Məhkəmə qərarları › İş №e-2-2(113)-2764/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2764/2024

26.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2764/2024 26.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: icarə müqaviləsi üzrə borcun ödənilməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı icarə müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (icarəyə verən) ilə Cavabdeh (icarəçi) arasında bağlanmış özəlləşdirilən müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında 05 avqust 2021ci il tarixli 678 saylı icarə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının yerləşdiyi 134 m2 torpaq sahəsi icarəçinin müddətli istifadəsinə verilmişdir. Həmin müqavilənin: - 3.1-ci bəndinə əsasən torpaq sahəsinin illik icarə haqqı məbləği 1479 manat, aylıq icarə haqqı 123,25 manat müəyyən edilir. - 3.2-ci bəndinə əsasən icarə haqqı üzrə aylıq ödəmə hər cari ayın 10-dan gec olmayaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Azərbaycan Respublikası X2 idarəsindəki hesabına ödənilməlidir. - 4.1-ci bəndinə əsasən bu müqavilə ilə icarə müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müəyyən edilir. Müqavilə hər iki tərəfin imzası və icarəyəverənin möhürü ilə təsdiq edilmişdir.

2. 14.02.2024-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh dövlət mülkiyyətində olan torpaq sahəsinə görə icarə haqqının ödənilməsi haqqında xəbərdarlıq ünvanlanaraq bildirilmişdir ki, torpaq sahəsinin icarə haqqı üzrə borcunun 7 iş günü müddətində ödənilməsi təmin edilməyəcəyi təqdirdə, qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlər həyata keçiriləcəkdir.

3. xx.xx.2023-cü il tarixdə X3 Əmlak Məsələləri Dövlət Xidmətinə ərizə ilə müraciət edərək xx.xx.2021-ci il tarixdə bağlanmış icarə müqaviləsinin vaxtı bitdiyinə görə yenidən müqavilənin uzadılmasına xitam verilməsini xahiş etmişdir.

4. Cavabdeh sonuncu şəxsi hesab vərəqəsinə əsasən müəyyən edilir ki, Cavabdeh xx.xx.2024-cü il tarixinə (aylıq icarə haqqı 123,25 manat olmaqla) cəmi ödənilməli olan icarə haqqı borcu 1.459,12 manat təşkil edir. Qeyd: sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 123,25 manat ödəniş edilmişdir. xx.xx.2023-cü il tarixə Cavabdeh borcu 123,25 manat məbləğində olmuşdur.

İİ. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

5. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixinə ödənilməli olan 986 manat məbləğində vəsait Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X2 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının yerləşdiyi 134 m2 torpaq sahəsinin icarəyə verilməsi barədə 05 avqust 2021-ci il tarixli 678 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtlı-vaxtında ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmişdir. İcarə müqaviləsi ləğv edilmədiyindən hal-hazırda qüvvədə olmaqla icarəçinin həmin müqavilə üzrə dövlət büdcəsinə xx.xx.2024-cü il tarixə ödənilməli olan 986 manat məbləğində icarə haqqı borcu mövcuddur.

7. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi (tələbin həcminin artırılması) barədə sonuncu ərizə verərək, cavabdehdən 05 avqust 2021-ci il tarixli 678 nömrəli icarə müqaviləsi üzrə dövlət büdcəsinə xx.xx.2024-cü il tarixə olan borc üzrə 1.459,12 manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinin (VÖEN **********) Azərbaycan Respublikası X2 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci və “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddələrinə istinad etmişdir.

b) İddiaya qarşı etirazın dəlilləri

9. İddiaya qarşı etiraz təqdim olunmamışdır.

b) İşdə iştirak edən şəxslər və onların izahatları

10. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 dəqiqləşmiş iddia tələbini müdafiə edib, iddia ərizəsində və tələbin dəqiqləşdirilməsi barədə ərizədə göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.

11. Məhkəmə iclasında Cavabdeh izahatında müqavilə müddətinin bitdiyini və Əmlak Məsələləri Dövlət Xidmətinin onunla yeni müqavilə bağlamadığını əsas gətirərək iddianın rədd olunmasını xahiş edir.

İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

12. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

13. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

İV. TƏTBİQ EDİLƏN HÜQUQ

14. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. -719.1-ci maddəsinə görə torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. -719.2-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsi azı üç il müddətinə bağlandıqda bu müqavilə üzrə hüquq münasibətləri o halda qeyri-müəyyən müddətə uzadılır ki, iştirakçılardan biri bu barədə sorğu verdikdən sonra digər iştirakçı həmin münasibətlərin davam etdirilməsindən üç ay ərzində imtina etməsin. Sorğu və imtina yazılı formada tərtib edilməlidir. Əgər sorğuda ona riayət edilməməsinin nəticələri birbaşa göstərilməmişsə və sorğu icarənin üçüncü ili ərzində verilməmişsə, onun qüvvəsi yoxdur. - 722.4-cü maddəsinə görə əgər müqavilə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü torpağı qaytarmırsa, icarəyə verən saxlama müddəti üçün icarə haqqı verilməsini kompensasiya kimi tələb edə bilər.

15. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 51-ci maddəsinə əsasən torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə edilməsi nəzərdə tutulur. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər.

16. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 14-cü maddəsinin 10-cu abzasına əsasən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. - 15-cü maddəsinə torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. - 19-cu maddəsinə əsasən icarə müqaviləsinin dəyişdirilməsi, vaxtından əvvəl ləğv edilməsi, dayandırılması və (bələdiyyə torpaqlarına dair müqavilə istisna olmaqla) uzadılması barədə təkliflər vermək icarəverənin hüquqlarına daxildir.

17. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həmin Qanunun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir. 18.Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: - 3.0.11-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının qanunlarının və Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, daşınmaz dövlət əmlakını, o cümlədən dövlətə məxsus olan hüquqi şəxslərə məxsus daşınmaz əmlakı icarəyə və istifadəyə vermək, bu məqsədlə bağlanılmış əqdlərin qeydiyyatını aparmaq, icarə haqlarının müəyyən edilməsi ilə bağlı təkliflər hazırlayıb Nazirliyə vermək və bu sahədə nəzarəti həyata keçirmək Xidmətin vəzifələrinə aid edilmişdir. - 3.0.15-ci yarımbəndinə əsasən dövlət əmlakı barəsində bağlanılmış əqdlər Azərbaycan Respublikasının iqtisadi maraqlarına ziyanla nəticələndikdə, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, həmin əqdlərlə bağlı məhkəmədə iddia qaldırmaq, dövlətə məxsus olan, habelə nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərlə bağlı məhkəmə mübahisələrində dövlətin mənafeyini təmsil etmək Xidmətin vəzifəsinə aid edilmişdir. - 4.0.18-ci yarımbəndinə əsasən vəzifə və hüquqlarının həyata keçirilməsi ilə bağlı məhkəmədə öz adından çıxış etmək Xidmətin hüquqlarına aid edilmişdir.

19. AR MPM-in: - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 124.1-ci maddəsinə görə isə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

20. “Dövlət rüsumu haqqında” AR Qanununun: - 9.1.14-cü maddəsinə görə məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumunu ödəməkdən azad olunurlar.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

21. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

22. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında bağlanmış özəlləşdirilən müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında 05 avqust 2021-ci il tarixli 678 nömrəli icarə müqavilə bağlanmış və həmin müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının yerləşdiyi 134 m2 torpaq sahəsi iki il müddətinə cavabdehin icarəsinə verilmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinə ərizə ilə müraciət edərək müqavilənin müddətinin uzadılmamasını xahiş etmişdir. Hal-hazırda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh 05 avqust 2021-ci il tarixli 678 nömrəli icarə müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə olan icarə haqqı borcununun - 1.459,12 manat məbləğində pul vəsaitinin Cavabdeh tutulmasını tələb edir.

23. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər arasında bağlanmış torpaq icarə müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixdə başa çatmışdır. Müqavilə müddəti bitdikdən sonra iddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinin müqavilə müddətinin uzadılması barədə icarəçiyə müraciət etməsi iş materialları ilə müəyyən edilmir. Əksinə cavabdeh xx.xx.2023cü il tarixdə iddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinə müracət edərək icarə müqaviləsinin müddətinin uzadılmamasını xahiş etmişdir. Bundan əlavə torpaq icarə münasibətlərini tənzimləyən qanunvericilik normalarında (Mülki Məcəllə,Torpaq Məcəlləsi, “Torpaq icarəsi” haqqında Qanun və s.), eləcə də mübahisəli icarə müqaviləsinin şərtlərində müqavilənin müddətinin avtomatik olaraq uzadılması nəzərdə tutulmamışdır.

24. “İcarə haqqında” AR Qanununun 13-cü maddəsinin 5-ci bəndinə uyğun olaraq müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda onun müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilməsi barədə iddiaçının nümayəndəsinin dəlillərnə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının istinad etdiyi “İcarə haqqında” AR Qanununun 1-ci maddəsinə əsasən icarə münasibətləri həmin Qanunla, Mülki Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə tənzimlənir. Torpaq icarəsi ilə bağlı münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Azərbaycan Respublikasının Torpaq Məcəlləsi, "Torpaq icarəsi haqqında" Azərbaycan Respublikasının Qanunu, habelə həmin qanunlara müvafiq olaraq qəbul edilmiş digər normativ hüquqi aktlarla tənzimlənir.

25. Göründüyü kimi “İcarə haqqında” AR Qanunun torpaq icarə münasibətlərinə şamil edilməməsi, eləcə də həmin münasibətlərin "Torpaq icarəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənməsi həmin qanunda aşkar şəkildə göstərilmişdir. Odur ki, İcarə haqqında” AR Qanununun yuxarıda göstərilən normasının mübahisəli hüquq münasibətinə tətbiq edilməsi istisna olunur.

26. Digər tərəfdən müqavilənin şərtlərinə əsasən müqavilənin müddəti bitdikdən sonra ona xitam verilməsinin icarəyəverən hüquqlarına aid edilməsi barədə iddiaçının dəlillərinə münasibətdə məhkəmə qeyd etməyi zəruri sayır ki, Mülki Məcəllənin 719.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir.

27. Göründüyü kimi torpaq icarəsi müqaviləsinin qüvvədə olma müddəti bitməsi müddət bitənədək müqavilə üzrə yaranmış öhdəliklərə xitam verilməsinə səbəb olmasa da, müddətin bitdiyi tarixdən həmin müqaviləyə xitam verilir, yəni müqavilə gələcək zaman üçün hüquqi qüvvəsini itirir və tərəflər üçün yeni hüquq və vəzifələr yaratmır.

28. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış 05 avqust 2021-ci il tarixli 678 nömrəli icarə müqaviləsinə 05 avqust 2023-cü il tarixdə bağlandığı müddətin bitməsi əsası ilə xitam verilmişdir.

29. Digər tərəfdən işin mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh halhazıradək icarə obyekti olan torpaq sahəsindən istifadə etməkdə davam edir.

30. Odur ki, tərəflər arasında icarə müqaviləsi üzrə hüquq münasibətlərinə xitam verilsə də, iddiaçı Əmlak Məsələləri Dövlət Xidməti Mülki Məcəllənin 722.4-cü maddəsini tələblərinə əsasən torpaq icarəçinin icarəyə götürdüyü torpağı qaytarmadığı müddət üçün kompensasiya kimi icarə haqqı verilməsini tələb etmək hüququna malikdir.

31. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, müqaviləyə xitam verildiyi tarixədək - xx.xx.2023-cü il tarixədək olan müddət üçün icarə haqqı və xx.xx.2023cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət üçün torpaqdan istifadəyə görə kompensasiya qismində cəmi 1.459,12 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

32. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 34,59 manat təşkil edir.

33. Hazırkı halda iddiaçının dövlət rüsumunu ödəməkdən azad olunduğunu, eləcə də hazırkı qətnamə ilə iddianın təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın verilməsinə görə ödənilməli olan 34,59 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Cavabdeh 1.459,12 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ödənilsin. İddianın verilməsinə görə ödənilməli olan 34,59 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar