Məhkəmə qərarları › İş №e-2-2(113)-28/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-28/2024

05.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-28/2024 05.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “borcun ödənilməsi və s.” tələblərinə dair ilkin, Cavabdeh5 İddiaçı ASC-nə qarşı "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsi (açar sözlər: kredit, zaminlik, ipoteka müqaviləsi, mediasiya xərci) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh5, onun nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “borcun ödənilməsi və s.” tələbinə dair ilkin, Cavabdeh5 İddiaçı ASC-nə qarşı "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair qarşılıqlı iddiası üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı ASC cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı iddia və iddianın dəyişləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-dən, Cavabdeh2 və Cavabdeh4 birgə qaydada: - K4149 saylı maliyyələşdirmə üçün ərizə üzrə 161.902,71 manat faiz borcu, 17.206,66 manat cərimə borcu olmaqla, cəmi 179.109,37 manat məbləğində borcun; - K4804 saylı maliyyələşdirmə üçün ərizə üzrə 100.233,22 manat əsas borc, 402.709,17 manat faiz borcu, 26.685,10 manat cərimə borcu olmaqla, cəmi 529.627,49 manat məbləğində borcun; - DC90057790-01 saylı maliyyələşdirmə üçün ərizə üzrə 19.35 manat faiz borcu, 10.723,05 manat cərimə borcu olmaqla, cəmi 10.742,40 manat məbləğində borcun; - K4462 saylı maliyyələşdirmə üçün ərizə üzrə 27.555,45 manat məbləğində cərimə borcunun; - 2. Tutmanın aşağıda qeyd edilən əmlaklara yönəldilməsi: - Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən 0.12 ha yaşayış məntəqələrinin torpaqları və onun üzərində yerləşən xüsusi mülkiyyətdə olan 219.60 kv.m ümumi sahədən ibarət olan 113 saylı bağ evi; - Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu D yaşayış sahəsi, Qaraçuxur qəsəbəsi, ev 9 C, birinci giriş, 13 saylı mənzil; - Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi ; - Cavabdeh4 mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən yaşayış sahəsi; - Cavabdeh2 mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən yaşayış sahəsi; - Cavabdeh5 mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Bakı Ələt yolunun 58-ci km yerləşən 0.3 ha sahədən ibarət olan torpaq sahəsi. 3. Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən 0.12 ha yaşayış məntəqələrinin torpaqları və onun üzərində yerləşən xüsusi mülkiyyətdə olan 219.60 kv.m ümumi sahədən ibarət olan 113 saylı bağ evinin hərracdan ilkin satış qiyməti 269,000 manat məbləğində; - Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu D yaşayış sahəsi, Qaraçuxur qəsəbəsi, ev 9 C, birinci giriş, 13 saylı mənzilin hərracdan ilkin satış qiyməti 83,000 manat məbləğində; - Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin hərracdan ilkin satış qiyməti 122,000 manat məbləğində; - Cavabdeh4 mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən yaşayış sahəsinin hərracdan ilkin satış qiyməti 267,000 manat məbləğində; - Cavabdeh2 mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən yaşayış sahəsinin hərracdan ilkin satış qiyməti 120.000 manat məbləğində; - Cavabdeh5 mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Bakı Ələt yolunun 58-ci km yerləşən 0.3 ha sahədən ibarət olan torpaq sahəsinin hərracdan ilkin satış qiyməti 129,000 manat məbləğində müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehlərin İddiaçı ASC-yə olan kredit borclarına ödənilməsinə yönəldilməsi; 4. Daşınmaz əmlaklar satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi; 5. İpoteka predmetlərinin satışından əldə olunan pul vəsaiti cavabdehlərin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun Cavabdeh1 MMC-dən, Cavabdeh2 və Cavabdeh4 birgə qaydada tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi; 6. İddia ərizəsinin məhkəmənin icraatına qəbul olunması üçün ödənilmiş 1.867 (min səkkiz yüz altmış səkkiz) manat dövlət rüsumunun, Mediasiya prosesi üzrə 410 (dörd yüz on) manat məbləğində xidmət haqqının, ipoteka bildirişinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxslərin 1 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 105 (yüz beş) manat dövlət rüsumunun və 390 (üç yüz doxsan) manat xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında xx.xx.2016-cı il tarixli, PB/GTC-199/2016 nömrəli X5 və xx.xx.2018-ci il tarixli GL2665 saylı Kredit Limiti müqaviləsi imzalanmışdır. Sonradan GL2665 saylı Kredit Limiti müqaviləsi çərçivəsində tərəflər arasında aşağıdakı maliyyələşdirmə üçün ərizə formaları imzalanmışdır: - xx.xx.2020-ci il tarixli K4149 saylı maliyyələşdirmə üçün ərizə forması üzrə Bank tərəfindən Cavabdeh1 MMC-yə illik faiz dərəcəsi 16 % olmaqla xx.xx.2024-cü il tarixədək 1,600,000 (bir milyon altı yüz min) manat məbləğində birdəfəlik kredit verilmiş; xx.xx.2020-ci il tarixli K4150 saylı maliyyələşdirmə üçün ərizə forması və ona edilmiş xx.xx.2021-ci il tarixli 1 saylı əlavə üzrə üzrə Bank tərəfindən Cavabdeh1 MMC-yə illik faiz dərəcəsi 15% olmaqla xx.xx.2022-ci il tarixədək dövriyyə vəsaitinin artırılması məqsədilə 200.000 (iki yüz min) manat məbləğində kredit xətti açılmış; - xx.xx.2021-ci il tarixli K4462 saylı maliyyələşdirmə üçün ərizə forması üzrə Bank tərəfindən Cavabdeh1 MMC-yə illik faiz dərəcəsi 13% olmaqla xx.xx.2022-ci il tarixədək faktorinq öhdəliyi üzrə borcun bağlanması məqsədi ilə 776,880.59 (yeddi yüz yetmiş altı min səkkiz yüz səksən manat əlli doqquz qəpik) manat məbləğində birdəfəlik kredit verilmişdir. Bundan başqa Bank ilə Cavabdeh1 MMC arasında xx.xx.2020-ci il tarixli DC90057790-01 saylı maliyyələşdirmə üçün ərizə forması, ona edilmiş xx.xx.2021-ci il tarixli 1 saylı əlavə imzalanmış və Bank tətərifdən Borcalana illik faiz dərəcəsi 16.5% olmaqla xx.xx.2022-ci il tarixinədək mal ilışı məqsədilə 250,000 (iki yüz əlli min) manat məbləğində birdəfəlik kredit verilmişdir. Sonradan tərəflər arasında GL2665 saylı Kredit Limiti müqaviləsi çərçivəsində xx.xx.2021-ci il tarixli K4804 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış Bank tərəfindən Cavabdeh1 MMC-yə illik faiz dərəcəsi 15% olmaqla xx.xx.2026-cı il tarixədək DC90057790-01 saylı K4149 saylı, K4462 saylı K4150 saylı kredit müqavilələrinin restrukturizasiyası məqsədi ilə 2,736,090.98 (iki milyon yeddi yüz otuz altı min doxsan manat doxsan səkkiz qəpik) manat məbləğində birdəfəlik kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış GL2665 saylı Kredit Limiti müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə: 1. Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən 0.12 ha yaşayış məntəqələrinin torpaqları və onun üzərində yerləşən xüsusi mülkiyyətdə olan 219.60 kv.m ümumi sahədən ibarət olan 113 saylı bağ evi İddiaçı ASC-nin xeyrinə 27 iyul 2018-ci il tarixli İS2405 saylı sonrakı ipoteka müqaviləsi və ona edilmiş xx.xx.2021-ci il tarixli 2 saylı əlavə saziş ilə yüklü edilmişdir. İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda (Reyestr nömrəsi: **********51-11301, qeydiyyat tarixi: xx.xx.2022, qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmiş; 2. Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu D yaşayış sahəsi, Qaraçuxur qəsəbəsi, ev 9 C, birinci giriş, 13 saylı mənzil İddiaçı ASC-nin xeyrinə 24 avqust 2020-ci il tarixli İS3497 saylı sonrakı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda (Reyestr nömrəsi: **********70-05301-093098, qeydiyyat tarixi: xx.xx.2020, qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmiş; 4. Cavabdeh4 mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən yaşayış sahəsi İddiaçı ASC-nin xeyrinə 13 noyabr 2020-ci il tarixli İ3601 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda (Reyestr nömrəsi: **********39-05301-093022, qeydiyyat tarixi: xx.xx.2020, qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmiş; 5. Cavabdeh2 mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən yaşayış sahəsi İddiaçı ASC-nin xeyrinə 09 sentyabr 2021-ci il tarixli İ3907 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda (Reyestr nömrəsi: **********64- 05301-093040, qeydiyyat tarixi: xx.xx.2021, qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmişdir; 7. Cavabdeh5 mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Bakı Ələt yolunun 58-ci km yerləşən 0.3 ha sahədən ibarət olan torpaq sahəsi İddiaçı ASC-nin xeyrinə 14 sentyabr 2021-ci il tarixli İ3908 saylı ipoteka müqaviləsi ilə yüklü. İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda (Reyestr nömrəsi: **********28, qeydiyyat tarixi: xx.xx.2021, qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmişdir. Eyni zamanda, İddiaçı ASC ilə Borcalan Cavabdeh1 MMC arasında bağlanmış GL2665 saylı Kredit Limiti müqaviləsindən irəli gələn öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh4 arasında xx.xx.2018-ci il tarixli, Z2678 saylı, Cavabdeh2 arasında xx.xx.2018-ci il tarixli Z2679 saylı zaminlik müqavilələri, DC90057790- 01 saylı maliyyələşdirmə üçün ərizədən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh4 arasında xx.xx.2020-ci il tarixli, DG**********27 saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin borcalan qeyd edilən kreditlər üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icrа еtməmişdir.

3. İşdən görünür ki, Cavabdeh5 cavabdehlər Cavabdeh2, Cavabdeh6 və İddiaçı ASC-yə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Səbail RM-nə müraciət edərək 14 sentyabr 2021-ci il tarixində Bakı şəhəri 46 saylı notariat ofisində 3M-666 nömrə ilə qeydə alınmış İ3908 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Bakı-Ələt yolunun 58-ci km-də yerləşən 0.30 ha torpaq sahəsi iddiaçı Cavabdeh5 məxsus olmuşdur. İddiaçının tanışı Cavabdeh2 ona bildirmişdir ki, həmin torpaq sahəsinin daşınmaz əmlakın övlət reyestrində qeydə alınması məsələsində on aköməklik göstərə bilər və buna görə də bu işlərin icrası üçün iddiaçı tərəfindən ona etibarnamə verilməlidir. Bu məqsədlə iddiaçı tərəfindən Cavabdeh2 etibarnamə verilmişdir. Daha sonra, Cavabdeh2 təsisçisi olduğu Cavabdeh1 MMC vasitəsi ilə İddiaçı ASC ilə kredit müqaviləsi bağlamış, verilmiş etibarnamədən istifadə edərək kreditin təminatı olaraq bankla 14 sentyabr 2021-ci il tarixli, İ3908 saylı ipoteka müqaviləsi bağlamışdır. Həmin ipoteka müqaviləsi ilə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Bakı-Ələt yolunun 58-ci km-də yerləşən 0.30 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir.

5. Daha sonra, İddiaçı ASC-nin vəsatəti üzrə, Bakı şəhəri Səbail RM-nin e-2(009)- 1301/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh5 cavabdehlər Cavabdeh2, Cavabdeh6 və İddiaçı ASC-yə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş Bakı Kommersiya Məhkəməsinin icraatında olan İddiaçı ASCnin cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “borcun ödənilməsi və s.” tələblərinə dair işlə bir icraatda birləşdirilməsi və işin baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

II. Tərəflərin mövqeləri:

6. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddianın təmin olunması, qarşılıqlı iddianın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.

7. Məhkəmə iclasında iştirak edən Cavabdeh5 və onun nümayəndəsi və vəkili Nümayəndə1 ilkin iddiaya (ipoteka predmetinə tutmanın yönəldilməsi hissəsində) etiraz edərək ilkin iddianın rədd olunması və qarşılıqlı iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.

8. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında məlumatlandırılsa da məhkəmə iclasına gəlməmişlər, lakin iddiaçı tərəf məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər isə məhkəməyə gəlməməklərinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

10. Məhkəmə belə qənaətə gəlir ki, digər cavabdehlər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclasında iştirak etməmişlər və belə olan halda, digər cavabdehlər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

11. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

12. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

13. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

14. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında xx.xx.2016-cı il tarixli, PB/GTC-199/2016 nömrəli X5 və xx.xx.2018-ci il tarixli GL2665 saylı Kredit Limiti müqaviləsi imzalanmışdır.

15. Sonradan GL2665 saylı Kredit Limiti müqaviləsi çərçivəsində tərəflər arasında imzalanmış xx.xx.2020-ci il tarixli K4149 saylı maliyyələşdirmə üçün ərizə forması üzrə Bank tərəfindən Cavabdeh1 MMC-yə illik faiz dərəcəsi 16 % olmaqla xx.xx.2024-cü il tarixədək 1,600,000 manat məbləğində; - xx.xx.2021-ci il tarixli K4462 saylı maliyyələşdirmə üçün ərizə forması üzrə Bank tərəfindən Cavabdeh1 MMC-yə illik faiz dərəcəsi 13% olmaqla xx.xx.2022-ci il tarixədək faktorinq öhdəliyi üzrə borcun bağlanması məqsədi ilə 776,880.59 manat məbləğində birdəfəlik kredit verilmişdir.

16. Bank ilə Cavabdeh1 MMC arasında xx.xx.2020-ci il tarixli DC90057790-01 saylı maliyyələşdirmə üçün ərizə forması, ona edilmiş xx.xx.2021-ci il tarixli 1 saylı əlavə imzalanmış və Bank tərəfindən Borcalana illik faiz dərəcəsi 16.5% olmaqla xx.xx.2022-ci il tarixinədək mal ilışı məqsədilə 250,000 manat məbləğində birdəfəlik kredit verilmişdir.

17. Sonradan tərəflər arasında GL2665 saylı Kredit Limiti müqaviləsi çərçivəsində xx.xx.2021-ci il tarixli K4804 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış, Bank tərəfindən Cavabdeh1 MMC-yə illik faiz dərəcəsi 15% olmaqla xx.xx.2026-cı il tarixədək DC90057790-01 saylı K4149 saylı, K4462 saylı K4150 saylı kredit müqavilələrinin restrukturizasiyası məqsədi ilə 2,736,090.98 manat məbləğində birdəfəlik kredit verilmişdir.

18. İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış GL2665 saylı Kredit Limiti müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə: Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən 0.12 ha yaşayış məntəqələrinin torpaqları və onun üzərində yerləşən xüsusi mülkiyyətdə olan 219.60 kv.m ümumi sahədən ibarət olan 113 saylı bağ evi İddiaçı ASC-nin xeyrinə 27 iyul 2018-ci il tarixli İS2405 saylı sonrakı ipoteka müqaviləsi və ona edilmiş xx.xx.2021-ci il tarixli 2 saylı əlavə saziş ilə yüklü edilmişdir.

19. Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu D yaşayış sahəsi, Qaraçuxur qəsəbəsi, ev 9 C, birinci giriş, 13 saylı mənzil İddiaçı ASC-nin xeyrinə 24 avqust 2020-ci il tarixli İS3497 saylı sonrakı ipoteka müqaviləsi ilə yüklü edilmişdir.

20. Cavabdeh4 mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən yaşayış sahəsi İddiaçı ASC-nin xeyrinə 13 noyabr 2020-ci il tarixli İ3601 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir.

21. Cavabdeh2 mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən yaşayış sahəsi İddiaçı ASC-nin xeyrinə 09 sentyabr 2021-ci il tarixli İ3907 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir.

22. Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə 30 noyabr 2020-ci il tarixli İ3600 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir

23. Cavabdeh5 mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Bakı Ələt yolunun 58-ci km yerləşən 0.3 ha sahədən ibarət olan torpaq sahəsi İddiaçı ASC-nin xeyrinə 14 sentyabr 2021-ci il tarixli İ3908 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir.

24. İddiaçı ASC ilə Borcalan Cavabdeh1 MMC arasında bağlanmış GL2665 saylı Kredit Limiti müqaviləsindən irəli gələn öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh4 arasında xx.xx.2018-ci il tarixli, Z2678 saylı, Cavabdeh2 arasında xx.xx.2018-ci il tarixli Z2679 saylı zaminlik müqavilələri, DC90057790-01 saylı maliyyələşdirmə üçün ərizədən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh4 arasında xx.xx.2020-ci il tarixli, DG**********27 saylı zaminlik müqaviləsi bağlanmışdır.

25. Kredit və zaminlik müqavilələri tərəflərin imzaları ilə təsdiq olunmuşdur.

26. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

27. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.

29. X3 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.

30. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.

31. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış borc müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini lazımınca icra etməməsi iddiaçıya borc müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

32. Belə ki, bankla Cavabdeh1 MMC arasında kredit müqavilələri bağlanmış, Bank tərəfindən müqavilələr üzrə nəzərdə tutulmuş məbləğdə pul Cavabdeh1 MMC-nin hesabına köçürülmüşdür. Müqavilələr üzrə borclu üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə borcu yaranmışdır.

33. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-28/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2020-ci i tarixli, K4149 saylı müqavilə üzrə xx.xx.2024-cü il tarixə (maliyyə arayışında borcun hesablandığı tarix) əsas və faiz borcunun və İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2021-ci i tarixli, K4804 saylı müqavilə üzrə xx.xx.2024-cü il tarixə (maliyyə arayışında borcun hesablandığı tarix) əsas və faiz borcunun nə qədər təşkil etdiyinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.

34. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/684 nömrəli rəyinə əsasən Cavabdeh1 MMC-nin xx.xx.2020-ci i tarixli, K4149 saylı müqaviləyə əsasən əsas borc üzrə 0 manat, faiz borcu üzrə 161.902,71 manat, xx.xx.2021-ci i tarixli, K4804 saylı müqaviləyə əsasən əsas borc üzrə 100.233,2 manat, faiz borcu üzrə 392.507,0 manat təşkil edir.

35. İddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə ərizəyə əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 MMC-nin xx.xx.2024-cü il tarixə K4149 saylı maliyyələşdirmə üçün ərizə üzrə 161.902,71 manat faiz borcu, 17.206,66 manat cərimə borcu olmaqla, cəmi 179.109,37 manat, K4804 saylı maliyyələşdirmə üçün ərizə üzrə 100.233,22 manat əsas borc, 402.709,17 manat faiz borcu, 26.685,10 manat cərimə borcu olmaqla, cəmi 529.627,49 manat, DC90057790-01 saylı maliyyələşdirmə üçün ərizə üzrə 19.35 manat faiz borcu, 10.723,05 manat cərimə borcu olmaqla, cəmi 10.742,40 manat və K4462 saylı maliyyələşdirmə üçün ərizə üzrə 27.555,45 manat məbləğində cərimə borcu vardır.

36. Məhkəmə hesab edir ki, iddia K4149 saylı, K4804 saylı, DC90057790-01 saylı və K4462 saylı müqavilələr üzrə əsas və faiz borcun tələb edilməsi hissəsində qismən təmin edilməli, K4149 saylı müqaviləyə əsasən faiz borcu üzrə 161.902,71 manat, K4804 saylı müqaviləyə əsasən əsas borc üzrə 100.233,22 manat, faiz borcu üzrə 392.507 manat, DC90057790-01 saylı müqaviləyə əsasən faiz borcu üzrə 19.35 manat məbləğində pul Cavabdeh1 MMC-dən, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

37. Məhkəmə həmçinin hesab edir ki, iddia K4149 saylı, K4804 saylı, DC90057790- 01 saylı və K4462 saylı müqavilələr üzrə dəbbə pulunun tələb edilməsi hissəsində qismən əsaslıdır.

38. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

39. Hazırki işin hallarından görünür ki, K4149 saylı müqavilə üzrə cavabdehlərdən 8.000 manat, K4804 saylı müqavilə üzrə cavabdehin əsas borcuna münasibətdə 5.000 manat, DC90057790-01 saylı müqavilə üzrə 500 manat və K4462 saylı müqavilə üzrə 500 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.

40. xx.xx.2020-ci i tarixli, K4149 saylı, xx.xx.2021-ci i tarixli, K4804 saylı, DC90057790-01 saylı, K4462 saylı müqavilələr üzrə tutmanın ipoteka predmetləri olan əmlaklara yönəldilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

41. İşdə olan İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış 27 iyul 2018-ci il tarixli İS2405 saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, ipoteka predmetini Bakı şəhəri, Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən 0.12 ha yaşayış məntəqələrinin torpaqları və onun üzərində yerləşən xüsusi mülkiyyətdə olan 219.60 kv.m ümumi sahədən ibarət olan 113 saylı bağ evi təşkil edir.

42. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən ipoteka predmetinin dəyəri 165.000 manat təşkil edir.

43. Daha sonra, İddiaçı ASC ilə Cavabdeh4 arasında xx.xx.2021-ci il tarixdə 27 iyul 2018-ci il tarixli İS2405 saylı sonrakı ipoteka müqaviləsinə 2 nömrəli əlavə saziş imzalanmış, həmin sazişin 2.5-ci bəndinə əsasən predmetin dəyəri 269.000 manat təşkil edir.

44. İşdə olan İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 24 avqust 2020-ci il tarixli İS3497 saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, ipoteka predmetini Bakı şəhəri, Suraxanı rayonu D yaşayış sahəsi, Qaraçuxur qəsəbəsi, ev 9 C, birinci giriş, 13 saylı mənzil təşkil edir.

45. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən ipoteka predmetinin dəyəri 83.000 manat təşkil edir.

46. İşdə olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 09 sentyabr 2021-ci il tarixli İ3907 saylı ipoteka müqaviləsindən görünür ki, ipoteka predmetini Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, məhəllə 3168, ev 33, giriş 1, 85 saylı mənzil təşkil edir.

47. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən predmetin dəyəri 120.000 manat təşkil edir.

48. İşdə olan İddiaçı ASC ilə Cavabdeh5 arasında bağlanmış 14 sentyabr 2021-ci il tarixli İ3908 saylı ipoteka müqaviləsindən görünür ki, ipoteka predmetini Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Bakı Ələt yolunun 58-ci km yerləşən 0.3 ha sahədən ibarət olan torpaq sahəsi təşkil edir.

49. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən ipoteka predmetinin dəyəri 129.000 manat təşkil edir.

50. İşdə olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 30 noyabr 2020-ci il tarixli İ3600 saylı ipoteka müqaviləsindən görünür ki, ipoteka predmetini ünvan 1 təşkil edir.

51. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən ipoteka predmetinin dəyəri 122.000 manat təşkil edir.

52. İşdə olan İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış 13 noyabr 2020-ci il tarixli İ3601 saylı ipoteka müqaviləsindən görünür ki, ipoteka predmetini Bakı şəhəri, Xətai rayonu “Ağ şəhər”, 1-ci yaşıl ada küçəsi ev 7/, giriş yeddi, mənzil 83 təşkil edir.

53. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən ipoteka predmetinin dəyəri 267.000 manat təşkil edir.

54. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-106/2023 saylı qərardadı ilə Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən 0.12 ha yaşayış məntəqələrinin torpaqları və onun üzərində yerləşən xüsusi mülkiyyətdə olan 219.60 kv.m ümumi sahədən ibarət olan 113 saylı bağ evinin, Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu D yaşayış sahəsi, Qaraçuxur qəsəbəsi, ev 9 C, birinci giriş, 13 saylı mənzilin, Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin, Cavabdeh4 mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən yaşayış sahəsinin, Cavabdeh2 mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən yaşayış sahəsinin və Cavabdeh5 mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Bakı Ələt yolunun 58-ci km yerləşən 0.3 ha sahədən ibarət olan torpaq sahəsinin likvid və bazar dəyərinin nə qədər təşkil etdiyinin müəyyən edilməsi məqsədi ilə əmlakların qiymətləndirilməsinin həyata keçirilməsi qərara alınmışdır.

55. Qiymətləndirici təşkilat olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli hesabatına əsasən Cavabdeh4 məxsus Bakı şəhəri, Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən 0.12 ha yaşayış məntəqələrinin torpaqları və onun üzərində yerləşən xüsusi mülkiyyətdə olan 219.60 kv.m ümumi sahədən ibarət olan 113 saylı bağ evinin 10 oktyabr 2023-cü il tarixə bazar dəyəri 365.000 manat, likvid dəyəri 290.000 manat, Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu D yaşayış sahəsi, Qaraçuxur qəsəbəsi, ev 9 C, birinci giriş, 13 saylı mənzilin bazar dəyəri 120.000 manat, likvid dəyəri 98.000 manat, Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin bazar dəyəri 270.000 manat, likvid dəyəri 210.000 manat, Cavabdeh4 mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən yaşayış sahəsinin bazar dəyəri 400.000 manat, likvid dəyəri 335.000 manat, Cavabdeh2 mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən yaşayış sahəsinin bazar dəyəri 160.000 manat, likvid dəyəri 128.000 manat təşkil edir.

56. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, tutma ilkin satış qiyməti 290,000 (iki yüz doxsan min) manat olmaqla Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən 0.12 ha yaşayış məntəqələrinin torpaqları və onun üzərində yerləşən xüsusi mülkiyyətdə olan 219.60 kv.m ümumi sahədən ibarət olan 113 saylı bağ evinə, ilkin satış qiyməti 98.000 (doxsan səkkiz min) manat olmaqla Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu D yaşayış sahəsi, Qaraçuxur qəsəbəsi, ev 9 C, birinci giriş, 13 saylı mənzilə, ilkin satış qiyməti 210.000 (iki yüz on min) manat olmaqla Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə, İlkin satış qiyməti 335.000 (üç yüz otuz beş min) manat olmaqla Cavabdeh4 mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən yaşayış sahəsinə, İlkin satış qiyməti 128.000 (bir yüz iyirmi səkkiz min) manat olmaqla Cavabdeh2 mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən yaşayış sahəsinə və İkin satış qiyməti 129,000 (bir yüz iyirmi doqquz min) manat olmaqla Cavabdeh5 mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Bakı Ələt yolunun 58-ci km yerləşən 0.3 ha sahədən ibarət olan torpaq sahəsinə yönəldilməli, açıq hərracda satılmalı və satışdan əldə olunacaq vəsait kredit borcunun ödənilməsinə yönəldilməlidir.

57. Bundan başqa, məhkəmə qeyd edir ki, ipoteka predmeti olan Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən 0.12 ha yaşayış məntəqələrinin torpaqları və onun üzərində yerləşən xüsusi mülkiyyətdə olan 219.60 kv.m ümumi sahədən ibarət olan 113 saylı bağ evi xx.xx.2018-ci il tarixli GL2665 saylı Kredit Limiti müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə 27 iyul 2018-ci il tarixli İS2405 saylı sonrakı ipoteka müqaviləsi ilə yüklü edildiyindən həmin əmlak satıldıqdan sonra 01 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməlidir.

58. Məhkəmə həmçinin hesab edir ki, iş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəfindən mediasiya xərcinin əvəzi olaraq 410 manat məbləğində pul Bakı 6 saylı Mediasiya təşkilatına ödənmişdir.

59. Ona görə də, mediasiya xərcinin əvəzi olaraq 410 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.

60. Məhkəmə həmçinin qeyd edir ki, iş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli, ********* nömrəli qəbzə əsasən 59 manat, xx.xx.2022-ci il tarixli, ********* nömrəli qəbzə əsasən 1.867 manat olmaqla, cəmi 1.926 manat məbləğində pul dövlət rüsumunun əvəzi olaraq dövlət büdcəsinə ödənmişdir.

61. Ona görə də, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1.926 manat məbləğində pul Cavabdeh1 MMC-dən, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

62. Məhkəmə həmçinin qeyd edir ki, işdən də, göründüyü kimi Məhkəməmühasibatlıq Ekspertizasının keçirilməsi xərci 100 manat təşkil edir. Ona görə də, 100 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənməlidir.

63. Məhkəmə həmçinin qeyd edir ki, ipoteka bildirişinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxslərin 1 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 105 manat dövlət rüsumu və 390 manat xidmət haqqı olmaqla, cəmi 495 manat məbləğində dövlət rüsumu da Cavabdeh1 MMC-dən, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

64. Bundan başqa, məhkəmə Cavabdeh5 İddiaçı ASC-yə qarşı "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair qarşılıqlı iddiası ilə bağlı aşağıdakıları qeyd edir.

65. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Mülki Məcəllədə əqdlərin etibarsızlığı əsasları müəyyən edilmişdir. Bunlar aşağıdakılardan ibarətdir: - əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır (maddə 329.1); - hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı (maddə 339); - uydurma və yalan əqdlərin etibarsızlığı (maddə 340); - qeyri-ciddi əqdin etibarsızlığı (maddə 341); - fəaliyyət qabiliyyəti olmayan fiziki şəxsin bağladığı əqdin etibarsızlığı (maddə 342); - fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin bağladığı əqdin etibarsızlığı (maddə 343); - on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı (maddə 344); - on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı (maddə 345); - öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığı (maddə 346); - vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin etibarsızlığı (maddə 347); - hüquqi şəxsin hüquq qabiliyyətindən kənara çıxan əqdin etibarsızlığı (maddə 349); - əqd bağlamaq səlahiyyətlərinin məhdudlaşdırılmasının nəticələri (maddə 350). Məhkəmə həmçinin qeyd edir ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

66. Məhkəmə qeyd edir ki, göründüyü kimi, iddiaçının istinad etdiyi hal əqdlərin etibarsızlığı əsaslarına aid deyildir.

67. Ona görə də, qarşılıqlı iddia rədd edilməlidir.

68. Beləliklə ilkin iddianın qismən təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

69. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İlkin iddia qismən təmin edilsin. xx.xx.2020-ci i tarixli, K4149 saylı müqaviləyə əsasən faiz borcu üzrə 161.902 (bir yüz altmış bir min doqquz yüz iki) manat, 71 (yetmiş bir) qəpik, cərimə borcu üzrə 8.000 (səkkiz min) manat olmaqla, cəmi 169.902 (bir yüz altmış doqquz min doqquz yüz iki) manat, 71 (yetmiş bir) qəpik məbləğində pul Cavabdeh1 MMC-dən, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. xx.xx.2021-ci i tarixli, K4804 saylı müqaviləyə əsasən əsas borc üzrə 100.233 (bir yüz min iki yüz otuz üç) manat, 22 (iyirmi iki) qəpik, faiz borcu üzrə 392.507 (üç yüz doxsan iki min beş yüz yeddi) manat, cərimə borcu üzrə 5.000 (beş min) manat olmaqla, cəmi 497.740 (dörd yüz doxsan yeddi min yeddi yüz qırx) manat, 22 (iyirmi iki) qəpik məbləğində pul Cavabdeh1 MMC-dən, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. DC90057790-01 saylı müqaviləyə əsasən faiz borcu üzrə 19 (on doqquz) manat, 35 (otuz beş) qəpik, cərimə borcu üzrə 500 (beş yüz) manat olmaqla, cəmi 519 (beş yüz on doqquz) manat, 35 (otuz beş) qəpik məbləğində pul Cavabdeh1 MMC-dən, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. K4462 saylı müqaviləyə əsasən cərimə borcu üzrə 500 (beş yüz) manat məbləğində pul Cavabdeh1 MMC-dən, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. xx.xx.2020-ci i tarixli, K4149 saylı, xx.xx.2021-ci i tarixli, K4804 saylı, DC90057790- 01 saylı, K4462 saylı müqavilələr üzrə tutma: - İlkin satış qiyməti 290,000 (iki yüz doxsan min) manat olmaqla Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən 0.12 ha yaşayış məntəqələrinin torpaqları və onun üzərində yerləşən xüsusi mülkiyyətdə olan 219.60 kv.m ümumi sahədən ibarət olan 113 saylı bağ evinə yönəldilərək, açıq hərracda satılsın və satışdan əldə olunacaq vəsait kredit borcunun ödənilməsinə yönəldilsin. - İlkin satış qiyməti 98.000 (doxsan səkkiz min) manat olmaqla Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu D yaşayış sahəsi, Qaraçuxur qəsəbəsi, ev 9 C, birinci giriş, 13 saylı mənzilinə yönəldilərək, açıq hərracda satılsın və satışdan əldə olunacaq vəsait kredit borcunun ödənilməsinə yönəldilsin. - İlkin satış qiyməti 210.000 (iki yüz on min) manat olmaqla Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə yönəldilərək, açıq hərracda satılsın və satışdan əldə olunacaq vəsait kredit borcunun ödənilməsinə yönəldilsin. - İlkin satış qiyməti 335.000 (üç yüz otuz beş min) manat olmaqla Cavabdeh4 mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən yaşayış sahəsinə yönəldilərək, açıq hərracda satılsın və satışdan əldə olunacaq vəsait kredit borcunun ödənilməsinə yönəldilsin. - İlkin satış qiyməti 128.000 (bir yüz iyirmi səkkiz min) manat olmaqla Cavabdeh2 mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən yaşayış sahəsinə yönəldilərək, açıq hərracda satılsın və satışdan əldə olunacaq vəsait kredit borcunun ödənilməsinə yönəldilsin. - İkin satış qiyməti 129,000 (bir yüz iyirmi doqquz min) manat olmaqla Cavabdeh5 mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Bakı Ələt yolunun 58ci km yerləşən 0.3 ha sahədən ibarət olan torpaq sahəsinə yönəldilərək, açıq hərracda satılsın və satışdan əldə olunacaq vəsait kredit borcunun ödənilməsinə yönəldilsin. İpoteka predmeti olan Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən 0.12 ha yaşayış məntəqələrinin torpaqları və onun üzərində yerləşən xüsusi mülkiyyətdə olan 219.60 kv.m ümumi sahədən ibarət olan 113 saylı bağ evi satıldıqdan sonra 01 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilisin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1.926 (bir min doqquz yüz iyirmi altı) manat məbləğində pul Cavabdeh1 MMC-dən, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İpoteka bildirişinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxslərin 1 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 105 (yüz beş) manat dövlət rüsumu və 390 manat xidmət haqqı olmaqla, cəmi 495 (dörd yüz doxsan beş) manat məbləğində dövlət rüsumu Cavabdeh1 MMC-dən, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq 410 (dörd yüz on) manat məbləğində pul Cavabdeh1 MMC-dən, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olaraq 100 manat məbləğində pul Cavabdeh1 MMC-dən, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar