilində olan istilik sistemlərinə nəzarətlə bağlı Cəmiyyətin üzərinə hər hansı vəzifə qoyulmamışdır.
30. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətindən 1497,77 manat pul tutularaq iddiaçıya ödənilməli, iddia tələbi Cavabdeh2 ASC-yə aid olan hissədə təmin edilməməlidir.
31. Məhkəmə, Cavabdeh2 ASC tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəni də əsassız hesab edir.
32. Belə ki, “L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli Qərarına əsasən hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2-ci maddəsi).
33. Həmin Qərara əsasən iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
35. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.14-cü maddəsinə əsasən büdcə təşkilatları dövlət rüsumundan azaddırlar.
36. Bu səbəbdən Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 60 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
37. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətindən 1497,77 (bir min dörd yüz doxsan yeddi manat yetmiş yeddi qəpik) manat pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 60 (altmış) manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova