Məhkəmə qərarları › İş №e-2-2(113)-2765/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2765/2025

15.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2765/2025 15.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2, Üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil3 İddiaçı Şirkətinin Cavabdehnə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1) qarşı “borc müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Şirkəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il, xx.xx.2017-ci il, 10.0.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli borc müqavilələri üzrə 1 314 890,55 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq) məbləğində pulun və ödənilmiş 1922,92 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəməyə barışıq sazişi təqdim edərək sazişin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 və üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil3 barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. Məhkəmə barışıq sazişini mülki prosessual qanunvericiliyin tələbləri baxımından yoxlayıb hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim olunmuş 31 mart 2025-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər: Nəzərə alaraq ki: – Tərəflər yaranmış mübahisəni barışıq sazişinin bağlanması yolu ilə həll etmək barədə razılıq əldə etmişlər; – Tərəflər Cavabdeh MMC-yə iddiaçı tərəfindən borc kimi verilmiş vəsaitlərin Cavabdeh MMC-nin istifadəsində olan Kürdəmir rayonu ərazisində yerləşən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Seriya RX № ******* saylı, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən 49 il müddətində istifadəsində olan 3050 ha torpaq sahəsində və “SM Agro’' MMC-nin istifadəsində olan Kürdəmir rayonu ərazisində yerləşən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Seriya RX № ******* saylı, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən 49 il müddətində istifadəsində olan 3100 ha torpaq sahəsində aparılmış aqrotexniki işlərə sərf edilməsini təsdiq edirlər; – İddiaçı Şirkəti Cavabdeh MMC-də 99% iştirak payına malik olmaqla, həmin cəmiyyətin təsisçisidir. Aşağıdakı şərtlərlə hazırkı barışıq sazişini bağladılar:

1. Tərəflər razılığa gəlirlər ki, Cavabdeh MMC-nin fəaliyyətindən əldə edilən mənfəət ilk növbədə Cəmiyyətin 99% iştirak payına malik olan İddiaçı Şirkətinə olan borcunun ödənilməsinə yönələcəkdir.

2. Hazırkı mübahisə üzrə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu İddiaçı Şirkətinə aid ediləcəkdir.

3. Bu Saziş məhkəmə qərardadı ilə təsdiq edildiyi gündən qüvvəyə minir.

4. Bu Sazişlə bağlı hər hansı mübahisə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, Azərbaycan Respublikasının aidiyyatı məhkəmələri tərəfindən həll olunacaqdır.

5. Bu Saziş Azərbaycan dilində, eyni hüquqi qüvvəyə malik olan dörd nüsxədə tərtib edilmişdir.

6. Barışıq sazişinin bağlanması ilə bağlı Mülki Prosessual Məcəllənin 261-ci maddələrinin tələbləri tərəflərə məlumdur.

Məhkəmə müəyyən edir ki, barışıq sazişini iddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə imzalamış, saziş cavabdehin möhürü ilə təsdiq edilmiş, Nümayəndə müvafiq səlahiyyət 04 fevral 2025-ci il tarixli etibarnamə ilə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığıvə ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə “ 23 fevral 2024-cü il tarixli 01/2024 nömrəli qərardadının 46-cı bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən qanunazidlik və ya başqa şəxslərin mənafeyi barışığın təsdiq olunmasının prosessual şərtlərini özündə ehtiva edir. Çünki əsas təyinatı tərəflərin və məhkəmənin prosessual hərəkətlərini tənzimləmək olan MPM-in həmin normalarının məqsədi təsdiqetmənin prosedurunu (üsulunu) müəyyən etməkdir. Belə ki, məhkəmə önündə barışıq, prosessual icraat olduğundan onun təsdiqlənməsi də prosessual hüquqa tabedir. Bu səbəbdən məhkəmə barışığı təsdiqlədiyi anda onun görünən qanuni tələblərə uyğun olub-olmadığını (subyekt tərkibinə aid şərtləri – fiziki və ya hüquqi şəxsin mövcud olmasını, fəaliyyət qabiliyyətini, sazişi imzalayan təmsilçinin səlahiyyətlərini, razılaşmanın tərəflərin ifadə etdikləri iradələrini əks etdirməsini, sazişin şəxsiyyətin hüquqlarına, məcburi hüquq normalarına, ictimai qaydaya və ya əxlaqa zidd olmamasını, yaxud hansısa şərtin etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin bir tərəfinə zərər vurub-vurmadığını və s.) yoxlayır və protokollaşdırır. Əgər məhkəmə barışığın bu şərtlərə uyğun olduğu qənaətinə gələrsə, onu təsdiqləyərək işin icraatına xitam verir, əks halda təsdiqdən imtina edir. Təsadüfi deyil ki, bu xüsusatla bağlı MPM-in 52.5-ci maddəsində “məhkəmə belə hərəkətləri qəbul etmir “ ifadəsi işlədilmişdir. Odur ki məhkəmənin fəaliyyəti bu prosessual hərəkətlərin yerinə yetirilməsi ilə məhdudlaşır. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə barışıq sazişi təsdiq edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.4-cü maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Məhkəmə hesab edir ki, adıçəkilən barışıq sazişində iddiaçının ödədiyi məhkəmə xərcinin – dövlət rüsumunun iddiaçıya aid edilməsi razılaşdırıldığından həmin razılığa uyğun olaraq da qərar qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı Şirkəti ilə Cavabdeh arasında bağlanmış barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: Nəzərə alaraq ki: – Tərəflər yaranmış mübahisəni barışıq sazişinin bağlanması yolu ilə həll etmək barədə razılıq əldə etmişlər; – Tərəflər Cavabdeh MMC-yə iddiaçı tərəfindən borc kimi verilmiş vəsaitlərin Cavabdeh MMC-nin istifadəsində olan Kürdəmir rayonu ərazisində yerləşən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Seriya RX № ******* saylı, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən 49 il müddətində istifadəsində olan 3050 ha torpaq sahəsində və “SM Agro’' MMC-nin istifadəsində olan Kürdəmir rayonu ərazisində yerləşən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Seriya RX № ******* saylı, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən 49 il müddətində istifadəsində olan 3100 ha torpaq sahəsində aparılmış aqrotexniki işlərə sərf edilməsini təsdiq edirlər; – İddiaçı Şirkəti Cavabdeh MMC-də 99% iştirak payına malik olmaqla, həmin cəmiyyətin təsisçisidir. Aşağıdakı şərtlərlə hazırkı barışıq sazişini bağladılar:

1. Tərəflər razılığa gəlirlər ki, Cavabdeh MMC-nin fəaliyyətindən əldə edilən mənfəət ilk növbədə Cəmiyyətin 99% iştirak payına malik olan İddiaçı Şirkətinə olan borcunun ödənilməsinə yönələcəkdir.

2. Hazırkı mübahisə üzrə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu İddiaçı Şirkətinə aid ediləcəkdir.

3. Bu Saziş məhkəmə qərardadı ilə təsdiq edildiyi gündən qüvvəyə minir.

4. Bu Sazişlə bağlı hər hansı mübahisə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, Azərbaycan Respublikasının aidiyyatı məhkəmələri tərəfindən həll olunacaqdır.

5. Bu Saziş Azərbaycan dilində, eyni hüquqi qüvvəyə malik olan dörd nüsxədə tərtib edilmişdir.

6. Barışıq sazişinin bağlanması ilə bağlı Mülki Prosessual Məcəllənin 261-ci maddələrinin tələbləri tərəflərə məlumdur.

İddiaçı Şirkətinin Cavabdehnə qarşı “borc müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar