Məhkəmə qərarları › İş №e-2-2(113)-2730/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2730/2024

17.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2730/2024 17.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: akt, abonent saldosu) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, X2 qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı ASC-nin Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC (bundan sonra – iddiaçı) Cavabdeh İB-yə (bundan sonra – cavabdeh) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya əsassız hesablanmış 27124,30 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh Xaçmaz RQİİ-nin Xaçmaz Xidmət Sahəsinin əməkdaşları xx.xx.2023-cü il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus Xaçmaz şəhərindəki obyektə gələrək obyektdə quraşdırılmış sayğacı ******* saylı akt tərtib etməklə çıxarmış və eyni vaxtda obyektdə yeni sayğac quraşdırmışlar. Cavabdehin nümayəndələri tərəfindən eyni vaxtda ******* saylı akt da tərtib edilmişdir. Bundan sonra cavabdehin nümayəndələri başqa bir nömrəsiz və tarixsiz akt da tərtib edərək 2023-cü ilin iyun ayı üzrə qaz sərfiyyatının göstəricilərini qeyd etmişlər. Tərtib edilən həmin aktlara uyğun olaraq cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli 287 saylı hesab faktura təqdim edilmişdir. Hesab fakturada xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə yazılmış fakturaların cəmi olaraq 18% ƏDV daxil 27124,30 manat borc göstərilmiş və həmin borcun ödənilməsi tələb edilmişdir. İddiaçı cavabdehin hesabladığı həmin borc məbləği ilə razılaşmamış, bir ay üçün həmin məbləğə uyğun həcmdə qaz sərf edilmədiyini bildirmiş və borcun yaranma əsaslarının izah edilməsini tələb etmişdir. Cavabdeh təşkilatın nümayəndələri şifahi olaraq bildirmişlər ki, guya iddiaçı təşkilat tərəfindən dəyişdirilən sayğaca müdaxilə olmuşdur. Halbuki bu tamamilə əsassızdır. Çünki iddiaçı tərəfindən sayğaclara heç vaxt müdaxilə olunmamışdır. Cavabdeh tərəf bunu təsdiq edən hər hansı faktı təqdim etməmişdir. Odur ki, hesablanan həmin borc məbləği əsassızdır və silinməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 2.5-ci bəndinə əsasən qazın verilməsi qaz paylayıcısı ilə istehlakçı arasında bağlanmış qazın alqı-satqısı barədə müqavilə əsasında həyata keçirilir. Həmin Qaydaların 1.4. bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Bununla bağlı olaraq bildiririk ki, iddiaçıya məxsus obyektdə bir ay üçün 27 min manatlıq həcmdə qaz sərfi edən qurğular yoxdur. Yəni istehlakçı olaraq iddiaçı hətta sayğaca müdaxilə etmiş olsaydı belə (halbuki belə hal olmamışdır və ola bilməz!), bir ay üçün o qədər həcmdə qaz istehlak edə bilməzdi. Bunu tərəflər arasında tərtib edilməli olan «üzləşmə kitabçası»ndakı əvvəlki dövrlər üzrə aylıq qaz sərfi göstəriciləri ilə də müəyyən etmək olardı. Bu mənada cavabdeh tərəfindən hesablanan həmin borc tamamilə əsassızdır.

3. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus obyekti Müqavilə əsasında təbii qazla təmin edir və həmin obyektdə sənaye qaz qurğusunda yanacaq kimi təbii qazdan istifadə edilir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilir. Obyektə verilən qazın həcmi qaz ixrac kəmərindən götürüldüyündən göstəricilər də bır başa ordan qeyd edilir.Bundan başqa göstəricilər barədə iki tərəfli akt da tərtib edılir.2023-cü ilin iyun ayındaİddiaçı Açıq Səhmdar Cəmiyyətinin obyektində iki sayğac olub. Birinci Elster tipli G-250 RVG EK-230 markalı 77076452 nömrəli sayğac 2023-cü ilin 1-24 tarixlərində xətdə olub, sayğac çıxarlan vaxt elektron göstəricisi 693411 m3 olub, ondan əvvəlki ay həmin sayğacın elektron göstəricisi 572562 m3 olub fərq yəni sərfıyyat 120846 m , ikinci sayğac xx.xx.2023-cü il tarixdə quraşdırılıb quraşdırılarkm onun üstündə elektron göstərici ******* m , xx.xx.2023-cü il tarixdə isə ******* m3 olub ki, bunun da fərqi yəni qaz sərfiyyatı 2391 m3 edir. Hər iki sayğacın göstəricilərinin cəmi 2023-cü ilin iyun ayı üçün 123240 m ediı ki, bunun da pul ilə dəyəri 123240 x 0,22 = 27112,80 manat edir. Sayğacın çıxarılkması üçün bir akt (xx.xx.2023-cü ıl tarixli, № 9034731) quraşdırılan sayğac üçün isə digər akt (xx.xx.2023-cü il tarixli № 9034724) tərtib edilmişdir. Hər iki akt istehlakçının nümayəndəsi tərəfindən heç bir irad bildirilmədən imzalanmışdır. Bununla da aydın oluı ki, iddiaçının tələbi Qanuna, sübut və dəlillərə əsaslanmır, iddiaçının öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürülən fikridir.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, 2023-cü ilin iyun ayının 24-də iddiaçıya məxsus sayğac çıxarılmış, iddiaçıya 2023-cü ilin yanvar-iyun ayları üçün əlavə borclar yazılmış, bu barədə iddiaçıya hesab-faktura təqdim edilmişdir. Halbuki, iddiaçı hər ay cavabdehin təqdim etdiyi fakturalar üzrə borcları tam şəkildə ödəyir. 2023-cü ilin iyun ayında iddiaçı tərəfindən təbii qazdan istifadə edilsə də, yazılmış borcla iddiaçı razılaşmır, həmin borcu ağlabatan hesab etmir. Bu səbəbdən məhkəmədən xahiş edir ki, 2023-cü ilin iyul ayından dekabr ayına qədər (yeni sayğacda hər hansı problemin olmaması nəzərə alınmaqla) iddiaçının 2023-cü ilin iyun ayı üzrə orta sərfiyyatı müəyyən edilməklə yazılmış borcdan çıxılsın, qalıq borc əsassız hesab edilməklə silinsin.

6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi B.Seyfullayev iddia tələbinə etiraz edərək iddiaya qarşı yazılı etirazın məzmununa uyğun izahat verib iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflərindən iddiaçıya məxsus sahədə yoxlamalar aparılmış, iddiaçıya məxsus iki sayğacdan birinin – balans sayğacının sərfiyyatı tam qeydə almaması müəyyən edilmiş, bu səbəbdən sayğacın mexaniki göstəriciləri ilə elektron göstəriciləri arasında olan fərq nəzərə alınmaqla iddiaçıdan tələb edilmişdir. 2023-cü ilin iyun ayı üçün tərəflərindən təqdim edilmiş hesab-fakturada 2023-cü ilin yanvar-may aylarının sayğac tərəfindən qeydə alına bilməmiş sərfiyyata görə borc, habelə 2023-cü ilin iyun ayının sərfiyyatı daxil edilmişdir. Həmin borcun silinməsi üçün əsaslar yoxdur, belə ki, həmin borc iddiaçı tərəfindən sərf edilmiş borcdur. Sayğacda qüsur 2023-cü ilin yanvar ayında yaranmış, həmin qüsur texniki qüsurdur. Aparılmış yoxlama rəsmi reyestrdə qeydə alınmamışdır.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. Cavabdeh tərəfindən tərtib edilmiş təbii qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 24 iyun 2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, G-250 77076432 nömrəli sayğac çıxarılaraq yerinə müvəqqəti olaraq G 250 75019734 nömrəli sayğac quraşdırıldı.

9. Cavabdeh tərəfindən tərtib edilmiş təbii qazdan sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 24 iyun 2023-cü il tarixli ******* aktdan görünür ki, sayğac çıxarılaraq NKDY göndərilir, sayğacın korrektor hissəsinə vurulan plomb qırıqdır, impulsun ötürücüsü mexaniki hissədən aralı aşkarlanıbdır. Elektron və mexaniki hissələrin göstəricilərində fərq var.

10. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli SS 14-2-2/3-5-6579 nömrəli qeyri-əhali qaz sayğacının yoxlanması haqqında aktdan görünür ki, sayğacın mexaniki hissəsi sərfiyyatı qeyd edir, lakin elektron hissə qeyd etmir. Elektron göstərici mexaniki göstəricidən 66965 m3 azdır.

11. İddiaçı tərəfindən cavabdehə təqdim edilmiş hesab-fakturaya əsasən 2023-cü ilin iyun ayı üçün iddiaçıya balans sayğacına görə 27112,88 manat, digər sayğaca görə 11,50 manat borc hesablanmışdır.

12. Cavabdeh tərəfindən iddiaçıya EBCM 868474 nömrəli xx.xx.2023-cü il tarixli 14490,57 manat, EBCP 021761 nömrəli xx.xx.2023-cü il tarixli 4946,86 manat, EBDB 799254 nömrəli xx.xx.2023-cü il tarixli 10525,94 manat, EBDD 603071 nömrəli xx.xx.2023-cü il tarixli 6791,40 manat, EBDF 875006 nömrəli xx.xx.2023-cü il tarixli 8379,90 manat, EBDH nömrəli 889000 nömrəli xx.xx.2023-cü il tarixli 6345,81 manat, EBDJ 966528 nömrəli xx.xx.2023-cü il tarixli 27124,30 manat, EBDL 971770 nömrəli xx.xx.2023-cü il tarixli 9988,26 manat, EBDO 205667 nömrəli xx.xx.2023-cü il tarixli 8342,69 manat, EBDQ 444284 nömrəli 7128,85 manat, EBDT 030216 nömrəli xx.xx.2023+cü il tarixli 12392,04 manat, MT2312 00156758 nömrəli xx.xx.2023-cü il tarixli 17171,08 manat, MT2312 ******* nömrəli xx.xx.2023-cü il tarixli 379,48 manat məbləğində elektron qaimələr təqdim edilmişdir.

13. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş tapşırıqlarından görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixdə 12280,14 manat, xx.xx.2023-cü il tarixdə 4192,25 manat, xx.xx.2023-cü il tarixdə 754,61 manat, xx.xx.2023-cü il tarixdə 8920,29 manat, xx.xx.2023-cü il tarixdə 1605,65 manat, xx.xx.2023-cü il tarixdə 5755,42 manat, xx.xx.2023-cü il tarixdə 1035,98 manat, xx.xx.2023-cü il tarixdə 7101,61 manat, xx.xx.2023-cü il tarixdə 1278,29 manat, xx.xx.2023-cü il tarixdə 5377,81 manat, xx.xx.2023-cü il tarixdə 968 manat, xx.xx.2023-cü il tarixdə 8464,63 manat, xx.xx.2023-cü il tarixdə 1523,63 manat, xx.xx.2023-cü il tarixdə 7070,08 manat, xx.xx.2023-cü il tarixdə 1272,61 manat, xx.xx.2023-cü il tarixdə 2041,8 manat, xx.xx.2023-cü il tarixdə 4000 manat, xx.xx.2023-cü il tarixdə 1501,73 manat, xx.xx.2023-cü il tarixdə 9000 manat, xx.xx.2023-cü il tarixdə 1200 manat, xx.xx.2023-cü il tarixdə 8474,57 manat, xx.xx.2023cü il tarixdə 6077,19 manat, xx.xx.2023-cü il tarixdə 1093,89 manat, xx.xx.2023-cü il tarixdə 1525,43 manat, xx.xx.2023-cü il tarixdə 321,59 manat, xx.xx.2023-cü il tarixdə 57,89 manat məbləğində ödənişlər edilmişdir.

14. İddiaçının ƏDV sub-uçot hesabının çıxarışdan görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixdə 2210,43 manat, xx.xx.2023-cü il tarixində 367,45 manat, xx.xx.2023-cü il tarixdə 720 manat, xx.xx.2023-cü il tarixdə 690,31 manat məbləğində ƏDV ödənilmişdir.

15. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

16. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2023-cü il tarixdə cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus əraziyə baxış keçirilmiş, baxış nəticəsində iddiaçıya məxsus balans sayğacı çıxarılmış, sayğacın elektron hissəsinin işləməməsi müəyyən edilmiş, bu səbəbdən iddiaçıya 2023-cü ilin yanvar ayından 2023-cü iyun ayı daxil olmaqla sayğacın tam qeydə ala bilmədiyi dövr üzrə əlavə borc hesablanmışdır.

17. Məhkəmə hesab edir ki, sayğacda yaranmış qüsur iddiaçının təqsiri nəticəsində yaranmadığı üçün cavabdeh ona əvvəlki aylar üzrə əlavə borc hesablamaqla haqlı olmamışdır.

18. Belə ki, Mülki Məcəllənin 443.7-cü maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur.

19. Həmin maddənin məzmunundan göründüyü kimi, tərəflər arasında müqavilədə ayrı qayda nəzərdə tutulduğu hallar istisna olmaqla, öhdəliyin icra edilməməsi ilə əlaqədar yaranmış zərərə görə məsuliyyət yalnız o zaman borclunun üzərinə qoyula bilər ki, həmin zərər borclunun qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində yaranmış olsun, başqa sözlə desək, borclu həmin zərərin yaranmasında təqsirli olsun.

20. Materiallardan isə görünür ki, cavabdeh sayğacın yararlı olmaması ilə əlaqədar ona dəymiş maddi ziyan üçün məsuliyyəti iddiaçının üzərinə qoysa da, tərəflər arasında bağlanılmış müqavilədə istehlakçının sayğacda mövcud qüsurlara görə təqsirindən asılı olmayaraq məsuliyyət daşımalı olmasını nəzərdə tutan müddəa yer almamış, sayğacın yararsız vəziyyətə düşməsinin və belə olan halda ziyanın yaranmasının iddiaçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi isə materiallarda olan sənədlərlə öz təsdiqini tapmamışdır.

21. Belə ki, cavabdeh tərəfindən tərtib edilmiş qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında aktla müəyyən edilir ki, qaz sayğacında mövcud qüsur (elektrik göstəricinin mexaniki göstəricidən az olması) sayğacın nasazlığı üzündən yaranmış, yəni sayğaca kənar müdaxilə ilə bağlı olmamışdır.

22. Məhkəmə həmçinin qeyd edir ki, “Qazdan istifadə qaydaları”nın 5.2-ci maddəsinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

23. Materiallardan görünür ki, cavabdeh tərəfindən iddiaçıya 2023-cü ilin yanvar-may ayları üzrə təqdim edilmiş hesab-fakturalar üzrə borclar iddiaçı tərəfindən cavabdehə ödənilmişdir.

24. Digər tərəfdən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun:

25. 2.1-ci maddəsinə əsasən, həmin Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.

26. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə həmin Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.

27. 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

28. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin:

29. 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) həmin Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.

30. 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.

31. 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır.

32. “Qazdan istifadə qaydaları”nın 2.10-cu maddəsinə əsasən sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir.

33. Qaz təchizatı sahəsində təbii inhisarçı olan cavabdeh tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus obyektdə “Qazdan istifadə qaydaları”na riayət olunma vəziyyətinin yoxlanılması – yalnız Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeydə alınma təmin edildikdən sonra həyata keçirilməsi mümkün olduğu halda, qanunvericiliyin qeyd olunan tələblərinə əhəmiyyət verilməmiş, yoxlamanı (baxışı) dövlət reyestrində qeydə aldırıb bu barədə çıxarış almadan, birbaşa olaraq, iddiaçıya məxsus obyektə baxış keçirilərək, təbii qazdan qeyri-qanuni istifadəyə dair akt tərtib edərək borc hesablamışdır.

34. Göründüyü kimi, cavabdeh təbii qaz təchizatı sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfindən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır.

35. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borc cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə keçirilmiş yoxlamanın nəticəsi olaraq hesablandığı halda həmin yoxlama Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlama heç bir hüquqi nəticə yaratmır.

36. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya əlavə borc hesablamaqla haqlı olmamışdır.

37. Materiallardan görünür ki, iddiaçıya məxsus balans sayğacı 2023-cü ilin 24 iyun tarixində çıxarılmış, iddiaçıya məxsus obyektə yeni balans sayğacı quraşdırılmışdır.

38. Tərəflərin nümayəndələrin izahatlarından, habelə materiallardan görünür ki, iddiaçı tərəfindən 2023-cü ilin iyun ayında təbii qazdan istifadə edilmiş, 2023-cü ilin iyun ayında istifadə edilmiş qaza görə yaranmış borc ödənilməmiş, iddiaçıya təqdim edilmiş hesab-fakturada göstərilmiş borcun əsaslı olmaması (digər aylarla müqayisədə borcun həddən çox olması) məhkəmə araşdırması zamanı müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə iddiaçı ona satılmış təbii qazın dəyərini ödəməyi öhdəsinə götürdüyündən məhkəmə hesab edir ki, 2023-cü ilin iyun ayı üzrə iddiaçının sərf etdiyi təbii qazın dəyəri yeni sayğacın göstəriciləri (2023-cü ilin iyul-dekabr ayları üzrə) nəzərə alınmaqla müəyyən edilməli, həmin sərfiyyat mübahisələndirilən borcdan çıxılmalıdır.

39. İddiaçıya məxsus abonent saldosundan görünür ki, cavabdeh tərəfindən iddiaçıya 2023-cü ilin yanvar ayına 4699,86 manat, fevral ayına 3203,20 manat, mart ayına 5485,26 manat, aprel ayına 6860,26 manat, may ayına 5270,54 manat, iyun ayına 27112,80 manat, iyul ayına 9973,26 manat, avqust ayına 8327,44 manat, sentyabr ayına 8418,74 manat, oktyabr ayına 12294,04 manat, noyabr ayına 16943,08 manat, dekabr ayına 17270,88 manat borc hesablanmışdır.

40. Belə ki, iddiaçının abonent haqqında məlumatına əsasən 2023-cü ilin iyul-dekabr ayları üzrə cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 73227,44 manat borc hesablanmış, həmin dövr üzrə iddiaçının orta aylıq sərfiyyatı 12204 manat 57 qəpik (73227,44 manat / 6 ay) təşkil edir.

41. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının silinməsini xahiş etdiyi 27124,30 manatdan iddiaçının 2023-cü ilin iyun ayı üzrə orta sərfiyyatı (12204,57 manat) çıxılmalı, iddiaçıya əsassız olaraq hesablanmış 14919,73 manat borc silinməlidir.

42. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh tərəfindən hesablanmış 14919,73 manat məbləğində borc əsassız hesab edilməklə silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

44. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 210 manat mediasiyaya dair xərc cavabdehə aid edilməlidir.

V. Nəticə:

32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı ASC-yə əsassız olaraq hesablanmış 14919,78 (on dörd min doqquz yüz on doqquz manat yetmiş səkkiz qəpik) manat məbləğində borcun silinməsi öhdəliyi Cavabdehnə həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdehndən 210 (iki yüz on) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar