Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2792/2025 08.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 47531 (qırx yeddi min beş yüz otuz bir) manat borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 235 (iki yüz otuz beş) manat dövlət rüsumu olmaqla, ümumilikdə 47766 (qırx yeddi min yeddi yüz altmış altı) manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 01 yanvar 2022-ci il tarixli, N-GM062 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin bağlanmasında məqsəd, iddiaçı cavabdehlə razılaşdırılmış malları ona (cavabdeh-alıcıya) satır, bunun da müqabilində alıcı (hazırki iş üzrə cavabdeh) tərəflər arasında razılaşdırılmış malın satış dəyərini satıcıya (hazırki iş üzrə iddiaçıya) ödəməyi öhdəsinə götürmüşdür (müqavilənin 1ci bəndi - müqavilənin predmeti). Qeyd olunan müqavilənin bağlanmasından sonra, iddiaçı cavabdehə məxsus olan və AR-nın Bakı şəhərində və eləcə də müxrəlif rayon və şəhərlərində yerləşən mağazlarına ərzaq-yeyiniti məhsullarını təhvil vermişdir. Bu barədə malların təhvil verilməsinə dair qaimələr tərtib olunmuşdur. Malların verilməsi və hətta bəzi malların dəyərinin iddiaçıya ödənilməsi 2023-cü il tarixlərdə mümkün olmuşdur. Lakin, bir müddət sonra, cavabdeh hüquqi şəxs malların dəyərini bu günə qədər ödəməmiş və halhazırda da borcludurlar. Tərəflər arasında müqavilə bağlandıqdan sonra, ümumilikdə ƏDV daxil olmaqla, 49104 (qırx doqquz min bir yüz dörd) manat məbləğində mal dövriyyəsi olmuşdur. Yəni, qeyd edilən məbləğin 41613,55 (qırx bir min altı yüz on üç manat əlli beş qəpik) manatı dəyərində mallar cavabdehə təhvil verilmişdir. Həmin malların məbləğlərdən az bir hissəsi iddiaçıya qaytarılmış olsa da, digər malların dəyəri bu günə kimi ödənilməmişdir. Qeyd olunan malların göndərilməsi və cavabdeh tərəfindən də təhvil alınması kağız üzərindən olmaqla, hər iki tərəfin məsul şəxsləri tərəfindən imzalanmışdır. Tərəflər arasında aparılmış şifahi danışıqlara baxmayaraq, cavabdeh borcunu ödəməmiş və dəfələrlə edilmiş şifahi xəbərdarlıqlara və hətta tərəflər arasında olan görüşlərə baxmayaraq heç bir əhəmiyyəti olmamışdır. Yuxarıda göstərilən xüsusatlardan irəli gələrək, artıq cavabdeh üzərinə düşən öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyinə görə 03 fevral 2025-ci il tarixli, 102 nömrəli pretenziya məktubu ilə borcun ödənilməsi tələb olunmuşdur. Pretenziya məktubu həm elektron məhkəmə sistemi vasitəsi ilə, həm də vergi ödəyicisinin elektron kargüzarlıq sistemi vasitəsi ilə cavabdehə təqdim edilmişdir (eyni zamanda, rəsmi qaydada poçt vasitəsi ilə cavabdehin hüquqi ünvanına da göndərilmişdir). Pretenziya məktubunda da borcun ödənilməsinin 10 fevral 2025-ci il tarixə kimi ödənilməsi tələb olunmuşdur (pretenziya məktubu və onun cavabdehə göndərilməsini təsdiq edən elektron sənədlər əlavə olunur). Göstərilən müddət ərzində borclu yenə də iddiaçıya olan borcunu ödəməmişdir. Məcbur olub, hazırki iddia ərizəsi elektron qaydada cavabdehə göndərilmişdir. Hal-hazrda cavabdehin bu hərəkətləri onun borcunun ödənilməsi üçün müvafiq məhkəmə qərarının çıxarılıması üçün əsasdır. Odur ki, verilmiş iddia tələbi təmin olunmalı və cavabdeh tərəfindən müqavilədən irəli gələrək öhdəliyini yerinə yetirmədiyi üçün yaranmış borcunun iddiaçıya ödənilməsi barədə müvafiq qətnamə qəbul olunmalıdır.
3. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək 29104 manat borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, gəlməməsinin səbəbinin üzrlü olması barədə hər hansı sübut təqdim etməmişdir.
6. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, N- GM062 nömrəli malların alqı-satqı müqaviləsinə görə satıcı hazırkı müqavilənin şərtlərinə uyğun olaraq alıcıya satdığı malları vermək öhdəliyini, alıcı isə həmin malları qəbul etmə öhdəliyini öz üzərinə götürür.
9. Müqavilənin 2.1-ci bəndinə görə alıcı tərəfindən sifariş verildikdən sonra mallar satıcının avtonəqliyyat vasitəsi ilə satıcının hesabına alıcının sifarişində qeyd edilən tədarük ünvan(lar)ına 2 (iki) iş günündən gec olmayaraq iş günləri təhvil verilməlidir. Satıcı alıcının sifarişini vaxtında və keyfiyyətlə icra edərək malların göndəriləcəyi avtonəqliyyat vasitəsinin sanitar-gigiyenik tələblərə və malların avtonəqliyyat vasitəsində saxlanma şəraitinə cavab verməsini təmin etməlidir.
10. Müqavilənin 4.1-ci bəndinə görə malların qiyməti Azərbaycan Respublikasının milli məzənnəsi ilə müəyyən edilir və ödənişin ardıcıllığı, şərtləri tərəflər arasında aparılan rəsmi yazışmalara əsasən müəyyənləşdirilir. Satıcı tərəfindən bu müqaviləyə aid qiymət cədvəli alıcıya email vasitəsilə təqdim edilməlidir. Malların qiymətinə (dəyərinə) vergilər daxildir.
11. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli EBDM 624174 saylı 20000,10 manat məbləğində, xx.xx.2025-ci il tarixli MT2503 11949255 nömrəli 29104,0007 manat məbləğində elektron qaimə-fakturalar təqdim olunmuşdur.
12. İddiaçıya məxsus ədv sub-uçot hesabından çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə 1525,42 manat, xx.xx.2023-cü il tarixdə 1525,42 manat məbləğində ödəniş edilmişdir.
13. İddiaçıya məxsus hesabdan çıxarışa görə cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə 8474,58 manat, xx.xx.2023-cü il tarixdə 8474,58 manat məbləğində ödəniş edilmişdir.
14. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, N- GM062 nömrəli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
15. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
17. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.
18. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
19. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
20. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
21. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
22. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
23. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
24. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
25. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, ümumilikdə 49104 manat dəyərində olan malları cavabdehə təhvil vermiş, həmin malların müqabilində cavabdeh 20000 manat ödəniş etmiş, qalıq 29104 manat borc ödənilməmişdir.
26. Hazırda iddiaçı cavabdehdən yaranmış həmin borcun ödənilməsini tələb etməklə haqlıdır.
27. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 29104 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
29. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 234 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 29104 manat məbləğində pul, 234 manat dövlət rüsumu, ümumilikdə 29338 (iyirmi doqquz min üç yüz otuz səkkiz) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova