Məhkəmə qərarları › İş №e-2-2(113)-2790/2025

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-2790/2025

13.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2790/2025 13.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndələri Nümayəndə1 və Nümayəndə2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 933,45 manat (doqquz yüz otuz üç manat qırx beş qəpik) borc, 46,68 manat ( qırx altı manat altmış səkkiz qəpik) dəbbə pulu və 30 ( otuz manat) manat dövlət rüsumu olmaqla, cəmi 1010,13 manat (min on manat on üç qəpik) pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli mövcud borcun etirafı haqqında müqavilə bağlanmışdır. Bu müqavilənin 1.1-ci bəndinə əsasən borclu tələbkara cəmi 933,45 manat (doqquz yüz otuz üç manat qırx beş qəpik) borcunun olduğunu etiraf edir. Müqavilənin 1.2-ci maddəsinə əsasən borclu borc məbləğini xx.xx.2024-cü il tarixinə qədər 933,45 manatını (doqquz yüz otuz üç manat qırx beş qəpik) hissə-hissə, xx.xx.2023-cü il tarixindən başlayaraq hər ay 90 (doxsan manat) manat məbləğində olmaqla, tələbkara ödəməyi öhdəsinə götürür. Həmin vaxtdan bəri cavabdeh tərəfindən hər hansı bir ödəniş olunmamışdır. Mülki Məcəllənin 439.3-cü maddəsinə əsasən qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyini pozaraq ödənişlərin verilməsində gecikmələr oldğundan xx.xx.2023-cü ildən bu günə kimi hər hansı bir ödəniş olunmadığı üçün 46,68 (933,45x5%:100=46,68) manat dəbbə pulu hesablanmışdır. Ümumilikdə, Cavabdeh Cəmiyyətə 979,13 manat (doqquz yüz yetmiş doqquz manat on üç qəpik) əsas borc, 20 aprel 2023-cü ildən 20 fevral 2024-ci ilə qədər 46,68 manat ( qırx altı manat altmış səkkiz qəpik) dəbbə pulu olmaqla, cəmi 979,13 manat (doqquz yüz yetmiş doqquz manat on üç qəpik) borcu yaranmışdır.Şirkət tərəfindən tərtib olunan xx.xx.2023cü il tarixli müqavilə Müıli Məcəllədə nəzərdə tutulmuş formada tərtib olunmuş və hər iki tərəf öz imzası ilə təsdiqləmişdir. Bundan başqa, ərizədə qeyd olunan “əməkdaşlıq etmişəm” ifadəsi işçi-işəgötürən arasındakı əmək münasibətlərini əks etdirmir. Həmin ifadə iddia ərizəsində tələb edilən məbləğin cavabdehin özünün müstəqil formada həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən irəli gəlməsi ilə bağlıdır. xx.xx.2023-cü il tarixli mövcud borcun etirafı haqqında müqavilənin 2.2-ci maddəsinə əsasən borclu hər ay vaxtlıvaxtında ödəniş etməzsə, tələbkar qarşı tərəfə yazılı (elektron və ya pretenziya qaydasında) bildiriş göndərməli, borclu isə bildiriş ona çatdığı gündən ən gec 5 (beş) gün ərzində ödəniş etməzsə, tələbkar qarşı tərəfə xəbər vermədən müqaviləyə xitam verə bilər. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə uyğun formada iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 933,45 manat pulun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə və iddia tələbinin azaldılması barədə ərizənin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, AC-MGS/20-04-23/ƏS nömrəli mövcud borcun etirafı haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən borclu tələbkara cəmi 933,45 manat borcunun olduğunu etiraf edir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən borclu borc məbləğinin xx.xx.2024-cü il tarixinə 933,45 manat hissəsini, 33,45 manatını əvvəlcədən ödəmək şərtilə yerdə qalan 900 manatını hissə-hissə xx.xx.2023-cü il tarixindən başlayaraq, hər ay 90 manat məbləğində olmaqla, tələbkara ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən borclu öhdəlik kimi öz üzərinə götürür ki, müqavilə təsdiqləndiyi gündən başlayaraq, xx.xx.2024cü il tarixinə qədər 933,45 manat borcunu Cəmiyyətin xəzinəsinə mədaxil edəcəkdir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən borclu hər ay vaxtlı-vaxtında ödəniş etməzsə, tələbkar qarşı tərəfə yazılı bildiriş göndərməli, borclu isə bildiriş ona çatdığı gündən ən geci 5 gün ərzində ödəniş etməzsə, tələbkar qarşı tərəfə xəbər vermədən müqaviləyə xitam verə bilər. Müqavilə tərəflərin imzası və İddiaçı ASC-nin möhürü ilə təsdiq olunmuşdur. - İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qarşılıqlı üzləşmə aktından müəyyən olunur ki, xx.xx.2022-ci il tarixinə olan borc məbləği 1363,95 manat təşkil edir. - İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 126 nömrəli maliyyə arayışında qeyd olunur ki, xx.xx.2023-cü il tarixli mövcud borcun etirafı haqqında müqavilə üzrə Cavabdeh ümumilikdə 979,13 manat borcu vardır. - İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli borc məbləğinin müəyyən edilməsi haqqında aktdan müəyyən olunur ki, tərəflər xx.xx.2023-cü il tarixinə Cavabdeh 933,45 manat borcunun mövcudluğunu öz imzaları ilə təsdiq etmişlər. Cavabdeh akta etirazının olmadığını bildirmiş və öz imzası ilə təsdiq etmişdir. -İddiaçı ASC tərəfindən Cavabdeh borcun ödənilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli pretenziya məktubu göndərilmiş, mövcud borcun 2 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2-ci maddəsinə əsasən Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, tərəflər arasında borcun etirafı haqqında müqavilə imzalanmış və hmin müqaviləyə əsasən iddiaçı cavabdehə olan borc məbləğinin xx.xx.2024-cü il tarixinə 933,45 manat hissəsini, 33,45 manatını əvvəlcədən ödəmək şərtilə yerdə qalan 900 manatını hissə-hissə xx.xx.2023-cü il tarixindən başlayaraq hər ay 90 manat məbləğində olmaqla, tələbkara ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini pozmuş, müqavilədə qeyd edilən qaydada iddiaçıya olan borcunu qaytarmamışdır. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, Cavabdeh 933,45 manat (doqquz yüz otuz üç manat qırx beş qəpik) borc tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapmışdır. Belə ki İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli borc məbləğinin müəyyən edilməsi haqqında aktda xx.xx.2023-cü il tarixinə Cavabdeh 933,45 manat borcunun olduğu qeyd edilmiş, Cavabdeh isə akta etirazının olmadığını bildirmiş və öz imzası ilə təsdiq etmişdir. Bundan əlavə, cavabdeh tərəfindən iddiaya ümumiyyətlə münasibət bildirilməmiş, ödənişlərin edilməsi ilə bağlı sübutlar təqdim edilməmişdir. Eləcə də, iddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat cavabdehdən tutularaq İddiaçı ASC-yə ödənilməlidir. NƏTİCƏ HİSSƏSİ: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 933,45 manat (doqquz yüz otuz üç manat qırx beş qəpik) borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat olmaqla, cəmi 963,45 manat (doqquz yüz altmış üç manat qırx beş qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar