Məhkəmə qərarları › İş №e-2-2(113)-279/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-279/2025

08.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-279/2025 08.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Nümayəndə2 qarşı borc tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, borc tələbi, zaminlik, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC və Nümayəndə2 qarşı “pul” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" MMCndan və Nümayəndə2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 26 dekabr 2022-cü il tarixli kredit müqaviləsi üzrə 26467.51 manat əsas borc, 1924.34 manat faiz borcu və 81.55 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 28473.4 manat borcun və 175.42 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MMC 26 dekabr 2022-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 16 faizlə 24 ay müddətinə 40000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Nümayəndə2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 13 mart 2024-dək "xxxx" MMCnun banka 26 dekabr 2022-cü il tarixli kredit müqaviləsi üzrə 26467.51 manat əsas borc, 1924.34 manat faiz borcu və 326.19 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 28718.04 manat borcu vardır. "xxxx" MMC 26 dekabr 2022 il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 326.19 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25 %-i miqdarında olmaqla, yəni 81.55 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddianın məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməməklərinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 6-SME- 1-1411-22 nömrəli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən borcalana 300000 manat məbləğində illik faiz dərəcəsi 29 % olmaqla kredit xətti açılmış və kredit xəttinin müddəti 120 ay nəzərdə tutulmuşdur. "xxxx" ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 26 dekabr 2022-ci il tarixli 6- SME-1-1411-22/1 nömrəli Razılaşmaya əsasən bank müştəriyə 24 ay müddətinə aylıq faiz dərəcəsi 16% olmaqla 40000 manat məbləğində kredit vermiş, 36% illik cərimə nəzərdə tutulmuşdur. İddiaçı ASC ilə Nümayəndə2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli Z/21001/22 nömrəli zaminlik müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixli 6-SME-1-1411-22 nömrəli kredit müqaviləsinə bankdan kredit götürmüş bocalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminlər öz üzərlərinə götürmüşlər. Müqavilənin 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəliklər kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 MMCyə xx.xx.2022-ci il tarixdən 24 ay müddətinə faiz məbləği 16% olmaqla 40000 kredit verilmiş, həmin kreditdən əsas borc üzrə qalıq məbləğ 26467,51 manat və faiz borc üzrə qalıq məbləğ 1924,34 manat və cərimə üzrə qalıq borc məbləğ 326,19 manat, ümumi borc məbləği 28718,04 manat müəyyən edilmişdir. İddiaçı ASC-nin xx.xx.2025-ci il tarixli son maliyyə arayışına əsasən Cavabdeh1 MMC-yə xx.xx.2022-ci il tarixdən 24 ay müddətinə faiz məbləği 16% olmaqla 40000 kredit verilmiş, həmin kreditdən əsas borc üzrə qalıq məbləğ 23667,51 manat və faiz borc üzrə qalıq məbləğ 5293,83 manat və cərimə üzrə qalıq borc məbləğ 2957,32 manat,əldaən çıxmış fayda illik 5%-lə hesablanmaqla 69.15 manat, ümumi borc məbləği 31987,81 manat müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli SME-1-1411-22/1 nömrəli kredit müqaviləsi üzrə tərtib edilmiş ödəniş qrafikindən görünür ki, ümumi məbləği 40000 manat olan illik faiz dərəcəsi 16% olmaqla verilmiş kreditə görə Cavabdeh1 MMC 01 fevral 2023-cü il tarixdən 26 dekabr 2024-cü il tarixinə qədər hər ayın 01-i olmaqla 1958,52 manat, sonuncu ay 1954,33 manat ödəməlidir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İddiaçı ASC iddia ərizəsi verilməsi üçün 175,42 manat dövlət rüsumu ödəmişdir. Cavabdehin borcunun məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası keçirilmiş və xx.xx.2025-ci il tarixli, 9/9162 saylı rəyi ekspert rəyi ilə cavabdehin İddiaçı ASC-yə maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə əsas borcu 26821,55 manat, faiz borcu 1919,23 manat, ekspert rəyinin tərtib edildiyi xx.xx.2025-ci il tarixə əsas borcu 24021,55 manat, faiz borcu 5336,54 manat müəyyən edilmişdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır 739-cu maddəsinin xx.xx.2023-cü il tarixinə kimi qüvvədə olmuş əvvəlki tələbinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 6-SME-1-1411-22 nömrəli kredit müqaviləsi üzrə Razılaşmaya əsasən sonuncuya 24 ay müddətinə illik 16 %-lə qaytarmaq şərti ilə 40000 manat məbləğində kredit verilmişdir. Öhdəliyin icrasının təmin edilməsi üçün İddiaçı ASC ilə Nümayəndə2 arasında zaminlik müqavilələri bağlanmış və zamin borclu ilə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Kreditor, yəni iddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zamin, yəni cavabdehlər kredit və zaminlik müqavilələri üzrə öhdəlikləri tam icra etməmişlər, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə iddiaçının cavabdehlərə qarşı kredit və zaminlik müqavilələri əsasında borcu tələb etmək hüququ yaranmışdır. Lakin məhkəmə cavabdehlərdən tutulacaq əsas borcun məbləği ilə bağlı qeyd edir ki, iddiaçı iddia tələbində 26467,51 manat məbləğində əsas borcun tutulmasını tələb etsə də, iddiaçının özü tərəfindən təqdim olunmuş sonuncu, xx.xx.2025-ci il tarixli maliyyə arayışından həmin tarixə əsas borc məbləğinin 23667,51 manat olduğu məlum olmuşdur. Həmçinin iddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsi verildikdən sonra cavabdehlər tərəfindən ödəniş olduğunu və əsas borcun azaldığını bildirmişdir. Buna görə də cavabdehlərdən tutulacaq əsas borcun məbləği 23667,51 manat müəyyən olunmalıdır. Həmçinin məhkəmə cavabdehlərdən tutulacaq faiz borcunun məbləği ilə bağlı qeyd edir ki, iddiaçı iddia tələbində 1924,34 manat məbləğində faiz borcunun tutulmasını tələb etmişdir. Lakin keçirilmiş məhkəmə ekspertizası nəticəsində pretenziyada göstərilən xx.xx.2024-cü il tarixə faiz borcu 1919,23 manat hesablanmışdır. Məhkəmə, ekspert rəyini nəzərə alaraq hesab edir ki, ekspert rəyinə əsasən faiz borcu xx.xx.2024-cü il tarixinə hesablanmış 1919,23 manat məbləğində müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Tələb olunan cərimə məbləğinin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından cavabdehlərdən 81,55 manat məbləğində cərimə məbləği tutulmalıdır. Məhkəmə MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 175,42 manat dövlət rüsumunun 167 manatının əvəzi cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalı, məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 99 manat məbləğində hissəsi cavabdehlərdən müştərək qaydada, 1 manat məbləğində hissəsi isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 MMC və Nümayəndə2 müştərək qaydada xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 23667,51 manat əsas borc, 1919,23 manat faiz borcu, 81,55 manat cərimə borcu olmaqla, ümumilikdə 25668 (iyirmi beş min altı yüz altmış səkkiz) manat 29 (iyirmi doqquz) qəpik məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 167 (yüz altmış yeddi) manatının əvəzi tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə – mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 1 (bir) manat məbləğində hissəsi İddiaçı Açıq Səhmdar Cəmiyyətindən, 99 (doxsan doqquz) manat məbləğində hissəsi isə cavabdehlər Cavabdeh1 MMC və Nümayəndə2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar