Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-280/2023 01.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 İstehsalat Birliyi MMC-nin “Alov” Zavodu, Cavabdeh2 İstehsalat Birliyi MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 İstehsalat Birliyi MMC-nin “Alov” Zavodu, Cavabdeh2 İstehsalat Birliyi MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh2 İstehsalat Birliyi MMC-nin “Alov” Zavodu, Cavabdeh2 İstehsalat Birliyi MMC-yə (bundan sonra – cavabdehlər) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən xx.xx.2019-cu il tarixli 473/M saylı Kredit müqaviləsi üzrə ümumilikdə 64 719.40 manat məbləğində vəsaitin (əsas məbləğdən borcu 59000 manat, faiz borcu 5719.40 manat) və 400 AZN məbləğində ödənilmiş rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh2 X2 Məsuliyyətli Cəmiyyətinin “Alov” Zavodu arasında xx.xx.2019-cu il tarixində 473/M saylı Kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, Borc alana xx.xx.2019-cu il tarixinə qədər illik faiz dərəcəsi 21 (iyirmi bir) % olmaqla, 150 000 manat məbləğində kredit verilmişdir. İddiaçı ilə Cavabdeh2 X2 Məsuliyyətli Cəmiyyətinin “Alov” Zavodu arasında xx.xx.2019-cu il tarixli 473/M saylı Kredit müqaviləsinə Əlavələr bağlanmışdır. xx.xx.2019-cu il tarixli 473/M saylı Kredit müqaviləsinə xx.xx.2021-ci il tarixli Əlavə bağlanaraq, kredit məbləğinin qalıq hissəsinin istifadə müddəti xx.xx.2022-ci il tarixinədək artırılmışdır. Lakin Cavabdeh2 X2 Məsuliyyətli Cəmiyyətinin “Alov” Zavodu tərəfindən xx.xx.2019-cu il tarixli 473/M saylı Kredit müqaviləsinin müddəaları pozularaq, öhdəliklər icra edilmir. İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışına əsasən, xx.xx.2019-cu il tarixli 473/M saylı Kredit müqaviləsi üzrə Cavabdeh2 X2 Məsuliyyətli Cəmiyyətinin “Alov” Zavodunun əsas məbləğdən borcu 59000 manat, faiz borcu 5719.40 manat, ümumilikdə 64 719.40 manat məbləğində təşkil edir. Bildirmək istəyirik ki, Cavabdeh2 X2 Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2019-cu il tarixli 473/M saylı Kredit müqaviləsi ilə əlaqədar Zəmanət məktubları iddiaçıya təqdim edilmişdir. xx.xx.2019-cu il tarixli 02/52 saylı Zəmanət məktubuna əsasən, Cavabdeh2 X2 Məsuliyyətli Cəmiyyətinin “Alov” Zavoduna 2 (iki) ay müddətinə ayrılacaq 150000 manat kreditin əsas və faiz məbləğlərinin vaxtında ödənilməsinə Cavabdeh2 X2 Məsuliyyətli Cəmiyyəti zəmanət vermişdir. Cavabdeh2 X2 Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli, 02/107 saylı Zəmanət məktubuna əsasən, Cavabdeh2 X2 Məsuliyyətli Cəmiyyətinin “Alov” Zavoduna xx.xx.2022-ci il tarixinədək uzadılacaq 150000 manat məbləğində kreditin qalıq məbləğinin 72175.00 manatın əsas və faiz borcunun vaxtında ödənilməsinə Cavabdeh2 X2 Məsuliyyətli Cəmiyyəti zəmanət vermişdir.
II. Tərəflərin mövqeləri:
3. İddiaçının nümayəndəsi məhkəməyə yazılı vəsatət ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini Məhkəmədən xahiş etmişdir.
4. Cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişlər.
5. Məhkəmə iclasının tərəflərin nümayəndələrinin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir. III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı ilə Cavabdeh2 İstehsalat Birliyi MMC-nin “Alov” Zavodu arasında bağlanmış 28 mart 2019-cu il tarixli 473/M nömrəli kredit müqaviləsinə əsasən borc verən müqavilənin 2-ci bəndində nəzərdə tutulan məqsədlər üçün borc alana illik 21 % olmaqla. 2 ay müddətinə 150000 manat məbləğində kredit verməyi öhdəsinə götürür. Borc alan isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, göstərilən müddətdə və qaydada krediti və kreditə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür.
8. Müqavilənin 2.1-ci bəndinə əsasən ayrılmış kredit məbləği borc alanın “müəssisədə çalışan işçilərin əmək haqqı, ona bərabər tutulan müavinətlərin və digər ödənişlərin aparılması” məqsədi üçün nəzərdə tutulmuşdur.
9. Müqavilənin 4.2-ci bəndinə əsasən borc alan tərəfindən kreditin qaytarılması faizlər aylıq, əsas məbləğ isə 28 may 2019-cu il tarixinədək tam ödənilməklə həyata keçiriləcəkdir.
10. İddiaçı ilə Cavabdeh2 İstehsalat Birliyi MMC-nin “Alov” Zavodu arasında bağlanmış xx.xx.2019-cu il tarixli 473/M saylı kredit müqaviləsinə 17 may 2021-ci il tarixli Əlavəyə əsasən borc verən tərəfdən borc alana “müəssisədə çalışan işçilərin əmək haqqı, ona bərabər tutulan müavinətlərin və digər ödənişlərin aparılması” məqsədilə 2 ay müddətinə (xx.xx.2020-ci il tarixli əlavəyə əsasən bitmə tarixi xx.xx.2021-ci il tarixinə təyin edilib), illik 21 % hesablamaq, faizlər aylıq əsas məbləğ müddət ərzində ödənilmək şərti ilə verilən 150000 manat məbləğində olan kreditin 72175 manat qalıq məbləğinin (faiz məbləğ 4354 manat məbləğindədir) istifadə müddəti xx.xx.2022-ci il tarixinə qədər artırılır.
11. İddiaçı ilə Cavabdeh2 İstehsalat Birliyi MMC-nin “Alov” Zavodu arasında bağlanmış xx.xx.2019-cu il tarixli 473/M saylı kredit müqaviləsinə 21 oktyabr 2020-ci il tarixli Əlavəyə əsasən borc verən tərəfdən borc alana “müəssisədə çalışan işçilərin əmək haqqı, ona bərabər tutulan müavinətlərin və digər ödənişlərin aparılması” məqsədilə 2 ay müddətinə (xx.xx.2019-cu il tarixli əlavəyə əsasən bitmə tarixi xx.xx.2020-ci il tarixinə təyin edilib), illik 21 % hesablamaq, faizlər aylıq əsas məbləğ müddət ərzində ödənilmək şərti ilə verilən 150000 manat məbləğində olan kreditin 84175 manat qalıq məbləğinin (faiz məbləğ 5329,37 manat məbləğindədir) kreditin bitmə tarixindən 6 ay müddətinə, xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tarixinə qədər artırılır.
12. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Cavabdeh2 İstehsalat Birliyi tərəfindən verilmiş 16 may 2021-ci il tarixli 02/107 nömrəli zəmanət məktubundan görünür ki, Cavabdeh2 İB MMC-nin “Alov” Zavodunun xx.xx.2022-ci il tarixinədək uzadılacaq 150000 manat məbləğində kreditin qalıq məbləğinin 72175 manatın əsas və faiz borcunun vaxtında ödənilməsinə Cavabdeh2 İB MMC zəmanət verir.
13. İddiaçı tərəfindən verilmiş 25 avqust 2022-ci il tarixli 03-7398 nömrəli arayışdan görünür ki, iddiaçı ilə Cavabdeh2 İstehsalat Birliyi MMC-nin “Alov” zavodu arasında bağlanmış xx.xx.2019-cu il tarixli 473/M saylı kredit müqaviləsinə əsasən illik 21 % dərəcəsi ilə, 2 ay müddətinə 150000 manat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli 473/M saylı kredit müqaviləsinə əsasən verilmiş kredit üzrə cavabdehin xx.xx.2022ci il tarixinə iddiaçıya cəmi borcu 64719 manat (59000 manat əsas borc, faiz borcu üzrə 5719,40 manat) təşkil edir.
14. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Cavabdeh2 İstehsalat Birliyi tərəfindən verilmiş 28 mart 2019-cu il tarixli 02/52 nömrəli zəmanət məktubundan görünür ki, Cavabdeh2 İB MMC-nin “Alov Zavoduna 2 ay müddətinə ayrılacaq 150000 manat kreditin əsas və faiz məbləğlərinin vaxtında ödənilməsinə Cavabdeh2 İB MMC zəmanət verir.
15. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Cavabdeh2 İstehsalat Birliyi tərəfindən verilmiş 27 oktyabr 2020-ci il tarixli 02/243 nömrəli zəmanət məktubundan görünür ki, Cavabdeh2 İB MMC-nin “Alov Zavodunun 6 ay müddətinə xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tarixinə qədər uzadılacaq 150000 manat məbləğində kreditin qalıq məbləğinin 87175 manatın əsas və faiz borcunun vaxtında ödənilməsinə Cavabdeh2 İB MMC zəmanət verir.
16. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Cavabdeh2 İstehsalat Birliyi tərəfindən verilmiş 16 may 2021-ci il tarixli 02/107 nömrəli zəmanət məktubundan görünür ki, Cavabdeh2 İB MMC-nin “Alov Zavodunun xx.xx.2022-ci il tarixinədək uzadılacaq 150000 manat məbləğində kreditin qalıq məbləğinin 72175 manatının əsas və faiz borcunun vaxtında ödənilməsinə Cavabdeh2 İB MMC zəmanət verir.
17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 01 may 2023-cü il tarixli 9/1254 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh2 MMC-nin “Alov” Zavodunun banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 28 mart 2109-cu il tarixli 473/M saylı kredit müqaviləsinin və xx.xx.2021-ci il tarixli əlavənin şərtləri nəzərə alınmaqla xx.xx.2022-ci il tarixə (müqavilənin müddətinin son tarixi) və xx.xx.2022-ci il tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 56276,47 manat məbləğində müəyyən edilir. xx.xx.2022-ci il tarixə və xx.xx.2022-ci il tarixə əsas borcu 54774,73 manat, faiz borcu 1501,74 manat təşkil edir.
18. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli hesabdan çıxarışa əsasən cavabdeh tərəfindən iddiaçıya hazırkı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdə 3000 manat pul ödənilmişdir.
19. Məhkəmə materialları araşdırıb sübutlara lazımi qiymət verərək hesab edir ki, iddia tələbi ekspert rəyinə uyğun təmin edilməlidir.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
21. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
22. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
23. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir.
24. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.
25. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir.
26. Həmin Məcəllənin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
27. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.
28. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
29. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
30. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
31. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
32. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
33. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit müqavisinə əsasən üzərlərinə götürdükləri öhdəlikləri tam icra etmədiklərini, nəticədə onların həmin müqavilə üzrə iddiaçıya borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi ekspert rəyinə uyğun təmin edilməli, cavabdehlərdən 54774,73 manat əsas borc, 1501,74 manat faiz borcu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
34. Bununla yanaşı, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli hesabdan çıxarışa əsasən cavabdeh tərəfindən iddiaçıya hazırkı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdə 3000 manat pul ödənilmişdir. Göstərilən halı əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndələri də təsdiq etmişlər.
35. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən edilmiş ödənişlər ilk növbədə faiz, daha sonra əsas borc üzrə nəzərə alınmaqla, cavabdehlərdən tutulacaq borcun məbləği 53276,47 manat müəyyən edilməlidir (56276,47 manat – 3000 manat).
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
37. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 400 manat dövlət rüsumunun 300 manatı cavabdehlərə, 100 manatı isə iddiaçının özünə aid edilməlidir.
38. Hazırkı iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri ümumilikdə 200 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ekspertiza xərci də cavabdehlərə aid edilməlidir. V. Nəticə:
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 İstehsalat Birliyi MMC-nin “Alov” Zavodu və Cavabdeh2 İstehsalat Birliyi MMC-dən müştərək qaydada 53276,47 (əlli üç min iki yüz yetmiş altı manat qırx yeddi qəpik) manat məbləğində pul və ödənilmiş 300 (üç yüz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Aparılmış ekspertiza tədqiqatı ilə bağlı 200 (iki yüz) manat ekspertiza xərci cavabdehlər Cavabdeh2 İstehsalat Birliyi MMC-nin “Alov” Zavodu və Cavabdeh2 İstehsalat Birliyi MMC-dən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı ASC-nin özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova