Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2755/2024 12.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-yə qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: təbii qaz sərfiyyatına görə artıq hesablanmış borcun silinməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. Qaz sayğacının dövlət yoxlamasından keçirilməsi barədə xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş MSK-14-2-2/3-5-6828-01 saylı aktdan görünür ki, Cavabdeh İB-nin 14-2- 2/3-5-6828 saylı, 05 iyul 2023-cü il tarixli məktubuna əsasən 11 iyul 2023-cü il tarixində BRQSD-dən Dövlət yoxlamasına gətirilmiş G6 markalı Smart-kart tipli qeyri-əhali qaz sayğacına 01 sentyabr 2023-cü il tarixdə Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və müəyyən edilmişdir ki, “kənar təsir nəticəsində çıxış plastmas boru sınıb, klapanın kipləşdirici rezin təbəqəsi aşkar edilmədi, ekranda açıq işarəsi var, sayğacın hesablama mexanizmi işləmir, keçən qazın sərfini qeyd etmir, sayğacın yaddaş arxiv proqramı oxundu, alarm 1 rejimi qeydə alınmayıb.” (qeyd: yararsız, qüsura görə nəticə: müdaxilə və qaz itkisi)
2. xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktdan görünür ki, abonent İddiaçı tərəfindən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində olan qaz sayğacına baxış keçirilmiş və Cavabdeh İB-nin 14-2-2/3-5-6828-01 saylı rəyinə əsasən dəymiş ziyanın hesablanması tələb edilmişdir. Akt BRQSD-nin mühəndisləri (Məmmədov Emin, Əliyev Elman və Əhmədov Əhməd) tərəfindən imzalanmışdır. ((4320) 6x12x90=6480)
3. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Azəriqaz BRQSD-nin mühəndisləri (Məmmədov Emin, Əliyev Elman və Əhmədov Əhməd) Saray qəsəbəsində yerləşən fiziki şəxs İddiaçı məxsus sexdə olmuşlar, nəzarət şöbəsinin abonentə yazdığı ******* akta əsasən yazılan 4320 m3 qazın izahını vermişlər, amma abonent israrla imtina etmiş və sayğaca müdaxilə etmədiyini bildirmişdir.
4. xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən Cavabdeh istehlakçılara satılan qaza nəzarət şöbəsinin rəisi Elçin Qocayev, istehlakçılara satılan qaza nəzarət şöbəsinin rəisi müavini Fərid Mirzəyev, mühəndislər Vüsal Allahverdiyev və Orxan Cabbarlı tərəflərindən abonent İddiaçı (abonent kodu: **********0000) barəsində tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 30 sentyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, qaz sayğacının nominal saatlıq qaz sərfinin 6m3 /saat, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın 6480 m3 qazın (6x12x90= 6480 m3) dəyərində olması müəyyən edilmişdir.
5. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2023-cü il tarixli KY231995346 saylı çıxarışından görünür ki, yoxlayıcı orqan Cavabdeh tərəfindən sahibkarlıq fəaliyyəti subyekti olan İddiaçı məxsus duz sexində sayğacın göstəricisinin oxunması zamanı sayğacdan kənar paylayıcının şəbəkəyə qanunsuz qoşulma halının və sayğacın göstəricisinin oxunma zamanı sayğaca müdaxilənin müəyyən edilməsi əsası ilə yoxlama təyin edilmiş və yoxlamanın müddəti xx.xx.2023-xx.xx.2023-cü il olaraq qeyd edilmişdir.
6. **********0000 saylı abonent İddiaçı (kommersiya) abonent saldosundan görünür ki, abonent qaz piltəsi PQ-4 (1/1), və su qızdırıcı kalonka (AQV-80, AQV-120)(1/1) adlı qaz cihazlarından istifadə edir. 2023-ci ilin sentyabr ayında abonentə akta əsasən 1620 manat məbləğində borc hesablanmışdır. 2024-cü ilin may ayına abonentin borcu 1.833,50 manat təşkil edir.
7. 26.02.2024-cü ildə İddiaçı tərəfindən pretenziya məktubu ilə Cavabdeh İB-yə müraciət edilərək 1.620 manat məbləğində təbii qaz borcunun silinməsi tələb edilmişdir.
II. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
8. İddiaçı Cavabdeh İB-yə qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən iddiaçıya məxsus sahibkarlıq obyektində quraşdırılmış qaz sayğacı ilə bağlı onun **********00000 saylı abonent koduna Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş akta görə hesablanmış 1.620 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən əmlak onun istifadəsindədir. O, həmin ünvanda fərdi sahibkar olaraq fiziki şəxs kimi fəaliyyət göstərir. Onunla Cavabdeh İB arasında bağlanmış qazın alqı-satqısına dair müqavilədə də o fiziki şəxs olaraq çıxış etmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, birliyin əməkdaşları 06 sentyabr 2023-cü il tarixində sözügedən ünvana gəlmiş, həmin ünvanda quraşdırılmış qaz sayğacını yenisi ilə əvəz etmişdirlər. Daha sonra ona məlum olmuşdur ki, Birliyin əməkdaşları tərəfindən çıxarılmış qaz sayğacının guya kənar təsir nəticəsində çıxış plastmas borusu sınmasını, klapanın kipləşdirici rezin təpəqəsi aşkar edilməməsini, ekranda açıq işarə olmasını, sayğacın hesablama mexanizmi işləməməsini, keçən qazın həcmini qeyd etməməsini, sayğacın yaddaş arxiv proqramının oxunmamasını və Alarm 1 rejimin qeydə alınmasını əsas gətirərək akt tərtib etmiş, buna görə də həmin ünvanla bağlı onun **********00000 saylı abonent koduna 1.620 manat məbləğində borc yazılmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, sözügedən ünvanda quraşdırılmış qaz sayğacı xidmət obyektindən kənar, açıq ərazidə yerləşdiyi üçün sayğacı fiziki, meteroloji və s. təsirlərdən qorumaq praktik olaraq mümkün deyildir. Ona görə də həmin sayğacda baş verə bilən hər hansı nasazlıqlara görə heç bir halda istehlakçı cavabdehlik daşımamalıdır. Onu da qeyd edir ki, o, qaz sayğacına müdaxilə etməmişdir. Təbii qazdan hər zaman istifadəsində olan qaz sayğacı üzrə istifadə etmiş, ödənişlərini də vaxtı- vaxtında etmişdir. Qaz sayğacının texniki vəziyyətində nasazlıq və s. qüsurlar aşkar edilmişdirsə, eləcə də qaz sayğacı istismara yararsız hala düşmüşdürsə bu hal onun təqsiri ucbatından baş verməmişdir. Qaz sayğacına müdaxilə etmişdirsə, texniki vəziyyəti nasaz vəziyyətə gətirilmişdirsə və ya sayğac istismara yararsız hala düşmüşdürsə bu hal küçədən keçən istənilən şəxs tərəfindən, onunla qərəzliyi və düşmənçiliyi olan şəxslər tərəfindən, o cümlədən də qaz sayğacına özünə məxsus laboratoriyada birtərəfli qaydada baxış keçirən zaman Cavabdeh İB-nin öz işçiləri tərəfindən də qəsdli şəkildə törədilmiş ola bilər. Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarda göstərilən məbləğlərin heç bir hüquqi əsası olmadığı üçün həmin məbləğlərlə də razı deyil. Belə ki, birliyin əməkdaşlarından ibarət təşkil olunmuş komissiyanın rəyində sözügedən ünvanda istifadədə olan məişət qaz cihazlarının saatlıq sərfiyyatı qeyd olunmuşdur. Lakin həmin cihazların reallıqda mövcud olması, qaz sərfiyyatının komissiyanın rəylərində göstərildiyi kimi olmasına dair hər hansı bir sübut göstərilməmişdir. Digər tərəfdən Cavabdeh İB tərəfindən təşkil olunmuş komissiyanın üzvlərinin heç olmazsa birinin bu sahədə xüsusi biliyə malik mütəxəssis-ekspert olması barədə iş materiallarında hər hansı bir sübut mövcud deyildir. Komissiyanın sırf Cavabdeh İB-nin əməkdaşlarından təşkil olunması həmin komissiyanın rəyini şübhə altına almağa əsas verir. Belə bir komissiyanın Birliyin maraqlarına uyğun rəy verməsi heç kimə sirr deyildir. Buna görə də qanunvericilikdə bu cür aktların qəbul olunması üçün əsas olan halları sübut etmək vəzifəsi aktı qəbul etmiş orqanın üzərinə qoyulmuşdur
10. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, Qaz təhcizatı haqqında Azərbaycan Respublikası qanunun 8-ci maddəsinə istinad etmişdir.
b) İddiaya qarşı etirazın dəlilləri
11. İddiaya qarşı etiraz təqdim olunmamışdır.
c) İşdə iştirak edən şəxslər və onların izahatları
12. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
13. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
14. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III.MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
15. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
16. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi)
IV. TƏTBİQ EDİLƏN HÜQUQ
17. “Qaz təchizatı haqqında” AR Qanununun 3.5-ci maddəsinə görə Sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir.
18. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
19. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ılə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır.
20. AR MPM-in: 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
21. Məhkəmə hesab edir ki, təmin edilməlidir.
22. Belə ki, işin yuxarıda göstərilən hallarından göründüyü kimi İddiaçı silinməsini tələb etdiyi 1620 manat məbləğində borc abonentə məxsus qeyri-yaşayış sahəsində qaz sayğacına müdaxilə edilməsi ilə əlaqədar itirilmiş təbii qaza görə qaz paylayıcıya dəymiş maddi zərərin əvəzi olaraq hesablanmışdır.
23. Məhkəmə qeyd edir ki, Cavabdeh İB təbii qaz ilə təchizat sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafıəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfındən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır.
24. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borc Cavabdeh İB-nin əməkdaşları tərəfindən 2023-cü ilin iyul-sentyabr aylarında keçirilmiş yoxlamanın (bax. xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş MSK-14-2-2/3-5-6828-01 saylı akt, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı akt, dəymiş ziyanın bərpasına dair 30 sentyabr 2023-cü il tarixli tələbnamə, xx.xx.2023-cü il tarixli akt) nəticəsi olaraq hesablandığı halda cavabdeh tərəfindən iş materiallarına əlavə edilmiş sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2023-cü il tarixli KY231995346 saylı çıxarışına əsasən yoxlayıcı orqan Cavabdeh tərəfindən sahibkarlıq fəaliyyəti subyekti olan İddiaçı məxsus qeyri-yaşayış sahəsində sayğacın göstəricisinin oxunması zamanı sayğacdan kənar paylayıcının şəbəkəyə qanunsuz qoşulma halının və sayğacın göstəricisinin oxunma zamanı sayğaca müdaxilənin müəyyən edilməsi əsası ilə xx.xx.2023-xx.xx.2023-cü il tarixlərinə təyin edilmiş yoxlama qeydiyyata alınmışdır.
25. Göründüyü kimi İddiaçı silinməsini tələb etdiyi 1620 manat məbləğində borcun hesablanmasına əsas olmuş abonentə məxsus obyektdə qaz sayğacına müdaxilə ilə əlaqədar Cavabdeh İB-nin əməkdaşları tərəfindən 06 sentyabr 2023-cü il tarixdə keçirilmiş yoxlamanın Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınması müəyyən edilmir.
26. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlama heç bir hüquqi nəticə yaratmır.
27. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya borc hesablamaqla haqlı olmamışdır.
28. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən İddiaçı hesablanmış 1620 manat məbləğində borc iddiaçının abunə hesabından (kod: **********0000) silinməlidir.
29. Məhkəmə xərclərinə gəldikdə isə hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 39 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
30. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia tələbi üzrə dövlət rüsumunun məbləği 36,20 manat təşkil edir.
31. Məhkəmə hazırkı qətnamə ilə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 36,20 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
32. Digər tərəfdən iddiaçı tərəfindən artıq ödənilmiş 2,80 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya qaytarılmalıdır.
33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. Cavabdeh İB tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən İddiaçı hesablanmış 1620 manat məbləğində borc abunə hesabından (kod: **********0000) silinsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 36,20 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilsin. İddiaçı tərəfindən artıq ödənilmiş 2,80 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya qaytarılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva