Məhkəmə qərarları › İş №e-2-2(113)-2808/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2808/2024

06.06.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2808/2024 06.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: akt, abonent saldosu) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" ASC-yə (bundan sonra – cavabdeh) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əsassız hesablanan 3600 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır, ünvan 1 ünvanında yerləşən avtomobil təmiri qeyri-yaşayış sahəsi İddiaçı adınadır. Həmin qeyri-yaşayış sahəsi 2000-ci ildən onun istifadəsindədir. Bu günə qədər işığa olan bütün ödənişləri vaxtı-vaxtında tərəfindən ödənilmişdir. 17 noybar 2023-cü il tarixində qısa qapanma nəticəsində işıq sayğacında yanğın hadisəsi baş vermişdir. 20 noyabr 2023-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən sayğacın yanması aktlaşdırılaraq, elektrik təchizatı bir başa yəni müvəqqəti yeni sayğac gətirilənədək qoşulmuşdur. Yeni sayğaç 3 ay sonra yəni 08 fevral 2024-cü il tarixində quraşdırılmışdır. 23 fevral 2024-cü il tarixdə mənə 3 aylıq işıq sərfiyyatı ilə bağlı 3600 manat işıq fakturası gətirlmişdir. "xxxx" ASC-nin əməkdaşlarından həmin məbləğin soruşduqda bildirildi ki, son 3 ay ərzində istifadə olunan işıq sərfiyyatını hesablayıb ortalama qiymət çıxarılmışdır. Əlavə olaraq bildirilmişdir ki, ümumiyyətlə istifadəsində olan qeyri-yaşayış sahəsi avtomobil təmirində işıq sərfiyyatı 300-500 manat arasında dəyişmişdir. Lakin "xxxx" ASC tərəfindən təqdim olun işıq fakutrasında göstərilən 3600 manat hesab edirəm ki, absurd rəqəmdir. Əlavə olaraq nəzərinizə çatdırmaq isteyirəm ki, yanmış elektrik sayğacının yenisi ilə əvəz edilməsi hansı əsasla 3 ay 15 gün müdətinə uzadılmışdır? Bu da onu göstəriri ki, "xxxx" ASC qərəzli şəkildə elektrik sayğacının 3 ay 15 gün müddətinə əvəz edərək, əsasız hesablanmış 3600 manat yaranmasına əsas olmuşdur. Yəni yanmış elektrik sayğacı 10-15 gün ərzində yenisi ilə əvəz olunsaydı, bu kimi əsassız hesablanmış, absurd və mənbəyi məlum olmayan 3600 manat borc olmazdı.

3. Daha sonra xx.xx.2024-cü il tarixdə iddiaçı iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə təqdim edərək, cavabdeh tərəfindən əsassız yazılmış 2300 manat borcun silinməsini xahiş etmişdir.

4. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək, iddiaçı tərəfindən qaldırılmış iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən 01/13-372 saylı abunə kodu üzrə sayğaca baxış keçirən zaman məlum olmuşdur ki, obyektə məxsus elektrik sayğacı yanaraq yararsız hala düşmüşdür və şəbəkəyə birbaşa qoşulmuşdur. Xəttən axan yük ölçülmüşdür: Pfak= 27,5 kvt. Baxış zamanı xx.xx.2024- cü il tarixli NDQ 018335 nömrəli akt tərtib edilmişdir. Pozuntu faktı barədə Azərbaycan Respublikası Nazirlət Kabineti 02 fevral 2005-ci il tarixli, 18 saylı Qərarı ilə təsdiq edilmiş “X1” nın tələbinə uyğun olaraq, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən 27,5 kVt x 12% x 90%= 29 700 kVt.s Tarif: 29 700 kVt.s x 0,11 man = 3267 manat. Yoxlama aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyində xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmaqla Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış alınmışdır. Tərtib edilmiş aktlar və icarə vərəqələrindən göründüyü kimi aktlar qanuni və əsaslı tərtib edilmişdir. Akt əsasında hesablanmış məbləğlər cərimə deyil, iddiaçının ay üzrə elektrik enerjisindən istifadəyə görə yaranmış və ödənilməmiş borc məbləğidir.

II. Tərəflərin mövqeləri:

6. Məhkəmə iclasında iddiaçı iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı tərəfindən borcun bir qismi silinsə də, bu barədə ona hər hansı sənəd təqdim edilməmiş, bu səbəbdən ilkin tələbinin təmin edilməsini, ona əsassız olaraq hesablanmış 3600 manat borcun silinməsini xahiş edir.

7. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbinə etiraz edib iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən iddiaçıya məxsus sayğaca baxış keçirilmiş, sayğacın işləmədiyi, yandığı müəyyən edilmiş, sayğac tərəfindən sərfiyyat qeydə alınmadığı üçün iddiaçıya xx.xx.2024-cü il tarixli icra vərəqi əsasında 3267 manat borc hesablanmışdır. Həmin borcun bir qismi, yəni 1345,52 manat hissəsi xx.xx.2024-cü il tarixdə silinmiş, bu öz əksini abonent haqqında məlumatda tapmışdır. Həmin borc iddiaçıdan tələb edilmir. Aparılmış yoxlama dövlət reyestrində qeydə alınmamışdır.

III. Məhkəmə baxışının hədləri:

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, 018335 nömrəli akta əsasən baxış zamanı iddiaçıya məxsus elektrik sayğacının yanaraq yararsız hala düşdüyü müəyyən edilmiş, işlədicilər şəbəkəyə birbaşa qoşuldu. Xəttən axan yüklər cavabdeh tərəfindən ölçüldü.

10. İş materiallarında mövcud olan 13 fevral 2024-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixli, 018335 nömrəli akta əsasən 3267,00 manat borc hesablanmışdır.

11. İddiaçıya məxsus abonent haqqında məlumatdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixli, 018335 nömrəli akta əsasən 3267,00 manat borc hesablanmış, borcun bir qismi, 1345,52 manat xx.xx.2024-cü il tarixdə silinmişdir.

12. Cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş xx.xx.2024-cü il tarixli hesab fakturaya əsasən iddiaçıya xx.xx.2024-cü il tarixli, 018335 nömrəli akta əsasən 3267,00 manat borc hesablanmışdır.

13. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus sayğaca xx.xx.2024-cü il tarixdə baxış keçirilmiş, baxış nəticəsində sayğacda nasazlıq olması halı (sayğacın yanaraq sıradan çıxması) müəyyən edilmiş, bu barədə akt tərtib edilərək iddiaçıya 3267 manat borc hesablanmışdır.

14. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi iddiaçının silinməsini tələb etdiyi borc məbləği cavabdeh tərəfindən sayğacda yaranmış nasazlıq səbəbindən sayğacın xətdən axan yükü qeydə almamasına istinad edilməklə hesablanmış borcdur.

15. Məhkəmə hesab edir ki, cavabdehin göstərilən aktda istinad etdiyi hallar borcun hesablanmasının düzgün hesab edilməsi üçün əsas vermir.

16. Belə ki, Mülki Məcəllənin 443.7-cü maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur.

17. Həmin maddənin məzmunundan göründüyü kimi, tərəflər arasında müqavilədə ayrı qayda nəzərdə tutulduğu hallar istisna olmaqla, öhdəliyin icra edilməməsi ilə əlaqədar yaranmış zərərə görə məsuliyyət yalnız o zaman borclunun üzərinə qoyula bilər ki, həmin zərər borclunun qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində yaranmış olsun, başqa sözlə desək, borclu həmin zərərin yaranmasında təqsirli olsun.

18. Materiallardan görünür ki, cavabdeh həmin aktla sayğacın yararlı olmaması ilə əlaqədar ona dəymiş maddi ziyan üçün məsuliyyəti iddiaçının üzərinə qoysa da, tərəflər arasında bağlanılmış müqavilədə istehlakçının sayğacda mövcud qüsurlara görə təqsirindən asılı olmayaraq məsuliyyət daşımalı olmasını nəzərdə tutan müddəa yer almamış, sayğacın yararsız vəziyyətə düşməsinin və belə olan halda ziyanın yaranmasının iddiaçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi isə materiallarda olan sənədlərlə öz təsdiqini tapmamışdır.

19. Belə ki, cavabdeh tərəfindən sayğaca iddiaçı tərəfindən kənar müdaxilə edilməsini təsdiq edən mötəbər sübut məhkəməyə təqdim edilməmişdir.

20. Məhkəmə həmçinin qeyd edir ki, “Elektrik enerjisindən istifadə qaydalarının” 8.2ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

21. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıya məxsus sahədə quraşdırılmış sayğacın nasazlığının istehlakçının təqsiri üzündən yaranması materiallar ilə təsdiqlənmədiyindən, eyni zamanda həmin borcun hesablandığı müddət üçün iddiaçıya “Elektrik enerjisindən istifadə qaydaları” və müqavilənin tələblərinə əsasən istifadə edilmiş elektrik enerjisinə görə hesablanmış borclar iddiaçı tərəfindən ödənildiyindən iddiaçıya cavabdeh tərəfindən həmin müddət üçün əlavə borcun hesablanması qanunsuz və əsassızdır.

22. Digər tərəfdən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun:

23. 2.1-ci maddəsinə əsasən, həmin Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.

24. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə həmin Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.

25. 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

26. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin:

27. 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) həmin Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.

28. 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.

29. 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır.

30. “7.18-ci bəndə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.

31. Cavabdeh tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus obyektdə elektrik sayğacının yoxlanılması – yalnız Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeydə alınma təmin edildikdən sonra həyata keçirilməsi mümkün olduğu halda, qanunvericiliyin qeyd olunan tələblərinə əhəmiyyət verilməmiş, yoxlamanı (baxışı) dövlət reyestrində qeydə aldırıb bu barədə çıxarış almadan, birbaşa olaraq, iddiaçıya məxsus obyektə baxış keçirilmiş, akt tərtib edərək borc hesablamışdır.

32. Göründüyü kimi, cavabdeh elektrik enerjisinin təchizatı sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfindən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır.

33. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borc cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə keçirilmiş yoxlamanın nəticəsi olaraq hesablandığı halda həmin yoxlama Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlamalar heç bir hüquqi nəticə yaratmır.

34. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya ümumilikdə 3267 manat məbləğində borc hesablamaqda haqlı olmamışdır.

35. Belə olan halda, həmin yoxlamanın (baxışın) nəticələri, yəni iddiaçının abonent hesabına işlənmiş 3267 manat məbləğində borcun hesablanması yuxarıda göstərilən normativ hüquqi aktların tələblərinin pozulması ilə aparıldığından yoxlamanın hüquqi nəticəsi olmamışdır. Bu səbəbdən yoxlamanın nəticəsi olaraq hesablanmış borc da əsaslı hesab edilə bilməz.

36. Bununla yanaşı, iddia ərizəsindən görünür ki, iddiaçı hazırda 3600 manat borcun silinməsini xahiş etsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya mübahisələndirilən akt üzrə 3267 manat borc hesablanmış, həmin borcun bir qismi (1345,52 manat) cavabdeh tərəfindən məhkəmə icraatı dövründə (xx.xx.2024-cü il) silinmişdir.

37. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçıya əsassız olaraq hesablanmış 1921,48 manat (3267 manat – 1345,52 manat) borcun silinməsi öhdəliyi cavabdehə həvalə edilməli, iddia qalan hissədə təmin edilməməlidir.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

39. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 40 manat dövlət rüsumu cavabdehə, 16 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

40. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı əsassız olaraq hesablanmış 1921,48 (bir min doqquz yüz iyirmi bir manat qırx səkkiz qəpik) manat məbləğində borcun silinməsi öhdəliyi cavabdeh "xxxx" ASC-yə həvalə edilsin. Cavabdeh "xxxx" ASC-dən 40 (qırx) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 16 (on altı) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar