Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2796/2025 31.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi Açar sözlər: alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul tələbi” barədə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN FAKTİKİ HALLARİ:
1. Tərəflər arasında xx.xx.2023-cü il tarixdə malların alqı-satqısına 1 nömrəli Əlavə imzalanmışdır. Həmin Əlavəyə görə satıcı (iddiaçı) ilə alıcı (cavabdeh) bu Əlavəni aşağıdakı şərtlərlə razılaşdırdılar: 1.1. 1-ci bəndinə əsasən malın qiyməti ilə əlaqədar olan və satıcı tərəfindən alıcıya verilən digər güzəşt və imtiyazlar (satış həcminə görə endirim, malın rəflərdə yerləşdirilməsinə görə endirim, marketinq xidmətlərinə görə endirim (və ya ödəmə), logistika xərclərinin bölüşdürülməsi, promisyon, kompaniyalar və s.) ayrıca razılaşdırılır və bu razılaşdırma şərtləri müqavilənin 1 saylı Əlavəsində öz əksini tapır; 1.2. 2-ci bəndinə görə satıcı alıcının aşağıda qeyd edilən müxtəlif təyinatlı cədvəllərdə kommersiya yerləri (rəf başı, rəf yanağı, rəf küncü, səbət/teşir, pallar, stend, kassa önü) və kommersiya şərtləri üzrə endirim və ödənişləri etməyi öhdəsinə götürür. 1.3. 3-cü bəndinə görə xx.xx.2023-cü il tarixindən etibarən xx.xx.2023-cü il tarixinədək satıcının illik satışından (ƏDV xaric) 3% endirim edilməsi nəzərdə tutulur. Qeyd edilən güzəşti satıcı nağd və ya nağdsız ödəniş etməklə həyata keçirməlidir; 1.4. 6-cı bəndinə görə tərəflər razılaşırlar ki, alıcı alınmış malın ödənişini üzləşmə aktı maliyyə əməkdaşına təqdim edildikdən sonra 50 bank günü ərzində satıcının bank hesabına köçürməlidir.
2. İddiaçı tərəfindən elektron formada xx.xx.2023-xx.xx.2024-cü üzrə satış dövriyyəsini əhatə edən üzləşmə aktı tərtib edilmiş, həmin üzləşmə aktı tərəflərin imza və möhürləri ilə təsdiq edilməmişdir.
3. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli 3777 saylı qarşılıqlı borcların üzləşdirilməsi aktından görünür ki, tərəflər cavabdehin iddiaçıya həmin tarixə 37743,16 manat borcu olduğunu təsdiq etmişlər. Akt hər iki tərəfin nümayəndəsi tərəfindən imzalanmışdır.
İDDİA ƏRİZƏSİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ:
a) İddia ərizəsinin dəlilləri
4. İddiaçı tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında ödənilməli olan 42961 manat borcun (36407 manat əsas borc, 6554 manat ƏDV) və ödənilmiş 220 manat dövlət rüsumu olmaqla, ümumilikdə 43181 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı iddia ərizəsində göstərmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, iddiaçı ona məxsus olan malları cavabdehə - alıcıya - satır, bunun müqabilində alıcı (cavabdeh) tərəflər arasında razılaşdırılmış malın satış dəyərini satıcıya (iddiaçıya) ödəməyi öhdəsinə götürmüşdür. Tərəflərin bu razılaşmasından sonra, iddiaçı cavabdehə məxsus olan, Bakı şəhərində, eləcə də müxtəlif rayon və şəhərlərində yerləşən mağazlarına ərzaq-yeyiniti məhsullarını təhvil vermişdir. Bu barədə malların təhvil verilməsinə dair qaimələr tərtib olunmuşdur. Malların verilməsi və hətta bəzi malların dəyərinin iddiaçıya ödənilməsi 2023-cü il tarixdə də mümkün olmuşdur. Lakin, bir müddət sonra, cavabdeh ona verilmiş malların dəyərini bu günə qədər ödəməmiş və hal-hazırda da müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Tərəflər arasında müqavilə bağlandıqdan sonra, ümumilikdə ƏDV daxil olmaqla, 43 187 manat məbləğində mal dövriyyəsi olmuşdur. Yəni bu qeyd edilən məbləğin 36 599,15 manat dəyərində mallar cavabdehə təhvil verilmişdir. Bu dəyərdə olan malların məbləğlərdən cüzi bir hissəsi iddiaçıya qaytarılmış olsa da, digər malların dəyəri ödənilməmişdir. Qeyd olunan malların göndərilməsi və cavabdeh tərəfindən də təhvil alınması kağız üzərindən olmaqla, hər iki tərəfin məsul şəxsləri tərəfindən imzalanmışdır. Yuxarıda göstərilən xüsusatlardan irəli gələrək, artıq cavabdeh üzərinə düşən öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyinə görə, 03 fevral 2025-ci il tarixli, 101 nömrəli Pretenziya məktubu ilə borcun ödənilməsi tələb olunmuşdur. Pretenziya məktubunda borcun ödənilməsinin 10 fevral 2025-ci il tarixə kimi ödənilməsi tələb olunmuşdur. Göstərilən müddət ərzində də borclu yenə də iddiaçıya olan borcunu ödəməmişdir. Məcbur olub, hazırki iddia ərizəsi elektron qaydada cavabdehə göndərilmişdir. Hal-hazrda, cavabdehin bu hərəkətləri onun borcunun ödənilməsi üçün müvafiq məhkəmə qərarının çıxarılıması üçün əsasdır. b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdeh etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.
MƏHKƏMƏ İCLASİNDA VERİLƏN İZAHATLAR:
7. İddiaçının nümayəndəsi və vəkili məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
8. Cavabdehin nümayəndəsi etiraz edərək iddia tələbinin təmin edilməməsini xahiş etdi.
MÜLKİ İŞƏ TƏTBİQ EDİLƏN HÜQUQ:
Azərbaycan Respublikası Mülki Məcəllə:
9. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
10. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
11. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
12. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
13. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
14. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.
15. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
16. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
17. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
MƏHKƏMƏNİN MÖVQEYİ:
21. Məhkəmə iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi əsaslıdır.
22. Mülki Məcəllənin 386.1-ci maddəsindən göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya qanunla müəyyən edilmiş əsaslarla, yəni əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır) və ya özgə işlərini tapşırıqsız aparma, ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər.
23. İşin mübahisəsiz hallarından da görünür ki, qiymətinin sonradan ödənilməsi şərtilə tərəflər arasında müxtəlif çeşidli gündəlik təlabat mallarının nisyə alqı-satqı barədə müqaviləyə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır.
24. Mülki Məcəllənin 567-ci maddəsində verilən anlayışdan görünür ki, alqı-satqı müqaviləsi, tərəflər bu barədə razılığa gəldikləri andan bağlanmış (həm şifahi, həm də yazılı formada) sayılır. Müqavilə üzrə satıcının öhdəliyi razılaşdırılmış əşyanı (malı) alıcıya təhvil verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Alıcının isə əşyanı (malı) qəbul etmək öhdəliyi müqavilə bağlandığı andan, bir qayda olaraq onun dəyərini ödəmək öhdəliyi isə əşya (mal) ona təhvil verildikdən sonra (lakin tərəflər arasında əşyanın dəyərinin əvvəlcədən ödənilməsi də nəzərdə tutula bilər) başlanır.
25. İş materialları və işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirərək müxtəlif vaxtlarda partiyalarla malları cavabdehə təhvil vermişdir. İddiaçının malları cavabdehə təhvil verməsi işdə olan qaimə-fakturalarla öz təsdiqini tapır. Həmin qaimə-fakturalar hər iki tərəfin nümayəndələri tərəfindən imzalanmış və həmin qaimə fakturalara cavabdeh Cəmiyyətin adı əks olunmuş möhür də vurulmuşdur. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi öz izahatında qeyd edilən qaimələr üzrə malları təhvil alan şəxslərin hüquqi şəxsin işçiləri olduğunu və malların qəbul edildiyini təsdiq etmişdir. Bunları nəzərə alan məhkəmə hesab edir ki, bu iddiaçı malların cavabdehə müqavilədə göstərilən qaydada təhvil verilməsi ilə bağlı MM-nin 567-ci maddəsində nəzərdə tutulmuş öhdəliyini (“alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi... öhdəsinə götürür”) yerinə yetirmişdir. Həmçinin, məhkəmə araşdırması nəticəsində o da müəyyən edilmişdir ki, sözügedən alıq-satqı münqasibətləri çərçivəsində alınmış malların bir hissəsinin dəyəri cavabdeh tərəfindən ödənilmişdir.
26. Digər tərəfdən cavabdehin nümayəndəsi öz izahatında Aida Quliyeva və İlqar Mikayıllı arasında 27 aprel və 22 avqust 2023-cü il tarixlərdə elektron poçt vasitəsi ilə aparılmış yazışmalara əsasən, 50 000 manat məbləğində ödəniş edildiyini və borcun silindiyini bildirsə də, qeyd edilən şəxslərin hazırkı işlə və tərəflərlə hər hansı bağlılığı müəyyən edilməmişdir. Habelə, iş materiallarına əlavə edilmiş 3777 saylı qarşılıqlı borcların üzləşdirilməsi aktından görünür ki, tərəflər cavabdehin iddiaçıya xx.xx.2023-cü il tarixinə 37743,16 manat borcu olduğunu təsdiq etmişlər. Akt hər iki tərəfin nümayəndəsi tərəfindən imzalanmışdır.
27. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən malları almaq hüququna malik olduğu kimi, eyni zamanda onların dəyərini ödəməklə bağlı üzərinə öhdəlik götürmüşdür. Əvvəldə də qeyd edildiyi kimi, alıcının müqavilə üzrə aldığı malı ödəmək öhdəliyi, məhz malları təhvil aldıqdan sonra (əgər mal müqaviləyə uyğun verilmişsə və hər hansı mübahisə yoxdursa) yaranmış olur. Məhkəmə araşdırması nəticəsində isə müəyyən olunmuşdur ki, cavabdeh müqavilə əsasında malın almasına dair hüququndan istifadə etmiş, lakin onun dəyərini ödəməli olmasına dair öhdəliyini tam yerinə yetirməmiş, bununla da öhdəliyini pozmuşdur. Buna görə də, iddiaçı 36407 manat əsas borc və ona hesablanmış 6554 manat ƏDV borcunun cavabdehdən tutulmasına dair hazırkı iddianı irəli sürməkdə haqlıdır.
28. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 220 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
29. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 238- 246 maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. Cavabdeh MMC-dən 42961 manat əsas borc və ödənilmiş 220 manat dövlət rüsumu olmaqla, ümumilikdə 43181 (qırx üç min bir yüz səksən bir) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Pərviz Zamanlı