Məhkəmə qərarları › İş №e-2-2(113)-2810/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2810/2024

12.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2810/2024 12.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi, ipoteka müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 8707.92 manat əsas borc, 721.08 manat faiz, 139.85 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 9568.85 manat kredit borcunun, 115.69 manat ödənilmiş dövlət rüsumunun və ipoteka predmeti olan qeyri yaşayış sahəsinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 120 manat xidmət haqqının ödənilməsi; xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə tutmanın Cavabdeh1 mülkiyyətindəki ünvan 1 qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin qeyri-yaşayış sahəsinin açıq hərracdan satılması və borcun hərracda qeyriyaşayış sahəsinin satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli Kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən X1 120 ay müddətinə 100000 manat kredit limiti ayrılmışdır. 17 iyul 2021-ci tarixli 23-MCR-1-870-21/1 №li kredit müqaviləsinə əsasən X3 İddiaçı ASC-nin “11 saylı” filialından illik 21%-lə 36 ay müddətinə 25000 AZN məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki ünvan 1 qeyriyaşayış sahəsi ipoteka müqaviləsilə yüklü edilmiş, Cavabdeh1 ilə xx.xx.2021-ci tarixli zaminlik müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. Zamin kredit borcunun qaytarılması üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2024-cü il fevralın 16-dək borcalan olan Cavabdeh2 banka xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 8707.92 AZN əsas borc, 721.08 AZN faiz, 279.69 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 9708.69 AZN borcu vardır. Cavabdeh2 xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 279.69 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 139.85 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi A.Cəlilova iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, maliyyə arayışının verildiyi xx.xx.2024-cü il tarixdən sonra cavabdehlər tərəfindən ödəniş ödəniş edilmiş, ödəniş əsas borca silinmiş, hazırda tələb edilən əsas borcun məbləği 5994,72 manat təşkil edir, cərimə və faiz borcu olduğu kimi qalmaqdadır.

4. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişlər.

5. Məhkəmə iclasının cavabdehlərin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

7. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı və Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 23-MCR-1-870-21 nömrəli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 120 ay müddətinə, illik 30% dərəcəsi ilə 310000 manat məbləğində kredit ayrılmışdır.

9. İddiaçı və Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 23-MCR-1-870- 21/1 nömrəli kredit verilməsinə dair müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə biznes məqsədi ilə xx.xx.2024-cü il tarixədək illik 21 % olmaqla 25000 manat məbləğində kredit verilmişdir.

10. İddiaçı və Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 23-MCR-1-870- 21/1 nömrəli kredit müqaviləsinə 1 saylı Əlavə ödəniş cədvəlində cavabdeh tərəfindən ödənilməli əsas, faiz borclarının məbləğləri və ödəniş tarixləri öz əksini tapmışdır.

11. xx.xx.2021-ci il tarixli kassa məxaric oderinə əsasən 15000 manat məbləğində kredit Cavabdeh2 təqdim edilmişdir.

12. 02.08.2021-ci il tarixli kassa məxaric oderinə əsasən 7002 manat məbləğində kredit Cavabdeh2 təqdim edilmişdir.

13. İddiaçı və Cavabdeh1 arasında bağlanmış 17 iyul 2021-ci il tarixli DA/00438/21 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini tərəflər arasında bağlanmış xx.xx.2021ci il tarixli 23-MCR-1-870-21/1 nömrəli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən yaranmış öhdəliyin təminatı kimi ipoteka saxlayana ipotekaya verir.

14. Müqavilənin 2.2-ci bəndinə əsasən kredit müqaviləsi üzrə kreditini verilməsi məqsədilə müvafiq ölçmələrin və təminatın səbiyyəsinin müəyyən edilməsi üçün əmlakın bazar dəyəri 160000 manat dəyərində müəyyən edilmişdir.

15. İddiaçı və Cavabdeh1 arasında bağlanmış 17 iyul 2021-ci il tarixli Z/04522/21 nömrəli zaminlik müqaviləsinə əsasən müqavilənin predmeti xx.xx.2021-ci il tarixli 23-MCR- 1-870-21/1 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürməsidir.

16. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh1 adına rəsmiləşdirilmişdir

17. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi iddianın xeyrinə hüququ yüklü edilmişdir.

18. İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə əsas borcu 8707,92 manat, faiz borcu 1288,56 manat, cərimə borcu 279,69 manat olmaqla, ümumilikdə borcu 9708,69 manat təşkil edir. Kreditin bitmə tarixinə əsas borc üzrə qalıq borc və faiz borcu yoxdur.

19. İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə əsas borcu 5994,72 manat, faiz borcu 1288,56 manat, cərimə borcu 1437,77 manat olmaqla, ümumilikdə borcu 8753,9 manat təşkil edir. Kreditin bitmə tarixinə əsas borc üzrə qalıq borc 5994,72 manat, faiz borcu 1152.17 manatdır.

20. "xxxx" MMC tərəfindən verilmiş LP-102/24 saylı, xx.xx.2024-cü il tarixli rəydən görünür ki, ünvan 2 ünvanında yerləşən Cavabdeh1 məxsus qeyri-yaşayış sahəsinin hazırkı bazar qiyməti 180000 manat, likvid qiyməti isə 165000 manat təşkil edir.

21. Məhkəmə nümayəndənin izahatını dinləyib, materialları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

22. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

23. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.

24. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

25. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

26. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

27. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

28. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

29. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.

30. Həmin Məcəllənin 319.5-ci maddəsinə əsasən əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir.Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.

31. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi.

32. Həmin Qanunun 34-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda.

33. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

34. Sözügedən Qanunun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

35. Beləliklə, işin hallarından məlum olur ki, iddiaçı və Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 23-MCR-1-870-21/1 nömrəli kredit verilməsinə dair müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə biznes məqsədi ilə xx.xx.2024-cü il tarixədək illik 21 % olmaqla 25000 manat məbləğində kredit verilmiş, kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi iddiaçı ilə Cavabdeh1 arasında 17 iyul 2021-ci il tarixli Z/04522/21 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada icra etməmişlər.

36. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərdən (əsas borclu və zamin) kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır.

37. İddia ərizəsində tələb edilən əsas borcun məbləği 8707,92 manat göstərilmişdir.

38. Materiallarda olan hesabdan çıxarış, iddiaçı tərəfindən təqdim edilmiş yeni maliyyə arayışından görünür ki, cavabdeh tərəfindən iddiaçıya məhkəmə icraatı dövründə kredit borcu üzrə ümumilikdə 2713,20 manat vəsait ödənilmiş, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışına əsasən ödənilən vəsaitlər əsas borca silinmiş, hazırda tələb edilən əsas borcun məbləği 5994,72 manat təşkil edir.

39. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehlərdən tutulacaq əsas borc 5994,72 manat (8707,92 manat – 2713,20 manat), faiz borcu 721,08 manat müəyyən edilməlidir.

40. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış 139,85 manat dəbbə pulunun tutulması tələbini də irəli sürmüşdür.

41. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdehlər tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

42. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

43. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi dəbbə pulunun tutulması hissəsində də təmin edilməli və 139,85 manat dəbbə pulu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

44. İddia ərizəsində ipoteka predmetinə tutma yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi tələbi də irəli sürülmüşdür.

45. Məhkəmə hesab edir ki, işin araşdırılan hallarından cavabdehlərin iddiaçıya xx.xx.2021-ci il tarixli 23-MCR-1-870-21/1 nömrəli kredit verilməsinə dair müqaviləyə əsasən 5994,72 manat əsas borc, 721.08 manat faiz borcu, 139,85 manat cərimə borcunun olması müəyyən edildiyindən iddia tələbi həmin hissədə də əsaslıdır və təmin edilməli, göstərilən borcların ödənilməsinin təmin edilməsi məqsədilə ipoteka predmetinin açıq hərracda satışı həyata keçirilməli, satışdan əldə edilən vəsait hesabına göstərilən borclar tutularaq iddiaçıya ödənilməlidir.

46. Məhkəmə hesab edir ki, ipoteka predmetinin (ünvan 2 ünvanında yerləşən qeyriyaşayış sahəsi) ilkin satış qiyməti "xxxx" MMC tərəfindən verilmiş LP-102/24 saylı, xx.xx.2024-cü il tarixli rəyə uyğun müəyyən edilməlidir.

47. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 5994,72 manat əsas borc, 721.08 manat faiz, 139.85 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməli, tutma Cavabdeh1 mülkiyyətindəki ünvan 1 qeyri-yaşayış sahəsinə ilkin satış qiyməti 165000 manat müəyyən edilməklə yönəldilməli, həmin əmlak açıq hərracdan satılmalı və satışdan əldə edilən vəsait hesabına xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 5994,72 manat əsas borc, 721.08 manat faiz, 139.85 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməli, satışdan artıq qalan vəsait Cavabdeh1 qaytarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

49. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu, ipoteka predmeti olan qeyri-yaşayış sahəsinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu, 120 manat xidmət haqqı cavabdehlərə, ödənilmiş qalan 15,69 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

50. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərclərinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının ümumi dəyəri 300 manat təşkil edir.

51. Məhkəmə qeyd edir ki, ekspertiza xərci cavabdehlərdən tutularaq "xxxx" MMC-yə ödənilməlidir.

V. Nəticə:

52. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək (birgə) qaydada xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 5994,72 manat əsas borc, 721,08 manat faiz, 139,85 manat cərimə borcu, ödənilmiş 100 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu, 120 manat xidmət haqqı, ümumilikdə 7090,65 (yeddi min doxsan manat altmış beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Tutma Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə - ilkin satış qiyməti 165000 (bir yüz altmış beş min) manat müəyyən edilməklə yönəldilsin. Həmin əmlak açıq hərracdan satılsın və satışdan əldə edilən vəsait hesabına ümumilikdə 7090,65 (yeddi min doxsan manat altmış beş qəpik) manat məbləğində borc tutularaq İddiaçı ASC-yə ödənilsin. Satışdan artıq qalan vəsait Cavabdeh1 qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 15,69 manat dövlət rüsumu İddiaçı ASC-nin özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatı ilə bağlı yaranmış 300 (üç yüz) manat ekspertiza xərci cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək (birgə) qaydada qaydada tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar