Məhkəmə qərarları › İş №e-2-2(113)-2773/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2773/2021

17.07.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2773/2021 17.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə qarşı “tender təklifinin kənarlaşdırılması barədə qərarın qanunsuz hesab edilməsi və s. tələbi barədə kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin üzərinə İddiaçı “Texniki avadanlıqların satın alınması” adlı Açıq tender (eTender) 022470- R2 nömrəli müsabiqə üzrə tender təklifinin kənarlaşdırılması haqqında hərəkətlərin (qərarın) qanunsuz və əsassız hesab edilməsi, cavabdehdən 11431,84 manat məbləğində əldən çıxmış faydanın, ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X1 İnternet Portalında 01 aprel 2021-ci il tarixinə qədər dərc olunan məlumata əsasən, Cəmiyyətin tender üzrə qiymət təklifi kənarlaşdırılmışdır və Cəmiyyətin müsabiqə üzrə statusu “İddiaçı kənarlaşdırılıb” kimi qeyd edilmişdir. Bununla belə, Agentlik ilə aparılan danışıqlar nəticəsində məlum olmuşdur ki, satınalma müqaviləsi bağlanmamışdır, tender üzrə ən aşağı qiymət təklif etmiş iddiaçı ilə müqavilə bağlanması mümkün deyil, ikinci ən aşağı qiymət təklif etmiş şirkət isə İddiaçıdir, müsabiqə üzrə Cəmiyyətin təklifinin kənarlaşdırılması haqqında qərar yekun deyil və dəqiqləşdirilir. Bu məlumat isə yuxarıda göstərilən müsabiqənin son nəticələri üzrə qeyri-müəyyənliyin yaranmasına səbəb olmuşdur. Məsələni dəqiqləşdirmək üçün Cəmiyyət tərəfindən cavabdehə 09 aprel 2021-ci il tarixli, 292 nömrəli məktub ünvanlanmış, məktubda göstərilən müsabiqənin yekunları və son nəticələri barədə məlumat istənilmişdir. Cavabdehin 13 aprel 2021-ci il tarixli, **********1 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, göstərilən müsabiqənin yekun nəticələrinin X1 İnternet Portalında əks olunmaması tender komissiyasının başqa bir qərarı ilə bağlıdır, Cəmiyyətin tender təklifi isə kənarlaşdırılmışdır. Cavab məktubunda həmçinin bildirilmişdir ki, Cəmiyyət göstərilən müsabiqə üzrə tender təklifinin qüvvədə olma müddətini X1 İnternet Portalında müvafiq xanaya 30 (otuz) gün kimi qeyd etmişdir, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə görə tender təklifinin müddəti 30 bank günündən aşağı olmalı deyil və tender təklifi məhz bu səbəbdən kənarlaşdırılıb. İddiaçı Cavabdehin bu mövqeyinə etiraz etmiş, 15 aprel 2021-ci il tarixli, 323 nömrəli şikayət məktubunda göstərmişdir ki, Agentliyə ünvanlanan 05 mart 2021-ci il tarixli, 196 nömrəli məktubda tender təklifinin 05 mart 2021-ci il tarixindən 07 may 2021-ci il tarixinə kimi – yəni, 30 iş günündən də artıq bir müddətə etibarlı olması aydın şəkildə qeyd edilmişdir. Cavabdehin 23 aprel 2021-ci il tarixli, **********0 nömrəli və 30 aprel 2021ci il tarixli, **********7 nömrəli məktublarında isə İddiaçının tender təklifinin kənarlaşdırılması üçün yeganə səbəbin ancaq qüvvədə olma müddəti ilə bağlı elektron portalda göstərilən rəqəm olduğu bir daha bildirilmişdir. İddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi tarixdən ötən müddət ərzində X1 İnternet Portalından əldə edilmiş məlumata əsasən, cavabdeh göstərilən tender üzrə qalib tərəf kimi başqa bir şirkətlə müqavilə bağlamışdır və artıq müqavilənin icrasına başlanmışdır. Cavabdeh bununla da Cəmiyyət tərəfindən göstərilən müsabiqə üzrə qanunauyğun şəkildə hazırlanan və təqdim edilən bütün sənədlərin ancaq və yalnız bir yanlış rəqəm səbəbi ilə kənarlaşdırıla biləcəyini qanuni hesab etmişdir. Bu zaman Cavabdeh “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin tələblərini pozaraq, xırda hesab səhvlərini aradan qaldırmaq üçün İddiaçı ilə heç bir əməkdaşlıq qurmamış, heç bir dəqiqləşdirmə aparmamışdır. Nəticədə Cavabdehin əsassız və qanunsuz hərəkətləri nəticəsində Cəmiyyət tenderin qalibi elan edilməmiş, tender qalibi kimi əldə edə biləcəyi gəlirdən məhrum olmuşdur. Cəmiyyətin bir kommersiya qurumu kimi rentabellik göstəriciləri nəzərə alınmaqla, əldən çıxmış faydası 11431, 84 AZN təşkil edir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə2 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin nümayəndəsi Nümayəndə1 izahat verərək, iddiaya etiraz etdiyini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi tərəfindən 16 fevral 2021-ci il tarixdə “Texniki avadanlıqların satın alınması” üzrə elektron açıq tender proseduru keçirilmişdir. Elektron qaydada təqdim edilmiş təkliflər 18 mart 2021-ci il tarixdə qiymətləndirilərkən portalda “tender təklifinin qüvvədə olma müddətinin” 30 bank günündən az olmaması qeyd olunsa da, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müvafiq xanaya qeyd etdiyi 30 təqvim gününün 16 bank günü etməsi ilə bağlı müsabiqədən kənarlaşdırılmışdır. Cavabdeh tərəf məhkəmə iclasında portalda 30 təqvim gününü qeyd etdiyini etiraf etsə də ancaq, iddiaçıya sonradan tender təklifinin qüvvədə olma müddətinin 07 may 2021-ci il tarixədək göstərilmiş məktubun ünvanladığı bildirirdi. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz hərəkətləri nəticəsində tender qalibi elan edilmədiyini, onunla müqavilə bağlanmadığını, qalib kimi əldə edə biləcəyi gəlirdən məhrum olduğunu bildirərək tender təklifinin kənarlaşdırılması haqqında hərəkətlərin (qərarın) qanunsuz və əsassız hesab edilməsi, cavabdehdən 11431,84 manat məbləğində əldən çıxmış fayda tələb edir. Həmçinin məhkəmə qeyd edir ki, tərəflərin izahatı ilə müəyyən olunmuşdur ki, elan edilmiş “Texniki avadanlıqların satın alınması” üzrə elektron açıq tender üzrə qalib digər Şirkət olan Nur-SS elan edilmiş, onunla müqavilə bağlanmış və iş icra edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Belə ki, Dövlət satınalmaları haqqında Azərbaycan Respublikası Qanununun 25.1-1ci maddəsinə əsasən elektron satınalma vasitəsilə açıq tenderin keçirilməsi barədə elan tender təkliflərinin qiymətləndiriləcəyi gündən azı 20 bank günü əvvəl X1 internet portalı vasitəsilə dərc olunur. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən tender təkliflərinin qüvvədə olma müddəti tenderin əsas şərtlər toplusunda müəyyənləşdirilir. Bu müddət tender zərflərinin açıldığı gündən sonra azı 30 bank günü təşkil etməlidir. Həmin Qanunun 32.2-ci maddəsinə əsasən tender təkliflərinin qüvvədə olma müddəti satınalan təşkilatın təklifi əsasında malgöndərənlərin (podratçıların) razılığı ilə uzadıla bilər. Malgöndərən (podratçı) öz tender təklifinin təminatına olan hüququnu itirmədən satınalan təşkilatın belə təklifindən imtina edə bilər. Həmin Qanunun 36.5 və 36.5.3-cü maddələrinə satınalan təşkilat tender təklifi formal tələblərə uyğun gəlmirsə tender təklifinin kənarlaşdırılması barədə əsaslandırılmış qərar qəbul edir. Məhkəmə qeyd edir ki, işin hallarından, eyni zamanda qeyd olunan normaların tələblərindən də göründüyü kimi, “Texniki avadanlıqların satın alınması” üzrə elektron açıq tender proseduru zamanı iddiaçı “tender təklifinin qüvvədə olma müddətinin” 30 bank günü olmalı olduğu halda 30 təqvim günü göstərdiyindən formal tələblərə əməl etməmiş və müsabiqədən kənarlaşdırılmışdır. Belə olan halda, onun tender qalibi elan edilmədiyinə, onunla müqavilə bağlanmadığına görə qalib kimi əldə edə biləcəyi gəlirdən məhrum olması ilə bağlı 11431.84 manat məbləğində əldən çıxmış faydanın tələb edilməsi də, əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş pul vəsaiti iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə qarşı “tender təklifinin kənarlaşdırılması barədə qərarın qanunsuz hesab edilməsi və s. tələbi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar