Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2805/2025 23.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-nə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi, əldən çıxmış fayda) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 140.000 (yüz qırx min) manat və ödənilmiş 430 (dörd yüz otuz) manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “SHACMAN SX3315DV326 YÜK” markalı **-JU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Bakı şəhəri Xətai rayonu Babək prospektində fəaliyyət göstərən Cavabdeh MMC-dən (VÖEN: № **********) lizinq müqaviləsi əsasında əldə etmişdir. O avtomobilin dəyərini tam ödədiyindən mülkiyyətçisinə çevrilmişdir. Bununla bağlı cavabdeh təşkilat Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə №1300, xx.xx.2023-cü il tarixli məktub ünvanlamışdır. Lakin başqa mülki işlə əlaqədar nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi qadağan edilmiş, İddiaçı şikayəti əsasında özgəninkiləşdirilmə ilə bağlı qadağa götürüldükdən sonra isə cavabdeh təşkilatın vəzifəli səlahiyyətli şəxsləri nəqliyyat vasitəsini İddiaçı verməkdən imtina etmişlər. Qeyd olunanlara əsasən iddiaçı “SHACMAN SX3315DV326” markalı, **-JU-*** qeydiyyat nömrəli avtomobilin mülkiyyətçisi hesab edilir. Lakin buna baxmayaraq cavabdeh təşkilatın vəzifəli şəxsləri qeyd olunan avtomobili özbaşnalıq edərək qanunsuz olaraq sahiblənmiş və başqa şəxsə satmışlar. Qeyd olunanlara əsasən iddiaçıya maddi zərərin cavabdeh təşkilatın qanunsuz hərəkəti nəticəsində vurulması işin mübahisəsiz hallarıdır. Ona görə də hesab edir ki, baş vermiş delikt nəticəsində iddiaçıya dəymiş maddi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır.
3. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, lizinq müqaviləsi üzrə ödənilmiş 55000 manat pul vəsaitinin cavabdeh təşkilatdan alınaraq iddiaçıya ödənilməsi, cavabdeh təşkilatın özbaşnalığı və qanunsuz hərəkətləri nəticəsində iddia qaldırılan günə əldən çıxmış fayda olaraq 90000 manat, ödənilmiş 445 (dörd qırx beş) manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2805/2025 saylı qərardadı ilə X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində iş üzrə icraata cəlb olunmuşdur.
5. Cavabdeh xx.xx.2025-ci il tarixdə iddia ərizəsinə yazılı etiraz verib iddia ərizəsinin rədd olunmasını xahiş etmişdir.
6. Etiraz onunla əsaslandırılmışdır ki, verilmiş iddianı və cavabdehdən tələb olunan məbləğləri ağlasığmaz hesab edirlər. Həmçinin xx.xx.2019-cu il tarixli 06/2157/DLİZ saylı müqavilə xitam olunaraq, müqavilənin şərtlərinə uyğun olaraq mülkiyyətçiyə qaytarılmışdır. Hesab edir ki, iddia rədd edilməlidir, belə ki iddiaçının bu iddianı verməyə hüququ yoxdur.
II. Tərəflərin mövqeləri:
7. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə yazılı ərizə təqdim edərək üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini nəzərə alaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
8. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
9. Məhkəmə iclasının iddiaçının, cavabdehin və üçüncü şəxsin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
11. Lizinq verən Cavabdeh MMC ilə lizinq alan X3 arasında bağlanılmış 23 oktyabr 2019-cu il tarixli, 06/2157/DLİZ nömrəli daxili maliyyə lizinqi müqaviləsinin 2.1-ci bəndinə əsasən lizinq verən əvvəlcədən lizinq vermək məqsədilə öz vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan və ya lizinq alan tərəfindən seçilmiş lizinq verənlə satıcı arasında bağlanılan alqı-satqı müqaviləsinə əsasən əldə edilmiş 1 (bir) ədəd 2011-ci il buraxılışlı olan, SHACMAN SX3315DV326 markalı, mühərrik 1408E001314. Ban№ LZGJRDR638X025740-1İ nəqliyyat vasitəsini lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verməyi öz öhdəsinə götürür. Lizinq alan isə müqavilənin şərtlərinə uyğun olaraq lizinq obyektindən istifadəyə görə lizinq verənə şərtləşdirilmiş muzd ödəməyi öz öhdəsinə götürür.
12. xx.xx.2019-cu il tarixdə 06/2157/DLİZ saylı lizinq müqaviləsinin restrukturizasiyasına dair 03 noyabr 2020-ci il tarixli sazişin 1.1.1-ci bəndinə əsasən müqavilə qüvvəyə mindikdən sonra 23 ay müddətində qüvvədədir.
13. Sazişin 1.2.1-ci bəndinə görə lizinqin ümumi məbləği 25000 manat təşkil edir.
14. Sazişin 1.3.1-ci bəndinə görə xx.xx.2020-ci il tarixə lizinq verənə ödəməli olduğu 21923.68 manat əsas borc məbləğini, kapitallaşdırmadan sonra cəmi 21923.68 manat borc məbləğini 23 ay müddətində aylıq 1187.65 manat olmaqla yeni ödəniş qrafiki üzrə lizinq verənə ödəməyi öhdəsinə götürür.
15. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə ünvanlanmış 1300 nömrəli, xx.xx.2023-cü il tarixli məktubda cavabdehin mülkiyyətində olan “SHACMAN SX3315DV326” markalı, mühərrik: 1408E001314, Şassi LZGJRDR638X025740 olan, **- JU-*** avtomobilini xx.xx.2019-cu il tarixli lizinq müqaviləsi üzrə etibarnamə əsasında idarə edən ünvan 1i ünvanında qeydiyyatda olan İddiaçı müvafiq lizinq müqaviləsi üzrə borcu tam ödədiyi, bu səbəbdən həmin avtomobilin İddiaçı adına rəsmiləşdirilməsinə etiraz etmədikləri qeyd olunmuşdur.
16. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır.
17. İddiaçı iddia ərizəsində göstərmişdir ki, iddiaçı xx.xx.2019-cu il tarixdə qohumu X1 adına cavabdehdən maliyyə lizinqi müqaviləsi ilə “SHACMAN SX3315DV326 YÜK” markalı **-JU-*** dövlət qeydiyyat nişanı olan yük avtomobili alınmışdır. Lizinq müqaviləsi üzrə aylıq ödənişlər cədvəl üzrə iddiaçı tərəfindən ödənilib bitdikdən sonra xx.xx.2023-cü il tarixdə X3 ərizə ilə MMC-yə müraciət edərək bildirmişdir ki, lizinq şərtləri ilə dəyəri tam ödənildiyindən avtomobili iddiaçının adına rəsmiləşdirilməsinə razıdır. Lakin nəqliyyat vasitəsinin iddiaçının adına rəsmiləşdirilməsi mümkün olmadığı üçün lizinq predmetinin dəyəri olan 55.000 manat pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
18. Məhkəmə iddia tələbini bu hissədə əsassız hesab edir və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
20. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.
21. Həmin Məcəllənin 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur.
22. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, adıçəkilən nəqliyyat vasitəsi lizinq verən Cavabdeh MMC ilə lizinq alan X3 arasında bağlanılmış 23 oktyabr 2019-cu il tarixli, 06/2157/DLİZ nömrəli daxili maliyyə lizinqi müqaviləsi əsasında üçüncü şəxs X2 lizinqə verilmişdir. Müqavilə müddətində ərzində lizinq ödənişləri materiallarda olan ödəniş qəbzlərinə əsasən lizinq alan R.Terçiyevin adından həyata keçirilmişdir (i.v.94-98). İddiaçı həmin müqavilənin tərəfi olmamış, müqavilə onun xeyrinə bağlanmamış, müqavilə üzrə hüquq və öhdəliklər sonradan ona ötürülməmişdir.
23. Lizinq ödənişlərinin həyata keçirilməsi lizinq müqaviləsi üzrə lizinq alanın öhdəliyi olduğundan həmin ödənişlərin qaytarılmalı olması barədə iddia tələbi əsassız olduğundan təmin edilə bilməz.
24. Bundan əlavə məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddianı qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik deyildir.
25. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair 30 iyul 2008-ci il tarixli qərarında aşağıdakıları qeyd etmişdir:
26. “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
27. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.
28. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.”
29. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin lizinq müqaviləsi üzrə həyata keçirilmiş ödənişlərin geri tələb edilməsi barədə iddiaçının tələbi təmin edilə bilməz.
30. Məhkəmə iddianı ikinci, əldən çıxmış faydanın əvəzi qismində 90000 manat pulun tələb edilməsi hissəsində də əsassız hesab edir.
31. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
32. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
33. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.
34. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.
35. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır.
36. Bundan əlavə, məlum olduğu kimi, Mülki Məcəllə zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1).
37. Mülki Məcəllə daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur.
38. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
39. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
40. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
41. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir.
42. Belə ki, ziyanın ödənilməsi ilə bağlı tələb öncə həmin ziyanı onu vuran şəxsə aid edilməsini nəzərdə tutur.
43. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı).
44. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdehin vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün onun iddiaçıya birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur.
45. Hazırkı halda iddiaçı cavabdehin təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, Mülki Məcəllənin 21-ci maddələrində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də əsassızdır və təmin edilməməlidir.
46. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.
47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
48. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş 445 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
49. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 445 manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova