Məhkəmə qərarları › İş №e-2-2(113)-2808/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2808/2022

09.09.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2808/2022 09.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı X1 cavabdeh LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "sığorta ödənişinin subroqasiya qaydasında ödənilməsi" tələbinə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X2 cavabdehlər LPO "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən ödənilmiş 695 (altı yüz doxsan beş) manat məbləğində sığorta ödənişinin, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik bank xidməti daxil olmaqla, cəmi 725,40 (yeddi yüz iyirmi beş manat qırx qəpik) manat məbləğində pulun "xxxx" ASC və Cavabdeh1 tutularaq İddiaçı İKF-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-2808/2022 saylı qərardadı ilə İddiaçı X1 cavabdehlər LPO "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh1 qarşı “sığorta ödənişinin subroqasiya qaydasında ödənilməsi” tələbinə dair işdən İddiaçı X1 Cavabdeh1 qarşı “sığorta ödənişinin subroqasiya qaydasında ödənilməsi” tələbinə dair icraat ayrılmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, müəyyən olunur ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e- 2-2(113)-1575/2020 saylı qətnaməsi ilə Açıq Səhmdar Cəmiyyəti "xxxx" Sığorta Şirkətinin müflis elan olunması qət olunmuş və həmin qətnamə qanuni qüvvəyə minmişdir. “Müflisləşmə və iflas” haqqında Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 1-ci hissəsinə əsasən borclunun müflis elan olunmasının məqamları aşağıdakılardır: a) borclunun müflis elan olunması haqqında məhkəmə qərarının qanuni qüvvəyə minməsi tarixi və ya; b) bu Qanunun tələblərinə uyğun olaraq kreditorların ilkin yığıncağında borclu müəssisənin müflis elan olunması barədə müvafiq qərarın qəbul edilməsi tarixi. Həmin Qanunun 18-ci maddəsinin 2-ci hissəsinə əsasən borclunun müflis elan olunması məqamından etibarən: a) bütün məhkəmə araşdırmalarına və borcludan alınmalı məbləğlərin tutulması üçün digər hərəkətlərə son qoyulur; b) borcluya qarşı tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas prosesi çərçivəsində irəli sürülə bilər. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinə əsasən bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır; bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 13 iyun 2017-ci il tarixli Qərarında deyilir ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələbinə görə iş məhkəmədə baxılmalı deyildirsə, iş üzrə icraata xitam verilir; 262.1-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır; 262.3-cü maddəsinə əsasən işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Qeyd olunanlara əsasən gəlinən nəticə bundan ibarətdir ki, cavabdehin müflis elan olunması barədə məhkəmə qərarı qanuni qüvvəyə minmişdir və qanunun tələbləri baxımından həmin qərar qanuni qüvvəyə mindiyi vaxtdan bütün məhkəmə araşdırmaları və cavabdehdən alınmalı məbləğlərin tutulması üçün digər hərəkətlərə son qoyulmalıdır. Ona görə də hazırkı iş məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. İddiaçıya izah edilməlidir ki, cavabdehə qarşı tələblər yalnız “Müflisləşmə və iflas” haqqında Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan iflas prosesi çərçivəsində irəli sürülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.4-cü mаddəsinə əsаsən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci mаddəsinə əsаsən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 cavabdeh LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişinin subroqasiya qaydasında ödənilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. İzah edilsin ki, cavabdehə qarşı tələblər yalnız “Müflisləşmə və iflas” haqqında Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan iflas prosesi çərçivəsində irəli sürülə bilər. İzah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar