Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2770/2025 15.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: borcun silinməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ("xxxx" ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən İddiaçı məxsus qeyriyaşayış obyektinə dair **********2 nömrəli abonent kodu üzrə yazılmış 6415 (altı min dörd yüz on beş) manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı məxsus qeyri-yaşayış obyektinə dair **********2 nömrəli abonent kodu üzrə 6415 manat borcu olduğu bildirilmiş, iddiaçının xəbəri olmadan əsassız akt qəbul edilmiş və sistemdə də həmin məbləğdə borc əksini tapmışdır. Bildirilmişdir ki, borc kimi müəyyənləşdirilmiş məbləğ iddiaçının sərfiyyatına uyğun deyil. Cavabdeh idarəyə yaxınlaşaraq orada da pretenziya - ərizə ilə dəfələrlə müraciət etmişdir ki, düzgün hesablanma aparılmayıbdır. Buna dair dürüstləşmə aparılacağı, əsassız hesablanmış borcun silənəcəyi qeyd edilsə də, təəssüflər olsun ki, qanuni tələblər tam təmin edilməyərək, əsassız hesablanmış borc hələ də qalmışdır. Müraciətlərdə dəfələrlə vurğulanmışdır ki, sayğaca, sərfiyata nəzarət etmək məhz cavabdehin əməkdaşlarının işidir, belə ki, illər üzrə olan sərfiyyata, ödənişlərə baxılsın, o cümlədən cavabdehin əməkdaşlarının işə laqeyd yanaşması nəticəsində sayğacda yaranmış problem səbəbindən əsassız şəkildə yüklənmiş borc məbləği silinməlidir. Belə ki, iddiaçıya məxsus qeyri-yaşayış obyekti iki tərəflidir və hər iki tərəfin texniki şərti var. Belə ki, bir tərəfin kodu **********2, digər tərəfin kodu isə **********6-dır. Obyektdə xx.xx.2024-cü il tarixinə kimi **********6 kodlu sayğacdan istifadə edilmişdir, yəni akt yazılan **********2 nömrəli sayğac uzun müddətdir ki, istifadə edilməmişdir. İddiaçı xx.xx.2024-cü il tarixində Xırdalan İşıq İdarəsinin işçilərinin qoşması ilə əsassız borc yazılmış **********2 nömrəli sayğacdan istifadə etməyə başlamışdır, yəni sözügedən xətt cavabdeh idarənin əməkdaşlarının iştirakı ilə qoşulubdur. Buna baxmayaraq, xx.xx.2024-cü il tarixində nəzarətçi zəng edərək bildirmişdir ki, sayğacın yanıb, nə zaman baş tutduğu haqqında isə dolğun cavab verən olmadı. Sayğacın yanması səbəbindən cavabdeh idarənin əməkdaşlarının iştirakı ilə xx.xx.2024-cü il tarixində yeni sayğac quraşdırıldı. Halbuki təzə əldə edilən akta nəzər yetirdikdə orada guya iddiaçının şifahi müraciəti əsasında üvanda olduqları, quraşdırılmış sayğacın qısaqapanma nəticəsində üst gövdəsinin yandığı və atdığı, sayğacın tam yararsız hala düşdüyü qeyd olunmuşdur, bununla yanaşı sözügedən aktın tələb hissəsində obyektə yeni sayğac quraşdırılsın müddəası əks olunmuşdur. Bir daha qeyd edilir ki, iddiaçının sözügedən aktın yazılmasından xəbəri olmayıb, bu barədə heç bir məlumat verilməyib. Odur ki, aktda yazılan qeydlər göstərir ki, cavabdeh qurum özlərini haqlı çıxartmaq, hansısa məbləği qanunsuz şəkildə yazmaq üçün o cür fikirlər irəli sürmüşlər, lakin akt da təsdiq edir ki, hadisə iddiaçının təqsiri üzündən baş tutmayıb. Qeyd edinlənlər azmış kimi, bir müddətdən sonra əsassız şəkildə akt yazaraq 6415 manat borcun (cərimənin) olduğu bildirildi. Gizlin və əsassız şəkildə akt yazılması ilə yanaşı xəbərdarlıq olmadan işığı kəsdilər və nəticədə bir çox əmlaka ziyan dəydi və həmçinin motorlar yandı. İddiaçı hüquqların müdafiəsi üçün aidiyyəti şəxslərin yanında olmuş, əsassız hesablamaları fakt və sübutlarla diqqətə çatdırmış, enerjinin verilməsinin təmin edilməsi, yəni əlavə ziyanlara düşməmək üçün və hətta onların təsiri ilə məcbur qalıb müəyyən məbləğdə ödənişlər etmiş və şikayətçi olduğu səbəbindən işığın verilməsinin təmin edilməsini tələb etmişdir. Əsassız hesablama apardıqlarından, qanunsuz borc yazdıqlarını özləri də gördüklərindən enerjinin verilməsini təmin etsələr də, sonradan borcu tam şəkildə silməyərək hər dəfə hədə-qorxu gəlirlər ki, kəsəcəyik, enerjinin verilməsini dayandıracağıq. İddiaçı tərəfindən cavabdehə ünvanlanan müraciətlərə cavab verilməsini, şikayətin, mübahisənin olması səbəbindən enerjinin verilməsinin dayandırılmasının qanunauyğun olmadığını bildirsə də, nə şikayətlərə, pretenziyalara cavab verilir, nə də ki, tələb təmin edilərək əsassız yazılmış borc tam şəkildə silinir. Sözügedən məbləğin hansı qaydada, hansı meyarlar əsasında hesablanmasına heç bir aydınlıq gətirilməmişdir. Edilən bütün müraciətlər birmənalı olaraq cavabsız qoyulmuşdur. Əgər yazdıqları borc qanuni idisə, niyə guya dürüstləşmə aparırdılar? Niyə guya əlavə araşdırma aparırdılar? Nə üçün iddiaçını dəfələrlə qəbul edib, lakin müraciətlərə əsaslı cavab verməyiblər? Mübahisəni məhkəməmədən kənar şəkildə həll etmək istəmiş, razılaşma mümkün olmadığı üçün pozulmuş hüquqların bərpası üçün aidiyyəti qaydada məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşin hallarına, qanunvericiliyin tələblərinə əsasən bildirilmişdir ki, iddianın təmin edilməsi və borc qismində əsassız hesablanmış 6415 manat məbləğin silinməsi zəruridir. Bildirilmişdir ki, tələb qanunvericiliyə uyğun araşdırılmamış və cavabdeh tərəfindən edilmiş hərəkətlər işin əsl hallarına adekvat deyil. Çünki mövcud borcun iddiaçıya heç bir aidiyyəti yoxdur. Qanunvericilikdə nəzərdə tutulmuş zəruri sənədlərin (enerji təchizatı müqaviləsi, abonent kodu, sərfiyyatlar və s) hər biri iddiaçı tərəfindən təqdim edilsə də, nədənsə tələb bu günədək təmin edilmir, iddiaçıya aidiyyəti olmayan məbləğdə borc öhdəlik kimi iddiaçının üzərinə qoyulur. Lakin düzgün, qanuni araşdırılma aparıldıqda həmin borcun iddiaçının təqsiri üzündən yaranmaması, o borca görə məsuliyyət daşımadığı bəlli olur. Məlumdur ki, elektrik enerjisi üzrə borc hesablanması aylıq hesab dövrü üzrə gedir. Nazirlər Kabinetinin “Elektrik enerjisindən istifadə haqda qaydalar”ının tələbini əsas tutaraq bildirilmişdir ki, hesablanmış borc sayğac üzrə müəyyənləşmiş dövrlər üzrə sərfiyyata uyğun gəlmir, tamamilə ziddiyyət təşkil edir. İddiaçının hər iki xəttdən istifadə etdiyindən cavabdehin xəbəri vardı. Bu səbəbdən bildirilmişdir ki, cavabdehə də çox yaxşı məlumdur ki, iddiaçının heç bir təqsiri olmadan yandığı bildirilən sayğac üzrə guya sərfiyyat nisbətində yazılmış borc heç cürə yarana bilməz. Görünən odur ki, cavabdeh öz pozuntusunu iddiaçıya yükləmək, o cümlədən də əlavə əsassız borc məbləği yazmaqla həmin pulu ona ödətdirmək istəyir. Qeyd edilənlərdən açıq-aydın bəlli olur ki, iddiaçının qanunla təsbit edilmiş hüquqlarına məhdudiyyət də qoyulmamalı, ona aid olmayan, cavabdeh tərəfindən düzgün hesablanmayan, illər üzrə mövcud sərfiyyatla uzlaşmayan borc da mütləq şəkildə silinməlidir. Əks yanaşma Azərbaycan Respublikası Mülki Məcəlləsinin, Mülki Prosessual Məcəlləsinin, Nazirlər Kabinetinin “Elektrik enerjisindən istifadə haqda qaydalar”ının və digər zəruriaktların tələblərinə ziddir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560-cı maddəsinə istinad edilmişdir.
4. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin azaldılması” barədə ərizə verərək, "xxxx" ASC tərəfindən ona məxsus qeyri-yaşayış obyektinə dair **********2 nömrəli abonent kodu üzrə əsassız hesablanmış 3563,8 manat (üç min beş yüz altmış üç manat səksən qəpik) borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizədə qeyd olunmuşdur ki, məhkəməyə təqdim edilmiş sənədlərdən də göründüyü kimi, mübahisələndirilən borc üzrə cavabdeh tərəfindən 2851,2 manat məbləğində dürüstləşmə aparılmışdır. Bu səbəbdən də iddianın tələb hissəsində dəqiqləşmə aparılması zərurəti yaranmışdır.
5. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən **********2 saylı abunə kodu üzrə sayğaca baxış keçirən zaman məlum olmuşdur ki, elektrik sayğacı tam yanmış, bu səəbdən işlədicilər şəbəkəyə birbaşa qoşulmuşdur. Baxış zamanı xx.xx.2024-cü il tarixli, NİQ001999 nömrəli akt tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən: 50 kvt x 16 saat x 90 gün = 58320 kVts (0,11) 6415 manat. Tərtib edilmiş akt və icra vərəqəsindən göründüyü kimi, akt qanuni və əsaslı tərtib edilmişdir. Akt əsasında hesablanmış məbləğ cərimə deyil, iddiaçının ay üzrə elektrik enerjisindən istifadəyə görə yaranmış və ödənilməmiş borc məbləğidir. “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.16-cı maddəsinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakə dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Ona görə də iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.
6. Cavabdeh "xxxx" ASC-yə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
7. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində və iddia tələbinin azaldılması barədə ərizədə göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və eyni zamanda bildirdi ki, mübahisələndirilən borcdan ödənişlər edilməmişdir.
8. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 001999 nömrəli aktdan görünür ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən İddiaçı məxsus obyektdə (mağazada) sayğac yoxlanılmış, abonentin elektrik sayğacının tam yandığı, bu səbəbdən də işlədicilər şəbəkəyə birbaşa qoşulduğu qeyd edilmiş, yeni elektrik sayğacının quraşdırılması tələb edilmişdir. Aktda “abonentin nümayəndəsi” qrafasının qarşısı boşdur (ad soyad, imza və s. məlumatlar yoxdur).
9. "xxxx" ASC-nin akt komissiyasının sədri tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, icra vərəqəsindən müəyyən olunur ki, Abşeron rayonu, Xırdalan şəhəri, Müşviqabad qəsəbəsində yerləşən və İddiaçı məxsus marketin sayğacı yanmış, bu səbəbdən işlədicilər şəbəkəyə birbaşa qoşulmuşdur. Bunun nəticəsində İddiaçı 6415 manat məbləğində borc yazılmış və sayğacın yenisi ilə əvəz edilməsi tələb edilmişdir. İcra vərəqəsinin əsası kimi 001999 nömrəli akt qeyd olunmuşdur.
10. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ********* nömrəli hesab ödəniş vərəqində qeyd edilmişdir ki, İddiaçı 001999 nömrəli akt əsasında hesablanmış 6415,2 manat məbləğin ödənilməsi tələb edilmişdir. eyni zamanda həmin tarixə qalıq borcun 6426,27 manat təşkil etdiyi qeyd olunur. Borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın tələblərinə əsasən elektrik enerjisinin verilişi heç bir xəbərdarlıq edilmədən dayandırılacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
11. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ********* nömrəli hesab ödəniş vərəqində qeyd edilmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixə qalıq borcu 5527,64 manat təşkil edir. Borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın tələblərinə əsasən elektrik enerjisinin verilişi heç bir xəbərdarlıq edilmədən dayandırılacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
12. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ********* nömrəli hesab ödəniş vərəqində qeyd edilmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixə qalıq borcu 5845,94 manat təşkil edir. Borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın tələblərinə əsasən elektrik enerjisinin verilişi heç bir xəbərdarlıq edilmədən dayandırılacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
13. "xxxx" ASC tərəfindən müraciətin araşdırılmasına dair abonentə ünvanlanmış məktubda deyilir ki, sizin elektrik enerji sərfiyyatına görə yaranmış borcun araşdırılmasına dair "Azərşıq'' ASC-yə daxil olmuş müraciətinizə (xx.xx.2024-cü İİ tarixil, M-12997-5/2024 nömroll) baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk kl, **********2 nömrəll abunə kodu üzrə mənzilin elektrik enerji hesabatı haqqında Abunə vərəqi təhlil olunmuş və "xxxx" ASC-nln nəzdində fəaliyyət göstərən komissiyada xx.xx.2024-cü il tarixində protokol tərtib olunaraq, kompüter məlumatlar bazasında 25920 kVt.s (2851,2 manat) elektrik enerjisi dəyərinə dürüstləşmə aparılmışdır.
14. "xxxx" ASC tərəfindən tərtib edilmiş abunə haqqında məlumatdan müəyyən olunur ki, iddiaçının xx.xx.2024-cü il tarixə 001999 nömrəli akt üzrə hesablanan borc 6415,2 manat təşkil edir, bütün sərfiyyat üzrə qalıq borc 3689,14 manat təşkil edir (sayğac oxunması: 92805,224150+ aktlar : 9506,920002 – ödəmələr: 98623 = qalıq: 3689,14 manat).
15. İddiaçı tərəfindən "xxxx" ASC-yə göndərilmiş il tarixli pretenziya məktubundan görünür ki, 6415 manat borc məbləğinin silinməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
16. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.
17. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.
18. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
19. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.
20. Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi
22. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında elektrik enerjisinin alqısatqısından yaranan öhdəlik hüquq münasibətləri mövcuddur. Cavabdeh iddiaçını elektrik enerjisi ilə təchiz edir, iddiaçı isə qarşılığnda müvafiq ödənişləri həyata keçirir. 2024-cü ildə "xxxx" ASC-nin əməkdaşları tərəfindən İddiaçı məxsus obyektdə (mağazada) sayğac yoxlanılması aparılmış, abonentin elektrik sayğacının tam yandığı, bu səbəbdən də işlədicilərin şəbəkəyə birbaşa qoşulduğu qeyd edilmiş, yeni elektrik sayğacının quraşdırılması tələb edilmişdir. Bununla bağlı "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixli, 001999 nömrəli akt tərtib edilmiş, cavabdehin nümayəndələri tərəfindən imzalanmışdır. Aktdan abonentin nümayəndəsinin iştirakının təmin olunması müəyyən olunmur. Eyni zamanda həmin akt əsasında xx.xx.2024-cü il tarixli icra vərəqəsi tərtib edilərək, İddiaçı 6415,2 manat məbləğində borc yazılmış, həmin məbləğin ödənilməsi iddiaçıdan tələb edilmişdir. İddiaçının müraciətlərindən sonra həmin məbləğin 2851,2 manat hissəsi silinmiş, qalıq məbləğ 3564 (6415,2-2851,2=3564) təşkil etmişdir.
23. İddiaçı **********2 nömrəli abonent hesabından cavabdeh tərəfindən xx.xx.2024cü il tarixli, 001999 nömrəli akt üzrə hesablanmış 3563,8 manat borcun silinməsini xahiş etmişdir.
24. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
25. Belə ki, işin hallarından göründüyü kimi, keçirilmiş yoxlamanın aparılması üçün qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edilməmiş, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir və hesablanmış məbləğ iddiaçıdan tutula və cavabdehin etirazı da əsaslı sayıla bilməz.
26. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. İddiaçı ilkin olaraq **********2 nömrəli abonent kodu üzrə yazılmış 6415 manat borcun silinməsini xahiş etmişdir. Daha sonra cavabdeh tərəfindən 2851,2 manat məbləğində borcun silinməsi qeyd edilmiş və **********2 nömrəli abonent kodu üzrə yazılmış 3563,8 manat borcun silinməsi məhkəmədən xahiş edilmişdir.
27. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli abunə haqqında məlumatdan görünür ki, abunəçinin qalıq borcu 3689,14 manat təşkil edir.
28. Məhkəmə qanunvericilik normalarını, işin müəyyən edilmiş hallarını nəzərə alaraq hesab edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2024-cü il tarixli, 001999 nömrəli akt əsasında hesablanmış 3563,80 manat (üç min beş yüz altmış üç manat səksən qəpik) məbləğində borc İddiaçı **********2 nömrəli abonent hesabından silinməlidir.
29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2024-cü il tarixli, 001999 nömrəli akt əsasında hesablanmış 3563,80 manat (üç min beş yüz altmış üç manat səksən qəpik) məbləğində borc İddiaçı **********2 nömrəli abonent hesabından silinsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova