Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-282/2023 13.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi Mehidyeva Hafizə Etibar qızının katibliyi iddiaçının nümayəndəsi X3 cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh MMC-yə qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1.081.667,04 (bir milyon səksən bir min altı yüz altmış yeddi manat 04 qəpik) manat – bundan 378.576,74 (üç yüz yetmiş səkkiz min beş yüz yetmış altı manat 74 qəpik) manat əsas, 258.778,65 (iki yüz əlli səkkiz min yeddi yüz yetmiş səkkiz manat 64 qəpik) manat faiz, 188.983,17 (bir yüz səksən səkkiz min doqquz yüz səksən üç manat 17 qəpik) manat cərimə və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014- cü il tarixli Plenum qərarına əsasən hesablanmış 255.328,48 (iki yüz əlli beş min üç yüz iyirmi səkkiz manat 48 qəpik) manat faiz borcu, ilkin mediasiya sessiyasın keçirilməsi ilə bağlı ödənilmiş 400 (dörd yüz) manat məbləğində xərc və iş üzrə ödənilmiş 731 (yeddi yüz otuz bir) manat dövlət rüsumunun Cavabdeh MMCdən ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 228 saylı kredit müqaviləsinə əsasən cavabdehə 1 ay müddətinə, illik faiz dərəcəsi 17% ödənilmək şərtilə 2.400.000 AZN (iki milyon dörd yüz min manat) məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinə əsasən borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Borclu mütəmadi ödənişlər etmişdir. Cavabdehə xx.xx.2008-ci il tarixli, 228 saylı kredit müqaviləsi üzrə borcu üzrə yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Cavabdeh təklifə cavab vermədiyi üçün Mediasiya Şurasına yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün müraciət olunmuşdur. xx.xx.2021-ci il tarixinə Cavabdeh MMC-nin kredit üzrə cəmi borcu 1.081.667,04 (bir milyon səksən bir min altı yüz altmış yeddi manat 04 qəpik) manat təşkil edir. Bundan 378.576,74 (üç yüz yetmiş səkkiz min beş yüz yetmış altı manat 74 qəpik) manat əsas, 258.778,65 (iki yüz əlli səkkiz min yeddi yüz yetmiş səkkiz manat 64 qəpik) manat faiz, 188.983,17 (bir yüz səksən səkkiz min doqquz yüz səksən üç manat 17 qəpik) manat cərimə və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 255.328,48 (iki yüz əlli beş min üç yüz iyirmi səkkiz manat 48 qəpik) manat faiz borcu təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq cavabdeh tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiq edilməsinə münasibətdə qeyd etmişdir ki, prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq, ərizə və sübutlar hazırlıq iclaslarında verilməlidir. Cavabdeh tərəfindən qeyd olunan tələb pozulduğu iddia müddətinin tətbiqi barədə ərizə baxış iclasında verildiyi üçün nəzərə alınmamalıdır. Bundan əlavə, tərəflər arasında mediasiya prosesi keçirilmiş və iddia müddətinin axımı kəsilmişdir. İddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi daha əvvəlki məhkəmə iclaslarından xəbərdar olmadıqlarını, bununla bağlı olaraq məhkəmə iclaslarında iştirak etmədiklərini bildirmiş, iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. İş materiallarında olan: "xxxx" ASC “borcverən” Cavabdeh MMC “borc alan” olmaqla imzalanmış 8 fevral 2008-ci il tarixli 228 saylı kredit müqaviləsinə əsasən “borc verən” “borc alan”a 2.400.000 manat məbləğində 8 mart 2008-ci il tarixinədək illik 17% ödənilmək şərtilə bu müqavilənin 1.2-ci bəndində göstərilmiş məqsədlər üçün kredit verir. 2.8-ci bəndə əsasən “borc alan” tərəfindən bu müqavilənin 1.1-ci bəndində göstərilən 8 mart 2008-ci il tarixədək kreditin və ona “borc verən” tərəfindən hesablanmış faizlərin məbləğinin tam ödənilməsi pozulduqda “borc verən” “borc alan”a ötmüş borc məbləği üçün illik 34 faiz məbləğində cərimə ödəyir. 1.2-ci bəndə əsasən kredit aşağıdakı məqsədlər üçün verilir: “Məişət texnikaları zavodunun” avadanlıqlarının montaj işlərinin tamamlanması üçün. 30 iyun 2021-ci il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, "xxxx" ASC və Cavabdeh MMC arasında imzalanmış 8 fevral 2008-ci il tarixli MER********** saylı kredit müqaviləsi üzrə 24 iyun 2021-ci il tarixə 378.576,74 manat əsas borc, 258.778,65 manat faiz borcu, 255.328 manat illik 5% hesablanmaqla faiz borcu mövcuddur. Cavabdeh MMC-yə məxsus xx.xx.2016-cı il və xx.xx.2021 tarixlərini əhatə edən hesabdan çıxarışdan məlum olur ki, xx.xx.2018-ci il tarixində qeyd olunan hesaba sonuncu ödəniş olmuşdur. LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh MMC-yə ünvanlanan 29 iyun 2021-ci il tarixli məktubda borcun 3 gün ərzində ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 14 dekabr 2021-ci il tarixli MŞİH-06790-001787 nömrəli arayışa əsasən LPO "xxxx" ƏSF tərəfindən 400 manat mediasiya xərci ödənilmişdir. İşin halları ondan ibarətdir ki, tərəflər arasında kredit müqaviləsi imzalanmışdır. Hazırda iddiaçı kredit müqaviləsi üzrə əsas borcun, eyni zamanda ona hesablanmış faizləri cavabdehdən tələb edir. Cavabdeh iddia tələbi üzrə iddia müddətinin ötürldüyünü və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında kredit müqaviləsi imzalanmış, cavabdeh kredit müqaviləsi üzrə müəyyən olunan şərtlərlə və qaydada ödənişlər edilməsini öhdəsinə götürsə də müqavilədən irəli gələn öhdəliklərini lazımınca icra etməyərək, kredit məbləğini və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan qaydada ödəməmiş və nəticədə iddiaçıya əsas və faiz borcu yaranmışdır. Bununla belə məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia müddəti təbiq edilməklə iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarından məlum olur ki, tərəflər arasında imzalanmış xx.xx.2008-ci il tarixli, 228 saylı kredit müqaviləsində sonuncu ödəniş tarixi 08 mart 2008-ci il tarixi tərəflər arasında razılaşdırılmış, xx.xx.2018-ci il tarixində sonuncu ödəniş olmuşdur. Tərəflər arasında mediasiya sessiyasının keçirilməsi barədə arayış isə 14 dekabr 2021-ci il tarixində tərtib edilmiş, iddia tələbi ilə iddiaçı məhkəməyə xx.xx.2022-ci ildə müraciət etmişdir. AR Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 374.2-ci maddəsinə əsasən iddia müddətləri axımının dayandırılması və kəsilməsi əsasları bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mediasiya haqqında Azərbaycan Respublikası qanunun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Həmin Qanunun 35.2-ci maddəsinə görə mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Həmin Qanunun 32.4.2-ci maddəsinə əsasən bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə xitam verilir. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Həmin qərarda qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə sonuncu ödəniş tarixinin xx.xx.2018-ci il tarixi olmasını nəzərə alıb iddia müddətinin axımını həmin tarixdən hesablayaraq hesab edir ki, iddia müddətinin tətbiq edilməsinə dair ərizə əsaslıdır, iddiaçı tələb üzrə üç illik iddia müddətini ötürmüşdür. Məhkəmə iddiaçının iddia müddətinin tətbiqi barədə ərizənin cavabdeh tərəfindən məhkəmə baxışında verilməsini, bu səbəbdən nəzərə alınmaması ilə bağlı əsaslandırmasına münasibətdə bildirir ki, tələb hüququna iddia müddətinin şamil edilməsi, tələb hüququnun özünü aradan qaldırmasa da, həmin tələbin məhkəmə qərarı ilə təmin edilməsinin qarşısını alır. İddia müddətinin tətbiqi cavabdehə aid hüquq olmaqla, ona yönəlmiş iddiadan müdafiə olunmaq imkanı təmin edir və məhz cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir. İddia müddətinin tətbiqi barədə ərizənin məhkəmə qərarı çıxarılanadək verilməsi hüququ mülki qanunvericilikdə birbaşa nəzərdə tutulur və cavabdehin bu müdafiə vasitəsini seçmək, bu hüquqdan istifadə etmək imkanı məhkəmə qərarı çıxarılanadək müəyyən olunur. İddiaçının nümayəndəsi eyni zamanda mediasiya müraciətləri olduğu bu səbəbdən müddətin axımının kəsildiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının kəsilməsinə yox, dayandırılmasına səbəb olur və mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmadığından iddia müddətinin axımı “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” ilə bağlı arayışın tərəflərə təqdim edildiyi gündən bərpa olunmuş hesab olunur. İş materiallarından göründüyü kimi “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” ilə bağlı arayış 14 dekabr 2021-ci il tarixdə tərtib edilmiş və arayışda tərəflərin ilkin mediasiya sesiyasının yeri vaxtı barədə 10 gün əvvəldən məlumatlandırılması qeyd edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi tərəfindən mediasiya prosesinin təbiqi barədə sentyabr ayında müraciət etdiklərini bildirməsi belə nəzərə alınsa iddiaçı tərəfindən üç illik iddia müddəti ötürülmüşdür. İddiaçı 188.983,17 (bir yüz səksən səkkiz min doqquz yüz səksən üç manat 17 qəpik) manat cərimə və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014- cü il tarixli Plenum qərarına əsasən hesablanmış 255.328,48 (iki yüz əlli beş min üç yüz iyirmi səkkiz manat qırx səkkiz qəpik) manat faiz borcunun tutulmasını da tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəlləyə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.3-cü maddəyə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. 08 fevral 2008-ci il tarixli 228 saylı kredit müqaviləsinin 2.8-ci bəndində qeyd olunmuşdur ki, “borc alan” tərəfindən bu müqavilənin1.1-ci bəndində göstərilən “08” mart 2008-ci il tarixinədək kreditin və ona “borc verən” tərəfindən hesablanmış faizlərin məbləğinin tam ödənilməsi pozulduqda “borc alan” “borc verən”ə vaxtı ötmüş borc məbləği üçün illik 34% məbləğində cərimə ödəyir. AR Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə qeyd edir ki, əsas tələb üzrə iddia müddəti keçdiyindən, iddia tələbi qeyd olunan hissədə də rədd edilməlidir. Belə ki, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. (Mülki Məcəllə 376-cı maddə) Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, ilkin mediasiya sessiyasın keçirilməsi ilə bağlı ödənilmiş 400 manat və iş üzrə ödənilmiş 731 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İlkin mediasiya sessiyasın keçirilməsi ilə bağlı ödənilmiş 400 manat və iş üzrə ödənilmiş 731 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-282/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-282/2023
13.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver