Məhkəmə qərarları › İş №e-2-2(113)-2795/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2795/2020

17.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2795/2020 17.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, məsləhətçi Məmmədzadə Sevinc Bağman qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "Cavabdeh" Qapalı Səhmdar Cəmiyyətinə qarşı cavabdehdən 4097,27 manat icarə haqqı borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən 4097,27 manat icarə haqqı borcu və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdehlə İddiaçı arasında bağlanılmış 27092018 №li, xx.xx.2018-cu il tarixli uzun müddətli avtomobil icarə müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan bir ədəd HYUNDAİ TUCSON GLS markalı avtomobil aylıq icarə haqqı 920 (doqquz yüz iyirmi ) manat olmaqla xx.xx.2023-cü il tarixədək cavabdehə icarəyə verilmişdir. Lakin cavabdeh dəfələrlə müraciət edilməsinə baxmayaraq qeyd edilən icarə müqaviləsinin şərtlərini pozaraq icarə predmeti olan avtomobilin icarəsinə görə dörd aylıq icarə haqqını ödəməmişdir. Bununla bağlı dəfələrlə cavabdehə yazılı və şifahi müraciət edilmişdir. Lakin buna baxmayaraq cavabdeh dörd aylıq icarə haqqı borcunu ödəməmiş və ödəməməkdə davam edir. Bu səbəblə də xx xxxx 2020-ci il tarixdə icarə predmeti olan avtomobil cavabdehdən alınmışdır. Cavabdeh "Cavabdeh" Qapalı Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanılmış xx.xx.2018-ci il tarixli, 27092018 nömrəli icarə müqaviləsinə əsasən "Cavabdeh" Qapalı Səhmdar Cəmiyyətinin İddiaçınə 4097,27 (dörd min doxsan yeddi manat, iyirmi yeddi qəpik) manat borcu vardır. Azərbaycan Respublikası Qanunverciliyinin tələbinə əsasən cavabdeh uzun müddətli avtomobil icarə müqaviləsi üzrə borcunu İddiaçınə ödəməyə görə öhdəlik daşıyır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Kommersiya qurumunun Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, İddiaçı xx xxxxx 1997-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış 27092018 №li, xx.xx.2018-cu il tarixli uzun müddətli avtomobil icarə müqaviləsindən görünür ki, İddiaçı mülkiyyətində olan bir ədəd HYUNDAİ TUCSON GLS markalı avtomobil aylıq icarə haqqı 920 manat olmaqla xx.xx.2023-cü il tarixədək cavabdehə icarəyə verilmişdir. xx xxxxxxxx 2020-ci il tarixli Mühasibat arayışından görünür ki, "Cavabdeh" Qapalı Səhmdar Cəmiyyətinin 01aprel 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək olan dövr üzrə iddiaçıya 4097,27 manat borcu vardır. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Həmin Məcəllənin 701.2.5-ci maddəsinə əsasən əgər qəbul edilmiş ləvazimatla qaytarılmalı ləvazimatın ümumi qiymətləndirmə dəyərləri arasında fərq vardırsa, o, pulla kompensasiya edilir. Qiymətləndirmə dəyərləri üçün icarəyə xitam verildiyi məqamda qüvvədə olan qiymətlər əsas götürülməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 27092018 nömrəli, xx.xx.2018-ci il tarixli uzun müddətli avtomobil icarə müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı mülkiyyətində olan bir ədəd Hyundai Tucson GL markalı avtomobili aylıq icarə haqqı 920 manat olmaqla xx.xx.2023-cü il tarixədək cavabdehə icarəyə vermiş cavabdeh dörd aylıq icarə haqqını ödəmədiyi üçün avtomabil cavabdehdən geri alınmışdır. Cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyi tam icra etməmiş, cavabdehin iddiaçıya olan borcu 4097,27 manat təşkil edir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış icarə müqaviləsinə görə iddiaçı öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən avtomobili cavabdehə vermiş, cavabdeh isə müqavilə üzrə öhdəlikləri tam yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirmədiyindən, icarə müqaviləsində nəzərdə tutulan müddətdə icarə haqqını tam ödəmədiyindən, iddia təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2018-cu il il tarixli uzun müddətli avtomobil icarə müqaviləsi üzrə yaranmış 4097,27 manat icarə haqqı borcu tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, 4097,27 manat icarə haqqı borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 4097,27 manat icarə haqqı borcu və 30 manat dövlət rüsumu "Cavabdeh" Qapalı Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar