Məhkəmə qərarları › İş №e-2-2(113)-2785/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2785/2022

15.07.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2785/2022 15.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 1080 (bir min səksən) manat məbləğində borcun silinməsin, pozulmuş hüquqların bərpası ilə bağlı çəkdiyi xərcin - 150 manat məbləğində pulun Cavabdehndən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsi çayxana kimi fəaliyyət göstərir. Həmin yerdə təbii qazdan istifadə üzrə **********00069 saylı abonent istifadəçisidir. Karta pul köçürülməklə təbii qazdan istifadə edirdi. xx.xx.2021-ci il tarixdə Azəriqaz İB-nin əməkdaşları tərəfindən ona məxsus qeyri-yaşayış sahəsinə quraşdırılmış İtron G4 markalı sayğac növbəti dövlət yoxlaması səbəbi ilə çıxarılmış, əvəzində müvəqqəti sayğac quraşdırmışlar. Bununla bağlı, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul edilməsi” haqqında xx.xx.2021-ci il tarixli akt tərtib edilmişdir. Sayğacda çıxarılana kimi hər hansı bir nöqsan olmayıb, çıxarılan zaman da hər hansı bir nöqsan aşkar edilməmişdir. Aktda da qeyd hissəsində məhz müvvəqəti sayğacın quraşdırıldığı göstərilmişdir. Bakı Regional Qazın Satış Departamentinin ona ünvanladığı xx.xx.2021-ci il tarixli dövlət yoxlamasına aparılan sayğacın yararsız hesab edilməsi göstərilmişdir. Bununla bağlı, iddiaçı cavabdeh təşkilata müraciət etmişdir. Ona cavabdeh təşkilat tərəfindən təqdim edilmiş abonentin saldosundan da aydın şəkildə görünür ki, 2021-ci ilin oktyabr ayının sonuna iddiaçının borcu 35,75 manat olmuş, 2021-ci ilin noyabr ayında isə borc birdən birə 1115,25 manata qalxmışdır. Belə ki, 35,75 manat qanuni borcu olduğu halda, 1080 manat da ona qanunsuz borc yazılmışdır. Təqdim edilmiş “Qeyri-əhali sayğacının yoxlanılması haqqında” MSK-29/1640- 01547-14 saylı aktdan görünür ki, çıxarılmış sayğaca 05 oktyabr 2021-ci il tarixdə Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş, sayğac yarasız hesab edilmişdir. Yoxlamanın nəticəsi kimi göstərilmişdir ki, sayğacın klapanı açıqdır, ekranda açıq işarəsi vardır. Hesablama mexanizmi ilişərək işləyir. Sayğaca ümumi baxış keçirildi, batareya yuvasının daxilində olan Alarm düyməsi yapışqanla yapışdırılıb. Dişli çarxlar kənar təsir nəticəsində kəsilib. Plastmas qapağın üzərində olan qulaqcıq qırıqdır. Xətalar normaya uyğun deyil. Təqdim edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, 15 oktyabr 2021-ci il tarixli akta əsasən, yuxarıda qeyd edilən akta əsasən dəymiş ziyanın hesablanması göstərilmişdir. Göstərilən akt tamamilə qanunsuz və əsassızdır. Həmin aktda iddiaçının aktı imzalamaqdan imtina etdiyi göstərilmişdir. Halbuki onun belə bir aktın mövcudluğundan məlumatı olmayıb. Dəymiş ziyanın bərpasına dair 30 noyabr 2021-ci il tarixli tələbnaməsində isə, itirilmiş qazın bərpası üçün hesabat aparılması göstərilmişdir. İddiaçı qaz sayğacına ödənişlərini vaxtlı-vaxtında etmiş və heç bir müdaxilə etməmişdir (bunu qaz idarəsinin işçiləri də təsdiq edirlər ki, onun tərəfindən qaz sayğacına heç müdaxilə olunmamışdır, sayğac çıxarılan zaman da aktda heç bir qeyd aparılmamışdır). Dövlət yoxlaması qərəzli şəkildə aparılmış, onun tərəfindən sayğaca hər hansı bir kənar təsir olmayıb. Ödənişləri də vaxtlı-vaxtında etdiyi təqdirdə axı bu borc necə yarana bilər?! İstifadəsində olmuş qaz sayğacının yararsız olması ehtimal olunduğu halda da həmin hal mübahisəli borcun əsaslı hesab edilməsi üçün əsas vermir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə hazılıq iclasında iştirak etmiş Cavabdeh İB-nin nümayəndəsi X1 izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ******* nömrəli akta əsasən məlum olur ki, İtron G4 markalı sayğac növbəti dövlət yoxlamasına göndərilməsi səbəbi ilə çıxarılmış, yerinə müvəqqəti sayğac quraşdırılmışdır. İş materiallarına əlavə edilmiş qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında xx.xx.2021-ci il tarixli, MSK-29/1640-01547-14 nömrəli aktda G4 markalı smart-kart tipli 1402AZ**********99 zavod nömrəli sayğacın yoxlamasının nəticəsi “Sayğacın klapanı açıqdır. Ekranda açıq işarəsi var. Hesablama mexanizmi ilişərək işləyir. Sayğaca ümumi baxış keçirildi, batareya yuvasının daxilində olan Alarm düyməsi yapışqanla yapışdırılıb. Dişli çarxlar kənar təsir nəticəsində kəsilib. Plastmas qapağın üzərində olan qulaqcıq qırıqdır. Xətalar normaya uyğun deyil” kimi göstərilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ******* saylı aktdan görünür ki, 4320 kub.m həcmində qazı üzrə dəymiş ziyanın hesablanması qərara alınmışdır. İş materiallarında olan 30 noyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.2021-ci il tarixli ******* saylı akta əsasən zərərin həcmi 4320 kub.m müəyyən olunmuşdur. İş materiallarında olan Abonentin Saldosundan görünür ki, 4320 kub.m qaza görə 1.080 manat zərər hesablanmışdır. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə qeyd edir ki, ilk növbədə iddianın borcun silinməsi tələbi ilə bağlı olan hissəsinə münasibət bildirilməlidir. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, iddiaçının silinməsini tələb etdiyi borc xx.xx.2021-ci il tarixli ******* saylı akta əsasən hesablanmış olan məbləğdir. Qeyd olunan aktın nəticəsinin hüquqi qüvvəsinin olub-olmamasının müəyyən edilməlidir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan görünür ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, aparılan yoxlama vahid məlumat reyestrində qeydə alınmamışdır. Bu faktı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi də öz izahatında təsdiq etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Ona görə də, iddia 1.080 manat borcun silinməsi hissəsində əsaslı olmaqla, təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddianın 150 manat hüquqi yardım göstərilməsinə dair xərcin tələb edilməsi hissəsində də iddia təmin edilməlidir. Belə ki, Mülki Prossesual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən ona hüquqi yardım göstərilməsi üçün Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına 150 manat məbləğində pul köçürülmüşdür. Məhkəmə hesab edir ki, göstərilmiş hüquqi yardıma görə 150 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ASC tərəfindən **********00069 saylı abunə kodu üzrə xx.xx.2021-ci il tarixli ******* saylı akta əsasən hesablanmış 1.080 (bir min səksən) manat məbləğində borc silinsin. Hüquqi yardıma görə vəkilə ödənilmiş pulun əvəzi olaraq 150 (yüz əlli) manat məbləğində pul Cavabdeh ASC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar