Məhkəmə qərarları › İş №e-2-2(113)-2806/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2806/2021

22.06.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2806/2021 22.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh ASC-yə qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbi barədə kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 16.02.2021-ci il tarixə işsizlikdən sığorta fonduna 372,53 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə 8000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, vergi ödəyicisi olan Cavabdeh ASC Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində büdcəyə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin büdcəyə ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də büdcəyə ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 16.02.2021-ci il tarixə yaranan borcuna görə 8000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə 02.04.2021-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 16.02.2021-ci il tarixinə işsizlikdən sığorta fonduna 372,53 manat ödənilməmiş borcu qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmiş, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi isə məhkəməyə ərizə ilə müraciət edərək, iddianın təmin edilməsini və məhkəmə iclasını vergi orqanının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5 və 185.6-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin və iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında 25.02.2021-ci il tarixli protokol və əlavədən, həmçinin vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında 25.02.2021-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı 7/19 ünvanında yerləşən Cavabdeh ASC-yə məxsus ümumi dəyəri 8000 manat məbləğində daşınar əmlak (Hyundai Sonata minik markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobil) siyahıya alınmışdır. İnternet Vergi İdarəsinin vergi uçotuna alınmış vergi ödəyicilərinin vergi borcu barədə məlumatın verilməsi barədə 22.06.2021-ci il tarixli çıxarışdan görünür ki, VÖEN: ********** (Cavabdeh ASC) olan vergi ödəyicisinin 21.06.2021-ci il tarixə vergi borcu yoxdur. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin: 23.1.6-cı maddəsinə əsasən, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi orqanı onun əmlakını siyahıya ala bilər. 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir və bu siyahı protokola əlavə edilir. 90.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Göründüyü kimi iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddia ərizəsində vergi ödəyicisi olan Cavabdeh ASC-nin 16.02.2021-ci il tarixinə işsizlikdən sığorta fonduna 372,53 manat məbləğində vergi borcun olduğunu göstərsə də, İnternet Vergi İdarəsinin rəsmi saytından əldə olunan məlumata əsasən 21.06.2021-ci il tarixə Cavabdeh ASC-nin vergi borcunun olmadığı müəyyən edilmişdir. Odur ki, 21.06.2021-ci il tarixə Cavabdeh ASC-nin vergi borcun olmadığını nəzərə alan məhkəmə hesab edir ki, Cavabdeh ASC-nin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh ASC-yə qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbi barədə iddia ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar