Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-278/2023 30.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Cəfərzadə Şəhriyar Rəhman oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğvi və maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 12 saylı Notariat Ofisində bağlanmış və reyestrdə 3 M-625 nömrə ilə qeydə alınmış icarə müqaviləsinin ləğv edilməsi, onun nəticəsində iddiaçıya dəymiş real zərərə görə 40.000 manatın, əldən çıxmış faydaya görə isə 8.000 manatın, cəmi 48.000 (qırx səkkiz min) manatın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2020-ci il tarixdə kredit-borc müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh iddiaçı tərəfindən icarə obyektinə su xəttinin çəkilməsi, obyektin yer döşəməsinə keramoqranitdən metlax döşənilməsi, obyektə 170 kv.m. gücündə elektrik xəttinin çəkilməsi və müvafiq texniki şərtin alınması, obyektdə havalandırma sisteminin qurulması və obyektin kondisionerləşdirilməsi məqsədilə 50 000 manat verməyi, iddiaçı isə xx.xx.2022-ci il tarixədək həmin məbləği borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Bundan başqa, tərəflər arasında xx.xx.2020-ci il tarixdə icarə müqaviləsi bağlanmış və həmin icarə müqaviləsinə əsasən iddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında olan qeyriyaşayış sahəsini cavabdehə icarəyə verməyi,cavabdeh isə hər ay 1000 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh qeyri-yaşayış sahəsini daha bir “Rahat” market açmaq üçün icarəyə götürmək istəmişdir. Cavabdeh iddiaçı tərəfindən yuxarıda qeyd edilən işlərin görülməsi üçün ona 50000 manat verdikdən sonra iddiaçı tərəfindən qeyriyaşayış sahəsinin yeri döşənmiş (styajka edilmiş), usta xərci ilə birlikdə buna 16 500 manat, 11 kondisioner üçün xətlərin çəkilməsinə 8000 manat, 3 ədəd kondisionerin alınmasına 9000 manat, işıq və qaz xətlərinin çəkilməsi usta ilə birlikdə 6500 manat olmaqla, cəmi 40 000 manat xərc çəkilmiş, cavabdehin istədiyi qalan işlərin tamamlanması üçün cavabdehin verdiyi 50000 manatdan əlavə, yenə pul vəsaiti tələb olunmuşdur. Bu ərəfədə cavabdehin əməkdaşları rəhbərliyin qeyri-yaşayış sahəsini artıq icarəyə götürmək istəmədiklərini, şirkətin planlarının dəyişdiyini və müqavilənin pozulmasını istəmişlər. İddiaçı qeyri-yaşayış sahəsini məhz cavabdehin istədiyi şəkildə təhvil vermək üçün artıq 40 000 manat xərc çəkdiyini, müqavilə pozulacağı təqdirdə cavabdehin bu xərcləri ödəməsini tələb edəcəyini bildirmişdir. Tərəflər arasında münasibətlər pozulmuş, cavabdeh icarə müqaviləsinin ləğv edilməsi ilə bağlı xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə iddiaçıya məktublar göndərmiş, bundan sonra mart ayında tərəflər arasında münasibətlərin bərpa edilməsi istiqamətində görüş olsa da, görüşdən sonra hər hansımüsbət nəticə olmamışdır. Hətta xərclərin bir qisminin ödənilməsi üçün alınan (quraşdırılmayan) kondisionerlərin başqa şəxslərə satılması ilə bağlıcavabdehin əməkdaşları ilə xidmətlərin göstərildiyi, işlərin görüldüyü, eyni zamanda kondisionerlərin alındığı “X2” MMC-nin əməkdaşları arasında görüşlər də olmuş, lakin uğursuz nəticələnmişdir. “X2” MMC tərəfindən onun ustalarının xərcləri və onlardan alınan materiallar, həmçinin kondisionerlərə xərclənmiş pullarla (cəmi 40.000 manat) bağlı xx.xx.2020, xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərdə müvafiq kassa mədaxil orderləri verilmişdir. Beləliklə, yuxarıda qeyd olunanlardan müəyyən olunduğu kimi iddiaçı cavabdehin hərəkətləri nəticəsində 40.000 manat xərcə düşmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq qeyd etmişdir ki, iddiaçı tərəf qarşı tərəflə ola münasibətlərinə aldanmış bununla bağlı münasibətlərin rəsmiləşdirilməsində bəzi çatışmazlıqlar olmuşdur. Belə ki, iddiaçıya müəyyən işlərin görülməsi ilə bağlı 50.000 manat vəsait ayrılmış, nəticədə qeyri-yaşayış sahəsində işlər görülmüşdür. Lakin münasibətlər pozulduqdan sonra hər iki tərəf şifahi olaraq razılıq əldə etmiş, daha sonra cavabdeh iddiaçıya qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər arasında bağlanmış icarə müqaviləsinə xitam verilmişdir. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, İddiaçı iddia ərizəsində müqavilənin ləğvini, dəymiş zərərin və əldən çıxmış faydanı cavabdehdən nəyə əsasən istədiyini bildirməli və sübut etməlidir. Lakin iddia ərizəsindən görünür ki, iddiaçı “müqavilənin ləğvində və ona zərər dəyməsində”cavabdehin təqsirinin nədən ibarət olduğunu göstərə və əsaslandıra bilməyib. İddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci ildə icarə müqaviləsi bağlanmışdır. Müqavilənin 4.1-ci maddəsinə əsasən “icarəyə verən" icarə predmetini təyinatına uyğun şəkildə müqavilənin 1 saylı əlavəsində qeyd olunan təhvil-təslim aktı əsasında xx.xx.2020ci il (texniki səhv nəticəsində müqavilədə həmin tarix xx.xx.2020-ci il kimi qeyd olunub) tarixinədək “icarəçiyə” təqdim etməli olması nəzərdə tutulmuşdur. İcarə predmeti olan 777,60 kv.m qeyri-yaşayış sahəsi təmirsiz olduğu üçün 3 ay müddətində (xx.xx.2020xx.xx.2020 dövrdə) orada icarəyə verən tərəfindən təmir işlərinin aparılması nəzərdə tutulmuşdur. Müqavilənin 5.1-ci maddəsinə əsasən icarəyə verən icarə obyektinə su xətti çəkdirməyi, oun döşəməsinə keramoqranitdən metlax döşətdirməyi, icarə obyektinə 170 kvt gücündə elektrik xətti çəkdirməyi və buna dair müvafiq texniki şərt almağı, havalandırma sistemi qurmağı və obyekti kondisionerləşdirməyi öhdəsinə götürmüşdür. Müqavilənin heç bir müddəasında, o cümlədən müqavilənin “icarəçinin öhdəlikləri” adlanan 5.3-cü maddəsində yuxarıda qeyd edilən təmir işləri ilə əlaqədar icarəçinin icarəyə verənə borc vermək öhdəliyi nəzərdə tutulmamışdır. Bu isə o deməkdir ki, icarə müqaviləsinə əsasən müvafiq təmir işləri icarəyə verənin hesabına həyata keçirilməli idi. Sonradan icarəyə verən qeyd edilən təmir işləri üçün icarəçidən 50.000 manat borc istəyib, icarəçi həmin məbləği icarə haqqından çıxılmaq şərtilə verməyə razı olub və icarə müqaviləsi bağlanandan 15 gün sonra - xx.xx.2020-ci il tarixdə tərəflər arasında kredit müqaviləsi bağlanmışdır. İddiaçı icarə obyektini nəinki müqavilədə nəzərtə tutulan müddətdə, hətta sonrakı aylarda da yerinə yetirməmişdir. İddiaçı özü də qeyd edilən müqavilə öhdəliyini nə müqavilədə qeyd olunan müddətdə, nə də sonralar icra etmədiyini iddia ərizəsində “cavabdehin istədiyi qalan işlərin tamamlanması üçün cavabdehin verdiyi 50.000 manatdan başqa yenə pul vəsaitinin tələb olunduğunu” qeyd etməklə etiraf etmişdir. İddiaçının bu etirafı onun iddiasının təmin olunmaması üçün kifayət edir. İcarə müqaviləsində icarəçinin obyektin təmir olunması ilə bağlı icarəyə verənə ümumiyyətlə borc vermək öhdəliyi nəzərdə tutulmayıb və kommersiya mübahisəsinə münasibətdə qarşılıqlı icradan söhbət gedə bilməz. İcarə verən isə ona icarəçinin verdiyi 50.000 manatın 40.000 manatının “xərclənmə istiqamətlərini” göstərdiyi, lakin qalan 10.000 manatın taleyinə aydınlıq gətirmədiyi halda təmir işləri üçün pul vəsaitinin kifayət etmədiyini bildirir və tərəflər arasında müqavilə münasibətlərinin pozulmasında cavabdehin/icarəçinin təqsirinin nədən ibarət olduğunu iddia ərizəsində göstərmir. Bundan başqa iddia ərizəsində iddiaçının/icarəyə verənin müqavilədə nəzərdə tutulan öhdəliklərindən birinin-obyektə su xəttinin çəkilməsi öhdəliyinin yerinə yetirilməməsi də etiraf olunur. Həmçinin icarəyə verən obyektin təmir olunması ilə bağlı öz müqavilə öhdəliklərini nəinki xx.xx.2020-ci il tarixədək, 2021-ci ilin fevral ayınadək yerinə yetirməyib. Buna görə də icarəçi/cavabdeh müqavilənin 12.2.-ci bəndinə əsasən tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə xx.xx.2021-ci il tarixdən xitam verilməsi barədə icarəyə verən İddiaçı bir ay əvvəlcədən - xx.xx.2021-ci il tarixdə bildiriş göndərib. Belə ki, müqavilənin 12.2-ci maddəsinə əsasən icarəçi icarəyə verəni 1 ay əvvəlcədən xəbərdar etməklə bu müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verə bilər. İddiaçı özü də müqaviləyə xx.xx.2021-ci il tarixdə xitam verilməsini qəbul edib və hazırki iddianın qaldırıldığı xx.xx.2022-ci ilədək ötən 1 il 5 ay ərzində bunu hər hansı formada mübahisələndirməmişdir. Yalnız Cavabdeh MMC İddiaçı verdiyi 50.000 manat borcun qaytarılması məqsədilə (borc müqaviləsi imzalandıqdan 2 il sonra) Bakı şəhəri 43 saylı notariat kontorundan icra qeydi aldıqdan sonra iddiaçı həmin öhdəliyin icrasından yayınmaq və ya hər hansı formada onu neytrallaşdırmaq məqsədilə formal olaraq Bakı Kommersiya Məhkəməsində bu iddianı qaldırmışdır. Odur ki, qanunvericiliyə və müqavilə şərtlərinə uyğun xitam verildiyi və hər iki tərəfin bu faktı qəbul etdiyi halda icarə müqavilənin ləğv olunması barədə məhkəmədə iddia qaldırılması üçün heç bir hüquqi əsas yoxdur. Eyni zamanda müqaviləyə xitam verilməsi iddiaçının öz öhdəliyini pozması nəticəsində baş verdiyindən onun cavabdehdən dəymiş ziyanın əvəzinin və ya əldən çıxmış faydanın tələb etməsi təmamilə əsassızdır. Belə ki, obyektin təmiri başa çatmadığına baxmayaraq, iddiaçı iddia ərizəsində obyekti başqa şəxsə verib gəlir əldə edə biləcəyini göstərir. İddiaçının borcla bağlı öhdəliyinin icra olunmasından yayınmasını göstərən digər bir fakt da onun xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərində Bakı Kommersiya Məhkəməsinə və xx.xx.2022-ci il tarixdə Nəsimi rayon məhkəməsinə borc müqaviləsinin etibarsızlığı barədə iddia qaldırmasıdır. Bundan başqa aşağıdakılara əsasən iddiaçının məhkəməyə təqdim etdiyi “X2” MMC tərəfindən '‘verildiyi” qeyd olunan 4 ədəd qəbzin də sübut kimi həqiqiliyini mübahisələndirirlər. Eyni şirkətin, özü də kondisioner satan şirkətin eyni zamanda həm yer döşənməsi (styajka edilməsi), kondisioner, işıq və qaz xəttləri çəkilməsi işlərini aparması məntiqə uyğun deyil. İddia ərizəsində yazılan məbləğlərlə (16.500, 8.000, 9.000, 6.500) qəbzdə olan məbləğlər (4 ədəd 10.000 manatlıq) uyğun gəlmir. Qəbzlərin heç biri ciddi hesabat blankında deyil. Ciddi hesabat blanklarının forması Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının "Ciddi hesabat blanklarının forma və rekvizitlərinin təsdiq edilməsi haqqında" xx.xx.2016-cı il tarixli, Q-09 saylı qərarı ilə təsdiqlənib. İddiaçının təqdim etdiyi kassa mədaxil orderlərində “X2” MMC-nin VÖEN-i, kassa mədaxil orderinin seriyası, yazı ilə məbləğ, baş mühasibin və kassirin imzaları, məqsəd (məqsəd aydın yazılmalıdır) barədə məlumatlar ümumiyyətlə yoxdur. Halbuki, xx.xx.2016-cı il tarixli, Q-09 saylı qərara əsasən ciddi hesabat blankında bu rekvizitlər mütləq göstərilməlidir. Bundan başqa iddiaçının təqdim etdiyi qəbzlərin ciddi hesabat blankı çap etmək üçün AR Maliyyə nazirliyindən lisenziya almış mətbəə tərəfindən deyil, adi printer vasitəsilə çap olunduğu aydın görünür. Məhkəməyə saxta sənəd təqdim edilməsi faktı ilə bağlı xüsusi qərardad çıxarılmalı və araşdırılmaq üçün prokurorluq orqanlarına göndərilməlidir. Azərbaycan Respublikasının “Nağdsız hesablaşmalar haqqında" xx.xx.2016-cı il tarixli qanununun 3.2.ci bəndinə əsasən hər iki tərəf vergi ödəyicisi olan şəxs arasında hesablaşmalar üzrə nağdsız ödəniş yalnız bu Qanunun 3.1.1-ci maddəsində müəyyən olunmuş formada həyata keçirilə bilər. Həmin qanunun 3.1.1-ci maddəsində bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalar nəzərdə tutulur. Beləliklə, həm İddiaçı, həm də “X2” MMC vergi ödəyicisi olduğu üçün onlar hesablaşmaları yalnız nağdsız qaydada aparmalı idilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7-l.-ci maddəsinə əsasən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə aşağıdakı vergi ödəyicilərinə Qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. İş üzrə hərtərəfli araşdırma aparılması üçün İddiaçı ilə “X2” MMC arasında bağlanmış müqavilələrin əsli, işin görülməsinə dair təhvil-təslim aktları tələb olunmalı, texniki şərtin alınmasına dair sübutlar təqdim olunmalıdır. Məhkəmə işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı və "xxxx" MMC arasında imzalanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən “icarəyə verən” ƏMDK-nın yanında DƏDRX-nin tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş ********** qeydiyyat nömrəli, **********25-05301-083003 daşınmaz əmlakın dövlət reyestr nömrəli, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 777.60 m2 olan qeyri-yaşayış sahəsini (bundan sonra “icarə predmeti” və ya “icarə obyekti” adlandırılacaq) ticarət və kommersiya obyekti təyinatı ilə istifadə edilməsi üçün “icarəçi”yə icarəyə verməyi, “icarəçi” isə icarəni qəbul etməyi və müqavilə ilə müəyyən edilmiş icarə haqqını tam şəkildə və vaxtında ödəməyi öhdəsinə götürür. 3.1-ci bəndə əsasən icarə müqaviləsi beş illik müddətə bağlanılır. 4.1-ci bəndə əsasən “icarəyə verən” icarə predmetini təyinatına uyğun şəkildə müqavilənin 1 saylı əlavəsində qeyd olunan təhvil-təslim aktı əsasında xx.xx.2020-ci il tarixinədək “icarəçi”yə təqdim etməlidir. 5.4.7-ci bəndə əsasən “icarəyəverən”dən borc müqaviləsi çərşivəsində verilmiş vəsaitin təyinatı üzrə xərclənməsi və borc üçün nəzərdə tutulmuş işlərin operativ və keyfiyyətlə görülməsini tələb edə bilər. 8.2-ci bəndə əsasən açılış tarixinə kimi icarə predmetinin təyinatı üzrə istifadə edilməsi üçün yararlı vəziyyətə gətirilməsi ilə əlaqədar rekonstruksiya işləri ilə bağlı xərclər “icarəçi”yə aiddir. İddiaçı və "xxxx" MMC arasında imzalanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən borc verən borc alana 50.000 manat 00 qəpik (əlli min manat sıfır qəpik) məbləğində pul borc pulu aşağıdakı məqsədlər üçün notariusun depozit hesabı vasitəsi ilə verir: icarə obyektinə su xəttinin çəkilməsi, icarə obyektinin yer döşəməsinə keramoqranitdən metlax döşənilməsi, icarə obyektinə 170 kv.m gücündə elektrik xəttinin çəkilməsi və müvafiq texniki şərtin alınması, icarə obyektində havalandırma sisteminin qurulması və obyektin kondisionerləşdirilməsi. 3-cü bəndə əsasən “borc alan” krediti xx/xx/2022 (on səkkiz iyun iki min iyirmi ikinci il ) tarixədək “borc verənə” qaytarmağı öhdəsinə götürür. “X2” MMC-yə məxsus mədaxil qəbzlərinə əsasən xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixlərində hər biri 10.000 manat məbləğində market avans əsası ilə mədaxil olmuş, həmin orderlər Canagirova Tahirə adı qeyd edilməklə imzalanmışdır. 08 fevral 2021-ci il tarixli qərara əsasən xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə xx.xx.2021-ci il tarixində xitam verilməsi Cavabdeh MMC tərəfindən qərara alınmışdır. 10 fevral 2021-ci il tarixli bildirişə əsasən xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə xx.xx.2021-ci il tarixində xitam verilməsi Cavabdeh MMC tərəfindən İddiaçı Möhubbət qızına göndərilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında qeyri-yaşayış sahəsinin icarəyə verilməsi, eyni zamanda icarəyə verilən obyektdə təmir işlərinin görülməsi barədə razılıq əldə olunmuş, bununla bağlı olaraq müqavilə imzalanmışdır. Hazırda iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin müqavilənin ləğv edilməsi hissəsində mübahisələrinin olmadığını, cavabdehin hərəkətləri nəticəsində zərərə məruz qaldığını bildirərək, iddia tələbinin təmin edilməsini, cavabdeh iddiaçı tərəfindən icarə sahəsinin vaxtında təhvil verilmədiyini, bu səbəbdən müqaviləyə xitam verildiyini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Tərəflər arasında imzalanmış icarə müqaviləsində icarə predmetinin xx.xx.2020-ci il tarixinədək təhvil verilməsi qeyd olunsa da məhkəmə araşdırması zamanı icarə predmetinin xx.xx.2020-ci il tarixdə təhvil verilməsinin razılaşdırıldığı, tarixin texniki səhv olaraq iyun ayını altısı qeyd edildiyini cavabdehin nümayəndəsi bildirmişdir. Tərəflər arasında imzalanmış icarə müqaviləsinə xitam verilməsi işin mübahisəsiz halıdır. Bundan əlavə icarə müqaviləsində icarə predmetinin hazır vəziyyətə gətirilməsi ilə bağlı xərclər icarəçi yəni, Cavabdeh MMC-yə aid edilmiş, iddia tələbində isə iddiaçı icarə obyektinin təmiri ilə əlaqədar xərcləri real zərər kimi tələb etmişdir. AR Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (maddə 21.2) Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. (maddə 21.3) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icarə edilməməsi dedikdə onun pozulması və ya lazımınca icarə edilməməsi (vaxtında icarə edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icarə edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Tərəflər arasında imzalanmış müqavilənin 5.1-ci bəndinə əsasən icarə obyektinə su xəttinin çəkilməsi (5.1.1), icarə obyektinin yer döşəməsinə kermoqranitdən metlax döşənilməsi (5.1.2), icarə obyektinə 170 kv.m gücündə elektrik xəttinin çəkilməsi və müvafiq texniki şərtin alınması (5.1.3), icarə obyektində havalandırma sisteminin qurulması və obyektin kondisionerləşdirilməsi (5.1.4), icarə predmetini qüvvədə olan yanğın təhlükəsziliyi, texniki təhlükəsizlik və sanitar-gigyena qaydalarına, tikinti normalarına, elektrik gücünün təmin edilməsi və müqavilənin şərtlərinə uyğn olaraq təyinatı üzrə istifadə edilməyə yararlı vəziyyətdə tərəflər arasında imzalanmış təhvil-təslim aktı əsasında “icarəçi”nin istifadəsinə vermək “icarəyə verən”in öhdəliyidir. Məhkəmə qeyd edir ki, iddiaçı 40.000 manat məbləğində ona vurulmuş real zərəri məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmişdir. Belə ki, işin faktiki halı ondan ibarətdir ki, tərəflər icarə obyektinin xx.xx.2020-ci il tarixinədək təhvil verilməsini razılaşmışlar. Tərəflər arasında müqavilə münasibətləri isə 2021-ci ilin fevral ayında pozulmuşdur. İddiaçı ona dəymiş ziyanı müqavilədə nəzərdə tutulmuş işlərin görülməsi ilə əlaqələndirsə də görülən işlərin real məbləğini sübuta yetirə bilməmiş, eyni zamanda müqavilə münasibətlərinin pozulmasının ondan asılı olmayan səbəblərdən baş verdiyini sübut edə bilməmişdir. Eyni zamanda iddiaçı tərəfindən 40.000 manat məbləğində xərcin çəkilməsi ilə bağlı təqdim edilmiş qəbzlər iddia tələbinin əsaslı olmasını sübuta yetirilməsi üçün kifayət etmir. İddiaçı ona dəymiş real zərəri işıq, qaz xəttlərinin çəkilməsi, icarə obyektinin döşənməsi, kondisioner xəttlərinin və s. işlərin görülməsi ilə əlaqələndirsə də icarə müqaviləsinin yuxarıda sadalanan bəndlərindən məlum olur ki, qeyd olunan işlərin görülməsi icarəyə verən kimi iddiaçının öhdəliyidir. Müqavilənin 8.2-ci bəndində nəzərdə tutulmuş açılış tarixinə kimi icarə predmetinin təyinatı üzrə istifadə edilməsi üçün yararlı vəziyyətə gətirilməsi ilə əlaqədar rekonstruksiya işləri ilə bağlı xərclərin “icarəçi”yə aid edilməsi isə hazıriki hala tətbiq edilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının iddia tələbini əsaslandırdığı hallar real zərər kimi qiymətləndirilə bilməz. Digər tərəfdən iddiaçı 8.000 manat əldən çıxmış faydanın ödənilməsini də tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair“ 09 iyul 2009-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1- ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında qeyd edilir ki, həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Beləliklə mülki işin məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən cavabdehin faydalandığına, iddiaçının qeyd olunan dövrlərdə icarə obyektindən gəlir əldə edə bilməməsi cavabdehin təqsiri ucbatından olması dair hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, iddia qeyd edilən hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə qeyd edir ki, iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-278/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-278/2023
30.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver