Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2758/2024 09.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Cavabdeh”nə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: mülki hüquq pozuntusu (delikt), ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət, obyektiv məsuliyyət, sübutetmə) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakları ilə İddiaçı cavabdeh “Cavabdeh”nə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı cavabdeh “Cavabdeh”nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək (məhkəmə icraatının gedişində “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialı hazırkı cavabdehlə əvəz edilmişdir), cavabdehdən 1326,97 manat maddi zərərin və 70 manat mediasiya xərcinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, cavabdehin Azərbaycan Respublikasındakı filialı tərəfindən xx.xx.2022-ci il tarixdə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonu, Yuxarı Könüllü kəndinin yaxınlığında, yeni tikilmiş körpünün yerləşdiyi ərazidə hər hansı məlumat verilmədən aparılan qazıntı işləri zamanı Şəmkir şöbəsinin istismarında olan FO-4 kabeli zədələnmiş, nəticədə Seyfəli, Yuxarı Könüllü, Qılıncbəy, Ağlavaşlı EATS-lərinə və "xxxx" MMC-yə göstərilən telekommunikasiya xidməti tam dayanmışdır. Bunun nəticəsində iddiaçıya 1326,97 manat məbləğində maddi ziyan vurulmuşdur. Baş vermiş hadisə ilə bağlı xx.xx.2022-ci il tarixdə iddiaçının Qərb regional filialının Şəmkir şöbəsinin əməkdaşları və Könüllü inzibati ərazi dairəsi nümayəndəsi Məhəmməd Salahov tərəfindən akt tərtib edilmişdir. Tərtib edilən akt və smetaya əsasən dəymiş zərərin məbləği 1326,97 manat müəyyən edilmişdir. Cavabdehin Azərbaycan Respublikasındakı filialından vurulmuş zərərin ödənilməsi xahiş edilmiş, bununla bağlı olaraq onun ünvanına xx.xx.2023-cü il tarixdə zərərin könüllü ödənilməsi barədə məktub göndərilmiş, lakin cavabdeh tərəfindən bu günə kimi hər hansı tədbir görülməmişdir. Eyni zamanda tərəfə mediasiya təklifi ilə müraciət edilmiş, cavabdeh tərəf isə mediasiya sessiyasında iştirak etməmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21, 1097-ci maddələrinə, “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinə və Nazirlər Kabinetinin 14 dekabr 2005-ci il tarixli 227 nömrəli qərarı ilə təsdiq edilmiş “Telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizə Qaydaları”nın 6-cı bəndinə istinad edilmişdir.
4. Cavabdehin Azərbaycan Respublikasındakı filialı “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə iddiaya etiraz ünvanlayaraq, iddianın əsassız olduğundan rədd edilməsini xahiş etmişdir.
5. İddiaya etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsində göstərilən ərazidə cavabdehin Azərbaycan Respublikasındakı filialı tərəfindən qazıntı işi aparılarkən FO-4 kabelinin zədələnməsi tam əsassızdır. Ona görə ki göstərilən ərazidə, yəni Yuxarı Könüllü kəndi yaxınlığında Gəncə-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun inşası hadisə baş verən vaxtdan bir neçə ay əvvəl tamamlanmışdır və hadisə baş verən vaxtı cavabdeh tərəfindən heç bir qazıntı işi aparılmamışdır. Ona görə də cavabdehin bu barədə tələbləri tam əsassızdır. İddia ərizəsində FO-4 kabelinin zədələnməsi barədə xx.xx.2022-ci il tarixli akt yazılarkən cavabdehə heç bir məlumat verilməmiş və cavabdehin nümayəndələri hadisəyə baxış üçün dəvət edilməmişlər. Belə bir aktın olmasını cavabdeh məhkəmə baxışı zamanı bilmiş və onun surətini də məhkəmədən götürmüşdür. Həmçinin qeyd edilən aktda cavabdehin hansı texnikadan istifadə etdiyi göstərilməmişdir. Zədələnmiş kabelin bərpası barədə tərtib edilmiş smeta şişirdilməklə yüksək məbləğ göstərilmişdir. Əlavə olaraq, sözügedən kabelin zədələnməsində cavabdehin təqsiri olmadığı halda belə, dəymiş ziyanın əlli faizi həcmində, yəni 700 manat ödəmək barədə iddiaçıya rəsmi müraciət edilmiş, lakin sonuncu bu təklifdən imtina etmişdir.
6. İddiaya etirazda hüquqi əsası kimi hər hansı hüquq normasına istinad edilməmişdir.
II. Tərəflərin mövqeləri:
7. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X3 iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, cavabdehin Azərbaycan Respublikası filialının iddiaçıya məxsus kabelləri zədələməsi nəticəsində 239,13 manat məbləğində smeta xərci çəkilmiş, həmçinin boşdayanmaya görə 1043,74 manat və 44,1 manat hesablanmışdır.
8. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi göstərdi ki, cavabdeh tərəfindən 700 manat məbləğində pulun ödənilməsinə razıdırlar, lakin cavabdeh iddiaçıya müraciətində təqsirləri olmadığını bildirmiş, buna rəğmən 700 manat ödənilməsini təklif etmişdir. İddiaçı bu məzmunda təkliflə razı deyildir.
9. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə3 məhkəmə iclaslarında iştirak edərək iddiaya etiraz etdi və göstərdi ki, cavabdeh qeyd edilən ərazidə noyabr ayında iş görməmişdir. İddiaçı tərəfindən tərtib edilən aktlar isə birtərəflidir və həmçinin zərərin cavabdeh tərəfindən edilməsini təsdiqləmir. Lakin cavabdeh məhkəmə mübahisəsinin uzanmaması üçün təqsirinin olmamasına baxmayaraq, 700 manat məbləğində pulun ödənilməsinə razıdır.
III. Məhkəmə baxışının hədləri:
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Məhkəmənin beynəlxalq səlahiyyəti və tətbiq olunacaq hüquq ilə bağlı
11. Məhkəmə, əvvəla, hazırkı mübahisəyə baxmaqda səlahiyyətli olub-olmamasının müəyyən edilməsi və mübahisənin həllində tətbiq ediləcək maddi hüquq normalarının seçilməsini zəruri hesab edir.
12. Mülki Prosessual Məcəllənin 439.1-ci maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır.
13. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli 16/2023 nömrəli Qərarının 2.4-2.5-ci bəndlərinə əsasən, əgər xarici elementli kommersiya mübahisəsinə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən baxılmasını istisna edən, bu Qərarın 2.2-ci bəndində göstərilən hallardan hər hansı biri mövcud deyilsə, MPM-in məhkəmələrin beynəlxalq səlahiyyətinin ümumi şərtlərinin təsbit olunduğu 440.1-ci maddəsinin tələbləri əsas götürülməlidir. ... Həmin ümumi şərtlərlə yanaşı, MPM-in 443-cü maddəsi aşağıdakı xüsusi hallarda xarici elementli kommersiya mübahisəsi üzrə Azərbaycan Respublikası məhkəmələrinin beynəlxalq səlahiyyətini müəyyən edir: ... xarici şəxslərin idarəçilik orqanı, filialı və ya nümayəndəliyinin Azərbaycan Respublikasının ərazisində olması; ... iddianın icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəlməsi.
14. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericilikdə məhkəmənin beynəlxalq səlahiyyəti ilə bağlı ümumi norma və xüsusi normalar əks olunmuşdur. Hazırkı mübahisəyə baxmağa məhkəmənin beynəlxalq səlahiyyəti xüsusi norma olan Mülki Prosessual Məcəllənin 443.0.2 və 443.0.6-cı maddələrindən irəli gəlir. Belə ki, həmin maddələrə əsasən, Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin idarəçilik orqanı, filialı və ya nümayəndəliyi Azərbaycan Respublikasının ərazisində olduqda, əmlaka vurulan ziyanın ödənilməsi işlərində ziyanın ödənilməsi haqqında tələbin verilməsi üçün əsas olan hərəkət və ya digər hal Azərbaycan Respublikasının ərazisində baş verdikdə Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan işlərə baxmağa haqlıdır.
15. Digər tərəfdən, “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli 16/2023 nömrəli Qərarının 5.6-cı bəndinə əsasən, mübahisəli hüquq münasibətinə tətbiq edilməli dövlətin maddi hüququnun məhkəmələr tərəfindən seçilməsinin hüquqi əsasları aşağıdakılardır: 1) mübahisə tərəfləri arasında bağlanmış müqavilə (razılaşma); 2) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası ikitərəfli və ya çoxtərəfli beynəlxalq müqavilələr; 3) ümumi qəbul olunmuş beynəlxalq adətlər; 4) “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanunu; 5) digər milli qanunvericilik aktları (“Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsi).
16. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanunun 26.1-ci maddəsinə əsasən ziyan vurma nəticəsində əmələ gələn öhdəliklər üzrə tərəflərin hüquq və vəzifələri ziyanı ödəmək haqqında tələbin irəli sürülməsi üçün əsas olan hərəkətin və ya digər vəziyyətin baş verdiyi ölkənin hüququ ilə müəyyən edilir.
17. Məhkəmə ziyanı ödəmək haqqında tələbin irəli sürülməsi üçün əsas olan hərəkətin Azərbaycan Respublikası Şəmkir rayonu ərazisində baş verməsinin irəli sürüldüyünü nəzərə alaraq hesab edir ki, hazırkı mübahisə Azərbaycan Respublikası qanunvericiliyi əsasında həll edilməlidir.
18. Odur ki məhkəmə hazırkı işə baxmağa səlahiyyətlidir və mübahisə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilməklə həll olunmalıdır.
b) Dəymiş zərərin ödənilməsi tələbi ilə bağlı
19. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi aidiyyəti, mümkün və mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
20. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
21. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçının Qərb Regional filialının Şəmkir şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə rabitə xətt və avadanlıqlarına zərər vurulması barədə akt tərtib edilmiş, həmin aktda qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixdə 11:00 radələrində Şəmkir rayonu, Yuxarı Könüllü kənd ərazisində istismarda olan FO-4 kabeli cavabdeh tərəfindən qazıntı işi aparılarkən qırılmışdır, nəticədə Seyfəli, Yuxarı Könüllü, Aşağı könüllü istiqamətləri üzrə rabitə və digər xidmətlər tamamilə kəsilmişdir (akta həmçinin yerli icra hakimiyyətinin Könüllü inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məhəmməd Salahov imza etmişdir). FO-4 kabelinin bərpası üzrə yekun lokal smetaya əsasən, 239,127 manat smeta üzrə yekun, 1043,74 manat kabelin qırılması ilə boş dayanma (gündüz vaxtı), 44,1 manat kabelin qırılması ilə boş dayanma (gecə vaxtı) olmaqla ümumilikdə 1326,97 manat zərər hesablanmışdır. Smetanın hazırlanması barədə arayışa əsasən, smeta Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı şəhəri, 9 yanvar 2021-ci il 4 nömrəli qərarına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət X2 sənədlərinin tərtibi proseslərinin avtomatlaşdırılması üzrə hazırladığı “Smeta FHN TTNDA” proqramında hesablanmış, Xəndəyin qazılması 0,0864m3 torpağın qazılması - 7,07 manat; xəndəkdə 18 m optik kabelin çəkilməsi – 4,64 manat, Bir istiqamətdə kabelin ölçülməsi – 8,51 manat, iki uzun tərəfdə optik lifin ölçülməsi – 0,56 manat, optik muftanın quraşdırılması – 65,61 manat, optik kabel – 13,5 manat, optik mufta – 47,86 manat, əmək haqqı, o cümlədən maşinistin əmək haqqı 57,91 manat, smeta gəliri – 33,46 manat, kabelin zədələnmə müddəti 32 saat 13 dəqiqə davam etdiyindən 1087,84 manat boş dayanma xərci çəkilmişdir.
22. İddiaçı cavabdeh tərəfindən tikinti işləri görülərkən vurulmuş zərərin əvəzi olaraq 1326,97 manat məbləğində pulun ödənilməsini tələb edir.
23. Cavabdeh iddiaya etiraz edərək qeyd edilən ərazidə tikinti işlərinin daha əvvəl aparıldığı, bu zaman hər hansı zərərin vurulmadığını bildirir, lakin təqsirinin olmamasına baxmayaraq, 700 manat məbləğində pulun ödənilməsinə razı olduğunu göstərir.
24. Məhkəmə kommersiya mübahisəsinin həlli üçün aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
25. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Yəni öhdəlik bir tərəfin müəyyən hərəkətlər etməsi və ya müəyyən hərəkətlərdən çəkinməsi, digər tərəfin isə tələb etmək hüququ ilə xarakterizə edilən qarşılıqlı hüquqi münasibətdir. Hər bir hüquqi münasibət kimi öhdəlik hüquq münasibətinin də müəyyən yaranma - əmələ gəlmə əsası olur. Mülki Məcəllənin 386-cı maddəsi öhdəliklərin əmələ gəlmə əsaslarını müəyyən edir. Belə ki, öhdəliyin əmələ gəlmə əsaslarına başlıcası müqavilə olmaqla zərər vurulması, əsassız varlanma və Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar aid edilir. Mülki hüquq nəzəriyyəsində bu əsaslar müqavilədən və müqavilədən kənar olmaqla iki yerə bölünür. Öhdəliyin zərər vurulması ilə, yəni mülki hüquq pozuntusu (deliktlər) nəticəsində əmələ gəlməsi onun müqavilədən kənar əsasla yaranması hesab olunur.
26. Mülki Məcəllənin doqquzuncu bölməsi mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər adlanır. Mülki Məcəllənin 1096-cı maddəsi mülki hüquq pozuntusuna anlayış verir. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Verilən anlayışdan aydın olur ki, mülki hüquq pozuntusunun tərkibi hüquqazidd əməl, bu əməllə zərər arasında səbəbli əlaqə və təqsirdir.
27. Göründüyü kimi, deliktin yaranması üçün üç mühüm şərtin olması vacibdir və bu, bütün deliktlər üçün ümumi normadır. Lakin delikt tərkibi cinayət və inzibati xəta tərkiblərindən fərqli olaraq məhdud tərkiblə də formalaşa bilir. Hüquqi tərkib isə müəyyən hallarda hüquqi məsuliyyətin tipini müəyyən edir. Hüquqi məsuliyyətin hüquq ədəbiyyatında üç tipi fərqləndirilir: təqsir əsaslı məsuliyyət, obyektiv məsuliyyət və mütləq məsuliyyət Obyektiv məsuliyyət zamanı şəxsin təqsirli olub-olmaması elə bir əhəmiyyət daşımır, lakin müəyyən hallar (məsələn, qarşısıalınmaz qüvvə, zərərçəkənin qəsdi və ya razılığı və s.) olur ki, həmin hallar şəxsin məsuliyyətini istisna edir. Ancaq mütləq məsuliyyət zamanı şəxs zərərin qarşısının alınmasının qeyri-mümkünlüyünü sübut etsə də, məsuliyyətə cəlb olunur.
28. Mülki Məcəllədə mülki hüquq pozuntuları üçün mütləq məsuliyyət nəzərdə tutulmasa da, təqsir əsaslı məsuliyyət və obyektiv məsuliyyət tiplərində hüquqi məsuliyyət nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Başqa sözlə, qanunverici təqsir olmadan da, səbəbli əlaqə və hüquqazidd əməldən ibarət tərkibli mülki hüquq pozuntusunu tanıyır. Yəni obyektiv hüquqi məsuliyyətə yol verir.
29. Mülki Məcəllədə obyektiv məsuliyyət müəyyən edən delikt tərkibindən biri də Mülki Məcəllənin 1108-ci maddəsində təsbit edilmişdir. Belə ki, Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
30. Hazırkı işin halları onu deməyə əsas verir ki, göstərilən ərazidə, yəni Yuxarı Könüllü kəndi yaxınlığında Gəncə-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun inşası cavabdeh tərəfindən aparılmışdır. Hamıya məlum olan haldır ki, avtomobil yolunun inşası zamanı ağır texnikalardan istifadə olunur (Mülki Prosessual Məcəllənin 82.1-ci maddəsinə əsasən, hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur). Belə texnikalar isə mülki qanunvericilikdə yüksək təhlükə mənbəyi hesab olunur və yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün obyektiv məsuliyyət müəyyən olunur.
31. Hazırda cavabdeh Yuxarı Könüllü kəndi yaxınlığında Gəncə-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun inşasını apardığını qəbul edir, lakin həmin inşanın daha əvvəl yekunlaşdığını bildirir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda, cavabdeh iddiaçının aktı tərtib etdiyi tarixdə deyil, daha əvvəl tikinti işlərini bitirdiyini sübutetmə vəzifəsini daşısa da, həmin vəzifəsini yerinə yetirə bilməmişdir.
32. Bundan başqa, cavabdeh xx.xx.2022-ci il tarixli aktın birtərəfli qaydada tərtib edildiyini bildirsə də, nəzərə almamışdır ki, akt tərtib edilərkən onun həqiqiliyi həm də Könüllü inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məhəmməd Salahov tərəfindən təsdiq edilmişdir.
33. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqazidd əməl və səbəbli əlaqə hazırkı işin halları ilə təsdiq olunur. Cavabdehin təqsirlə bağlı etirazlarına münasibətdə isə məhkəmə bir daha qeyd edir ki, Mülki Məcəllənin 1108-ci maddəsində nəzərdə tutulan məsuliyyət obyektiv məsuliyyətdir, cavabdehin etirazının əsasını isə yalnız zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyinin sübut edilməsi təşkil edə bilər. Hazırda isə belə sübutlar təqdim edilməmişdir.
34. Məhkəmə vurulan zərərin həcmi ilə bağlı isə qeyd edir ki, iddiaçı tərəfindən vurulan zərərin hesablanması qaydası aydın olmamış, təqdim edilən arayışdan da boş dayanmanın əsasları, hesablamanın normativ və faktiki hüquqi əsası göstərilməmiş, xərclərin həqiqətən çəkildiyini təsdiq edən sübutlar təqdim edilməmişdir. Lakin cavabdeh zərərin həcmini 700 manat olaraq qəbul etdiyindən məhkəmə hesab edir ki, çəkişmə və dispozitivlik prinsiplərinə uyğun olaraq vurulmuş zərərin məbləği 700 manat olaraq müəyyən edilməlidir.
35. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, cavabdeh “Cavabdeh”ndən 700 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
c) Mediasiya xərcinin tutulması ilə bağlı
36. İddiaçı ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 70 manat pulun da cavabdehdən tutulmasını xahiş etmişdir.
37. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli MŞB/2-03948 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, xx.xx.2023-cü il tarixində keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavabdeh iştirak etməmiş, iddiaçının nümayəndəsi sessiyada iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 70 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir.
38. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
39. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyası ilə bağlı müraciət olunarkən (2023-cü ilin noyabr-dekabr ayı) və mediasiya sessiyası keçirilərkən (xx.xx.2023) Mülki Prosessual Məcəllənin 4.6-cı maddəsinin tələbinə əsasən ilkin mediasiya sessiyasında iştirak qanunun tələbi olmuşdur. Cavabdeh mediasiya sessiyasında iştirak etmədiyindən və iştirak etməsinin səbəbləri və ya mümkünsüzlüyünün üzrlü olması barədə məlumat vermədiyindən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə uyğun olaraq mediasiya xərcləri cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.
40. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 70 manat məbləğində pul cavabdeh “Cavabdeh”ndən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
V. Nəticə:
41. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh “Cavabdeh”ndən 700 (yeddi yüz) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 70 (yetmiş) manat məbləğində pul cavabdeh “Cavabdeh”ndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova