Məhkəmə qərarları › İş №e-2-2(113)-2744/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2744/2025

05.06.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2744/2025 05.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Bakı şəhəri üzrə Təhsil İdarəsinin cavabdeh “İri Şəhərlərin X3 Xidməti” X4 əsassız hesablanmış pulun silinməsi tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: əsassız hesablanmış borcun silinməsi) X5 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı Bakı şəhəri üzrə Təhsil İdarəsinin cavabdeh “İri Şəhərlərin X3 Xidməti” X4 əsassız hesablanmış pulun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı Bakı şəhəri üzrə Təhsil İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “İri Şəhərlərin X3 Xidməti” X2 Nəsimi rayon Sukanal idarəsi tərəfindən onun barəsində qanunsuz hesablanmış 95049,77 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “İri Şəhərlərin X3 Xidməti” PHŞ-nin Nəsimi rayon Sukanal İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xəbərdarlıq məktubunda qeyd edilmişdir ki, guya Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2025-ci il tarixinə kimi istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinə görə “İri Şəhərlərin X3 Xidməti” PHŞ-yə 95049,77 manat borcu vardır. Qeyd edilən xəbərdarlıq məktubunda borcun ümumi məbləği göstərilsə də, su sərfiyyatının hansı əsasla və hansı həcmdə hesablanması, hansı dövrə aid olması göstərilməmişdir. "xxxx" ASC ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi arasında hər il “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262 nömrəli “Sudan istifadə Qaydaları”na əsaslanmaqla müvafiq müqavilə bağlanılır. Müqaviləyə əsasən, "xxxx" ASC tərəfindən həyata keçirilən su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tarifləri “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müvafiq Qərarında nəzərdə tutulan qaydada sudan istifadəyə görə 1 kub metr üçün 1 manat və eyni zamanda tullantı suyunun hər kub metri üçün 1 manat olaraq nəzərdə tutulmuşdur. Sonuncu dəfə tərəflər arasında belə müqavilə xx.xx.2023-cü il tarixində bağlanmışdır. Qeyd edilən müqavilələrin davamlı olaraq hər il bağlanması faktı iddiaçı barəsində hesablanmış 95049,77 borcun əsassızlığını göstərir. Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən bu günə kimi su və kanalizasiya sərfiyyatı ilə bağlı ödənişlər vaxtlıvaxtında və davamlı olaraq yerinə yetirilmişdir. Həmçinin sudan istifadə və tullantı suyunun hər kub metri üçün 1 manat istifadə haqqı olduğunu nəzərə aldıqda, 48329 kub metr su sərfiyyatının hansı qaydada hesablanması və hansı müddətə istifadəni əhatə etməsi aydınlaşdırılmamış qalır. Eyni zamanda, “İri Şəhərlərin X3 Xidməti” PHŞ-nin Nəismi rayon Sukanal İdarəsi tərəfindən təqdim edilən elektron qaimələrə əsasən, ay ərzində su sərfiyyatının təqribən 300 kub metri keçmədiyi aydın olur, bu hal isə tərəflər arasında müqavilə bağlandıqdan sonrakı dövr ərzində 48 329 kub metr sudan istifadə edilməsi ehtimalını mümkünsüz edir. Qeyd edilən məsələ ilə bağlı “İri Şəhərlərin X3 Xidməti” X2 Nəismi rayon Sukanal İdarəsinə və onun müvafiq əməkdaşlarına borcun əsaslandırılması və necə yaranması barədə iddiaçı tərəfindən suallar ünvanlasa da, cavabdeh həmin sualları əsaslandıra və müvafiq qaydada cavablandıra bilməmiş, yalnız qeyri-rəsmi olaraq həmin borcun 2006-cı ildən əvvəlki dövrə aid olduğunu bildirmişdir. İddiaçı ilə cavabdeh arasındakı öhdəliklər qarşılıqlı icraya bağlı vaxtaşırı icra edilməli olan öhdəliklər olduğundan iddiaçı su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə nəzərdə tutulmuş öhdəlikləri müqavilə şərtlərinə və bu Məcəllənin tələblərinə uyğun qaydada icra etmişdir, bu səbəbdən əsassız hesablanmış uydurma borc məbləğinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin öhdəliklərinə heç bir aidiyyəti yoxdur. Eyni zamanda cavabdehin qeyrirəsmi məlumatlarına əsasən, qeyd edilən borc məbləği 2006-cı il tarixinədək yaranmış olsaydı belə, həmin borc məbləği vaxtaşırı ödənişlər haqqında tələblər üçün nəzərdə tutulmuş müddətin keçməsi ilə əlaqədar iddia müddəti tətbiq edilməklə tələb edilə bilməz. Eyni zamanda, “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262 nömrəli Qərarının 2.1.9.2-ci bəndinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsinin üzərinə verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam ödənilmədikdə suyun verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş təqdim etmək (göndərmək) vəzifəsi qoyulmuşdur. Həmçinin həmin qərarın 7.2-ci bəndinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Lakin göründüyü kimi, "xxxx" ASC tərəfindən təqdim edilən xəbərdarlıq məktubunda qeyd edilən borc məbləğinin göstəriciləri və hansı sərfiyyat əsasında hesablanması əsaslandırılmamışdır. Buna müvafiq olaraq iddiaçı bildirmişdir ki, iddiaçının göstərilən məbləğdə yığılmış borcu olsa idi, müqavilə üzrə öhdəlikləri nəzərə almaqla tərəflər arasında hər il müqavilə imzalanmazdı. Odur ki, tərəflər arasında hər il müqavilə imzalanması faktı iddiaçının müqavilə tərəfi kimi öz üzərinə düşən öhdəlikləri yerinə yetirməsini sübut edir. İddiaçı iddianın maddi hüquqi əsası kimi AR Mülki Məcəlləsinin 5.2, 7.2, 372.1, 389.3, 425.1, 425.2, 441.1, 441.3, 551.2.1-ci maddələrinə, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.03. 2022-ci il tarixli 95 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sudan ödənişli istifadə Qaydaları”nın 2.1-ci bəndinə və “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262 nömrəli Qərarının 2.1.9.2-ci bəndinə istinad etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində qeyd olunanları müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir, Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmənin hazırlıq iclasında cavabdehin nümayəndəsi A.Nuhov iddianı qəbul etməyərək bildirmişdir ki, abonent haqqında məlumat vərəqəsindən də göründüyü kimi, tərəfin bugünkü gündə 95102 manat borcu vardır. 100735 borc məbləği ilə əlaqədar tərəflər arasında 01 oktyabr 2018-ci ildə üzləşmə aparılmış və üzləşmə aktı tərtib edilmişdir. Bu barədə abonent saldosunda qeyd aparılmışdır. Tərəfin üzləşmə aktını imzalaması barədə onun məlumatı yoxdur. Tərəf ödənişlər etdikcə borcdan çıxılmalar olmuş, 5000 manat məbləğə yaxın borc silinmişdir. Lakin borcun yaranma səbəbi barədə heç bir məlumatı yoxdur. Hazırda müvafiq aktın əldə edilməsi üçün aidiyyatı şöbəyə müraciət etmiş, həmin üzləşmə aktının əldə edilib məhkəməyə təqdim edilməsi ilə əlaqədar məhkəmə hazırlıq iclasının təxirə salınmasını xahiş etmişdir. Növbəti məhkəmənin hazırlıq iclasında o, bildirmişdir ki, üzləşmə aktını fiziki olaraq hazırda tapmaq mümkün olmamışdır. Belə ki, X6 İdarəsi həmin dövrdən sonra 2 dəfə ünvanı dəyişmiş və arxiv sənədlərin mövcud olub-olmaması müəyyən edilə bilinməmişdir. Borcla bağlı isə araşdırma aparılıb müəyyən olundu ki, borc daha əvvəllər 1998-ci ildən öncə yaranmış borcdur. Sadəcə 2016-cı ildə keçmiş "xxxx" ASC “MİS” proqramına keçid edən zaman hər bir rayon üzrə də ayrıca bu proqrama keçid olmuşdur. X6 idarəsi tərəfindən 2017-ci ilin iyun ayında “MİS” proqramına keçid etdikdə əvvəlki dövrlərə yaranmış borc məbləği birdən-birə orada əks olunmağa başlamışdır. Abonent saldosunda göstərilən qırmızı rəngdə rəqəmlər isə proqram vasitəsilə texniki səhvliklə o cür qeyd edilmişdir. Müvafiq borc sayğac olmadığından borunun en kəsiyinə görə yaranmış borc məbləği ola bilər. Bugunki gündə 15-lik borulardır, lakin həmin dövrdə hansı borunun olması, yazılmış borc məbləğinin köhnə manat və ya yeni manatla hesablanıb qeyd edilməsi barədə isə onun heç bir məlumatı yoxdur. Tədqiq olunan sübutlar İş materiallarında olan: xx.xx.2022-ci il tarixli, ********* saylı hesab fakturadan görünür ki, Xan Şuşinski küçəsi, ev 17 ünvanında yerləşən Bakı şəhəri üzrə Təhsil İdarəsinin (VÖEN:**********) xx.xx.2022-ci il tarixə cəmi 95668,75 manat qalıq borcu vardır. xx.xx.2022-ci il tarixli, ********* saylı hesab fakturadan görünür ki, Xan Şuşinski küçəsi, ev 17 ünvanında yerləşən Bakı şəhəri üzrə Təhsil İdarəsinin (VÖEN:**********) xx.xx.2022-ci il tarixə cəmi 95168,75 manat qalıq borcu vardır. “Abonent” Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə “Müəssisə” "xxxx" ASC (indiki “İri Şəhərlərin X3 Xidməti” PHŞ) arasında bağlanmış 05 yanvar 2023-cü il tarixli “Su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidmətlərinə” dair müqavilədə qeyd edilmişdir ki, bu müqavilə, "xxxx" ASC-nin su təchizatı sistemindən abonentin tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə 2874-82-saylı Dövlət Standartının tələblərinə uyğun, məişət (təsərrüfat) - içməli və istehsalat məqsədli suyun buraxılması, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edir. Həmçinin sudan istifadəyə görə hesablaşma 1 m3 su üçün ƏDV ilə 1 manat və qəbul edilmiş 1 m3 tullantı suyuna görə hesablaşma ƏDV ilə 1 manat müəyyən edilmişdir. Müqavilə xx.xx.2023-cü il tarixdə qüvvəyə minir, xx.xx.2025-ci il tarixədək qüvvədədir. Abonent haqqında məlumatdan görünür ki, 2016-cı ilə kimi Bakı şəhəri üzrə Təhsil İdarəsinin hesabında 63931,41 manat artıq vəsait olmuş, həmin ildə birdən-birə 138615,56 manat içməli su satışı olmuşdur. Həmçinin xx.xx.2018-ci il tarixli üzləşmə aktı ilə 73546,26 manat su və 27189,57 manat çirkab su olmaqla, cəmi 100735,83 manat borcu olduğu qeyd edilmişdir. Yekun olaraq 95049,77 manat borcu olduğu göstərilmişdir. “İri Şəhərlərin X3 Xidməti” PHŞ-nin 13 yanvar 2025-ci il tarixli 050159 saylı Üzləşmə Aktına əsasən, abonent Bakı şəhəri üzrə Təhsil İdarəsinin sudan istifadəyə və kanalizasiya xidmətinə görə 95 049,77 manat borcu vardır. Həmin akt “İri Şəhərlərin X3 Xidməti” PHŞ-nin Nəsimi rayon Sukanal İdarəsinin əməkdaşları tərəfindən imzalanaraq möhürlənmiş, lakin Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən imzalanmamışdır. 2022-ci ilə aid elektron qaimələrdən görünür ki, “İri Şəhərlərin X3 Xidməti” PHŞ tərəfindən aylıq su sərfiyyatına görə hesablanmış məbləğlər Bakı şəhəri üzrə Təhsil İdarəsinə ödənilməsi üçün təqdim edilmiş, lakin əvvəlki illərdən qalmış borc tələb edilməmişdir. xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, Bakı şəhəri üzrə Təhsil İdarəsi “İri Şəhərlərin X3 Xidməti” PHŞ ilə arasında bağlanmış müqavilələrə iddiaçı tərəfindən tam riayət edildiyini nəzərə alaraq barəsində qanunsuz olaraq hesablanmış 95 049,77 (doxsan beş min qırx doqquz manat 77 qəpik) manat borcun silinməsinin təmin edilməsi cavabdehdən xahiş edilmiş, əks halda “əsassız və qanunsuz olaraq borc kimi yazılmış məbləğin silinməsi tələbinə dair“ iddia ərizəsilə məhkəməyə müraciət olunması barədə xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin 4-cü hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun: 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 58-ci maddəsinə əsasən ödənişlər aşağıdakılara görə müəyyənləşdirilir: a) bu Qanuna müvafiq olaraq verilmiş icazəyə əsasən suyun götürülməsinə görə; b) bu Qanuna müvafiq olaraq verilmiş icazəyə əsasən tullantı sularının və tullantıların atılmasına görə. Ödənişlərin miqdarı, onların hesablanması və ödənilməsi qaydaları müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın: 2.1.4, 2.1.5, 2.1.6-cı bəndlərinə əsasən istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq; istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smart-kart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək; verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək) su təchizatı və kanalizasiya müəssisəsinin (STKM) vəzifəsidir. 5.1.5-ci bəndinə əsasən istehlakçının verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək hüququ vardır. 7.1-ci bəndinə əsasən suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılmasının pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. 7.2-ci bəndinə əsasən STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. 7.6-cı bəndinə əsasən verilmiş suyun və axıdılmış tullantı sularının hesabı istehlakçı tərəfindən tam ödənildikdən sonra, STKM tərəfindən hesablamada yol verilmiş səhvə görə əlavə vəsaitin ödənilməsi istehlakçıdan tələb edilə bilməz. 7.11-ci bəndinə əsasən istehlakçı bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq ona göndərilmiş (təqdim edilmiş) hesabda səhvə (səhvlərə) yol verildiyi (ödənilməli olan vəsaitin artıq hesablandığı) qənaətinə gələrsə, hesabı aldıqdan sonra ən geci 10 (on) iş günü müddətində hesabı təqdim etmiş STKM-ə yazılı şəkildə müraciət edə bilər. 7.25-ci bəndinə əsasən kanalizasiya şəbəkəsinə axıdılan istehsalat tullantı sularının uçotu müəssisənin su təsərrüfatı pasportunun və (və ya) suölçən cihazının göstəricisinə əsasən hesablanır. Suölçən cihaz və ya su təsərrüfatı pasportu olmadıqda, axıdılan tullantı suyunun həcmi verilən içməli suyun həcmi ilə bərabər götürülür. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 106.2-ci maddəsinə əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 112.1 və 112.1.1-ci maddələrinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda—alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2 və 8.1.3-cü maddələrinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində, 10.000 manatdan 100.000 manatadək olduqda, 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikasi Prezidentinin Fərmanının 6.3-cü bəndinə əsasən İri Şəhərlərin X3 Xidməti Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Naxçıvan və Şirvan şəhərlərində istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən publik hüquqi şəxsdir. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tərəflərin izahatlarına və abonent haqqında məlumata əsasən müəyyən edildi ki, Bakı şəhəri üzrə Təhsil İdarəsinə su sərfiyyatı ilə bağlı 1998-ci ilə qədər yaranmış borcuna görə 2016-cı ildə 138615,56 manat məbləğində borc hesablanmışdır. Daha sonra xx.xx.2018-ci il tarixli üzləşmə aktı ilə cəmi 100735,83 manat borcu olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya verilmiş 2022-ci il üzrə elektron qaimə-fakturalarda onun əvvəlki illər üzrə borcu olduğu qeyd edilməmişdir. Lakin sonradan cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli üzləşmə aktı ilə iddiaçının 95049,77 manat manat borcu olduğu qeyd edilmişdir. Nəzərə alınsa ki, iddiaçı müəssisə daim fəaliyyət göstərir, cavabdeh daim müəssisəni su ilə təmin etmiş, bu müddət ərzində mübahisələdirilən borcun keçən müddət ərzində heç zaman tələb olunmadan, rəsmi sənədləşdirilmə aparılmadan birdən-birə iddiaçıya üzləşmə aktı verilməsi sual doğurur ki, bu borc necə yaranmış, nə üçün indiyə qədər iddiaçıdan tələb edilməmiş, 1998-ci ildən mövcud olan borc cavabdeh tərəfindən iddiaçıya göndərilən elektron qaimələrdə nə üçün göstərilməmişdir. Qanunvericiliyə əsasən cavabdeh iddiaçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin tam və dəqiq uçotunu aparmalı, verilən suyun və axıdılan tullantı sularının həcmini suölçən cihazın göstəricilərinə əsasən müəyyənləşdirməli, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay iddiaçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etməlidir. Həmçinin verilmiş suyun və axıdılmış tullantı sularının hesabı iddiaçı tərəfindən tam ödənildikdən sonra, cavabdeh tərəfindən hesablamada yol verilmiş səhvə görə əlavə vəsaitin ödənilməsi iddiaçıdan tələb edilə bilməz. Cavabdehin nümayəndəsi izahatında iddiaçının mübahisələndirdiyi borcun hansı əsasla yarandığını, bu ilə qədər nə üçün tələb olunmadığını, keçən müddət ərzində borc barədə sənədləşmə aparılmamasının səbəbini, abonent haqqında məlumat qeyd olunanları məntiqli şəkildə izah edə və əsaslandıra bilməmiş, həmçinin bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Cavabdeh sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədiyindən, məhkəmə iddiaçının bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları, yəni borcun əsassız hesablanmasını müəyyən olunmuş hesab edir. Belə ki, işin halları və tərəflərin izahatları nəzərə alınaraq müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçının su istifadəsinə görə borclu olması bildirilsə də, bu borcun hansı zamandan və hansı əsasla mövcud olduğunu, xx.xx.2018-ci il tarixdə tərəflərin üzləşmə aktı imzalamasını sübut edən hər hansı hüquqi sənəd məhkəməyə təqdim edilməmişdir. Verilmiş izahatlara əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, müvafiq sənədlərin mövcudluğu müəyyən edilməmiş, borcun mənbəyi və hesablama qaydası ilə bağlı dəqiq və əsaslandırılmış məlumat mövcud olmamışdır. Sübutların qiymətləndirilməsi prosesində sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübuta da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda qiymət verilməlidir. Mülki–Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdeh tərəfindən iddiaçının 95049,77 manat əvvəlki illərdən borcunun olduğu bildirilmiş, bu barədə hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Beləliklə, məhkəmə maddi və prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməli, 95049,77 manat borc silinməlidir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə, iddiaçının dövlət rüsumunu ödəməkdən azad edildiyini, iddia qiymətinin, yəni silinməsi tələb edilən məbləğin 95049,77 manat olduğunu və iddianın təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, dövlət rüsumu üçün ödənilməli olan 375,15 manat cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh “İri şəhərlərin X3 Xidməti” publik hüquqi şəxsi tərəfindən iddiaçı Bakı şəhəri üzrə Təhsil İdarəsinə hesablanmış 95049 (doxsan beş min qırx doqquz) manat 77 (yetmiş yeddi) qəpik məbləğində borc silinsin. Cavabdeh İri Şəhərlərin X3 Xidməti” X1 375 (üç yüz yetmiş beş) manat 15 (on beş) qəpik məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar