Məhkəmə qərarları › İş №e-2-2(113)-2819/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2819/2025

05.06.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2819/2025 05.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borc müqaviləsi, investisiya fəaliyyəti, sübutetmə, forma sübutetmə şərti kimi, hüquqi həqiqət, preyudisiallıq) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 940 000 ABŞ dolları məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçıya 2013-cü ildə sahibkarlıq fəaliyyətinə yatırım etmək üçün 1 500 000 ABŞ dolları pul vəsaiti lazım olmuş və sonuncu bununla bağlı banklara müraciət etmək istədiyi zaman cavabdeh ona həmin məbləğdə pul vəsaitini faizlə verə biləcəyini, banka müraciət etməməyi bildirmişdir. Belə ki, cavabdeh həmin pul vəsaitini ona illik 15%-lə verə biləcəyini demişdir. İddiaçı həmin vaxt məcbur qalıb sözügedən məbləğdə pul vəsaitini 2013-cü ilin təxminən fevral ayında cavabdehdən götürmüşdür. Bundan sonra isə həmin ilin axırında iddiaçının yenidən 1 000 000 ABŞ dollarına ehtiyac olduğundan cavabdeh yenidən həmin pul vəsaitini verə biləcəyini və əvvəl verdiyi vəsaitlə birləşdirib ümumilikdə 2 500 000 ABŞ dollarını 13%-lə verə biləcəyini söyləmiş və iddiaçı əvvəl olduğu kimi həmin məbləğdə pul vəsaitini cavabdehdən qəbul etmişdir. Bundan sonra isə 2014-cü il ərzində iddiaçı cavabdehə ümumi məbləğdən deyil, təkcə faiz olmaqla 450 000 ABŞ dolları pul vəsaiti ödəmişdir. Bundan başqa, iddiaçı 2013-cü ildən 2021-ci ilədək cavabdehdən götürdüyü ümumilikdə 2 500 000 ABŞ dolları pul vəsaitini cavabdehə geri qaytarmağından əlavə, ümumilikdə 940 000 ABŞ dolları faiz də ödəmişdir. Ümumi məbləği 2018-ci ildə tam olaraq bağlasa da, 2021-ci ilədək cavabdehə faiz ödəmişdir. Ümumilikdə ödədiyi faiz isə 940 000 ABŞ dolları olmuşdur. 2.2. Cavabdehdən 13%-lə qəbul etdiyi ümumilikdə 2 500 000 ABŞ dolları pul vəsaitinin müqabilində ödədiyi faiz pullarını iddiaçı mütəmadi olaraq sürücüsü ilə cavabdehə göndərmişdir. Həmin pul vəsaitlərini isə onun sürücüsü cavabdehin Yasamal rayonu ərazisində yerləşən ofisində sonuncuya çatdırmışdır. Sonuncu dəfə cavabdehə 2021-ci ildə 10000 və 10000, ümumilikdə 20000 ABŞ dolları faiz pulu cavabdehlə şərikliyi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabından, yəni ona çatan gəlirdən sonuncunun hesabına ödənilmişdir. Məsələ ilə bağlı Bakı Şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsində araşdırma aparılmış və həmin araşdırmanın nəticəsi olaraq şöbənin baş müstəntiqi polis polkovnik-leytenantı X4 tərəfindən qəbul olunmuş “cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərarla müəyyən edilmişdir ki, Abdullayev Şahəddin Məmməd oğlu İddiaçı aralarında razılaşdırıldığı kimi müəyyən faiz qarşılığında 2 500 000 ABŞ dolları məbləğində pul vəsaiti borc vermiş, vermiş olduğu pulun müqabilində müəyyən məbləğdə gəlir əldə etmişdir. Belə ki, İddiaçı Cavabdeh razılaşdıqları qaydada yüksək faiz qarşılığıında hər ay müəyyən məbləğdə pul ödəməklə ümumilikdə 940 000 ABŞ dolları əlavə pul ödəmişdir. Bununla da Cavabdeh vergi cinayətlərinə aid olan cinayət əməlini törətmişdir. 2.3. Qeyd edilənlərin mötəbərliyi, həmçinin cavabdehin həqiqətən 2 500 000 ABŞ dolları məbləğində pul vəsaitini sahibkarlıq fəaliyyəti ilə əlaqədar iddiaçıya verdiyini etiraf etməsi (bu işin mübahisəsiz halıdır) sonuncu tərəfindən tərtib edilmiş əlyazmada qeyd edilən məlumatlarla da tam olaraq öz təsdiqini tapmışdır. Eyni zamanda Bakı Şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsinin xx.xx.2024-cü il tarixli qərarında “Cavabdeh vergi cinayətlərinə aid olan cinayət əməlini törətməsi” qeyd edilmişdir. Cavabdehin malik olduğu xüsusilə külli miqdarda pul vəsaitlərinin mənbəyi bəlli olmadığından sonuncu polis və prokurorluq orqanlarında araşdırma zamanı malik olduğu xüsusilə külli miqdarda pul vəsaitlərinin əldə edilmə mənbəyi barədə rəsmi sənədlər təqdim edə bilməmişdir. Cavabdehin malik olduğu xüsusilə külli miqdarda pul vəsaitlərinin leqal (qanuni) əldə etməsi əsaslı şübhələr doğurur. Məhz bu səbəbdən iddiaçıya 2 500 000 ABŞ dolları pul vəsaitini vermiş cavabdehin həmin vəsaitləri qanuni sahibkarlıq fəaliyyətindən əldə edib-etməməsinin aydınlaşdırılması məqsədi ilə xüsusi qərardad qəbul edilərək prokurorluğa göndərilməlidir.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 157.2-ci maddəsi göstərilmişdir.

4. Cavabdeh məhkəməyə iddiaya etiraz təqdim edərək, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiasının rədd edilməsini xahiş etmişdir.

5. İddiaya etiraz onunla əsaslandırılmışdır ki: 5.1. cavabdeh iddiaçı ilə quda olmuş, iddiaçı ilə qohumluq əlaqəsi olduğu üçün ona armatur və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindəki birgə biznes fəaliyyətinə görə 2013-cü ildən etibarən müxtəlif məbləğlərdə pullar vermişdir. Cavabdehin iddiaçıya investisiya olaraq verdiyi pullar armatur satışına və "xxxx" MMC-yə yatırılaraq adambaşına gəlir əldə edilmişdir. Lakin investor cavabdeh olduğu üçün gəlirdən faizdə cavabdehin payı artıq olmuşdur. Müxtəlif bizneslərdə və zamanlarda faiz bölgüsü də fərqli olmuş, cavabdehin pullarını qazanc məqsədilə "xxxx" MMC və armatur biznesinə yatırdıqdan sonra iddiaçı pulun çox hissəsini təkcə "xxxx" MMC-dən əldə etdiyi gəlir hesabına 2020-ci ilədək qaytarmışdır. 2020-ci ilə iddiaçının cəmi 550 000 ABŞ dolları borcu qalmışdır. Həmin pulun 150 000 ABŞ dolları hissəsi ailə məsələləri ilə əlaqədar iddiaçıya güzəşt edilmişdir. Qalan 400 000 ABŞ dolları pulun isə 29 may 2020-ci ildə tərəflərin ortaq tanışı Əliyev Məmmədin iştirakı ilə imzalanan yazılı razılaşmaya (anlaşmaya) əsasən iddiaçı tərəfindən 2020-ci il iyun ayından etibarən hər ay ən azı 10 000 ABŞ dolları olmaqla qaytarılması razılaşdırılmışdır. 5.2. İddiaçı 400 000 ABŞ dolları pulun 130 000 ABŞ dolları hissəsini verdikdən sonra qalan 270 000 ABŞ dollarını qaytarmaqdan boyun qaçırdığı üçün cavabdeh 2022ci ildə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-485/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçıdan 270 000 ABŞ dolları məbləğində borc, həmin borcun 132 gün gecikdirilməsi üçün illik 5 faizi olan 4882 ABŞ dolları, 749 manat dövlət rüsumu və 400 manat mediasiya xərci ümumilikdə 274882 ABŞ dollarının( ödənildiyi gün Azərbaycan manatı məzənnəsi ilə) və 1149 manatın alınaraq cavabdehə ödənilməsi qət edilmişdir. Bakı Kommersiya Məhkəməsində işə baxılarkən cavabdeh yazılı sübutlar olaraq iddiaçının hər ay 10 000 ABŞ dolları qaytarmasını təsdiq edən sonuncunun imzası ilə olan sənədləri məhkəməyə təqdim etmişdir. İddiaçı 29 may 2020-ci il tarixli anlaşmadakı və təqdim edilən həmin yazılı sübutlardakı imzaların ona məxsus olmadığını iddia etdiyinə və öz imzalarını dandığına görə məhkəmə-xətşünaslıq ekspertizası keçirilmiş, ekspert rəyi ilə imzaların ona məxsus olduğu öz təsdiqini tapmışdır. İddiaçı məhkəmənin həmin qətnaməsindən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-189/2024 nömrəli 14 fevral 2024-cü il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Apellyasiya instansiya məhkəməsinin qətnaməsinin 24-cü bəndində göstərilmişdir ki, işin mübahisəsiz halıdır ki, 400 000 ABŞ dolları məbləğində vəsait iddiaçı tərəfindən müqavilə bağlandıqdan sonra verilmiş məbləğ deyil, daha əvvəl tərəflərin birgə biznes fəaliyyətinə qoyulmuş məbləğdir. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsindən Ali Məhkəməyə kassasiya şikayəti vermiş, iş hazırda Ali Məhkəmənin icraatındadır (№ 2- 2(102)-179/2025). 5.3. İddiaçı məhkəmə qərarı ilə ödənilməli olduğu məbləği ödəməkdən boyun qaçırma və ödəməni lüzumsuz şəkildə uzatmaq məqsədilə məhkəmələrə əsassız ərizələr vermiş, onun arvadı X6 da guya 270 000 ABŞ dolları pul tələbinin və məhkəmə aktlarının iddiaçının arvadı kimi onun da maraqlarına toxunduğunu bəhanə gətirərək əsassız ərizələr, vəsatətlər və şikayətlərlə məhkəməyə müraciətlər etmişdir. Hər dəfə həmin müraciətlərə baxılmasına görə kassasiya şikayətinin Ali Məhkəməyə göndərilməsi 10 ay yubanmışdır. Belə ki, xx.xx.2024-cü il tarixdə iddiaçı ərizə verərək, apellyasiya məhkəməsinin qətnaməsinə düzəliş edilməsi, “Anlaşmada”kı qeyd edilənlərin olduğu kimi əks olunması barədə qərardad qəbul edilməsini xahiş etmiş, xx.xx.2024-cü il tarixdə iddiaçının arvadı Məmmədova Aida Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-485/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadından 8 ay sonra şikayət vermişdir. Eləcə də 04.07 2024-cü il tarixdə iddiaçı ərizə verərək guya “Anlaşma” adı altında məhkəməyə təqdim edilmiş əlyazmanın əhəmiyyətsiz olması barədə onların mövqeyinə münasibət bildirilməsi və məhkəmə xərclərinə dair məsələlərin həlli barədə əlavə qətnamə qəbul edilməsini xahiş etmişdi. Məhkəmə də hər dəfə iddiaçının əsassız ərizələrinə münasibət bildirilməsi üçün qərardad çıxarmağa, işi birinci instansiya məhkəməsinə qaytarmağa məcbur olmuşdur. 5.4. İddiaçının iddia ərizəsində guya cavabdehin ondan investisiya olaraq yatırdığı vəsaitdən əlavə 940 000 ABŞ dolları artıq faiz aldığı, 2021-ci ilədək hər ay 10 000 ABŞ dolları faiz ödədiyi barədə yazdıqları yalandır. Belə ki, iddiaçı imzaladığı 29 may 2020-ci ildə yazılı razılaşma (Anlaşma) əsasında 400 000 ABŞ dolları borcu qaldığını öz imzası ilə etiraf edib və bundan sonra 2020-ci il 14 avqustdan 2021-ci il 27 avqustadək həmin borcun 130 000 ABŞ dolları hissəsini hər ay 10 000 ABŞ dolları olmaqla ödəmişdir. Bütün məhkəmə çəkişməsi gedişində isə iddiaçı cavabdehdən hər hansı bir alacağı olması barədə heç bir məlumat verməmişdir. İddiaçı 2020-ci il 14 avqustdan 2021-ci il 27 avqustadək hər ay 10 000 ABŞ dolları faiz olaraq yox, Anlaşma ilə qaytarmağı öhdəsinə götürdüyü borc olaraq ödəmişdir. İddiaçının hər ay 10 000 ABŞ dolları qaytarması barədə onun imzası olan sənədlər hazırda Ali Məhkəmədə baxılan işin materiallarına əlavə olunmuşdur. Mülki Məcəllənin 882.2 və 882.5-ci maddələrinin tələbinə görə iddiaçı 29 may 2020-ci ildə yazılı razılaşma əsasında 400 000 ABŞ dolları borcunu etiraf edib ödəməyi öhdəsinə götürdüyü və həmin borcun da bir hissəsini ödədiyi üçün həmin razılaşmadan irəli gələn heç bir etiraz irəli sürə bilməz. 5.5. Qeyd olunanlardan əlavə, 2013-ci ildən cavabdeh iddiaçı ilə Abşeron rayonu ərazisində Bakı-Şamaxı avtomobil yolunun 21-ci kilometrliyində torpaq sahəsi satın alıb 2020-ci ilədək zavod (sexlər, anqar, ofis binası, mağaza) inşa etmişdir. Tikinti işləri ilə iddiaçı və onun qohumu məşğul olmuş, razılaşmaya görə tikinti işlərinə yatırılacaq vəsaitin 50 faizini cavabdeh, 50 faizini isə iddiaçı ödəməli idi. Tək tikinti işlərinə görə iddiaçı cavabdehdən 2013-2020-cı illər ərzində 831 112 manat ekvivalentində pul vəsaiti almış, həmin vəsaitin bir hissəsi cavabdehin "xxxx" MMC-dəki gəlirindən çıxılmış, bir hissəsi də nağd olaraq iddiaçıya ödənmişdir. Sonuncu pul ortaq tanışlarının yanında "xxxx" MMC-nin Dərnəgül filialında iddiaçıya nağd şəkildə verilmiş, tikinti üçün iddiaçıya ödənilən pullar "xxxx" MMC-nin daxili hesabatlarında öz əksini tapmışdır. 5.6. Sonradan cavabdeh iddiaçının onu aldatdığından və etibarından sui-istifadə etdiyindən şübhələnmiş və bu şübhə iddiaçının onu aldadaraq torpaq satın alınması üçün cavabdehin 30 000 ABŞ dolları, 27 500 manat pulunu ələ keçirdiyi Nərimanov Rayon Prokurorluğunda sübut olunduqdan sonra daha da artmışdır. Belə ki, bundan əvvəl də cavabdeh Nərimanov Rayon Prokurorluğuna şikayət verərək, iddiaçının guya torpaq satın alınması üçün 30 000 ABŞ dolları, 27 500 manat məbləğində pulları dələduzluq yolu ilə ələ keçirdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmasını, cavabdehə dəyən zərərin ödənilməsinin təmin olunmasını xahiş etmişdir. Şikayətə baxılmasının gedişində iddiaçı cavabdehdən dələduzluq yolu ilə ələ keçirdiyi 30 000 ABŞ dollarını və 27 500 manatı geri qaytarmışdır. İddiaçı 30 000 ABŞ dollarını və 27 500 manatı dələduzluq yolu ilə ələ keçirdiyini etiraf etmiş, daha sonra cavabdeh müstəqil ekspertlər dəvət edərək ekspertiza keçirtmişdir. Ekspertiza nəticəsində aşkar olunmuşdur ki, zavodun tikintisinə cəmi 1 273 909,90 manat vəsait sərf olunmuş və həmin vəsaitdə də cavabdehin payı cəmi 636 954 manat təşkil edir. Aşkar olunub ki, iddiaçı təkcə tikintidə cavabdehi aldadaraq və etibarından sui-istifadə edərək (831 112 manat – 636954 manat =) 194 157 manat məbləğində pulu ələ keçirmişdir. Bundan əlavə, iddiaçı "xxxx" MMC-nin direktoru X1 və faktiki rəhbəri X3 ilə qabaqcadan əlbir olaraq Cəmiyyətdən cavabdehə dividend olaraq ödənilməli 121 000 manatı da mənimsəmək niyyəti ilə verməkdən imtina etmişlər. 5.7. Belə ki, "xxxx" MMC-dən iddiaçı və cavabdehə dividend olaraq verilməli vəsaitin 98 000 manatı 2023-cü il sentyabr ayında, 23000 manatı isə 2023-cü ilin noyabr ayında iddiaçının şəxsi kredit borcuna silinmiş, cavabdehə çatası 121 000 manat dividend isə ödənilməmişdir. Cavabdeh dəfələrlə iddiaçıya ona çatası vəsaitin də verilməsini tələb etsə də, direktor və faktik rəhbər iddiaçının yazılı razılığının olmaması bəhanəsi ilə dividendi ödəməkdən boyun qaçırmışlar. Sadalananlardan başqa, iddiaçı tərəflərin birgə vəsaiti ilə (50%+50%) əldə edilmiş, hazırda dəyəri 73 100 manat təşkil edən “H60” markalı dəzgahı satmaq adı altında "xxxx" MMC-dən aparmış, sonradan məlum olmuşdur ki, həmin dəzgah satılmamış və iddiaçının “Ulduz” metrosunun yaxınlığında yerləşən sexində istifadə olunur və iddiaçı həmin dəzgahdan gəlir əldə edir. Dəfələrlə müraciət edilsə də, dəzgah geri qaytarılmamış, cavabdehə çatası 27 500 manat verilməmişdir. İddiaçı başqaları ilə əlbir olaraq külli miqdarda əmlakı dələduzluq yolu ilə ələ keçirdiyi üçün cinayət təqibini həyata keçirən orqanlara şikayətlər verilmiş, araşdırmaların gedişində iddiaçı əmlakının bir hissəsini geri qaytarmışdır. 5.8. İddiaçı ona 940 000 ABŞ dolları məbləğində pul vəsaiti verilməli olduğunun sübutu kimi bir vərəqdə heç bir imza olmayan, cızma-qara ədədlərin və qeydərin surətini və Bakı Şəhəri Nərimanov Rayon Polis İdarəsinin istintaq şöbəsinin baş müstəntiqi X2 23 dekabr 2024-cü il tarixli qərarını təqdim etmişdir. Həmin kağız parçaları sübut kimi qəbul edilə bilməz. Birincisi, Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsinə görə yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Heç bir imza olmayan, cızma-qara ədədlərin və qeydərin surəti əks olunmuş vərəqin əsli təqdim olunduqdan sonra həmin sənədə münasibət bildirilə bilər. Hətta həmin cızma-qara ədədlər və qeydərin surətlərindən də görünür ki, pullar şərikli biznesə yatırılıb və pullar cavabehin olduğu üçün faizi də çox olub. Cavabdehin yatırdığı həmin pulların hesabına iddiaçı yüz minlərlə ABŞ dolları məbləğində gəlir eldə edib, lakin onun əvəzinə şərikliyə yatırılan 550 000 ABŞ dolları hissəsini qaytarmayıb. Buna görə də 29 may 2020-ci ildə Anlaşma (borcun etirafı barədə razılaşma) imzalanmış, həmin anlaşma imzalanarkən də borcun 150 000 ABŞ dolları hissəsi qohumluq əlaqələrinə görə güzəştə gedilmişdir. İddiaçı qalan 400 000 ABŞ dollarının 270 000 ABŞ dolları hissəsini qaytarmadığı üçün ona qarşı məhkəmədə iddia qaldırılmışdır. İkincisi, iddiaçının məhkəməyə təqdim etdiyi Bakı Şəhəri Nərimanov Rayon Polis İdarəsinin istintaq şöbəsinin baş müstəntiqi X2 23 dekabr 2024-cü il tarixli qərarı Bakı Şəhəri Nərimanov Rayon Prokurorunun 19 mart 2025-ci il tarixli qərarı ilə ləğv edildiyindən əhəmiyyətsiz kağız parçasıdır və sübut kimi qəbul qəbul edilə bilməz. 5.9. İddiaçının 2 500 000 ABŞ dolları pul vəsaitini qanuni sahibkarlıq fəaliyyətindən əldə edilib-edilməməsinin aydınlaşdırılması məqsədi ilə xüsusi qərardad qəbul edilməsi tələbi də əsassız və qanunsuzdur. Cavabdeh həmin vəsaiti cinayət yolu ilə əldə etməmişdir və qanunun tələbinə görə də şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir.

6. İddiaya etirazda maddi hüquqi əsas kimi Mülki Məcəllənin 882.2, 882.5-ci maddələrinə istinad edilmişdir.

II. Tərəflərin mövqeləri:

7. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, cavabdeh 2 500 000 ABŞ dolları məbləğində pulu iddiaçıya verdiyini qəbul etmiş, pul vəsaitini faizlə deyil, yatırım məqsədilə verdiyini qeyd etmişdir. Lakin əgər qeyd edilən vəsait investisiya kimi verilsə idi, lazımi qaydada rəsmiləşdirilməli idi. Həmçinin iddiaçı tərəf heç bir gəlir götürməmişdir. Bununla yanaşı, Nərimanov Rayon Prokurorluğunda üzləşmə keçirilən zaman cavabdeh 2 500 000 ABŞ dolları pul vəsaitini, əlyazma sənədi qəbul etmişdir. Məhkəmənin sualına cavab olaraq bildirdi ki, iddia ərizəsində araşdırma materiallarında olan izahata əsasən faizin 2021-ci ilədək ödənildiyi qeyd olunmuşdur. Lakin hazırda tələb olunan vəsait 2013-2018-ci illərdə faiz kimi cavabdehə verilmiş məbləğlərdir.

8. İddiaçı məhkəmə iclasında iştirak edərək, cavabdehin əlyazmada 940 000 ABŞ dolları məbləğində pulun ödənildiyini qəbul etdiyini, əlyazmanın əslinin isə cavabdehdə olduğunu, ona təqdim olunmadığını bildirdi.

9. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclaslarında iştirak edərək iddiaya etirazın məzmununa uyğun izahat verdi və eyni zamanda göstərdi ki, iddiaçının istinad etdiyi əlyazmanın əsli məhkəməyə təqdim edilməmişdir. Belə olan halda həmin sənədə münasibət bildirilməsi mümkün deyildir. Bundan başqa, iddiaçının sübut kimi təqdim etdiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar Nərimanov Rayon Prokurorluğunun qərarı ilə ləğv edilmişdir.

10. Məhkəmənin suallarına cavab olaraq cavabdehin nümayəndəsi və vəkili göstərdi ki, sərmayənin bir hissəsi "xxxx" MMC-yə, digər hissəsi isə armatur biznesinə yatırılmışdır.

III. Məhkəmə baxışının hədləri:

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Artıq ödənilmiş pulun tutulması tələbi ilə bağlı

12. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

13. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

14. İddiaçı cavabdehin ona 2 500 000 ABŞ dolları məbləğində borc verdiyini, həmin borcun qaytarılması ilə yanaşı 940 000 ABŞ dolları faiz məbləğinin də ödənildiyini, belə olan halda 940 000 ABŞ dollarının cavabehdən tutulmasını tələb edir.

15. Cavabadeh iddiaya etiraz edərək tərəflərin arasında investisiya fəaliyyəti ilə bağlı münasibətlərin mövcud olduğunu, "xxxx" MMC və armatur biznesinə yatırımlar edildiyini, iddiaçının cavabdehə 270 000 ABŞ dolları borcu qaldığını, həmin məbləğin də qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında tutulduğunu bildirir.

16. Məhkəmə mübahisənin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

17. Əvvəla göstərilməlidir ki, iddiaçının 2 500 000 ABŞ dolları məbləğində borcun verildiyi dövr kimi istinad etdiyi 2013-cü il tarixində Mülki Məcəllənin 740-cı maddəsinin qüvvədə olan redaksiyasına əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər.

18. Lakin Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, hər hansı əqdin forması ilə bağlı tələb heç də həmişə həmin əqdin etibarlılıq şərti olaraq qəbul edilmir. Bəzi hallarda belə forma tələbi məhz sübutetmə şərti olaraq çıxış edir. Bu zaman həmin əqd üzrə iddianın sübuta yetirilməsi, habelə bu əqddən irəli gələn nəticələrin tətbiqi tələbinin təmin edilməsi üçün əqdin forma tələbinə riayət edilməsi mütləq olur (E.Salmanlının şikayəti üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2 və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair 28 dekabr 2023-cü il tarixli qərar).

19. İddiaçının tərəflər arasında borc münasibətlərinin təsdiqi kimi sübut qismində təqdim etdiyi əlyazma sənəd surəti isə üzərində hər hansı təsdiqedici rekvizit olmayan, bu və ya digər formada iradə ifadəsini əks etdirməyən, üzərində düzəlişlər edilmiş, əsli məhkəməyə verilməyən kağızdan ibarətdir. Halbuki ümumi qaydaya görə imza ilə təsdiq olunan sənədin məzmununun onu imzalayan şəxslər üçün həqiqiliyi prezumpsiyası qüvvədir. Başqa sözlə, əksi sübut edilməyincə, sənədin məzmunu düzgün hesab edilməlidir, bu şərtlə ki, həmin sənəd təsdiq edilmiş olsun.

20. Mülki Prosessual Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.

21. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən, yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.

22. Həmin Məcəllənin 89.4-cü maddəsinə əsasən, sənədlərin əsli qanunlara və ya digər normativ hüquqi aktlara müvafiq olaraq, işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda təqdim edilir.

23. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə müvafiq olaraq iddiaçıya istinad etdiyi sübutun əslinin təqdim edilməsi təklif edilmiş, lakin iddiaçı tərəfindən həmin sübutun əslinin onda deyil, cavabdehdə olduğunu bildirmiş, cavabdeh həmin halın mövcudluğunu təsdiq etməmişdir. Belə olan halda, iddiaçının istinad etdiyi sənəd məhkəmə tərəfindən sübutların siyahısından kənarlaşdırılır və qəbuledilməz hesab edilir.

24. İddiaçı həmçinin iddiasında borcun verildiyi və artıq ödənişlərinin edildiyinin təsdiqi kimi Bakı Şəhəri Nərimanov Rayon Polis İdarəsi İstintaq şöbəsinin müstəntiqi X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərara istinad etmişdir.

25. Məhkəmə ilk olaraq qeyd edir ki, həmin qərar, eyni zamanda 26 aprel 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar Bakı Şəhəri Nərimanov rayon prokurorunun müvafiq olaraq xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli qərarları ilə ləğv edilmişdir.

26. Digər tərəfdən, həmin qərarlarda cavabdeh iddiaya etirazda bildirdiyi dəlilləri təkrarlamış, iddiaçı isə 2013-cü il tarixdən şərik fəaliyyətə başladıqlarını, lakin 2 500 000 ABŞ dollarının ona cavabdeh tərəfindən faizlə borc verildiyini bildirmişdir. Başqa sözlə, hazırda iddiaçının bildirdikləri sadəcə izahatlarından ibarətdir. Halbuki işdə iştirak edən şəxslərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə işdə iştirak edən şəxslərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsi).

27. Bundan başqa, iddiaçı xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda “Abdullayev Şahəddin Məmməd oğlu İddiaçı aralarında razılaşdırıldığı kimi müəyyən faiz qarşılığında 2 500 000 ABŞ dolları məbləğində pul vəsaiti borc vermiş, vermiş olduğu pulun müqabilində müəyyən məbləğdə gəlir əldə etmişdir. Belə ki, İddiaçı Cavabdeh razılaşdıqları qaydada yüksək faiz qarşılığıında hər ay müəyyən məbləğdə pul ödəməklə ümumilikdə 940 000 ABŞ dolları əlavə pul ödəmişdir. Bununla da Cavabdeh vergi cinayətlərinə aid olan cinayət əməlini törətmişdir” qeyd edildiyini göstərir.

28. Bu hissədə məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsində göstərilir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

29. Normanın mənasına görə, məhz cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmündə, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər məhkəmə qərarında əks olunan faktların iki növü mülki iş üzrə sübut olunmaqdan azaddır: birincisi, hərəkətin olu-olmaması faktı (yəni cinayətin törədilib-törədilməməsi faktı); ikincisi isə bu hərəkətin konkret şəxs tərəfindən edilməsi faktı (yəni cinayətin subyekti barədə məsələ). Eyni zamanda qeyd olunmalıdır ki, istintaq və təhqiqat orqanlarının heç bir qərarı mülki iş üzrə preyudisial əhəmiyyət daşımır və mülki prosessual qanunvericilikdə preyudisial halları və faktları əks etdirən məhkəmə aktlarının dəqiq dairəsi müəyyən edilib.

30. Əksinə, hazırkı iş üzrə istər eyni tərəflər arasında olması (subyektiv hədd), istərsə də 2013-cü il tarixdən etibarən iddiaçı və cavabeh arasında formalaşmış münasibətin xarakteri baxımından (obyektiv hədd) preyudisial əhəmiyyəti daşıyan Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-2(103)- 189/2024 nömrəli qətnaməsindən görünür ki, hazırkı iş üzrə iddiaçı öz apellyasiya şikayətində göstərmişdir ki, cavabdeh iddiaçıya hər hansı pul məbləğini borc verməmiş və borc kimi təqdim edilən pul vəsaitləri İddiaçı deyil, X10 verilmişdir (mədaxil edilmişdir).

31. Bununla yanaşı, iddiaçının vəsatəti əsasında məhkəmənin baxış iclasında şahid qismində dindirilmiş X5 öz izahatında cavabdehin bacısının həyat yoldaşı olduğunu, tərəflərin birlikdə işlədiyini, heç bir tərəfin digərinə verilməsi üçün ona pul təqdim etmədiyini göstərmişdir.

32. Bu mənada məhkəmə göstərir ki, hazırda biri digəri ilə uyğun olan sübutlarla iddiaçı ilə cavabdeh arasında hər hansı borc münasibətinin mövcudluğu, iddiaçının həmin münasibətə əsaslanaraq faiz borcu ödəməsi öz təsdiqini tapmır.

33. İşdə iştirak edən şəxslər nəzərə almalıdırlar ki, mülki məhkəmə icraatında məhkəmənin səlahiyyətləri, prosessual statusu onun üçün obyektiv həqiqətin müəyyənləşdirilməsini qeyri-mümkün edir. Bu mənada məhkəmə icraatının həqiqəti müəyyənləşdirilməsi konstitusion vəzifəsi mülki məhkəmə icraatında “hüquqi həqiqət”in müəyyən edilməsi ilə məhdudlaşır.

34. Konstitusiya Məhkəməsi göstərmişdir ki, ümumiyyətlə, hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır (Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli qərar).

35. Göstərilənlər onu deməyə əsas verir ki, müqavilədən irəli gələn münasibətlərdə tərəflər öhdəliyin icrası ilə bağlı hərəkətlərin lazımi qaydada rəsmiləşdirilməməsi, yazılı sənədlərin, o cümlədən təhvil-qəbul aktlarının tərtib olunmaması, ödənişlərin qeyri-rəsmi edilməsinin riskini daşıyırlar və bu zaman müvafiq sübutlarının olmaması səbəbindən obyektiv həqiqətin müəyyənləşdirilməsi məqsədilə sübutların toplanması və sübutetmə vəzifəsini məhkəməyə həvalə edə bilməzlər. Belə ki, tərəflər mülki məhkəmə icraatında hüquqi həqiqətin müəyyən olunduğunu nəzərə almalıdırlar.

36. Hazırkı iş üzrə isə iddiaçının bildirdikləri iş materiallarında olan sənədlər ilə müəyyən oluna bilməmişdir.

37. Digər tərəfdən, iddiaçının iddiasının fakitiki əsasına uyğun olaraq yalnız tərəflər arasında borc müqaviləsindən irəli gələn münasibətlərin mövcudluğu öz təsdiqini tapdıqdan sonra iddiaçı tərəfindən öhdəlikdən kənar ödənilmiş vəsaitin mövcudluğu, onun əsassız varlanma qaydasında tutulmasının mümkünlüyü yoxlanıla bilərdi.

38. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası təmin edilməməlidir.

39. Bundan başqa, iddiaçı iddia ərizəsində məhkəməyə vəsatətlə müraciət edərək iddiaçıya 2 500 000 ABŞ dolları pul vəsaitini vermiş cavabdehin malik olduğu xüsusilə külli miqdarda pul vəsaitlərinin qanuni sahibkarlıq fəaliyyətindən əldə edilib-edilməməsinin aydınlaşdırılması məqsədi ilə xüsusi qərardad qəbul edilərək prokurorluğa göndərilməsini xahiş etmişdir.

40. Mülki Prosessual Məcəllənin 265.4-cü maddəsinə əsasən, məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir.

41. Məhkəmə xüsusilə qeyd edir ki, mülki məhkəmə icraatını həyata keçirən məhkəmə qarşısında xüsusi qərardadın çıxarılması barədə məsələ qaldırıldıqda, məhkəmənin vəzifəsi icraatı proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxarmaq üçün aparmaq deyildir. Başqa sözlə, məhkəmə cinayət təqibini həyata keçirən orqan deyildir. Belə ki, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Bu mənada həmin vəzifələri icra edərkən proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətləri aşkara çıxarsa, məhkəmə xüsusi qərardad qəbul edir. Başqa sözlə, cinayət əlamətlərinin aşkara çıxması mülki məhkəmə icraatı üzrə aparılan araşdırmanın kənar nəticəsi kimi ortaya çıxır. Bu səbəbdəndir ki, xüsusi qərardadın çıxarılmasından imtina olunması proses iştirakçılarını törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün hüquq-mühafizə orqanlarına müraciət etmək hüququndan məhrum etmir.

42. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, hazırda İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə baxılarkən proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətləri aşkara çıxmadığından iddiaçıya hüquq-mühafizə orqanlarına müraciət etmək hüququ izah edilməlidir.

b) Məhkəmə xərcinin tutulması ilə bağlı

43. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasından görünür ki, iddiaçı tərəfindən ********** nömrəli qəbzə əsasən 1588 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.

44. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

45. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

46. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilmədiyini nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir

V. Nəticə:

47. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar