Məhkəmə qərarları › İş №e-2-2(113)-2735/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2735/2024

25.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2735/2024 25.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: dəymiş zərərin ödənilməsi) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (avtobusa) dəymiş 5418.86 manat maddi zərər məbləği, 74,19 manat dövlət rüsumu və buna görə xidmət haqqı kimi ödənilmiş 40 qəpik pul olmaqla, ümumilikdə 5493,45 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən Cəmiyyətin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə İddiaçı MMC-nin balansında olan “BMC-Procity” Avtobus markalı, **-JV-*** DQN-lı avtobusun və Cavabdeh MMC-nin balansında olan “Daewoo BS 090 Avtobus” markalı, **-TH-*** DQN-lı avtobusun işktirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. YNH-i barədə Cəmiyyətin əməkdaşı tərəfindən DİN-nin “102” çağrı mərkəzinə məlumat verilmiş və hadisə yerinə Bakı şəhər DYPİ-nin əməkdaşı yaxınlaşmışdır. Yol nəqliyyat hadisəsi Bakı şəhər DYPİ-nin YNH inspektoru Polis kapitanı X3 tərəfindən araşdırılmış və nəticədə Cavabdeh MMC-nin sürücüsü olan X4 əməllərində İXM-nin 327.1-ci maddəsinin tələblərinin pozulması öz əkisini tapdığından barəsində xx.xx.2024-cü il tarixli İXP ******* saylı İnzibati xəta haqqında protokol tərtib edilmişdir. Sürücü tərtib edilmiş protokolla razılaşmış və protokol üzrə ödəniş etmişdir. Bununla da, sürücünün təqsiri öz təsdiqini tapmışdır. Yol-nəqliyyat hadisəsi nəticəsində avtobus yararsız hala düşmüş və təmir olunması üçün uzun müddət xidmətdən kənar edilmiş xəttə buraxılmamışdır. Servis Mərkəzi tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 11010 saylı zərər aktına əsasən ** JV *** DQN-lı avtobusa 5418.86 manat maddi zərər dəymişdir. Yuxarıda qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində “DAEWOO BS 090 AVTOBUS” markalı, **-TH-*** DQN-lı avtobusun avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası olmadığından İddiaçı MMC-nin balansında olan avtobusa vurulmuş 5418.86 manat maddi zərərin qarşılanması və ödənilməsi üçün cavabdeh tərəfindən heç bir cəhd edilməmişdir. Cəmiyyətə dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı Cavabdeh MMC-nin rəhbərliyi ilə danışılmış və məsul şəxsləri ilə görüşlər keçirilmişdir. Danışıqların nəticəsi olmamış, eləcə də elektron məhkəmə portalı vasitəsi ilə qarşı tərəfə xx.xx.2024-cü il tarixində ünvanlanmış pretenziya məktubuna müsbət reaksiya verilməmiş və dəymiş ziyanın ödənilməsi istiqamətində addımlar atılmamışdır.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097, 1099, 1115-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır. 5.Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. xx.xx.2024-cü il tarixdə tərtib edilmiş İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh MMC-nin balansında olan “Daewoo BS 090 Avtobus” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtobusu idarə edən Cavabdeh MMC-nin sürücüsü X6 tərəfindən AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.

8. xx.xx.2024-cü il tarixli, 11010 saylı zərər aktına əsasən İddiaçı MMC-nin balansında olan “BMC-Procity” Avtobus markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı avtobusa dəymiş ziyanın miqdarı 5418,86 manat məbləğində müəyyən edilmişdir.

9. Bakı Kommersiya Məhkəməsinin 02 may 2024-cü il tarixli, e-2-2(113)-2735/2024 saylı qərardadı ilə xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçınə məxsus olan “BMC-Procity” avtobus markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı avtobusa dəymiş ziyanın məbləğinin nə qədər təşkil etdiyinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 avqust 2024-cü il tarixli, 9/4155 saylı ekspert rəyində qeyd olunur ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 11010 saylı zərər aktına əsasən 2020-ci il buraxılışlı, “BMC” markalı, “Procity 12M CNG” model, **-JV-*** dövlət qeydiyyat nişanlı avtobusun təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir: 1. Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 5418 manat. O cümlədən: - Dəyişilməli hissələrin qiyməti – 4510 manat, - Təmir-bərpa işlərinin qiyməti – 908 manat. 2. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 4653,93 manat. O cümlədən: - Dəyişilməli hissələrin qiyməti-3745,93 manat, - Təmir-bərpa işlərinin qiyməti – 908 manat. Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

12. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında göstərilmişdir ki, istər mülki hüquq nəzəriyyəsində, istərsə də, qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi

14. Beləliklə, tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC-nin balansında olan “BMC-Procity” Avtobus markalı, **-JV- *** dövlət qeydiyyat nişanlı və Cavabdeh MMC-nin balansında olan “Daewoo BS 090 Avtobus” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtobusların iştirakı ilə yol nəqliyyat hadisəsi baş vermiş, hadisə nəticəsində Cavabdeh MMC-nin sürücüsü qismində çıxış edən X6 adlı şəxs təqsirli bilinməklə, barəsində xx.xx.2024-cü il tarixli İXP ******* saylı “inzibati xəta haqqında” protokol tərtib edilmişdir. İddiaçı hazırda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində balansında olan avtobusa ziyan dəyməsini iddia edərək, vurulmuş ziyana görə 5418,86 manat məbləğində pulun ödənilməsi tələbi ilə çıxış edir.

15. Məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixdə baş vermiş hadisə nəticəsində İddiaçı MMC-nin balansında olan “BMC-Procity” Avtobus markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsində qarşı tərəfin təqsirli olması təsdiqlənmişdir. Hadisənin baş verməsi, nəticədə iddiaçıya zərər dəyməsi, dəymiş zərərin əvəzi qismində ödənişin cavabdeh tərəfindən edilməli olması işin mübahisəsiz hallarıdır. Məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilmiş və ekspert rəyi ilə dəymiş zərərin məbləğinin, avtobusun təmir-bərpa xərclərinin məbləği müəyyən olunmuşdur.

16. Məhkəmə hadisənin baş verməsinin, hadisə nəticəsində iddiaçıya məxsus əmlaka zərər dəyməsini, həmin zərərin əvəzi qismində cavabdeh tərəfindən ödənişin edilməli olmasını və bütün bunların işin mübahisəsiz hallarını təşkil etməsini nəzərə alaraq, iddia tələbinə münasibətdə belə nəticəyə gəlir ki, iddiaçı cavabdehə qarşı iddianı irəli sürməkdə haqlı olmuşdur.

17. Məhkəmə qanunvericilik normalarını, işin faktiki hallarını və işdə olan sübutları nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən 5418,86 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır.

18. Belə ki, ekspert rəyinə əsasən dəyişilməli hissələrin qiyməti 3745,93 manat, təmir- bərpa işlərinin qiyməti 908,00 manat olmaqla, dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə avtobusun təmir-bərpa xərcləri 4653,93 manat təşkil edir. İddiaçı tərəfindən təqdim edilən zərər aktında həmin məbləğ 4592,25 manat təşkil edir, yəni həmin məbləğ ekspertin müəyyən etdiyi məbləğdən daha azdır. İddiaçı 4592,25 manat məbləğin üzərinə ƏDV məbləğini də əlavə edərək, 5418,86 manat məbləğin cavabdehdən tutulmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi bunu onunla əsaslandırmışdır ki, servis şirkəti ilə müvafiq xidmət müqavilələri var və nəqliyyat vasitəsilərinin təmir-bərpa xərcləri ilə bağlı onlara elektron qaimələr göndərilir və həmin qaimələr əsasında ödənişlər edilir. Bunun sübutu qismində məhkəməyə müvafiq müqavilə, elektron qaimə və ödəniş sənədləri təqdim olunmuşdur. Ona görə də məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçının tələb etdiyi məbləğ cavabdehdən onun xeyrinə tutulmalıdır.

19. İddiaçı həmçinin, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 74,19 manat məbləğində pulun tutulmasını da xahiş etmişdir.

20. İddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasından görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq xx.xx.2024-cü il tarixdə, ********** nömrəli qəbzə əsasən 74,19 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.

21. Ona görə də, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 74,19 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı xeyrinə ödənilməlidir.

22. Bundan başqa, xidmət haqqının əvəzi olaraq 0,40 manat da Cavabdehndən tutularaq İddiaçı xeyrinə ödənilməlidir.

23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 5418,86 manat (beş min dörd yüz on səkkiz manat səksən altı qəpik) maddi zərər, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 74,19 manat (yetmiş dörd manat on doqquz qəpik), 0,40 manat (qırx qəpik) xidmət haqqı olmaqla, cəmi 5493,45 manat (beş min dörd yüz doxsan üç manat qırx beş qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar