Məhkəmə qərarları › İş №e-2-2(113)-2801/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2801/2021

05.08.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2801/2021 05.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbi barədə kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 26.02.2021-ci il tarixinə olan borc məbləğindən 24483,35 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə ödənilməmiş borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə 35100 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində büdcəyə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin büdcəyə ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də büdcəyə ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 26.02.2021-ci il tarixə yaranan borcuna görə 35100 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə 18.03.2021-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 26.02.2021-ci il tarixə olan borc məbləğindən dövlət büdcəsinə 24483,35 manat məcburi dövlət sosial sığorta haqları üzrə ödənilməmiş borcu qalmışdır. Cavabdeh məhkəməyə mülahizə təqdim edərək, qeyd etmişdir ki, müəssisənin şəxsi hesab vərəqəsində yaranan borc məbləğinin mövcud olmasına baxmayarq, həmin borcun yaranma səbəbi olan vergi orqanı tərəfindən qəbul edilmiş qərar tərəflərindən məhkəmədə mübahisələndirilmişdir. Belə ki, tərəflərindən vergi orqanı tərəfindən qəbul edilmiş 12.02.2019-cu il tarixli № **********232600 saylı vergilərin hesablanması barədə qərarın ləğv edilməsi barədə qərar çıxarılması üçün iddia ərizəsi ilə müraciət edilmişdir. Vergi orqanı tərəfindən qəbul edilmiş sözü gedən qərara əsasən müəssisələrinə 2256756,88 manat əlavə vergi məbləği hesablanmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi cənab Zaur Tağıyevin icraatında olan 2-1 (82)-1419/2019 saylı 09.04.2019-cu il tarixli qərara əsasən iddiaları təmin edilmiş və 12.02.2019- cu il tarixli № **********232600 saylı qərar ləğv edilmişdir. Daha sonra cavabdeh tərəf 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-1419/2.019 saylı 09.04.2019-cu il tarixli qərarından Bakı Apellyasiya Məhkəməsinə birinci instansiya məhkəməsinin qərarının ləğvi ilə bağlı qərarın çıxarılması üçün müraciət etmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi xanım Xəyalə Cəmilovanın icraatında olan 2-1(103)-212/2021 saylı 17.03.2021-ci il tarixli qərara əsasən cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 1419/2019 saylı 09.04.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmçinin eyni tərəflər arasında Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimi xanım Aida Hüseynin icraatında olan 2-1 (103)-938/2021 saylı 22.02.2021-ci il tarixli qərardadına əsasən cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş 21.05.2019-cu il tarixli **********183512 saylı növbədən kənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar ləğv edilmiş Bakı İnzibati Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli 2-1(112)-2327/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Müəssisələri bilindiyi kimi korperativ bina tikintisi fəaliyyəti ilə məşğuldur. Bu göstərilən fəaliyyət növü üzrə sadələşdirilmiş vergi məbləği müəssisə üzrə hesablanır və bu məbləğ 10 rüb ərzində hissə-hissə ödənilirdi. Müəssisənin şəxsi hesab vərəqəsində yaranan 81098.52 manat borc məbləğinin yaranma səbəbi şəxsi hesab vərəqələrində yaranan borcun öhdəlik hissəsi rüb-rüb artan yekunla hesablanmış və bu səbəbdən qalıq məbləğinin artmasına səbəb olmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X2 iddianı qəbul etməyərək, məhkəməyə təqdim edilmiş mülahizə ilə eyniməzmunlu izahat verərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, iddianın təmin edilməsini və məhkəmə iclasını vergi orqanının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09 aprel 2019-cu il tarixli, 2-1(82)- 1419/2019 nömrəli qərarından görünür ki, iddiaçı Cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı qərarın ləğv edilməsi tələbi barədə iddia ərizəsi təmin edilərək, Bakı şəhəri Lokal Gəlirlər Departamentinin iddiaçı Cavabdeh barədə 12.02.2019-cu il tarixli **********232600 saylı vergilərin hesablanması barədə qərarının ləğv edilməsi qərara alınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 iyul 2019-cu il tarixli, 2-1(82)- 2327/2019 nömrəli qərarından görünür ki, iddiaçı Cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı qərarın ləğv edilməsi tələbi barədə iddia ərizəsi təmin edilərək, Bakı şəhəri Lokal Gəlirlər Departamentinin iddiaçı Cavabdeh barədə 21.05.2019-cu il tarixli **********183512 saylı növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarının ləğv edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 2021-ci il tarixli, 2-1(103)-938/2021 nömrəli qərardaddan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iş üzrə icraatın yeni açılmış hallarla bağlı təzələnməsi barədə ərizəsinin təmin edilməməsi barədə Bakı İnzibati Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2-1(112)-2327/2020 saylı qərardadından cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməyərək, Bakı İnzibati Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2-1(112)-2327/2020 saylı qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 mart 2021-ci il tarixli, 2-1(103)-212/2021 nömrəli qərarından görünür ki, cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında 12.03.2021-ci il tarixli protokol və əlavədən, həmçinin vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında 12.03.2021-ci il tarixli aktdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Qala avtomagistralın 14-cü km ünvanında yerləşən (Xırdalan Rezidense) Cavabdehnə məxsus ümumi dəyəri 35100 manat məbləğində daşınmaz əmlak (1 otaqlı mənzil) siyahıya alınmışdır. İnternet Vergi İdarəsinin vergi uçotuna alınmış vergi ödəyicilərinin vergi borcu barədə məlumatın verilməsi barədə 22.06.2021-ci il tarixli çıxarışdan görünür ki, VÖEN: ********** (Cavabdeh) olan vergi ödəyicisinin 21.06.2021-ci il tarixə 3044151,71 manat vergi borcu vardır. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin: 23.1.6-cı maddəsinə əsasən, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi orqanı onun əmlakını siyahıya ala bilər. 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir və bu siyahı protokola əlavə edilir. 90.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, vergi ödəyicisi olan Cavabdeh vergi öhdəliyini lazımınca yerinə yetirməyərək, vergi borcunun dövlət büdcəsinə ödənilməsini təmin etməmişdir. Bu səbəbdən də Cavabdeh dövlət büdcəsinə ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə 24483,35 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 35100 manat dəyərində əmlak siyahıya alınmışdır. Məhkəmə, işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq hesab edir ki, Cavabdeh vergiləri tam həcmdə və vaxtında ödəmədiyindən, vergi borcunun onun əmlakına yönəldilməsi barədə iddiaçının tələbi əsaslıdır. Azərbaycan Respublikası MPM-nin: 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.4.7-ci maddəsinin tələbinə görə vergi ödəmələri barədə mübahisələr üzrə iddia ərizələrindən 10 manat dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, 10 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh (VÖEN: **********) 26.02.2021-ci il tarixinə olan borc məbləğindən 24483,35 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə ödənilməmiş borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə 35100 manat məbləğində siyahıya alınmış əmlak ixtisaslaşdırılmış açıq hərracda satılsın. Əmlakın satılmasından əldə edilmiş vəsaitin hesabına 24483,35 manat məbləğində vergi borcu ödənilsin. Borc ödənildikdən sonra satışdan artıq qalan məbləğ Cavabdehnə qaytarılsın. Cavabdehndən 10 manat məbləğində dövlət rüsumu dövlət gəlirlərinə alınsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən sonra 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar