Məhkəmə qərarları › İş №e-2-2(113)-281/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-281/2024

19.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-281/2024 19.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh1 qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. Cavabdeh2 MMC (müştəri) və İddiaçı ASC (bank) arasında xx.xx.2017-ci il tarixdə GTC-290LE/2017 saylı Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu imzalanmışdır. Həmin şərtlər toplusunun: 1-ci bəndinin 1-ci yarımbəndinə əsasən həmin müqavilədə müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi (akkreditiv, qarantiya, stand-by akkreditiv, inkasso), ödəniş kartların verilməsi, inkassasiya xidməti, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər öz əksini tapmışdır. 1-ci bəndinin 2-ci yarımbəndinə əsasən müqavilədə qeyd olunan xidmətlərdən hər birinin bank tərəfindən müştəriyə təqdim olunması üçün bu müqavilədən başqa müvafiq ərizə formalarının da müştərinin özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən doldurularaq banka təqdim olunması tələb olunur. İV-cü bəndinin 1.1-ci yarımbəndinə əsasən bank “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə və ya birdəfəlik verilən kredit (birdəfəlik, bərpa olunan, bərpa olunmayan, overdraft, tranş kredit, invoys əsasında maliyyələşdirmə və ya qarantiya /akkreditivin maliyyələşdirilməsi, kredit xətti və s.kimi öhdəliklər) üçün Müştəriyə “Maliyyələşdirmə üçün ərizə” forması göstərilən şərtlərlə kredit verir. Kredit üzrə faizlərin hesablanması və ödənilməsi qaydası , qevvədə olma müddət , cərimə, məqsəd, Müştəriyə verilməsi qaydası və bu kimi “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunacaq. Həmin müqavilənin Kredit (Maliyyələşdirmə) adlanan İV-cü bəndinin 1.5-ci yarımbəndinə əsasən bu müqavilə bankın müştəriyə kredit vermək vədini ifadə etmir. “Maliyyələşmə üçün ərizə” formasında göstərilən məbləğ çərçivəsində müştərinin hər bir kredit sifarişinə ayrıca baxılır və qərar verilir. Müsbət qərar olduğu təqdirdə tərəflər arasında müvafiq kredit şərtləri göstərilərək “Maliyyələşmə üçün ərizə” imzalanır. İV-cü bəndinin 3.1-ci yarımbəndinə əsasən kredit, bank tərəfindən kredit məbləğinin müştəriyə bankda onun üçün açılan kredit hesabından cari hesabına köçürülməsi yolu ilə verilir. İV-cü bəndinin 3.2-ci yarımbəndinə əsasən müştəri kreditdən istifadəyə görə banka “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada faizləri ödəyir. Ümumi şərtlər toplusu cavabdehin qanuni təmsiçisi Cavabdeh1 elektron imzası ilə təsdiq edilmişdir.

2. Cavabdeh2 MMC (müştəri) tərəfindən İddiaçı ASC-yə (banka) xx.xx.2021-ci il tarixli DC00025546-03 saylı maliyyələşdirmə üçün ərizə təqdim edilmişdir. Həmin ərizənin şərtlərinə əsasən (kredit əməliyyatı üzrə) müştəri Cavabdeh2 MMC-yə illik faiz dərəcəsi 15.5%, illik cərimə faizi 15%-lə, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 30.5% olmaqla, xx.xx.2022-ci il tarixədək müddətə 236.722 manat məbləğində malın alınması məqsədilə birdəfəlik kredit verilmişdir. Ərizə müştərinin qanuni təmsiçisi Cavabdeh1 elektron imzası ilə təsdiq edilmişdir

3. İddiaçı ASC (bank) ilə Cavabdeh1 (zamin) arasında müvafiq olaraq 26 oktyabr 2021-ci il tarixli, DG**********072 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bank ilə borc alan arasında müqavilənin 2.1-ci bəndində göstərilən kredit müqaviləsi əsasında borc alana veriləcək müqavilənin 2.2-ci bəndində göstərilən kreditlə əlaqədar olaraq borc alan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin borc alan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. 2.1-ci bəndinə əsasən zaminliklə təmin olunan öhdəlik: DC00025546-03 saylı maliyyələşdirmə üçün ərizə. 2.2-ci bəndinə əsasən zaminliklə təmin olunan müqavilənin predmetini borc alana illik 15.5% olmaqla 236.722,00 manat məbləğində və 12 ay müddətə birdəfəlik kredit təşkil edir. 3-cü bəndinə əsasən zamin bank qarşısında borcalanın müqavilənin 2.1-ci bəndində göstərilən öhdəliyi üzrə banka olan borcları, həmçinin bu öhdəliklə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s.məbləği həcmində məsuliyyət daşıyır. 5.1-ci bəndinə əsasən borc alan zaminliklə birlikdə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamindən borc alanın öhdəliyi üzrə yaranan bütün xərcləri ödəməyi tələb etmək hüququna malikdir. Müqavilə bank tərəfindən imza və möhür ilə, zamin tərəfindən imza ilə təsdiq edilmişdir.

4. PB/BPŞ-OUT-01289-2023/1 nömrəli, sonuncu xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixə DC00025546-03 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borc 52.371,44 manat, faiz borcu 43.790,16 manat olmaqla, cəmi 96.161,60 manat təşkil edir. Gecikmə günü: 413

5. İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 xəbərdarlıq məktubu ilə müraciət edilərək, müvafiq müqaviləyə əsasən Bank qarşısında yaranmış gecikmiş öhdəliklərinin icrası xahiş etmişdir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası xx.xx.2024-cü il tarixli, 9/9181 saylı ekspert rəyinə əsasən İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış (xx.xx.2017-ci il tarixli GTC-290LE/2017 saylı Bank xidmətlərinin göstərilməsinə dair) ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2021-ci il tarixli DC00025546-03 saylı maliyyələşdirmə üçün ərizə (kredit müqaviləsi) üzrə Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixə (maliyyə arayışında tələb olunan tarixədək) banka olan əsas borcu 52.371,44 manat məbləğində müəyyən edilmişdir. Ekspertiza tədqiqatlarının dəyəri 145 manat təşkil edir.

İİ. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

7. İddiaçı ASC cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 birgə qaydada: 1. DC00025546-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 52.371,44 manat əsas borc 42.237,20 manat cərimə borcu olmaqla, cəmi 94.608,64 manat məbləğində borcun; 2. Mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2017-ci il tarixdə GTC-290LE/2017 saylı Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu imzalanmışdır. Sonradan tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2021-ci il tarixli DC00025546-03 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borc alana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 15.5%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 30.5% olmaqla, 236.722 manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir. borc alanın bank qarşısında öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə bank və Cavabdeh1 arasında DC00025546-03 saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2021-ci il tarixli DG**********072 saylı zaminlik müqaviləsi bağlanmışdır. Hazırda borc alanın xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri DC00025546-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 52.371,44 manat əsas borc 42.237,20 manat cərimə borcu olmaqla, cəmi 94.608,64 manat təşkil edir, gecikmə günlərinin sayı: 378 gün. Buna görə də bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehlərə xəbərdarlıq məktubu göndərilmiş və bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Bundan başqa tərəflərindən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə mediasiya institutunun tətbiqi qaydasında mediasiya təşkilatına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı ASC mediasiya prosesi üzrə 400 manat məbləğində xidmət haqqı ödəmişdir. X4 4-cü bölümünün 3.11-ci bəndinə əsasən Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 4-cü bölümünün 5.2.1-ci bəndinə əsasən Kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə Bank Müştəriyə verilən Krediti vaxtından əvvəl ləğv edə və ya Kredit məbləğini vaxtından əvvəl Müştəridən tələb edə bilər. Eyni zamanda X4 əsasən Müştəri tərəfindən Müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək Bankın hüququdur.

9. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə (tələbinin dəqiqləşdirilməsi barəd ərizə) verərək, cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 birgə qaydada: DC00025546-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 52.371,44 manat əsas borc 43.790,16 manat cərimə borcu olmaqla, cəmi 96.161,60 manat məbləğində borcun; Mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasınıxahiş etmişdir. 10.İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385, 421.2, 442, 443.1, 445.1, 445.2.1, 448.1, 465.2, 470, 472-ci maddələrinə istinad etmişdir.

b) İddiaya qarşı etirazın dəlilləri

11. İddiaya qarşı etiraz təqdim olunmamışdır.

b) İşdə iştirak edən şəxslər və onların izahatları

12. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini və sonuncu iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni müdafiə etmiş, iddia ərizəsində və ərizədə göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

13. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

14. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

15. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

16. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

İV. TƏTBİQ EDİLƏN HÜQUQ

17. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.

18. AR MPM-in: - 103.1-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır.

19. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

20. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.

21. Belə ki, Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2017-ci il tarixdə Cavabdeh2 MMC (müştəri) və İddiaçı ASC (bank) arasında Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun şərtlərinin qəbul etməsi barədə arasında GTC-290LE/2017 saylı razılaşma imzalanmışdır. Həmin şərtlər toplusunda müəyyən edilmiş şərtlərə uyğun olaraq Cavabdeh2 MMC tərəfindən banka təqdim edilmiş və bank tərəfindən təsdiqlənmiş xx.xx.2021-ci il tarixli DC00025546-03 saylı Maliyyələşdirmə üçün ərizəyə (kredit müqaviləsinə) əsasən Cavabdeh2 MMC-yə illik faiz dərəcəsi 15.5%, illik cərimə faizi 15%-lə, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 30.5% olmaqla, xx.xx.2022-ci il tarixədək müddətə 236.722 manat məbləğində malın alınması məqsədilə birdəfəlik kredit verilmişdir. İddiaçı ASC cavabdeh kredit müqaviləsinə əsasən üzərinə Cavabdeh2 MMC qarşısında götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh2 MMC maliyyələşdirmə üçün ərizə üzrə əsas kredit borcunu ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin iddiaçıya əsas borcu yaranmışdır.

22. Sözügedən maliyyələşdirmə üçün ərizə üzrə borcun məbləğinin müəyyən etmək üçün keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, həmin maliyyələşdirməyə dair ərizə üzrə Cavabdeh2 MMC -nin banka olan əsas borcu 52.371,44 manat təşkil edir. 23.Məhkəmə MPM-in 206.1-ci maddəsinə əsasən, ekspert rəyini tədqiq edərək belə qənaətə gəlir ki, hazırkı halda məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir. 24.Odur ki, kredit müqaviləsi üzrə əsas borcun tutulması hissəsində iddia əsaslı olduğundan təmin edilməlidir.

25. Bundan əlavə iddiaçı kredit müqaviləsi üzrə əsas borcu ödəniş planına uyğun qaytarmadığına görə Cavabdeh2 MMC-yə hesablanmış 43.790,16 manat manat məbləğində dəbbə pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür. 26.Məhkəmə qeyd edir ki, kredit əməliyyatları üzrə maliyyələşdirilmiş pul məbləğlərinin borclu tərəfindən ödənilməsi gecikdirildiyi halda cərimə faizlərinin ödənilməli olması Şərtlər Toplusunda və maliyyələşdirmə üçün ərizələrdə nəzərdə tutulmuşdur. Odur ki, hazırkı halda mübahisəli maliyyələşdirmə üçün ərizə üzrə verilmiş kredit məbləğinin ödənilməsi gecikdirildiyindən iddiaçı həmin ərizə üzrə əsas borc məbləğinə hesablanmış dəbbə pulunun ödənilməsini də tələb etmək hüququna malikdir.

27. Dəbbə pulunun məbləğinə gəldikdə məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərini əsas görürməklə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 2500 manat məbləğində müəyyən edilməlidir.

28. Bununla yanaşı iş materiallarına əsasən müəyyən edilir ki, xx.xx.2021-ci il tarixli DC00025546-03 saylı Maliyyələşdirmə üçün ərizəyə əsasən borc alan Cavabdeh2 MMCnin öhdəliklərinin təminatı üsülu kimi İddiaçı ASC (bank) ilə Cavabdeh1 (zamin) arasında 26 oktyabr 2021-ci il tarixli, DG**********072 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən zamin Cavabdeh1 Cavabdeh2 MMC -nın sözügedən maliyyələşdirmə üçün ərizədən irəli gələn öhdəliklərinə zamin durmuşdur.

29. Məhkəmə zamin Cavabdeh1 mübahisəli maliyyələşdirmə üçün ərizə (kredit müqaviləsi) üzrə Cavabdeh2 MMC -nin bütün öhdəliklərinə zamin durduğundan həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdıqlarını nəzərə alaraq hesab edir ki, İddiaçı ASC həmin müqavilə üzrə borcların müştərək qaydada borc alan və zamindən tutulmasını tələb etməkdə də haqlıdır.

1. Məhkəmə xərclərinə dair hissədə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 400 manat məbləğində mediasiya xərcləri ödənilmişdir.

2. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia (artırılmış tələb) üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 378 manat təşkil edir.

3. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir.

4. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir.

5. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 230 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

6. Məhkəmə hazırkı qətnamə ilə iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 manat pul vəsaitinin 85 manat hissəsi cavabdehlərdən müştərək qaydada, 60 manat hissəsi isə İddiaçı ASC -dən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 müştərək qaydada xx.xx.2021-ci il tarixli DC00025546-03 saylı Maliyyələşdirmə üçün ərizə üzrə 52.371,44 manat məbləğində krеdit bоrcu, 2500 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 54.871,44 manat məbləğində pul vəsaiti, mediasiya xərclərinin əvəzi olaraq 230 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC -yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 manat pul vəsaitinin 85 manat hissəsi cavabdehlərdən müştərək qaydada, 60 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar