Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2782/2022 19.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, ilkin iddiaçı, qarşılıqlı cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, ilkin İddiaçı MMC-nin ilkin cavabdeh Azərbaycan Notariat Palatasına qarşı xx.xx.2020-ci il tarixli icarə müqaviləsi üzrə yaranmış borcun tutulması və qarşılıqlı iddiaçı Azərbaycan Notariat Palatasının qarşılıqlı cavabdeh İddiaçı MMC-yə qarşı artıq ödənilmiş pul vəsaitinin qaytarılması tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC cavabdeh Azərbaycan Notariat Palatasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Notariat Palatasından xx.xx.2020-ci il tarixli icarə müqaviləsi üzrə yaranmış 19.294,23 manat əsas borc məbləğinin və mediasiya xərcləri üçün ödənilmiş 200 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Azərbaycan Notariat Palatası arasında xx.xx.2020-ci il tarixli icarə müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icarəyə verən Bakı şəhəri, Xətai rayonu, 25E Nobel prospektində yerləşən binanın üçüncü mərtəbəsində ümumi sahəsi 164 kv.m olan və binanın mərtəbə planında göstərilən qeyri-yaşayış sahəsini icarəçinin müvəqqəti sahiblik və istifadəsinə verməyi, icarəçi isə icarə obyektini qəbul edib ondan təyinatına uyğun istifadə etməyi və bu müqavilədə göstərilmiş qaydada, miqdarda və müddətlərdə icarə haqqını ödəməyi öz öhdəsinə götürür. Göstərilən ümumi icarə sahəsinin 111 kv.m. faydalı sahədir, qalan 53 kv.m. isə köməkçi sahədir. Müqavilənin 4-cü bəndinə əsasən icarə müddəti 1 il müddətinə xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixə qədər müəyyən edilir. Müqavilənin 5.1-ci bəndinə əsasən icarə obyektinin ümumi icarə haqqının illik məbləği 42.624 manat təşkil edir (ƏDV daxil olmamaq şərti ilə). Bu məbləğ İcarə obyektindən istifadəyə görə 27.866 manat icarə haqqından və Müqavilənin 5.6-cı bəndində göstərilən xidmətlərə görə 14.758 manat xərcdən ibarətdir. Tam təqvim ayına görə icarə haqqı icarə obyekti üzrə illik icarə haqqının 1/12 hissəsinə bərabər olmaqla müəyyən edilir. Müqavilə üzrə öhdəliklər iddiaçı tərəfindən icra edilsə də, cavabdeh tərəfindən qismən icra edilmiş, 2020-ci ilin aprel, may, iyun, iyul, avqust aylarına görə olan icarə haqqı məbləği ödənilməmişdir. Cavabdehin xx.xx.2020-ci il tarixli icarə müqaviləsi üzrə 19.294,23 manat məbləğində icarə haqqı borcu yaranmışdır. İcarə haqqı borcuna ƏDV məbləği də daxildir. Qeyd olunan icarə haqqı borcu ilə bağlı cavabdehə pretenziya məktubu ilə müraciət etsələr də müraciətləri cavabsız qalmışdır. Bundan əlavə, aralarında olan mübahisə mediasiya prosesində həll edilməmişdir. Bununla bağlı, 2 saylı Mediasiya Təşkilatından müvafiq arayış verilmişdir. Ona görə də məhkəməyə müraciət etmək zəruriyyəti yaranmışdır. xx.xx.2022-ci il tarixdə cavabdeh Azərbaycan Notariat Palatası “məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, artıq ödənilmiş 3.403,72 manat məbləğində pul, ödənilmiş dövlət rüsumu və xidmət haqqının İddiaçı MMC-dən tutularaq Azərbaycan Notariat Palatasına ödənilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Azərbaycan Notariat Palatası arasında Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 25E ünvanında yerləşən "xxxx" MMC-yə məxsus binada yerləşən 164 kv.m. (faktiki 111 kv.m.) olan qeyri-yaşayış sahəsinin 1 il müddətinə icarəyə verilməsinə dair xx.xx.2020-ci il tarixli icarə (subicarə qaydasında) müqaviləsi bağlanılmışdır. Həmin Müqavilənin 5.5-ci bəndinə əsasən, icarə üzrə hər hesabat dövrünə görə icarə haqqının ödənilməsi icarəçi tərəfindən icarəyə verənin təqdim etdiyi hesab-faktura əsasında həyata keçirilir. Həmin müqavilənin 10-cu bəndinə əsasən, tərəflər onların iradəsindən asılı olmayan və bu müqavilə qüvvəyə mindikdən sonra baş verən zəlzələ, daşqın, yer sürüşməsi və digər təbii fəlakət, habelə müharibə, hərbi əməliyyatlar, blokada, dövlət hakimiyyəti orqanlarının aktları və hərəkətləri, yaxud bu kimi digər qarşısıalınmaz qüvvə (fors-major) hallarının mövcudluğundan irəli gələn bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə heç bir məsuliyyət daşımırlar. Bu hallar baş verdiyi təqdirdə, bu halların təsiri nəticəsində öz öhdəliklərini icra etmək tam və ya qismən iqtidarında olmayan tərəf bu hallar barədə digər tərəfə 10 gün müddətində yazılı şəkildə bildiriş göndərməyi öhdəsinə götürür. Bildirişdə bu halların xüsusiyyətləri haqqında məlumatlar və mümkün olduğu halda, bu halların tərəfin bu müqavilə üzrə öhdəliklərinin icrasının mümkünlüyünə təsir göstərməsinin qiymətləndirilməsi və öhdəliklərin icra müddəti öz əksini tapmalıdır. Fors-major halların mövcudluğu barədə vaxtında məlumat verməmə müvafiq Tərəfi gələcəkdə həmin hallara istinad etmək hüququndan məhrum edir. Məlum olduğu kimi, koronavirus pandemiyası ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən, xx.xx.2020-ci il tarixdən Azərbaycanda karantin rejimi tətbiq olunmuş, sosial izolyasiya və tibbi xarakterli təhlükəsizlik tədbirlərinə görə insanların hərəkəti məhdudlaşdırılmışdır. 2020-ci ilin mart ayının 29-dan etibarən isə ümumiyyətlə respublikada xüsusi (gücləndirilmiş) karantin rejiminə keçilməsi qərara alınmışdır. Bununla əlaqədar, Azərbaycan Notariat Palatası tərəfindən İddiaçı MMC-yə xx.xx.2020-ci il tarixli, 16 saylı məktubla müraciət edilərək, yuxarıda göstərilənlərə əsasən, Notariat Palatasının iş fəaliyyətinin dayandırıldığı, Respublikada karantin müddətinin tətbiqi və qeyri-iş günlərinin başlanılmasından, yəni xx.xx.2020-ci il tarixdən tərəflər arasında bağlanılmış icarə müqaviləsinin qüvvəsinin müqaviləyə xitam verilmədən dayandırılması və ofisdən istifadə edilmədiyi üçün icarə ödənişinin hesablanmasının dayandırılması bildirilmiş, ofisdən istifadə edilməməsinin İddiaçı MMC-nin nümayəndəsinin iştirakı ilə rəsmiləşdirilməsinin mümkünlüyü izah edilmiş, karantin müddəti başa çatdıqdan sonra icarənin davam etdirilməsi qanunamüvafiq hesab edildiyi qeyd edilmişdir. Qeyd olunan məktuba İddiaçı MMC tərəfindən xx.xx.2020-ci il tarixdə elektron poçt vasitəsilə cavab verilərək, müqaviləyə xitam verilməsinə etiraz edilmədiyi qeyd edilmiş, həmçinin karantin müddətinin qüvvədə olduğu aylar üzrə icarə haqqının 10 manata endirilməsi, əks halda ofisin geri təhvil verilməsi təklif edilmişdir. Lakin, qeyd olunan təklif (icarə haqqının 10 manata endirilməsi) Azərbaycan Notariat Palatası tərəfindən qəbul edilməmiş, həmçinin ofis geri təhvil alınmamışdır. Əlavə olaraq bildirirlər ki, Azərbaycan Notariat Palatasının rəhbərliyi ilə İddiaçı MMC-nin rəhbərliyi arasında qeyd olunanlarla bağlı danışıqlar da olmuş və icarə müqaviləsinə xitam verilmədən icarə haqqının ödənilməsinin dayandırılması barədə razılaşma əldə olunmuş, ödənişin dayandırılması şərtilə icarə müqaviləsinə xitam verilməmişdir. Çünki, hamı bildiyi kimi, pandemiya dövründə əksər icarəçilər ofislərdən istifadə etməmiş və heç kim də istifadə etmədiyi sahəyə görə ödəniş aparmamışdır. Daha sonra, Azərbaycan Notariat Palatası tərəfindən İddiaçı MMC-yə xx.xx.2020-ci il tarixdə və xx.xx.2020-ci il tarixdə oxşar məzmunlu müraciətlər edilmiş, lakin qeyd olunan müraciətlərə İddiaçı MMC tərəfindən yazılı münasibət bildirilməmiş, şifahi olaraq razılaşılmış, ofisdən istifadə edilməməsinin rəsmiləşdirilməsi təklif edilsə də, hər hansı nümayəndə göndərilməmişdir. Əlavə olaraq bildirirlər ki, icarə haqqı və kommunal xidmətlərə görə Azərbaycan Notariat Palatası tərəfindən İddiaçı MMC-yə təqdim edilmiş elektron qaimələrə əsasən, aşağıdakı cədvələ uyğun ödənişlər (ƏDV ilə birlikdə) həyata keçirilmişdir: 2020-ci ilin fevral ayı üçün icarə haqqı - 1 589,83 manat; 2020-ci ilin mart ayı üçün icarə haqqı - 4 191,36 manat; 2020-ci ilin iyun ayı üçün icarə haqqı- 3 478,83 manat; 2020 mart ayı üçün kommunal xərclər - 61,99 manat, iyun ayı üçün kommunal xərclər - 20,52 manat, 2020-ci ilin sentyabr ayı üçün icarə haqqı - 2 375,10 manat, 2020-ci ilin sentyabr ayı üçün kommunal xərclər - 33,21 manat, 2020-ci ilin sentyabr ayı üçün icarə haqqı - 4191,36 manat, 2020-ci ilin oktyabr ayı üçün icarə haqqı - 4 191,36 manat, 2020-ci ilin noyabr ayı üçün icarə haqqı - 3 476,28 manat; 2020-ci ilin oktyabr ayı üçün kommunal xərclər- 21,96. Cəmi hesablanıb: 19.440,44, cəmi ödənilib: 19.440,44 manat. Göründüyü kimi, Azərbaycan Notariat Palatası tərəfindən İddiaçı MMC-yə ümumilikdə 19.440,44 manat məbləğində pul vəsaiti ödənilmişdir ki, bu məbləğə hətta icarə obyektinin faktiki istifadə olunmadığı bəzi dövrlər də aiddir. Belə ki, aylıq icarə haqları öncədən bütün ay üçün ödənilsə də, bəzi ayların müəyyən dövrlərində icarə obyektindən istifadə edilməmiş, bununla bağlı İddiaçı MMC-yə yuxarıda qeyd olunan müraciətlər göndərilmişdir. Beləliklə də, İddiaçı MMC-yə ümumilikdə 3.403,72 manat (2020-ci ilin mart ayı üzrə 1.757,67 manat, iyun ayı üzrə 964,01 manat və noyabr ayı üzrə 682,04 manat) artıq vəsait ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.1-ci maddəsinə əsasən, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Həmin Məcəllənin 556.1-ci maddəsinə əsasən, icra mümkün olmadıqda, yəni icra edilməmə tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəldikdə, öhdəliyə xitam verilir. Bu halda kreditor borcludan öhdəliyin icrasını tələb edə bilməz. Həmin Məcəllənin 557.1-ci madəsinə əsasən, dövlət və ya bələdiyyə orqanının qəbul etdiyi akt nəticəsində öhdəliyin icrası tamamilə və ya qismən qeyri-mümkün olduqda, öhdəliyin icrası müddəti uzadıldıqda öhdəliyə tamamilə və ya müvafiq hissədə xitam verilir. Beləliklə, tərəflər arasında bağlanılmış Müqavilənin 10-cu bəndinə əsasən, koronavirus pandemiyası (fors-major halı) barəsində Azərbaycan Notariat Palatası tərəfindən İddiaçı MMC-yə yazılı şəkildə bildiriş göndərilmiş, karantin rejimi qüvvədə olduğu müddətlər ərzində icarə obyektindən istifadə edilməmiş, İddiaçı MMC tərəfindən müqaviləyə xitam verilmədən icarə haqqı ödənişinin dayandırılmasına etiraz edilməmişdir. Məhz bu səbəbdən, həmçinin razılaşmalara görə, ofisdən istifadə edilməyən dövrlər üçün İddiaçı MMC tərəfindən Azərbaycan Notariat Palatasına elektron qaimələr də göndərilməmişdir. Eyni zamanda, tərəflər arasında karantin rejimi qüvvədə olduğu müddətlər ərzində icarə haqqı ödənilməməsi barədə razılaşmanın nəticəsidir ki, İddiaçı MMC tərəfindən hazırkı iddia yalnız 2 ildən sonra - "xxxx" MMC ilə mübahisələri üzrə qəbul olunmuş məhkəmə qərarı qüvvəyə mindikdən sonra qaldırılmışdır. Əks halda tərəflər arasında bağlanılmış müqavilənin ləğv edilməsi, qeyri-yaşayış sahəsindən çıxarılma, icarə haqqı borcunun ödənilməsi və s. kimi iddialar iddiaçının istinad etdiyi 2020-ci ilin iyun ayından etibarən qısa müddət ərzində verilmiş olardı və ya ən azından bu barədə həmin müddətdə Azərbaycan Notariat Palatasına pretenziya qaydasında müraciət olunardı. Lakin bunun əksinə, Azərbaycan Notariat Palatası tərəfindən İddiaçı MMC-yə yuxarıda göstərilən 3.403,72 manat artıq ödəmə aparılmışdır. Həmçinin iddia ərizəsində qeyd olunur ki, icarə haqqı borcu ilə bağlı Azərbaycan Notariat Palatasına pretenziya məktubu ilə müraciət edilsə də, müraciət cavabsız qalmışdır. Bununla bağlı bildirirlər ki, iddiaçının bu mövqeyi həqiqəti əks etdirmir. Belə ki, İddiaçı MMC-nin xx.xx.2021-ci il tarixli pretenziyasına Azərbaycan Notariat Palatası tərəfindən xx.xx.2022 tarixli, 21 saylı məktubla cavab verilmişdir. Bundan başqa, qeyd etməyi zəruri hesab edirlər ki, hazırkı iddia ərizəsinə əsasən, İddiaçı MMC tərəfindən Azərbaycan Notariat Palatasından 19.294,23 manat icarə haqqı tələb edilir və həmin məbləğin 2020-ci ilin aprel, may, iyun, iyul və avqust ayları üzrə icarə haqqı olduğu bildirilir. Tərəflər arasında bağlanılmış xx.xx.2020-ci il tarixli icarə (subicarə qaydasında) müqaviləsinin 5- ci bəndinə əsasən, illik icarə haqqı 42.624 (27.866 icarə + 14.758 xidmət haqqı) manat (ƏDV xaric) təşkil edir. Belə olan halda, tələbin əsasını təşkil edən 5 ay - 2020-ci ilin aprel, may, iyun, iyul və avqust ayları üçün hesablanmış icarə haqqı 42.624 / 12 X 5 = 17.760 manat + 3.196,8 manat (18% ƏDV) = 20.956,80 manat təşkil edir. Həmin dövr üçün İddiaçı MMC-nin xx.xx.2020 tarixli elektron qaiməsinə əsasən, Azərbaycan Notariat Palatası tərəfindən 3.478,83 manat ödənildiyi nəzərə alınarsa, geri qalan məbləğ 17.477,97 manat təşkil edir ki, bu da iddia tələbi ilə uyğunsuzluq təşkil edir. Başqa sözlə, İddiaçı MMC tərəfindən 19.294,23 manat icarə haqqı tələb edilərkən, məhz hansı dövrlər üçün hansı məbləğin hesablandığının aydınlaşdırılmasına zərurət vardır. Digər tərəfdən, məhkəməyə məlumat üçün bildirirlər ki, iddiaçı "xxxx" MMC cavabdeh İddiaçı MMC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 2020-ci ilin iyun, iyul, avqust və noyabr aylarının əsas icarə haqqı 12.175,92 manat, kommunal xərclərin cəmi 7,37 manat, öhdəliklərinin yerinə yetirilməsinin gecikdirilməsinə görə 6.184,24 manat dəbbə pulunun, 1.200 manat vəkil xərclərinin, 30 manat dövlət rüsumu olmaqla, cəmi 19.597,53 manat pulun tutularaq ona ödənilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2000/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən əsas icarə haqqı 8.638,38 manat, kommunal xərclərə görə 7,37 manat, 500 manat dəbbə pulu, 400 manat vəkil xərci, ümumilikdə 9.545,75 manat məbləğdə pulun və 20 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia verilərkən ödənilmiş dövlət rüsumunun 10 manat hissəsi iddiaçıya aid edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Qətnamə onunla əsaslandırılmışdır ki (səhifə 5-6), “Məhkəmə ölkə ərazisində həmin dövrdə sərt karantin rejiminin tətbiq edildiyini, cavabdehin, o cümlədən subicarəçi Azərbaycan Notariat Palatasının faəliyyətinə Nazirlər Kabinetinin həmin Qərarına əsasən icazə verilmədiyini, adıçəkilən qərarda göstərilən şəxslər istisna olmaqla, digər şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə müstəsna hallarda yol verildiyini, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin 10.1-ci bəndində tərəflərin onların iradəsindən asılı olmayan və bu müqavilə qüvvəyə mindikdən sonra dövlət hakimiyyəti orqanlarının aktları (fors-major) halların mövcudluğundan irəli gələn həmin müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə heç bir tərəfin məsuliyyət daşımadığının göstərilməsini, həmin hal nəticəsində cavabdehin öhdəliklərini icra edə bilməyəcəyi barədə müqavilənin 10.2-ci bəndinə əsasən 10 (gün) müddətində, yəni xx.xx.2020-ci il tarixdə iddiaçıya yazılı bildiriş göndərdiyini, beləliklə bu hissədə öz öhdəliyini icra etdiyini nəzərə alaraq belə hesab edir ki, cavabdeh xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək tələb edilən icarə haqlarını ödəməkdən azad edilməlidir.” Həmin Qətnamədən narazı qalan tərəflər apellyasiya şikayətləri vermiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-976/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçının və cavabdehin apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2000/2021 saylı, 16 iyun 2021ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı MMC-dən 12.175,92 manat icarə haqqı, 7,37 manat kommunal xərcləri, 600 manat dəbbə pulu və 500 manat vəkil xərclərinin əvəzi olmaqla, cəmi 13.283,29 manat məbləğdə pulun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Sözügedən qətnamə onunla əsaslandırılmışdır ki, cavabdeh öz fəaliyyətini icarəyə verilmiş ofisdə həyata keçirməmiş, onun fəaliyyəti ona icarəyə verilmiş sahənin sonradan sub-icarəyə verilməsindən ibarət olmuşdur. Həmin qətnamədən cavabdeh İddiaçı MMC tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)-67/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarı ilə kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 06 sentyabr tarixli 2-2(103)-976/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qeyd olunan Qərarda Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının qətnaməsində əks olunmuş hüquqi mövqe ilə razılaşmışdır. Göründüyü kimi, e-2-2(113)-2000/2021 saylı, xx.xx.2021-ci il tarixli Qətnamədə Bakı Kommersiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanılmış icarə müqaviləsinin 10.1-ci bəndinə əsasən, tərəflərin onların iradəsindən asılı olmayan və bu Müqavilə qüvvəyə mindikdən sonra dövlət hakimiyyəti orqanlarının aktları (fors-major) halların mövcudluğundan irəli gələn həmin müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə heç bir tərəfin məsuliyyət daşımadığına istinad edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarınlarına əsasən, koronavirus pandemiyası ilə əlaqədar, Azərbaycanda karantin rejimi qüvvədə olduğu və insanların hərəkətinin məhdudlaşdırıldığı müddətlərə görə icarə haqqının tutulmasını əsassız hesab etmişdir. Sözügedən müqavilə şərti hazırkı iş üzrə iddiaçı və cavabdeh arasında bağlanılmış xx.xx.2020-ci il tarixli icarə (subicarə qaydasında) müqaviləsində də mövcuddur. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)- 976/2021 saylı, xx.xx.2021-ci il tarixli Qətnaməsi ilə isə Bakı Kommersiya Məhkəməsinin sözügedən Qətnaməsi tamamilə başqa əsasa görə - həmin iş üzrə cavabdeh İddiaçı MMC-nin öz fəaliyyətini icarəyə verilmiş ofisdə həyata keçirməməsi və onun fəaliyyətinin ona icarəyə verilmiş sahənin sonradan subicarəyə verilməsindən ibarət olması əsası ilə ləğv edilmişdir. Hesab edirlər ki, burdan belə qənaətə gəlmək olar ki, İddiaçı MMC həmin qeyri-yaşayış sahəsini Azərbaycan Notariat Palatasına icarəyə (subicarə qaydasında) verməmiş və özü istifadə etmiş olsa idi, Azərbaycanda karantin rejimi qüvvədə olduğu və insanların hərəkətinin məhdudlaşdırıldığı müddətlərə görə icarə haqqı tutulmamalı idi. Belə olan halda isə, qeyri-yaşayış sahəsi Azərbaycan Notariat Palatasına icarəyə verildiyi, Palatanın həmin qeyri-yaşayış sahəsindən istifadə etmək hüququnun olduğu halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarınlarına əsasən həmin qeyri-yaşayış sahəsindən istifadə edə bilmədiyinə görə və bu barədə hazırkı iş üzrə iddiaçıya vaxtında məlumat verildiyinə görə, tərəflər arasında bağlanılmış müqavilənin 10.1-ci maddəsinə uyğun olaraq, həmin müddətlərə görə icarə haqqı tutulmamalı, həmçinin 3.403,72 manat artıq ödəniş İddiaçı MMC-dən tutularaq, Azərbaycan Notariat Palatasına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə, qarşılıqlı iddia üzrə iddiaçı Azərbaycan Notariat Palatasının qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi və ilk iddia ilə birlikdə baxılması qərara alınmışdır. Daha sonra ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia tələbinin təmin edilməməsi və əsassız iddia qaldırıldığına görə Azərbaycan Notariat Palatasından 5000 manat məbləğində pulun dövlətin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, ilk növbədə qeyd edir ki, cavabdehin öhdəliklərini icra etməməsi azmış kimi, üstəlik ona verilmiş prosessual hüquqlardan sui-istifadə edərək onlara qarşılıqlı iddia ərizəsi ilə müraciət edir. Ona görə də hesab edir ki, Palata AR MPMin 120-ci maddəsinə əsasən cərimələnməlidir. Qarşılıqlı iddia ərizəsində qeyd edilir ki. pretenziya müraciətlərinə cavab verilib, lakin eyni zamanda da Poçt Xidmətinin aktı əlavə olunmuş və aktda məktubun Notariat Palatasına geri qaytarılması göstərilmişdir. İlk öncə qeyd edir ki, cavabdehin iddialarına etirazı və qarşılıqlı iddiası tərəflər arasında imzalanmış müqavilənin 10.2 və 10.3-cü maddəsinə ziddir. Cavabdeh qarşılıqlı iddia ərizəsində tərəflər arasında imzalanmış müqavilənin 10-cu bəndinə istinad edir və karanlin rejiminə görə müqavilə üzrə öhdəliklərdən azad olduğunu bildirir. Lakin müqavilənin 10.2ci bəndində göstərildiyi kimi cavabdeh tərəfindən fors-major hallar barədə iddiaçıya yazılı bildiriş göndərilməmişdir. Cavabdeh elektron kabinetə yazılı müraciətlərini əlavə eləsə də, həmin müraciətlərin İddiaçı MMC-yə çatdırılması barədə poçt qəbzlərini və ya hər hansı başqa sübutu əlavə etməmişdir. Elektron kabinetə yalnız Şahin Yusifov adlı şəxslə bir email yazışması əlavə olunub. Belə bir sual meydana çıxır- Şahin Yusifov kimdir? İddiaçı MMC ilə nə əlaqəsi var? .. "Novatek“ MMC-də Şahin Yusifov adlı işçi olmayıb, əgər belə bir işçi olsa da onun İddiaçı MMC-nin adından səlahiyyət vermək qərarı yoxdur. Əgər belə bir işçi varsa ona məktubun çatdırılması İddiaçı MMC-yə məktubun çatdırılması hesab olunurmu? Müqaviləyə nəzər salaq: müqavilənin rekvizitlər bölməsində bir ünvan var: Bakı şəhəri. Xətai rayonu. 25H Nobel prospekti.. Cavabdeh iddiaçıya bildirişi ya müqavilədəki ünvana, ya da iddiaçının hüquqi ünvanına göndərməli idi. Belə bir yazılı bildirişi iddiaçı almamışdır. Cavabdeh özü də qarşılıqlı iddia ərizəsində iddiaçının yazılı münasibət bildirməyini qeyd etmişdir. Ona görə də cavabdehin fors-major hallara istinad etməsi tərəflər arasında imzalanmış icarə müqaviləsinin 10.2-ci bəndinə əsasən əsassız və qanunsuzdur. Müqavilənin 10.3-cü bəndinə əsasən fors-major halların mövcudluğu barədə vaxtında məlumat verməmə müvafiq tərəfi gələcəkdə həmin hallara istinad etmək hüququndan məhrum edir. Həmçinin fors-major halların mövcudluğunu sübut etmək vəzifəsi də Palatanın üzərinə düşür. Müqavilənin məhz bu bəndlərini əsas gətirərək bildirirlər ki, cavabdeh icarə haqqının ödənilməsi öhdəliyindən azad edilə bilməz. Daha sonra cavabdeh qarşılıqlı iddia ərizəsində İddiaçı MMC-nin "xxxx" MMC ilə olan məhkəmə qətnamələrinə istinad edir və öz qarşılıqlı iddia ərizəsini əsaslandırmağa çalışır. Qeyd edirlər ki, həmin işin aşağıdakılara əsasən hazırkı işə heç bir aidiyyatı yoxdur: Tərəflər arasında, yəni "Novatek” MMC ilə "Bakı Ağ Şəhər Ofis Binası” MMC arasında və İddiaçı MMC ilə Azərbaycan Notariat Palatası arasında olan münasibətlər ayrı- ayrı müqavilələrlə tənzimlənir. Bir müqavilənin digərindən hər hansı bir asılılığı və əlaqəsi yoxdur. Hazırkı iş üzrə olan tərəflərin münasibətlərini AR MM-nin 385.1. 386.1 və 387.3-cü maddəsinin tələblərinə əsasən İddiaçı MMC ilə Azərbaycan Notariat Palatası arasında imzalanmış xx.xx.2021 -ei il tarixli müqavilə tənzimləyir. Həmin müqavilənin şərtlərinə görə də yuxarıda qeyd etdiklərinə əsasən cavabdeh icarə haqqını ödəməkdən azad edilə bilməz. 1. Həmin iş üzrə qəbul edilmiş məhkəmə qətnamələri hazırkı iş üzrə preyudisial əhəmiyyətə malik deyildir. Belə ki, Palata həmin iş üzrə tərəf kimi iştirak etməyib və işə cəlb edilməyib. Preyudisiallığın təmin edilməsi üçün AR MPM-nin 82.3-cü maddəsinin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən ilk növbədə preyudisiallığın obyektiv və subyektiv həddi mövcud olmalıdır. 1-ci bənddə əsaslandırdılar ki, obyektiv hədd mövcud deyil, ayrı-ayrı müqavilələrdir. Subyektiv həddin də mövcud olmadığını. Palatanın həmin iş üzrə cəlb edilmədiyinin, tərəf olmadığının şahidi olurlar. 1. Əgər həmin qətnamələrə istinad etsələr belə, iddiaları təmin olunmalıdır. Qətnamələrdən müəyyən olunur ki, məhkəmələr iddiaçını icarə haqqından azad etməyib. O zaman belə bir sual meydana çıxır - əgər icarə sahəsindən faktiki istifadəni Palata həyata keçiribsə və "xxxx" MMC icarə haqqından azad edilməyibsə, Palata hansı əsasla, hansı qanuna və ədalətə uyğun olaraq icarə haqqından azad edilməlidir? Bəs tərəflərin bərabərliyi, müqavilələr azadlığı prinsipi? Ədalət mühakiməsi ifadəsinin birinci sözü olan ədalət məhfumu? Ümid edir ki, məhkəmə bu məsələyə öz ədalətli mövqeyini bildirəcək. Ərizədə həmçinin qeyd olunur ki, ofisdən istifadə edilməyən dövrlər üçün “Novatek" MMC tərəfindən Palataya elektron qaimələr də göndərilməmişdir. Müqavilənin 5.5-ci bəndinə əsasən icarə haqqı barədə hesab-fakturanın təqdim edilməməsi icarə haqqını ödəmək öhdəliyindən azad etmir. Cavabdeh qeyd edir ki, tərəflər arasında icarə haqqının ödənilməməsi barədə razılaşmanın nəticəsidir ki, hazırkı iddia 2 ildən sonra qaldırılmışdır. AR MM-nin 373-cü maddənin tələblərinə əsasən 3 il ərzində məhkəməyə müraciət edə bilərlər. Müddətin gec və ya tez olması tərəflər arasında olan razılaşmaya dəlalət etmir. Belə ki, tərəllər arasında imzalanan müqavilənin 12.4-cü bəndinə əsasən müqaviləyə hər hansı əlavə və dəyişikliklər yazılı şəkildə tərtib edildiyi və hər iki tərəfdən imzalandığı təqdirdə hüquqi qüvvəyə malikdir. Göründüyü kimi, cavabdeh tərəflər arasındakı razılaşma ilə bağlı müqavilənin 12.4-cü bəndində nəzərdə tutulmuş yazılı sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də cavabdehin qeyd elədikləri formal mülahizələrdən başqa bir şey deyil. Qarşılıqlı iddia ərizəsində ödənilməmiş icarə haqqının düzgün hesablanmadığı qeyd olunub. Bununla bağlı aşağıdakı cədvəli nəzərə çatdırırlar: ƏDV daxil ödənilib. 2020-ci il fevral ayı – 1589,83 manat; mart ayı – 4191,36 manat, iyun ayı – 3478,83 manat, sentyabr ayı – 2375,10 manat, oktyabr ayı – 4191,36 manat, noyabr ayı – 3476,28 manat. Ödənilməyən aylar və ƏDV daxil məbləğlər. Aprel ayı – 4191,36 manat, may ayı – 4191,36 manat, iyun ayından 712,53 manat, iyul ayı – 4191,36 manat, avqust ayı – 4191,36 manat, sentyabr ayından 1245,36 manat, noyabr ayından 715,08 manat. Cəmi ödənilməli məbləğ 19.438,41 manat. Hesab edir ki, cavabdehin qarşılıqlı iddia ərizəsi hüquqdan sui-istifadədir və açıq-aşkar əsassız, qanunsuz və ədalətsizdir. Göründüyü kimi, iddiaçı iddia ərizəsində qeyd etdiklərini sübut edə bilməmiş və iddia tələbini əsaslandıra biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Daha sonra ilkin iddia üzrə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Notariat Palatasından xx.xx.2020-ci il tarixli icarə müqaviləsi üzrə yaranmış 19.438,41 manat əsas borc məbləğinin və mediasiya xərcləri üçün ödənilmiş 200 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddiaçı, qarşılıqlı cavabdehin nümayəndəsi və vəkili Vəkil ilkin iddia tələbini müdafiə edib, ilkin iddia ərizəsinin və qarşılqlı iddiya vermiş etirazın məzmununa uyğun izahat verərək, ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. İş üzrə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı MMC (icarəyə verən) ilə Azərbaycan Notariat Palatası (icarəçi) arasında 19 fevral 2020-ci il tarixdə bağlanmış icarə müqaviləsindən görünür ki, həmin müqavilənin: 1.1-ci bəndinə görə bu müqaviləyə əsasən icarəyə verən icarəyə verən Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 25E ünvanında yerləşən binanın üçüncü mərtəbəsində ümumi sahəsi 164 m2 olan və binanın mərtəbə planında göstərilən (Əlavə 1) qeyri-yaşayış sahəsini icarəçinin müvəqqəti sahiblik və istifadəsinə verməyi, icarəçi isə icarə obyektini qəbul edib icarə haqqını ödəməyi öz öhdəsinə götürür. Göstərilən ümumi icarə sahəsinin 111 m2 faydalı sahədir, qalan 53 m2 isə köməkçi sahə kimi sayılır. 4.1-ci bəndinə görə bu müqavilə üzrə icarə müddəti 1 il müddətinə 19 fevral 2020-ci ildən 19 fevral 2021-ci ilə qədər müəyyən edilir. 5.1-ci bəndinə əsasən icarə obyektinin ümumi icarə haqqının illik məbləği 42.624 manat təşkil edir (ƏDV daxil olmamaq şərtilə). Bu məbləğ icarə obyektindən istifadəyə görə 27.866 manat icarə haqdan və müqavilənin 5.6-cı bəndində göstərilən xidmətlərə görə 14.758 manat xərcdən ibarətdir. Yeraltı parkinq mərtəbəsində icarəçinin 1 avtomobili üçün müəyyən edilmiş parkinq yerinin icarə haqqısı da həmin məbləğə daxildir (Əlavə 2). 6.3.2-ci bəndinə görə icarə haqqını, o cümlədən ..... vaxtında və tam həcmdə ödəmək icarəçinin vəzifəsidir. 10.1-ci bəndinə görə tərəflər onların iradəsindən asılı olmayan və bu müqavilə qüvvəyə mindikdən sonra baş verən zəlzələ, daşqın, yer sürüşməsi və digər təbii fəlakət, habelə müharibə, hərbi əməliyyatlar, blokada, dövlət hakimiyyəti orqanlarının aktları və hərəkətləri, yaxud bu kimi digər qarşısıalınmaz qüvvə (fors-major) hallarının mövcudluğundan irəli gələn bu müqavilə üzrə öhdəliklərini yerinə yetirilməməsinə görə heç bir məsuliyyət daşımırlar. 10.2-ci bəndinə görə bu müqavilənin 10.1-ci bəndində göstərilmiş hallar baş verdiyi təqdirdə, bu halların təsiri nəticəsində öz öhdəliklərini icra etmək tam və ya qismən iqtidarında olmayan tərəf bu hallar barədə digər tərəfə 10 gün müddətində yazılı şəkildə bildiriş göndərməyi öhdəsinə götürür. Bildirişdə bu halların xüsusiyyətləri haqqında məlumatlar və mümkün olduğu halda, bu halların tərəfin bu müqavilə üzrə öhdəliklərinin icrasının mümkünlüyünə təsir göstərməsinin qiymətləndirilməsi və öhdəliklərin icra müddəti öz əksini tapmalıdır. 10.3-cü bəndinə görə fors-major halların mövcudluğu barədə vaxtında məlumat verməmə müvafiq tərəfi gələcəkdə həmin hallara istinad etmək hüququndan məhrum edir. 10.4-cü bəndinə görə fors-major halların mövcudluğunu sübut etmək vəzifəsi həmin halların baş verməsi səbəbindən öz öhdəliklərini icra etməmiş tərəfin üzərinə düşür. 12.4-cü bəndinə görə bu müqaviləyə hər hansı əlavə və/və ya dəyişikliklər yazılı şəkildə tərtib edildiyi və hər iki tərəfdən imzalandığı təqdirdə hüquqi qüvvəyə malikdir. Müqavilə icarəyə verən və icarəçi tərəfdən imzalanmış, üzərinə tərəflərin möhürü vurulmuş və notarial qaydada təsdiq edilmişdir. Elektron qaimələrdən görünür ki, İddiaçı MMC tərəfindən cəmi 19.440,44 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2020-ci il tarixli, EBAS seriyalı, 494699 saylı; xx.xx.2020-ci il tarixli, EBAS seriyalı, 400661 saylı; xx.xx.2020-ci il tarixli, EBAS seriyalı, 498351 saylı; xx.xx.2020-ci il tarixli, EBAQ seriyalı, 617551 saylı; xx.xx.2020-ci il tarixli, EBAK seriyalı, 846940 saylı; xx.xx.2020-ci il tarixli, EBAK seriyalı, 846864 saylı; xx.xx.2020-ci il tarixli, EBAH seriyalı, 429134 saylı; xx.xx.2020-ci il tarixli, EBAH seriyalı, 429125 saylı elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə Azərbaycan Notariat Palatasına göndərilmişdir. - xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, və xx.xx.2020-ci il tarixli ödəniş tapşırıqları ilə təsdiq edilir ki, ümumilikdə 18.093,13 manat məbləğində pul vəsaiti Azərbaycan Notariat Palatası tərəfindən İddiaçı MMC-yə ödənilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2000/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “icarə haqqının ödənilməsi və sairə” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə dair iş üzrə iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı MMC-dən əsas icarə haqqı - 8638,38 manat, kommunal xərclərə görə 7,37 manat, 500 manat dəbbə pulu, 400 manat vəkil xərci, ümumilikdə 9545,75 manat məbləğində pul və 20 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamənin təsviri-əsaslandırıcı (sübutların tədqiqi) hissəsinə əsasən müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 012-OB/19 saylı icarə müqaviləsinə əsasən icarəyə verən Bakı şəhəri Xətai rayonu 25E Nobel prospektində yerləşən binanın üçüncü mərtəbəsində ümumi sahəsi 164 kv m olan və binanın mərtəbə planında göstərilən qeyri-yaşayış sahəsini icarəçinin müvəqqəti sahiblik və istifadəsinə verməyi, icarəçi isə icarə obyektini qəbul edib ondan təyinatına uyğun istifadə etməyi və bu Müqavilədə göstərilmiş qaydada, miqdarda və müddətlərdə icarə haqqını ödəməyi öz öhdəsinə götürür. Göstərilən ümumi icarə sahəsinin 111 kv.m faydalı sahədir, qalan 53 kv.m isə köməkçi sahə kimi sayılır. İddiaçının cavabdehə ünvanladığı 17 fevral 2020-cı il tarixli Ç20-005 nömrəli məktubuna əsasən aralarında bağlanmış 012-OB/19 saylı müqavilənin icra müddətinin bitməsinə qədər cavabdehin icarəyə götürdüyü qeyri-yaşayış sahəsinin bütövlükdə Azərbaycan Notariat Palatasına sub-icarəyə verilməsinə etiraz edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-976/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-2000/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı MMC-dən 12.175,92 manat icarə haqqı, 7,37 manat kommunal xərcləri, 600 manat dəbbə pulu və 500 manat vəkil xərclərinin əvəzi olmaqla, cəmi 13.283,29 manat məbləğdə pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)- 67/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmamış və Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-976/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qərar qəbul edildiyi andan qüvvəyə minir. xx.xx.2020-ci il tarixli 16 nömrəli məktubdan görünür ki, Azərbaycan Notariat Palatası (mailto:info.nca.az@gmail.comElektron ünvan 1) İddiaçı MMC-yə (mailto:shahin.yusifov@novatek.azElektron ünvan 2) müraciət edərək, Respublikada karantin müddətinin tətbiqi və qeyri-iş günlərinin başlanılmasından, yəni xx.xx.2020-ci il tarixdən tərəflər arasında bağlanılmış icarə müqaviləsinin qüvvəsinin müqaviləyə xitam verilmədən dayandırılmasını, eyni zamanda, ofisdən istifadə edilmədiyi üçün icarə ödənişinin hesablanmasının dayandırılmasını zəruri və Respublikada karantin müddəti başa çatdıqdan sonra icarənin davam etdirilməsini mümkün və qanunamüvafiq hesab etdiklərini bildirmişlər. xx.xx.2020-ci il tarixli 26 nömrəli məktubdan görünür ki, Azərbaycan Notariat Palatası (mailto:info.nca.az@gmail.comElektron ünvan 1) İddiaçı MMC-yə (mailto:shahin.yusifov@novatek.azElektron ünvan 2) müraciət edərək, Respublikada sərtləşdirilmiş karantin rejiminin tətbiqi ilə bağlı tərəflər arasında bağlanılmış icarə müqaviləsinin qüvvəsinin müqaviləyə xitam verilmədən dayandırılmasını, eyni zamanda, ofisdən istifadə edilmədiyi üçün icarə ödənişinin hesablanmasının dayandırılmasını zəruri və Respublikada karantin müddəti başa çatdıqdan sonra icarənin davam etdirilməsini mümkün və qanunamüvafiq hesab etdiklərini bildirmişlər. xx.xx.2020-ci il tarixli 39 nömrəli məktubdan görünür ki, Azərbaycan Notariat Palatası (mailto:info.nca.az@gmail.comElektron ünvan 1) İddiaçı MMC-yə (mailto:shahin.yusifov@novatek.azElektron ünvan 2) xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərdə müraciət edərək, Respublikada sərtləşdirilmiş karantin rejiminin tətbiqi ilə bağlı tərəflər arasında bağlanılmış icarə müqaviləsinin qüvvəsinin müqaviləyə xitam verilmədən dayandırılmasını, eyni zamanda, ofisdən istifadə edilmədiyi üçün icarə ödənişinin hesablanmasının dayandırılmasını zəruri və Respublikada sərtləşdirilmiş karantin müddəti başa çatdıqdan sonra icarənin davam etdirilməsini mümkün və qanunamüvafiq hesab etdiklərini bildirmişlər. İddiaçı MMC tərəfindən Azərbaycan Notariat Palatasına ünvanlanmış 15 aprel 2021-ci il tarixli pretenziya məktubundan görünür ki, Azərbaycan Notariat Palatasından borc məbləğinin tərəflərindən ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, ilkin iddia təmin edilməli və qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ilkin iddiaçı, qarşılıqlı cavabdeh İddiaçı MMC (icarəyə verən) ilə ilkin cavabdeh, qarşılıqlı iddiaçı Azərbaycan Notariat Palatası (icarəçi) arasında 19 fevral 2020-ci il tarixli icarə müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən icarə hüququ ilə İddiaçı MMC-yə məxsus olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 25 E ünvanında yerləşən binanın üçüncü mərtəbəsində ümumi sahəsi 164 m 2 olan qeyri-yaşayış sahəsi Azərbaycan Notariat Palatasının istifadəsinə və sahibliyinə verilmişdir. Bunun müqabilində Azərbaycan Notariat Palatası illik ƏDV xaric 42.624 manat məbləğində icarə haqqı (ƏDV daxil aylıq icarə haqqı 4191,36 manat təşkil edir) ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Notariat Palatası tərəfindən həmin müqavilə üzrə 2020-ci ilin aprel, may, iyul, avqust ayları üçün icarə haqqı ödənilməmiş, eyni zamanda 2020-ci ilin iyun ayı üçün ƏDV daxil 3478,83 manat, sentyabr ayı üçün ƏDV daxil 2375,10 manat və noyabr ayı üçün ƏDV daxil 3476,28 manat məbləğində ödəniş edilməklə, göstərilən aylar üçün icarə haqqı tam ödənilməmişdir. Hazırda ilkin İddiaçı MMC yuxarıda göstərilən aylar üçün icarə haqqına görə 19.438,41 manat məbləğində borcun Azərbaycan Notariat Palatasından tutulması tələbinə dair ilkin iddia qaldırmışdır. Qarşılıqlı iddiaçı Azərbaycan Notariat Palatası isə tərəflər arasında bağlanmış icarə müqaviləsində tərəflərin fors-major halların mövcudluğundan irəli gələn müqavilə öhdəliklərinin icra edilməməsinə görə məsuliyyətdən azad edilməsi barədə şərtin yer aldığını, 2020-ci ilin mart ayında koronavirus pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq edilməsinin fors-major hal olduğunu, bu barədə İddiaçı MMC-yə məlumat verildiyini, eləcə də xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə icarə müqaviləsinə xitam verilmədən icarə haqqı ödənilməsinin dayandırılması barədə tərəflər arasında razılaşmanın bağlanmasını, buna baxmayaraq xüsusi karantin rejiminin tətbiq edildiyi bəzi aylar üçün icarə haqqını ödədiklərini, nəticədə 3403,72 manat məbləğində artıq ödəmənin yarandığını əsas göstərərək İddiaçı MMC-yə artıq ödədikləri 3403,72 manat məbləğində pul vəsaitinin geri qaytarılması barədə qarşılıqlı iddia qaldırmışdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında mübahisə xx.xx.2020-ci il tarixli icarə müqaviləsi üzrə 2020-ci ilin koronavirus pandemiyası ilə əlaqədar gücləndirilmiş karantin rejiminin tətbiq edildiyi ayları üçün icarə haqqının ödənilməli olub-olmaması ilə bağlıdır. Mübahisəli hüquq münasibətlərində icarəçi olan ilkin cavabdeh, qarşılıqlı iddiaçı mübahisəli aylar üçün icarə haqqının ödənilməməli olması barədə dəlillərini iki fərqli halla əsaslandırmışdır.
1. Pandemiya ilə əlaqədar gücləndirilmiş karantin rejiminin tətbiq edilməsinin tərəflər arasında bağlanmış icarə müqaviləsinin 10-cu bəndində nəzərdə tutulmuş forsmajor hal olması və həmin halla bağlı icarəyə verənə müqavilədə nəzərdə tutulmuş müddətdə məlumat verilməsi Göstərilən halla bağlı məhkəmə qeyd edir ki, “fors-major” anlayışı Mülki Məcəllədə verilməsə də, mülki hüquq nəzəriyyəsinə əsasən fors-major dedikdə müqavilə öhdəliklərinin icra edilməsinin qeyri-mümkünlüyünə səbəb olan qarşısıalınmaz qüvvə başa düşülür. Fors-major halların baş verməsi tərəfləri həmin halla əlaqədar öhdəliklərinin icra edilməməsinə görə məsuliyyətdən azad edir, eləcə də fors-major halın davam etdiyi müddətdə öhdəliyinin icra edilməsinə möhlət verilməsi üçün əsas verir. Mülki Məcəllədə qarşısıalınmaz qüvvə ilə bağlı öhdəliyin icra edilməməsinə görə məsuliyyətdən azad edilməsini nəzərdə tutan müddəa həmin Məcəllənin 448.4-cü maddəsində yer almışdır. Həmin maddəyə görə borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Tərəflər arasında bağlanmış mübahisəli icarə müqaviləsində də fors-major hallarla bağlı şərt yer almışdır. Həmin bəndə görə tərəflər onların iradəsindən asılı olmayan və bu müqavilə qüvvəyə mindikdən sonra baş verən zəlzələ, daşqın, yer sürüşməsi və digər təbii fəlakət, habelə müharibə, hərbi əməliyyatlar, blokada, dövlət hakimiyyəti orqanlarının aktları və hərəkətləri, yaxud bu kimi digər qarşısıalınmaz qüvvə (fors-major) hallarının mövcudluğundan irəli gələn bu müqavilə üzrə öhdəliklərini yerinə yetirilməməsinə görə heç bir məsuliyyət daşımırlar. Göründüyü kimi həm Mülki Məcəllənin normalarında, həm də tərəflər arasında bağlanmış müqavilənin şərtlərində fors-major hallar (qarşısıalınmaz qüvvə) nəticəsində öhdəlikləri icra etməyən tərəfin öhdəliklərin icra edilməsindən deyil, yalnız öhdəliyin icra edilməməsinə görə məsuliyyətdən azad edilməsi nəzərdə tutulmuşdur. Başqa sözlə desək, fors-major hallar ilə bağlı öhdəliklərini icra etməyən tərəf öhdəliyinin icra edilməməsinə görə mülki məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş məsuliyyət formalarından, yəni zərərin, dəbbə pulunun, MM-in 449-cu maddəsində nəzərdə tutulmuş faizlərin ödənilməsindən azad edilir. Bununla bağlı məhkəmə qeyd edir ki, qarşısıalınmaz qüvvə nəticəsində öhdəliyin icrasında maneələrin yaranması borclunu qarşısıalınmaz qüvvənin mövcud olduğu müddət üçün öhdəliyi icra edilməməsinə görə məsuliyyətdən azad edilməsi, eləcə də öhdəliyin icrasına möhlət verilməsi üçün əsas qismində çıxış etsə də, öhdəliyə xitam verilməsi üçün əsas verən hal hesab edilmir və tərəfi fors-major halının davam etdiyi müddət bitdikdən sonra həmin halla bağlı icra edilməmiş öhdəliyi icra etməkdən azad etmir. Belə ki, fors-major halların (qarşısıalınmaz qüvvə) baş verməsi ilə bağlı öhdəliyinin icra edilməməsi Mülki Məcəllədə öhdəliyinin xitam verilməsi əsasları arasında yer almamışdır. Həmin Məcəllənin icra mümkünsüzlüyü ilə bağlı öhdəliyə xitam verilməsini tənzimləyən 556.1-ci maddəsinə gəldikdə hazırkı halda göstərilən maddənin dispozisiyasında nəzərdə tutulmuş şərtlərin mövcud olması müəyyən edilmir. Həmin maddəyə görə icra mümkün olmadıqda, yəni icra edilməmə tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəldikdə, öhdəliyə xitam verilir. Bu halda kreditor borcludan öhdəliyin icrasını tələb edə bilməz. Göstərilən maddədə nəzərdə tutulmuş öhdəliyə xitam verilməsi üçün əsas olan icra mümkünsüzlüyü dedikdə, öhdəliyin daimi olaraq (qeyri-müəyyən müddətə) icra edilməsinin ümumiyyətlə mümkün olmaması başa düşülür. Belə mümkünsüzlük, məsələn, müqavilənin predmeti olan fərdi-müəyyən edilmiş əşyanın məhv olması, öhdəliyin predmeti növlü əşya olduqda həmin əşyanın dövriyyədə olmaması (fiziki cəhətdən mümkünsüzlük) və ya normativ hüquqi aktla müəyyən növ öhdəliklərin icrasının qadağan edilməsi (hüquqi cəhətdən mümkünsüzlük) ilə bağlı ola bilər. Bu zaman öhdəliyin icrasında yaranmış çətinliklər, o cümlədən maliyyə çətinlikləri tərəflərin iradəsindən asılı olmayan səbəblərdən yaransa belə, icra mümkünsüzlüyü kimi qəbul edilmir. Hazırkı halda ilkin cavabdeh tərəfindən icra edilməli ohdəliyin predmeti pul, yəni daimi dövriyyədə olan əşya olduğundan fors-major halın baş verməsi yalnız həmin öhdəliyin icra edilməsində müəyyən çətinliklər, maneələr yaradan (borclunun maddi zərərə uğramasına, maliyyə çətinliklərinin yaranmasına və d. səbəb olan) hal kimi qiymətləndirilə bilər. Yəni fors-major hal icarə haqqının ödənilməsi öhdəliyinin icrasını tamamilə mümkünsüz etmir. Beləliklə, ilkin iddiaçının fors-major halla bağlı müqavilədə nəzərdə tutulan müddətdə xəbərdar edilməsi ehtimal edilsə belə, göstərilən hal yalnız ilkin cavabdeh, qarşılıqlı iddiaçını fors-major halın davam etdiyi müddət ərzində öhdəliyinin icra edilməməsinə görə məsuliyyətdən (zərərin ödənilməsindən, dəbbə pulundən və s.) azad edilməsi və forsmajor halın davam etdiyi müddət ərzində öhdəliyinin icrasına möhlət verilməsi üçün əsas qismində çıxış edə bilər. Bununla yanaşı məhkəmə onu da qeyd edir ki, pandemiya ilə bağlı ölkədə xüsusi karantin rejiminin tətbiq edilməsi iqtisadi sferanın əksər iştirakçılarına mənfi təsir göstərdiyi bir şəraitdə mülki dövriyyənin bir iştirakçısı (icarəyə verən) müqavilə üzrə öhdəliklərini icra etdiyi və digər tərəf həmin icradan bəhrələndiyi halda (belə ki, gücləndirilmiş karantin rejiminin davam etdiyi müddətdə mübahsəli icarə sahəsini boşaltması və icarəyə verənə təhvil verməsi iş materiallarından görünmür) ikinci tərəfin qarşılıqlı icradan azad edilməsi (icarəçi) birinci tərəfi digərinə nisbətən əlverişsiz vəziyyətə salmaqla mülki hüququn təməl prinsipi olan mülki hüquq subyektlərinin bərabərliyi prinsipinə də ziddir.
2. Mübahisəli aylar üçün icarə haqqını ödəməli olmaması barədə mövqeyi əsaslandırmaq üçün ilkin cavabdeh, qarşılıqlı iddiaçının istinad etdiyi ikinci əsas tərəflərin arasında həmin müddətdə icarə haqqının hesablanmasının dayandırılması barədə razılaşmanın olmasıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, ilkin cavabdeh, qarşılıqlı iddiaçı istinad etdiyi razılaşmanın mövcudluğunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə ki, ilkin cavabdeh, qarşılıqlı iddiaçının məhkəməyə təqdim etdiyi e-mail vasitəsilə göndərilən məktublara münasibətdə məhkəmə qeyd edir ki, həmin məktubların göndərildiyi ünvanın domeninə əsasən (mailto:shahin.yusifov@novatek.azElektron ünvan 2) həmin e-mail ünvanının ilkin iddiaçıya aidiyyatı olan şəxsə məxsus olması öz təsdiqini tapır. Lakin iş materiallarına ilkin cavabdeh, qarşılıqlı iddiaçı tərəfindən həmin məktublarda əks olunmuş icarə haqqınıın hesablanmasının dayandırılması barədə təkliflərinə müsbət cavab verilməsini təsdiq edən hər hansı cavab məktubu əlavə edilməmişdir. Eyni zamanda məktubların ünvanlandığı Şahin Yusifov adlı şəxsin ilkin iddiaçının adından belə bir cavabı verməyə səlahiyyətli olması da iş materiallarına əsasən öz təsdiqini tapmır. Digər tərəfdən mübahisəli aylar üçün elektron qaimələrin onlara göndərilməməsi barədə ilkin cavabdeh, qarşılıqlı iddiaçının dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, göstərilən hal tərəflər arasında həmin aylar üçün icarə haqqının hesablanmalı olmaması barədə razlaşmanın mövcudluğu barədə əsaslı nəticəyə gəlmək üçün kifayət etmir. Belə ki, elektron qaimələrin göndərilməməsi digər bir halla, məsələn, fors-major halla bağlı həmin aylar üçün icarə haqqının ödənilməsinə möhlət verilməsi ilə də bağlı ola bilər. Məhkəmə onu da qeyd edir ki, müəyyən müddət üçün icarə haqqının hesablanmaması barədə razılaşma mahiyyət etibarilə müqaviləyə dəyişiklik edilməsi barədə razılaşmadır. Mülki Məcəllənin 423.1-ci maddəsinə görə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Tərəflər arasında bağlanmış müqavilənin 12.4-cü bəndinə görə bu müqaviləyə hər hansı əlavə və/və ya dəyişikliklər yazılı şəkildə tərtib edildiyi və hər iki tərəfdən imzalandığı təqdirdə hüquqi qüvvəyə malikdir. Beləliklə, tərəflər arasında mübahisəli aylar üçün icarə haqqının tutulmaması barədə müqavilədə müəyyən edilmiş formada - yazılı formada bağlanmış, etibarlılıq tələblərinə cavab verən razılaşmanın mövcudluğu iş materiallarına əsasən öz təsdiqini tapmır. Yuxarıda göstərilən hallara əsasən məhkəmə belə qənaətə gəlir ki, ilkin cavabdeh, qarşılıqlı iddiaçı tərəfindən mübahisəli aylar üçün icarə haqqının ödənilməməsi, eləcə də icarə haqqının ödənilmiş hissəsinin geri qaytarılması üçün əsasların mövcudluğu müəyyən edilmir. Mülki Məcəllənin 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. “Torpaq icarəsi haqqında” AR qanununun 14-cü maddəsinin 1-ci bəndinə görə torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyəverənə ödədiyi vəsaitdir. 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Odur ki, ilkin iddia təmin edilməli, ilkin cavabdeh Azərbaycan Notariat Palatasından ƏDV daxil 19.438,41 məbləğində icarə haqqı borcu tutularaq ilkin İddiaçı MMC-yə ödənilməli, qarşılıqlı iddiaçı Azərbaycan Notariat Palatasının qarşılıqlı cavabdeh İddiaçı MMC –yə qarşı icarə haqqına görə artıq ödənilmiş pul vəsaitinin qaytarılması tələbinə dair qarşılıqlı iddiası isə rədd edilməlidir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, ilkin iddia üzrə iddiaçı tərəfindən 200 manat məbləğində mediasiya xərcləri ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı ilkin iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 148 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş ilkin iddia üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə ilkin iddia təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ilkin iddia üzrə iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 200 manat məbləğində pul vəsaiti ilkin iddia üzrə cavabdehdən tutularaq ilkin iddia üzrə iddiaçıya ödənilməlidir. Qarşılıqlı iddia rədd edildiyindən qarşılıqlı iddia verilərkən çəkilmiş məhkəməm xərcləri isə qarşılıqlı iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İlkin iddia təmin edilsin. İlkin cavabdeh Azərbaycan Notariat Palatasından ƏDV daxil 19.438,41 (on doqquz min dörd yüz otuz səkkiz manat qırx bir qəpik) məbləğində borc və mediasiya xərclərinin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul vəsaiti tutularaq ilkin İddiaçı MMC-yə ödənilsin. Qarşılıqlı iddiaçı Azərbaycan Notariat Palatasının qarşılıqlı cavabdeh İddiaçı MMC – yə qarşı artıq ödənilmiş pul vəsaitinin qaytarılması tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva