Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2722/2023 06.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 ASC-yə, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı ( "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 ASC-yə, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 ASC və Xətai Rayon İcra Hakimiyyətindən 2.255 manat məbləğində pul vəsaitinin və 60 manat mediasiya xərci məbləğinin ümumilikdə 2.315 manat pul vəsaitinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixində "xxxx" ASC ilə "xxxx" MMC arasında AZ/054150 saylı sığorta şəhadətnaməsi ilə sığorta müqaviləsi bağlanmış və ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi sığorta təminatı almışdır. xx.xx.2018ci il tarixində həmin binanın şaxtasında kanalizasiya xəttində baş vermiş qəza nəticəsində sığortalanan əmlaka ziyan vurulmuş, "xxxx" ASC tərəfindən ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dəymiş zərərlə bağlı müqavilə öhdəlikləri nəzərə alınaraq 2.255 manat sığorta ödənişi həyata keçirilmişdir. Hesab edirlər ki, ödənilmiş 2.255 manat məbləğ, qanunvericiliklə nəzərdə tutulmuş subroqasiya qaydasında cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişdir. Sonuncu məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nümayəndə həmçinin izahatında bildirmişdir ki, cavabdehlərin bu məsələyə aidiyyəti onunla izah edilir ki, hadisə kanalizasiya xəttində baş verib. Kanalizasiya xəttləri Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin sərəncamı əsasında Cavabdeh2 ASC tərəfindən quraşdırılır. Bu səbəbdən həmin şəxslər kanalizasiya xətləri ilə bağlı məsuliyyət daşıyırlar. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 ASC-nin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək izahatında onda olan məlumata görə 2-ci mərtəbədə yerləşən mənzili su basdığını və nəticədə birinci mərtəbəyə də zərər dəydiyini və hadisəyə görə onların məsuliyyət daşımamasını bildirmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə3 izahatında 2018-ci ildə zirzəmi olan hissədə kanalizasiya borusunun partladığını, zirzəmi və birinci mərtəbə onların xicarəsində olduğunu, hadisədən dərhal sonra sığorta şirkətinə məlumat verildiyini bildirmişdir. İş üzrə cavabdehlər və 3-cü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin və 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərə əsasən müəyyən edilir ki: X4 (icarəyə verən) ilə "xxxx" MMC (icarədar) arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən sahəsi 625 m2 olan ünvan 2 ünvanında yerləşən mağaza icarəyəverən tərəfindən icarədara istifadə üçün icarəyə verilmişdir. Qeyri-yaşayış binasının icarəyə verilməsi haqqında müqaviləyə 01 mart 2010-cu il tarixli əlavə razılaşmaya əsasən X4 (icarəyə verən) ilə "xxxx" MMC (icarəçi) razılığa gəldilər ki, xx.xx.2010-cu il tarixdə "xxxx" MMC-nin "xxxx" MMC-yə qoşulması nəticəsində "xxxx" MMC "xxxx" MMC-nin hüquqi varisi hesab edildiyindən yuxarıda adı çəkilən qeyriyaşayış binasının icarəyə verilməsi haqqında müqavilənin tərəfi olan "xxxx" MMC "xxxx" MMC ilə əvəzləşdirilmişdir. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı Çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 316,3 m2 olan qeyri-yaşayış sahəsi (zirzəmi) xüsusi mülkiyyət hüququ ilə X1 xx.xx.2013-cü il tarixdə adına qeydiyyata alınmışdır. Əmlakın yanğın və digər əlavə risklərdən sığortası üzrə AZ seriyalı 054150 nömrəli sığorta şəhadətnaməsinə əsasən, ünvan 2 ünvanında yerləşən "xxxx" adlı mebel mağazasında olan mebel dəstləri və ofis avadanlıqları sığortaçı "xxxx" ASC tərəfindən xx.xx.2018-ci ildən xx.xx.2019-cu il tarixədək sığortalanmışdır. Sığorta obyektinin dəyəri 62.500 manat, sığorta məbləği 62.500 manat, sığorta haqqı məbləği 250 manat müəyyən edilmişdir. Sığortalı "xxxx" MMC-dir. 114 saylı Mənzil Tikinti Kooperativinin xx.xx.2018-ci il tarixli arayışı ilə təsdiq edilir ki, xx.xx.2018-ci il tarixdə ünvan 3 ünvanında yerləşən binanın zirzəmisində kanalizasiya borusunda qəza baş verdiyinə görə "xxxx" şirkətinə məxsus mebel mağazasını su basmışdır. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 1387 nömrəli əmlakın qiymətləndirilməsinə dair rəyə əsasən "xxxx" MMC-yə məxsus (1263,5 m2) ticarət mebel mağazasında olan mebellərə dəymiş zərərin (təmir xərclərinin) məbləği 3.505 manat təşkil edir. xx.xx.2018-ci il tarixli 3828/Fİ-054/2018 nömrəli sığorta aktına əsasən ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus qeyri-yaşayış binasında xx.xx.2018-ci ildə baş vermiş sığorta hadisəsi (subasma) nəticəsində əmlak sığortası üzrə sığorta məbləği 62.500 manat olan daşınar əmlaklara 3.505 manat dəyərində zərər dəymiş və 1.250 manat azadolma məbləği (sığorta məbləğinin 2%-i) çıxılaraq 2.255 manat sığorta ödənişi verilmişdir. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2023-cü il tarixli 5-11/2-998/23 saylı məktubu ilə müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən yaşayış binasının su və kanalizasiya xətləri Xətai rayon Sukanal İdarəsinin balansında olduğunu nəzərə alaraq aidiyyəti üzrə müraciət edilməsi tövsiyə olunmuşdur. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 683/d nömrəli xx.xx.2023-cü il tarixli məktubuna əsasən müəyyən olunur ki, ünvan 2 ünvanı ünvan 5 yaşayış binasıdır. Fotoşəkillərlə müəyyən edilir ki, yaşayış binasının 1-ci mərtəbəsinin qarşısında “Embawood mebel” yazısı olan mebel mağazası var, 1-ci mərtəbədə və zirzəmidə olan bəzi mebellərə ziyan dəymişdir. "xxxx" ASC pretenziya məktubu ilə cavabdehlər Cavabdeh2 ASC və Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə müraciət edərək, 2.255 manat məbləğində sığorta ödənişinin subroqasiya qaydasında onlara ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, sığortalı "xxxx" MMC ilə sığortaçı "xxxx" ASC arasında bağlanmış AZ seriyalı 054150 nömrəli əmlakın yanğın və digər əlavə risklərdən sığorta şəhadətnaməsinə əsasən ünvan 2 ünvanında yerləşən "xxxx" adlı mebel mağazasında olan mebel dəstləri və ofis avadanlıqları sığortaçı "xxxx" ASC tərəfindən xx.xx.2018-ci ildən xx.xx.2019-cu il tarixədək yanğın və digər əlavə risklərdən sığortalanmışdır. Sığorta şəhadətnaməsinin qüvvədə olduğu dövrdə - yəni xx.xx.2018-ci ildə ünvan 3 ünvanında yerləşən "xxxx" şirkətinə məxsus mebel mağazasını binanın zirzəmisində kanalizasiya borusunda qəza baş verdiyinə görə su basmış və nəticədə "xxxx" şirkətinə məxsus sığorta predmeti olan mebellərə 3.505 manat dəyərində zərər dəymişdir. Sığorta müqaviəsinə uyğun olaraq sığortalı "xxxx" MMC-yə sığortaçı "xxxx" ASC tərəfindən 1.250 manat azadolma məbləği (sığorta məbləğinin 2%-i) çıxılaraq 2.255 manat sığorta ödənişi verilmişdir. Hazırda iddiaçı "xxxx" ASC sığortalı "xxxx" MMC-yə ödədiyi 2.255 manat sığorta ödənişini subroqasiya qaydasında cavabdehlər Cavabdeh2 ASC və Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətindən tutulmasını tələb edir. Cavabdehlərdən Cavabdeh2 ASC isə sığorta hadisəsinin (subasmanın) zirzəmidə deyil, binanın 2-ci mərtəbəsində yerləşən mənzildə baş verdiyini, bununla yanaşı binanın daxilində baş verən qəzaya görə ümumiyyətlə məsuliyyət daşımadıqlarını iddia edirlər. Məhkəmə qeyd edir ki, tələbin qanuni əsasını Mülki Məcəllənin 1096, 1097, 936-ci maddələri təşkil edir. Mülki Məcəllənin: 1096-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.5-ci maddəsinə görə sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Yuxarıda göstərilən normaların məzmununda da göründüyü kimi subroqasiya nəticəsində sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ sığorta ödənişini vermiş sığortaçıya keçir. Odur ki, "xxxx" ASC-nin Cavabdeh2 ASC-yə, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı subroqasiya qaydasında irəli sürdüyü tələbin əsaslı hesab edilməsi üçün ilk növbədə cavabdehlərin sığorta hadisəsi nəticəsində dəymiş zərərə görə məsuliyyət daşıması, yəni hadisənin cavabdehlər və ya əməllərinə görə cavabdehlərin məsuliyyət daşıdığı digər şəxslər tərəfindən törədilmiş delikt nəticəsində baş verməsi müəyyən edilməlidir. Hazırkı halda isə subasma hadisəsinin cavabdehlər Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti və Cavabdeh2 ASC tərəfindən törədilmiş təqsirli, hüquqa zidd əməl nəticəsində baş verməsi iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, əvvəla iş materiallarına əsasən müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən bina 114 saylı MTK-ya (mənzil-tikinti kooperativi) məxsus kooperativ yaşayış binası olmaqla Xətai rayon Mənzil kommunal Təsərrüfatı birliyinin xidmət sahəsinə aid deyil. Göstərilən hal isə sığorta hadisənin Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin təqsiri üzündən baş verməsini istisna edir. Digər tərəfdən subasma hadisəsinin kooperativ binanın daxilində (zirzəmisində) yerləşən kanalizasiya xəttində baş verməsi işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş Sudan istifadə qaydalarının: 1.2.2-ci bəndinə görə istehlakçı – STKM-in (su təchizatı və kanalizasiya müəssisəsi) xidmətlərindən istifadə edən hüquqi və ya fiziki şəxsdir. Həmin Qaydaların 2 nömrəli əlavəsi olan su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan müqavilənin 4.1.4-cü bəndinə əsasən istehlakçı balansında və ya ərazisində olan su təchizatı və kanalizasiya şəbəkə və qurğularının vəziyyəti və istismarı üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 152.11-ci maddəsinə görə əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçi ona mənsub əmlakın saxlanması yükünü daşıyır. Belə olan halda məhkəmə hesab edir ki, xüsusi mülkiyyətdə olan binanın daxilində su təchizatı və kanalizasiya şəbəkə və qurğularının vəziyyəti və istismarı üçün Cavabdeh2 ASC məsuliyyət daşımadığından sığorta hadisəsinin Cavabdeh2 ASC tərəfindən törədilmiş delikt nəticəsində baş verməsi də istisna olunur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti və Cavabdeh2 ASC-yə qarşı olan hazırki iddia əsassız olduğundan rədd edilməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 ASC-yə, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə ( "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı pulun tutulması iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2722/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2722/2023
06.09.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver