Məhkəmə qərarları › İş №e-2-2(113)-2767/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2767/2025

26.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2767/2025 26.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı icarə müqaviləsinə xitam verilməsi, cavabdehin obyektdən çıxarılması, obyektin geri qaytarılması və icarə haqqı tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: icarə müqaviləsi, müqavilənin ləğvi, əmlakın qaytarılması, icarə haqqı tələbi) X12 Seyfəddin oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçının nümayəndəsi X6, Cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı xx.xx.2024-cü il tarixli müqavilənin ləğv edilməsi və s. tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı MMC Bakı Kommersiya məhkəməsinə müraciət edərək Cavabdeh MMC ilə bağlanılmış xx.xx.2024-cü il tarixli sub-icarəsi müqaviləsinin ləğv edilməsi, sub-icarədə olan ünvan 1 ünvanda yerləşən 20 kv/m sahənin boşaldılıb təhvil verilməsi və ödənilməmiş icarə haqqı olaraq 400 (dörd yüz) manatın, ixtisaslı hüquqi yardım göstərilməsi üçün vəkillik qurumuna ödənilmiş 300 (üç yüz) manatın və dövlət rüsumuna görə ödənilmiş 100 (yüz) manatın Cavabdeh MMC-dən tutulub İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC təsis edilərək xx.xx.2022-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən qeydiyyata alınmışdır. Cəmiyyətin qanuni təmsilçisi və direktoru X2r. Cəmiyyətin Nizamnamə fəaliyyətinin həyata keçirilməsinin təmin edilməsi üçün ofis kimi istifadə edilməsi məqsədi ilə zəruri olduğundan mülkiyyətçi X3 ilə İddiaçı MMC arasında Bakı şəhəri 1 saylı Notariat Ofisinin xüsusi notariusu X5 tərəfindən təsdiq edilərək reyestrdə 3M-303 nömrə ilə qeydə alınaraq informasiya sisteminə daxil edilmiş xx.xx.2022-ci il tarixli İcarə Müqaviləsi əsasında aylıq icarə haqqı 2000 (iki min) manat olmaqla icarəyəverənin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 256,2 kv/m olan 7 otaqdan ibarət yaşayış sahəsini icarəyə götürmüşdür. X7 3-cü bəndinə əsasən icarə müddəti xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixədək müəyyən edilmiş və onun bitməsinə bir ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha bir il uzadılmış hesab edilməsi nəzərdə tutulmuşdur. İcarə müqaviləsinin 7-ci bəndinə əsasən “İcarəçi” icarəyə götürdüyü əmlakı ikinci əldən icarəyə verə bilər. Bu halda icarəçi 3-cü şəxsin istifadəsi zamanı əmələ gələn təqsir üçün məsuliyyət daşıyır. İcarəyə götürülmüş sahənin müəyyən hissəsi tərəflərindən istifadə edilmədiyinə görə İddiaçı MMC ilə hazırda cavabdeh olan Cavabdeh MMC arasında (direktor Qanuni nümayəndə) xx.xx.2024-cü il tarixdə bağlanılmış Sub-İcarə Müqaviləsi cmp-01 əsasən 20 kv/m sahə aylıq icarə haqqı 200 (iki yüz) manat olmaqla həmin MMC-yə sub-icarəyə verilmişdir. Müqavilənin 2.2-ci bəndinə əsasən Sub-İcarə Müqaviləsi 1(bir) il müddətinə bağlanmışdır və icarə müddəti 12 yanvar 2025-ci ildə başa çatır. Həmin Sub-İcarə Müqaviləsinin 4.4-cü bəndinə əsasən müqavilənin 3.1.5-ci bəndi ilə icarəçiyə aid edilən xərclər icarə haqqına daxil deyil və icarəçi tərəfindən ayrıca ödənilir. Həmin xərclər sırasına Elektrik enerjisi, rabitə və digər kommunal xərclər daxildir. Tərəflərindən xx.xx.2024-cü ildə Cavabdeh MMC-yə həm poçt vasitəsi, həm də e-taxes.gov.az İnternet Vergi idarəsi saytı vasitəsi ilə məktub göndərilərək İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış emp-01 nömrəli xx.xx.2024-cü il tarixli subicarə müqaviləsinin 10-cu bəndinə əsaslanaraq müqaviləyə xitam vermək niyyətində olduqlarını bildirmişlər. Müqavilənin şərtlərinə uyğun olaraq xitam vermə prosesi üçün ən azı 1 (bir) ay əvvəl yazılı xəbərdarlıq tələb edilir. Bu məktub rəsmi xəbərdarlıq olaraq təqdim edilir. Məktubun göndərilmə tarixini nəzərə alaraq aralarında bağlanmış müqavilə 12 yanvar 2025-ci il tarixdə subicarəyə verilmiş 20 kv/m sahə təhvil verilməlidir. Eyni məzmunlu məktub internet vergi kabinetinə də göndərilir. Təkrarən xx.xx.2024-cü il tarixdə eyni qayda ilə cavabdehə məktub göndərilərək müqavilənin şərtlərinə uyğun olaraq bir ay əvvəl yazılı xəbərdarlıq tələb olunması nəzərə alınmaqla sub-icarəyə götürülmüş sahənin xx.xx.2025-ci il tarixdə boşaldılaraq təhvil verilməsi xahiş edilmişdir. Müqavilə ilə nəzərdə tutulmuş şərtlərə əməl edilməklə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh tərəfindən sub-icarəyə götürülmüş sahə boşaldılmadığına görə xx.xx.2025-ci ildə Cavabdeh MMC-yə həm poçt vasitəsi ilə, həm də e-taxes.gov.az İnternet Vergi idarəsi saytı vasitəsi ilə məktub göndərilərək bildirmişlər ki, aralarında bağlanmış emp-01 nömrəli subicarə müqaviləsi xx.xx.2025-ci ildə bitmişdir və bununla bağlı cavabdehə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə bildirişlər göndərilmişdir, lakin hələdə cavabdeh sahəni boşaldıb iddiaçıya təhvil verməmişdir. xx.xx.2025-ci il tarixdə əşyalarınız sahədən çıxarılmasa əşyalarınız iddiaçı tərəfindən sahədən çıxarılacaq və itən və ya yararsız hala düşən əşyaya görə məsuliyyət daşımırlar. Cavadehin qanuni təmsilçisi Qanuni nümayəndə qeydiyyat ünvanına iddiaçı tərəfindən “Azari Ekspress” surətli poçt vasitəsi ilə xx.xx.2025-ci il tarixdə rəsmi məktub göndərərək təkrarən subicarə müqaviləsi üzrə müddətin başa çatdığını, həmçinin dəfələrlə bu barədə Cavabdeh MMC-yə onun İnternet Vergi İdarəsi vasitəsi ilə xəbərdarlıq məktubları göndərərək icarə sahəsinin boşaldılıb təhvil verilməsini, eyni zamanda icarə haqqı üzrə yaranmış borcun ödənmədiyi barədə məlumat verərək 3 gün müddətində icarə sahəsini boşaldıb təhvil verilməsi xahiş edilsə də, onun ünvanda olmaması və poçt kuryerinin telefonla saxladığı əlaqə zamanı Bakıda olmadığını bildirməsi səbəbindən məktubun ona təqdim edilməsi mümkün olmasa da, məzmunu barədə ona məlumat verilmişdir. Bütün göstərilənlərə baxmayaraq bu günə qədər cavabdeh tərəfindən sub-icarəyə götürülmüş sahə boşaldılııb iddiaçıya təhvil verilmir, həmçinin icarə haqqı da ödənilmir. Həmin sahəyə isə özlərinin ehtiyacları var. Cavabdeh tərəfindən müqavilə öhdəliyinin yerinə yetirilməməsi nəticəsində məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.4, 387.1, 423.1, 700.1,700.3-cü maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir, əlavə olaraq bildirmişdir ki, şifahi və yazılı olaraq dəfələrlə cavabdeh tərəfə həmin obyektdən çıxmasına dair xəbərdarlıq edilmişdir. Lakin rəsmi olaraq keçən il pretenziya göndərilmişdir. Cavabdehin qanuni nümayəndəsi X10 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, cavabdeh tərəf hər ay icarə haqqını vaxtlı vaxtında ödəmişdir. Müqavilə öhtəliklərini pozmamışlar. 3 ildir ki, həmin icarəyə götürdüyü sahədən istifadə edir və hər il həmin müqavilə yenilənirdi. Cavabdeh hesab edir ki, onların icarə sahəsindən çıxarılması üçün heç bir əsas yoxdur. Cavabdehin nümayəndəsi məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: X3 ilə İddiaçı MMC arasında Bakı şəhəri 1 saylı Notariat Ofisinin xüsusi notariusu X5 tərəfindən təsdiq edilərək reyestrdə 3M-303 nömrə ilə qeydə alınaraq informasiya sisteminə daxil edilmiş xx.xx.2022-ci il tarixli İcarə Müqaviləsindən görünür ki, müqavilə əsasında aylıq icarə haqqı 2000 (iki min) manat olmaqla icarəyəverənin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 256,2 kv/m olan 7 otaqdan ibarət yaşayış sahəsini icarəyə götürmüşdür. X7 3-cü bəndinə əsasən icarə müddəti xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixədək müəyyən edilmiş və onun bitməsinə bir ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha bir il uzadılmış hesab edilməsi nəzərdə tutulmuşdur. İcarə müqaviləsinin 7-ci bəndinə əsasən “İcarəçi” icarəyə götürdüyü əmlakı ikinci əldən icarəyə verə bilər. Bu halda icarəçi 3-cü şəxsin istifadəsi zamanı əmələ gələn təqsir üçün məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı MMC ilə - hazırda cavabdeh olan Cavabdeh MMC arasında (direktor Qanuni nümayəndə) xx.xx.2024-cü il tarixdə bağlanılmış Sub-İcarə Müqaviləsindən (cmp-01) görünür ki, həmin müqaviləyə əsasən 20 kv/m sahə aylıq icarə haqqı 200 (iki yüz) manat olmaqla cavabvdeh MMC-yə sub-icarəyə verilmişdir. Müqavilənin 2.2-ci bəndinə əsasən Sub-İcarə Müqaviləsi 1 (bir) il müddətinə bağlanmışdır və icarə müddəti 12 yanvar 2025-ci ildə başa çatır. Həmin Sub-İcarə Müqaviləsinin 4.4-cü bəndinə əsasən müqavilənin 3.1.5-ci bəndi ilə icarəçiyə aid edilən xərclər icarə haqqına daxil deyil və icarəçi tərəfindən ayrıca ödənilir. İş materiallarına əlavə edilmiş (subicarəyəverən) X1 məxsus "xxxx" ASC-də olan **********761565 nömrəli bank kartının hesabdan görünür ki, xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən 700 AZN məbləğində ödənişlər edilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2024 və xx.xx.2024cü il tarixli, eyni məzmunlu pretenziya məktublarında 12 yanvar 2024-cü il tarixdə bağlanmış icarə müqaviləsinin müddəti 12 yanvar 2025-ci il tarixdə bitməsini, subicarə müqaviləsinin 10-cu bəndinə əsaslanaraq müqaviləyə xitam vermək niyyətində olduqlarını, müqavilənin şərtlərinə uyğun olaraq xitam vermə prosesi üçün ən azı bir ay əvvəl yazılı xəbərdarlıq tələb olunduğunu və bu səbəbdən bu məktubun rəsmi xəbərdarlıq olaraq təqdim etdiyini bildirmişlər. Xahiş edilmişdir ki, müvafiq hazırlığı tamamlayıb razılaşdırılmış şərtlər əsasında 12 yanvar 2025-ci il tarixədək icarədə olan qeyri yaşayış sahəsinin təhvil versinlər. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2025-ci il tarixli, məktubunda 12 yanvar 2024-cü il tarixdə bağlanmış icarə müqaviləsinin müddəti 12 yanvar 2025-ci il tarixdə bitdiyini, cavabdehin əşyalarının hələdə icarəyə götürülmüş sahədə qaldığını və əgər əşyalarının mübahisəli sahədən çıxarılmasa əşyaları iddiaçı tərəfindən sahədən çıxarılacaq və itən və ya yararsız hala düşən əşyaya görə məsuliyyət daşımayacaqlarını bildirmişlər. xx.xx.2025-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən 101 manat dövlət rüsumu ödəmişdir. xx/xx/2025-ci il tarixli, ödəniş qəbzindən görünür ki, 4 saylı vəkil bürosuna hüquqi yardım göstərilməsi üçün 300 manat pul ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Məhkəmə baxışının hədləri Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İcarə müqaviləsinin ləğv edilməsi, pulun tutulması və icarə obyektinin qaytarılması tələbi ilə bağlı Məhkəmənin mövqeyi Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, İddiaçı MMC ilə hazırda cavabdeh olan Cavabdeh MMC arasında (direktor Qanuni nümayəndə) xx.xx.2024-cü il tarixdə bağlanılmış Sub-İcarə Müqaviləsi cmp-01 əsasən ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 256,2 kv/m olan 7 otaqdan ibarət qeyri yaşayış sahəsinin 20 kv/m sahə hissəsi aylıq icarə haqqı 200 (iki yüz) manat olmaqla həmin MMCyə sub-icarəyə verilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə bağlanılmış Sub-İcarə müqaviləsinin ləğv edilməsi, cavabdehin icarəyə verilmiş obyektdən çıxarılmasını, ödənilməmiş 400 manat icarə haqqının, hüquqi yardım üçün ödənilmiş 300 manatın və 100 manat dövlət rüsumunun tutulmasını tələb edir. Cavabdeh iddiaya etiraz edərək, icarə haqqının vaxtlı-vaxtında ödədiyini, müqavilənin şərtlərini pozmadığını və bu səbəbdən iddianın rədd olunmasını xahiş edir. Məhkəmə kommersiya mübahisəsinin həlli üçün aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Göründüyü kimi, icarə müqaviləsi icarəçi ilə icarəyəverən arasında əmlak kirayəsi müqaviləsi olub, icarəyəverənin icarəçiyə icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququnu verməyi, icarəçinin isə müəyyənləşdirilmiş icarə haqqını ödəməyi öhdəsinə götürdüyü icrası davamlı olan öhdəlik münasibətini ifadə edir. Ümumi qaydaya görə icarə münasibətlərinə müqavilənin müddəti bitdikdə xitam verilir. Belə ki, Mülki Məcəllənin 689.1-ci maddəsinə əsasən, kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdikdə xitam verilir. Hazırkı iş üzrə iddianın faktiki əsası qismində xx.xx.2024-cü il tarixdə bağlanılmış Sub-İcarə müqaviləsinin 10-cu bəndinə və icarə haqqının ödənilmədiyinə istinad olunur. Tərəflər arasında xx.xx.2024-cü il tarixdə bağlanılmış Sub-İcarə müqaviləsinin 10.1-ci bəndinə əsasən müqavilənin qüvvədə olduğu müddətinin qurtarmasına bir ay qalmış tərəflərin heç biri müqaviləyə xitam verilməsi barədə niyyətini bildirmədiyi halda müqavilə gələn bir il müddətinə uzadılmış hesab edilir. İddiaçının cavabdehə xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə ünvanladığı və poçt və cavabdehin e-taxes.gov.az İnternet Vergi idarəsi saytı vasitəsi ilə göndərilmiş xəbərdarlığı”ndan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC 12 yanvar 2024-cü il tarixdə bağlanmış icarə müqaviləsinin müddəti 12 yanvar 2025-ci il tarixdə bitməsini, subicarə müqaviləsinin 10-cu bəndinə əsaslanaraq müqaviləyə xitam vermək niyyətində olduqlarını, müqavilənin şərtlərinə uyğun olaraq xitam vermə prosesi üçün ən azı bir ay əvvəl yazılı xəbərdarlıq tələb olunduğunu və bu səbəbdən bu məktubun rəsmi xəbərdarlıq olaraq təqdim etdiyini bildirmişlər. Xahiş edilmişdir ki, müvafiq hazırlığı tamamlayıb razılaşdırılmış şərtlər əsasında 12 yanvar 2025-ci il tarixədək icarədə olan qeyri yaşayış sahəsinin təhvil versinlər. Göründüyü kimi tərəflər müqavilədə razılaşdırmışlar ki, müqavilənin qüvvədə olduğu müddətin qurtarmasına bir ay qalmış tərəflərin heç biri müqaviləyə xitam verilməsi barədə niyyətini bildirmədiyi halda müqavilə gələn bir il müddətinə uzadılmış hesab olunur. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə bağlanılmış Sub-İcarə müqaviləsinin 10-cu bəndinə əsasən icarəyə verən müqavilənin şərtlərinə uyğun olaraq bir ay əvvəl icarəyə götürəni məlumatlandırmış və bu səbəbdən icarə müqaviləsi xx.xx.2025-ci il tarixdən artıq uzadılmamışdır. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2024-cü il tarixdə bağlanılmış Sub-İcarə müqaviləsi artıq vaxtı (qüvvədən düşdüyündən) bitdiyindən ləğv edilə bilməz. Məhkəmə 400 manat icarə haqqının tutulması tələbi ilə bağlı qeyd edir ki, icarə haqqı son dəfə xx.xx.2024-cü il tarixdə 700 manat məbləğində ödənilmiş, iddiaçı isə məhs hansı aylar üçün icarə haqqı ödənilmədiyini əsaslandırmadığından iddia tələbi həmin hissədə əsassızdır və təmin edilə bilməz. Məhkəmə cavabdehin icarə obyektindən çıxarılması tələbinə münasibətdə isə göstərir ki, Mülki Məcəllənin 697.1-ci maddəsinə əsasən, kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Tərəflər arasındakı xx.xx.2024-cü il tarixdə bağlanılmış Sub-İcarə münasibətlərinin xx.xx.2025-ci il tarixdən vaxtı bitdiyini nəzərə alan məhkəmə hesab edir ki, Cavabdeh MMC ünvan 1 ünvanda yerləşən 20 kv/m sahəni boşaldıb təhvil verməlidır. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, vəkil xidmətlərinə görə 300 manat xidmət haqqı iddiaçı tərəfindən ödənilmişdir. Həmçinin, dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 100 manat təşkil edir və dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Odur ki, hazırkı qətnamə ilə iddia tələbi əsas tələb üzrə təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC ilə bağlanılmış xx.xx.2024-cü il tarixli sub-icarə müqaviləsinin üzrə sub-icarədə olan ünvan 1 ünvanında yerləşən 20 kv/m sahə boşaldılıb iddiaçı "xxxx" MMC-yə təhvil verilsin. İxtisaslı hüquqi yardım göstərilməsi üçün vəkillik qurumuna ödənilmiş 300 (üç yüz) manat və dövlət rüsumuna görə ödənilmiş 100 (yüz) manat Cavabdeh MMC-dən tutulub İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. X14

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar