Məhkəmə qərarları › İş №e-2-2(113)-2818/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2818/2024

16.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2818/2024 16.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7365 manat pulun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 94 manat dövlət rüsumunun əvəzinin, cəmi 7459 manat məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında MX 03/2023 saylı, 13 mart 2023-cü il tarixli müqavilə bağlanmışdır. İddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirərək, müqavilənin dəyəri olan 7365 manat pulu tam şəkildə cavabdehə ödəmişdir. Bundan əlavə, iddiaçı texniki yanlışlıq səbəbindən əlavə olaraq 7365 manat pulu da cavabdehə ödəmişdir. Sonradan iddiaçı cavabdehə müraciət edərək artıq ödənilmiş 7365 manat pulun geri qaytarılmasını xahiş etsə də, Cavabdeh bu istiqamətdə hər hansı addım atmamışdır.

II. Tərəflərin mövqeləri:

3. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verib iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, müqavilə üzrə satıcı, yəni cavabdehə ödənilməli olan vəsait tam şəkildə qabaqcadan ödənilmiş, lakin mühasiblərinin yanlışlığı nəticəsində həmin vəsait iddiaçının digər bank hesabından elə həmin gün ikinci dəfə ödənilmişdir. Lakin artıq ödəmə cavabdeh tərəfindən geri qaytarılmamışdır.

4. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəməyə yazılı ərizə ünvanlayaraq sonuncu məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişdir.

5. Sonuncu məhkəmə iclasının tərəflərin nümayəndələrinin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. Tərəflər arasında bağlanmış MX 03/2023 saylı, 13 mart 2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçının sifariş etdiyi əmtəə və xidmətləri tədarük etməyi, iddiaçı isə onları qbəul edib və haqqını bu müqavilə ilə müəyyən edilmiş şərtlər və müddətdə ödəməyi öhdəsinə götürür.

8. Müqavilənin 3.2-ci bəndinə əsasən iddiaçı müqavilənin dəyərini 100 faiz avans şəklində əvvəlcədən cavabdehin hesabına köçürmə yolu ilə ödəyir.

9. Müqavilənin xx.xx.2023-cü il tarixli 1 saylı əlavəsində satılacaq malların dəyərinin ümumilikdə 7365 manat olması tərəflər arasında razılaşdırılmışdır.

10. Əlavənin 2-ci bəndinə əsasən göstərilən məbləğ 100 faiz şəklində iddiaçı tərəfindən cavabdehin bank hesabına köçürmə yolu ilə ödənilir.

11. xx.xx.2023-cü il tarixli OD1 nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən cavabdehin hesabına tərəflər arasında bağlanmış MX 03/2023 saylı, 13 mart 2023-cü il tarixli müqavilənin 1 saylı əlavəsinə əsasən 7365 manat məbləğində pul köçürülmüş, köçürmə iddiaçının "xxxx" ASC-də olan bank hesabından aparılmışdır.

12. xx.xx.2023-cü il tarixli 551663 nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən cavabdehin hesabına tərəflər arasında bağlanmış MX 03/2023 saylı, 13 mart 2023-cü il tarixli müqavilənin 1 saylı əlavəsinə əsasən 7365 manat məbləğində pul köçürülmüş, köçürmə iddiaçının "xxxx" ASC-də olan bank hesabından aparılmışdır.

13. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsi imzalanmış, iddiaçı cavabdehə satılacaq malların dəyəri qismində 7365 manat ödəməli olduğu halda, həmin vəsaitdən əlavə olaraq 7365 manat da ödəmiş, göstərilən məbləğin müqabilində cavabdeh tərəfindən iddiaçıya hər hansı mal təhvil verilməmiş, vəsait iddiaçıya geri qaytarılmamışdır.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

15. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

16. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir.

17. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

18. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

19. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

20. Göründüyü kimi əsassız varlanmanın baş verməsi üçün əsassız varlanan şəxs məhz məhrum olanın hesabına əmlak, əmlak hüquqları və ya qanunla qorunan hər cür maddi fayda əldə etməli və ya məhrum olan şəxs məhz əsassız varlanan şəxsin xeyrinə hansısa əmlakından, əmlak hüquqlarından və ya faydasından (gəlirindən) məhrum olmalıdır.

21. Bundan başqa, normanın dispozitiv şərtlərindən də göründüyü kimi əsassız varlanmanı sübut etmə yükü iddiaçının üzərinə düşür və iddiaçı bu zaman aşağıdakı 3 (üç) halı sübut etməlidir.

22. 1) əmlakından və ya əmlak hüququndan məhrum olmuşdur.

23. 2) əldə edən məhz onun hesabına, məhz ona məxsus olan əmlak və ya əmlak hüququnu əldə etmişdir;

24. 3) əldə etmək üçün hər hansı hüquqi əsas olmamışdır və ya həmin hüquqi əsas aradan qalxmışdır.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.

26. Həmin Məcəllənin 439.4-cü öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.

27. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixdə 7365 manat vəsait ödənilmiş, həmin vəsait cavabdeh tərəfindən əldə edilmiş, həmin pul vəsaitinin əldə edilməsi üçün isə hər hansı hüquqi əsas olmamışdır. Hazırda iddiaçı həmin pul vəsaitinin cavabdeh tərəfindən ona qaytarılmasını tələb etməkdə haqlıdır.

28. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 7365 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

29. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

30. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 94 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

V. Nəticə:

31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 7365 manat məbləğində pul, ödənilmiş 94 manat dövlət rüsumu, ümumilikdə 7459 (yeddi min dörd yüz əlli doqquz) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar