Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-282/2025 20.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdаr Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, borc tələbi, zaminlik, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdаr Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 qarşı "borc” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdаr Cəmiyyəti iddia ərizəsi və iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada 12011,05 manat məbləğində əsas borc, 2653,65 faiz borcu, 1801,66 manat məbləğində cərimə borcu həmçinin iddiа ərizəsinə görə ödənilmiş 135,79 mаnаt dövlət rüsumunun əvəzi, ümumilikdə 16602,15 manat məbləğində borcun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 24 ay müddətinə qaytarılmaq şərti ilə 20000 manat məbləğində krеdit vеrilmiş və bununlа bаğlı BOKT "xxxx" QSC ilə Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixli 394-MBK-0062-22 saylı Krеdit Müqаviləsi bаğlаnmışdır. Həmçinin Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh3 BOKT Embafinans QSC qarşısındakı öhdəlikləri tam icra edilənədək xx.xx.2022-ci il tarixli 394-MBK-0062-22/a saylı Zaminlik müqaviləsinə əsasən Cavabdeh4, 394-MBK-0062-22/b saylı Zaminlik müqaviləsinə əsasən Cavabdeh1 və xx.xx.2022-ci il tarixli 394-MBK-0062-22/c saylı Zaminlik müqaviləsinə əsasən Cavabdeh2 zamin durmuşdur. Krеdit Müqаviləsinin 3.1.3-cü bəndinə əsаsən, “Borcalan” ödənişləri müqavilədə nəzərdə tutulmuş qaydada icra etmədikdə, “Borcverən” müqavilə üzrə tam borcun, faizlərin və hesablanmış cərimənin ödənilməsini vaxtından əvvəl tələb edə bilər. Zaminlik Müqaviləsinin 2.3-cü bəndinə əsasən, “Borcalan” öz öhdəliklərini tam yerinə yetirənədək Zamin “Borcalan” ilə birlikdə “Borcverən” qarşısında tam məsuliyyət daşıyır. Həmin müqavilənin 3.1-cü bəndinə əsasən Zamin “Kreditor” qarşısında “Borcalan”ın kredit müqaviləsi üzrə olan kredit borcu və faizləri məbləğində, həmçinin kreditlə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komissiya, dəbbə pulu, məhkəmə xərcləri və s. üçün tam məsuliyyət daşıyır. Krеdit Müqаviləsinin 3.4.3-cü bəndinə əsаsən Borcalan krеdit məbləğini ödəmədikdə və ya müqaviləyə müvafiq qaydada ödəmədikdə, o, özünün şəxsi əmlakları hesabına borcun ödənilməsini təmin еtməlidir. Cаvаbdеhlər müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pоzmuş və vurduğu zərər nəticəsində BOKT "xxxx" QSC-ni müqаvilə bаğlаnаrkən ümid еtməyə hаqqı çаtаnlаrdаn məhrum еtmişdir. Bоrcun ödənilməsi tələbi ilə cаvаbdеhlərə dəfələrlə mürаciət оlunmаsınа, tərəfimizdən məsələnin məhkəmədən kənаr qаydаdа həll еdilməsi üçün mümkün оlаn bütün tədbirlərin görülməsinə bахmаyаrаq cavabdehlər bоrcun qаytаrılmаsı üçün hеç bir təşəbbüs göstərməmişdir. İddiaçı iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 421.2, 425.1, 448.1, 448.2, 472.1, 472.2, 739.1-ci maddələrinə istinad edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlərdən Cavabdeh1 məhkəmə ilə əlaqə saxlayaraq atası Cavabdeh3 hazırda İranda olduğunu və borc məbləği barədə məlumatlı olmadığını bildirmişdir. Cavabdehlərdən Cavabdeh3 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı BOKT "xxxx" QSC tərəfindən ona qarşı borc tələbi barədə iddiasını qismən qəbul etdiyini, 9578 manat hissədə təmin edilməli, qalan hissədə əsassız olduğu üçün rədd edilməli olduğunu bildirmişdir. BOKT "xxxx" QSC ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli 394-MBK-0062-22 saylı Kredit müqaviləsi üzrə tərtib olunmuş qrafikə əsasən ümumilikdə 14 ay ərzində hər ay 1100 manat pul ödəmişdir. Lakin iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş hesabdan çıxarışda ödənişlər düzgün göstərilməmiş, nəticədə 15265,15 manat məbləğində borcun olması ilə bağlı iddia qaldırılmışdır. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməməklərinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: Cavabdeh3 (borc alan) ilə Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ( borc verən) arasında bağlanmış xx.xx.2022-ci il tarixli 394-MBK-0062-22 saylı Krеdit Müqаviləsinə əsasən 24 ay müddətinə qaytarılmaq şərti ilə 20000 manat məbləğində krеdit vеrilmişdir. Müqavilənin 1.5-ci bəndinə əsasən "Borcalan" kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini bu müqavilədə və müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlində (Əlavə 1) göstərilmiş qaydada həyata keçirir. Müqavilənin 2.1-ci bəndinə əsasən kreditin istifadəsinə görə “Borcalan” əsas borcun qalığına illik 28% ödəyir. Həmçinin 2.3-cü bəndinə əsasən redit uzrə faizlərin hesablanması ildə 360 təqvim günü, aylıq 30 təqvim günü götürülməklə hesablanır. Kredit üzrə illik faiz dərəcəsi (FİFD) 30,15% təşkil edir. Krеdit Müqаviləsinin 3.1.3-cü bəndinə əsаsən, “Borcalan” ödənişləri müqavilədə nəzərdə tutulmuş qaydada icra etmədikdə, “Borcverən” müqavilə üzrə tam borcun, faizlərin və hesablanmış cərimənin ödənilməsini vaxtından əvvəl tələb edə bilər. Müqavilənin 5.2-ci bəndinə əsasən Borcalan bu müqaviləyə və onun əlavəsinə uyğun olaraq vaxtlı-vaxtında üzərinə göterdeye öhdəlikləri icra etmədiyi təqdirdə əsas və faiz borcundan əlavə hər gecikdirilmiş gün üçün kreditin ödənilməmiş hissəsinə görə 1% cərimə (dəbbə pulu) ödəməlidir. 394-MBK-0062-22 sayli kredit müqaviləsinə 1 nömrəli Əlavə üzrə tərtib edilmiş ödəniş cədvəlindən görünür ki, ümumi məbləği 20000 manat olan illik faiz dərəcəsi 28 % olmaqla 24 ay müddətinə verilmiş kreditə görə Cavabdeh3 xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixinə qədər hər ayın 6-sı 1098 manat, sonuncu ay isə 1093,09 manat ödəməlidir. xx.xx.2022-ci il tarixli 394-MBK-0062-22 saylı Krеdit Müqаviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə xx.xx.2022-ci il tarixdə Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh4 ilə 394-MBK-0062-22/a saylı, Cavabdeh1 ilə 394-MBK-0062-22/b saylı, Cavabdeh2 ilə 94-MBK-0062-22/c saylı zaminlik müqavilələri bağlamışdır. Zaminlik Müqaviləsinin 2.3-cü bəndinə əsasən, “Borcalan” öz öhdəliklərini tam yerinə yetirənədək Zamin “Borcalan” ilə birlikdə “Borcverən” qarşısında tam məsuliyyət daşıyır. Həmin müqavilənin 3.1-cü bəndinə əsasən Zamin “Kreditor” qarşısında “Borcalan”ın kredit müqaviləsi üzrə olan kredit borcu və faizləri məbləğində, həmçinin kreditlə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komissiya, dəbbə pulu, məhkəmə xərcləri və s. üçün tam məsuliyyət daşıyır. xx.xx.2022-ci il tarixli 005XOH********** nömrəli ödəniş tapşırığına əsasən 19 600 manat manat kredit xx.xx.2022-ci il tarixli 394-MBK-0062-22 saylı Krеdit Müqаviləsinə əsasən Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh3 hesabına köçürülmüşdür. xx.xx.2024-cü il tarixli iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixə Cavabdeh3 12011,05 manat əsas borcu 1316,65 manat faiz borcu, 1801,66 manat cərimə borcu, ümumilikdə 15129,36 borcuvardır. xx.xx.2025-ci il tarixli tərtib edilmiş maliyyə arayışından görünür ki, maliyyə arayışına əsasən xx.xx.2024-cü il tarixə 12011.05 manat əsas borc, 265З,65 manat faiz, 1801,66 manat olmaqla ümumilikdə 16466,36 manat borcu vardır. Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə göndərilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktublarından görünür ki, tərəflər arasında tərtib olunmuş razılaşmada göstərilən qrafikə uyğun olaraq tərəfinizdən əsas borcun 3193,82 manat hissəsi, hesablanmış 354,43 manat faiz borcu, müqavilə üzrə öhdəliklərinizi lazımi qaydada icra etmədiyinizə görə 334,52 manat cərimə borcu olmaqla xx.xx.2023 tarixinə cəmi 3882,77 manat borcun 3 gün ərzində ödənilməsi tələb edilmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 135,79 manat məbləğində, xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, 5 manat məbləğində dövlət rüsumu ödəmişdir. Cavabdehlərin borcunun məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 9/8954/2024 saylı rəyi ekspert rəyi ilə Cavabdeh3 iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə maliyyə arayışında göstərilən xx.xx.2024-cü il tarixə əsas borc üzrə 11684,37 manat, faiz borcu üzrə 1135,98 manat, müqavilə müddətinin bitdiyi xx.xx.2024-cü il tarixə əsas borc üzrə 11684,37 manat, faiz borcu 2653,65 manat müəyyən edilmişdir. İş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və xx.xx.2025-ci il tarixli, 3-16-16/2 -9/1322/2025 saylı rəyi ekspert rəyi ilə Cavabdeh3 iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə maliyyə arayışında göstərilən xx.xx.2024-cü il tarixə əsas borc üzrə 11684,37 manat, faiz borcu üzrə 1135,98 manat, müqavilə müddətinin bitdiyi xx.xx.2024-cü il tarixə əsas borc üzrə 11684,37 manat, faiz borcu 2653,65 manat müəyyən edilmişdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır 739-cu maddəsinin xx.xx.2023-cü il tarixinə kimi qüvvədə olmuş əvvəlki tələbinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, BOKT "xxxx" QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 394-MBK-0062-22 saylı krеdit müqаviləsinə əsasən iddiaç tərəfindən sonuncuya 24 ay müddətinə 20000 manat məbləğində kredit verilmişdir. Öhdəliyin icrasının təmin edilməsi üçün xx.xx.2022-ci il tarixdə BOKT "xxxx" QSC Cavabdeh4 ilə 394-MBK-0062-22/a saylı, Cavabdeh1 ilə 394- MBK-0062-22/b saylı, Cavabdeh2 ilə 94-MBK-0062-22/c saylı zaminlik müqavilələri bağlamış və zaminlər borclu ilə birgə məsuliyyəti öz üzərlərinə götürmüşlər. Kreditor, yəni iddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zamin, yəni cavabdehlər kredit və zaminlik müqavilələri üzrə öhdəlikləri tam icra etməmişlər, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə iddiaçının cavabdehlərə qarşı kredit və zaminlik müqavilələri əsasında borcu tələb etmək hüququ yaranmışdır. Lakin məhkəmə cavabdehlərdən tutulacaq əsas borcun məbləği ilə bağlı qeyd edir ki, iddiaçı iddia tələbində 12011,05 manat məbləğində əsas borcun tutulmasını tələb etsə də, keçirilmiş məhkəmə ekspertizası nəticəsində müqavilə müddətinin başa çatdığı xx.xx.2024-cü il tarixə əsas borc məbləğinin 11684,37 manat olduğu məlum olmuşdur. Həmin ekspert rəyi kifayət qədər əsaslı şəkildə əsaslandırılmış, edilən ödənişlərə silinmələr cədvəl üzrə aydın şəkildə göstərilmişdir. Buna görə də ekspert rəyini mötəbər sübut kimi qəbul edərək məhkəmə hesab edir ki, cavabdehlərdən tutulacaq əsas borcun məbləği 11684,37 manat müəyyən olunmalıdır. Həmçinin məhkəmə, cavabdehlərdən tutulacaq faiz borcunun məbləği ilə bağlı qeyd edir ki, iddiaçı cavabdehlərə pretenziya ilə müraciət etdiyi vaxt yalnız həmin vaxta kimi yaranmış əsas və faiz borcunu tələb etdiyi üçün, eyni zamanda, keçirilmiş məhkəmə ekspertizası nəticəsində müqavilə müddətinin bitdiyi xx.xx.2024-cü il tarixə faiz borcu 2653,65 manat hesablandığından, iddiaçının iddia tələbinin həcminin artırılması zamanı tələb etdiyi 2653,65 manat məbləğində faiz borcu da ekspert rəyinə uyğun olduğundan həmin məbləğ cavabdehlərdən tutulmalıdır. Bundan başqa iddiaçı cavabdehlərdən kredit müqaviləsi üzrə 1801,66 manat cərimə məbləğinin də tutulmasını tələb etmişdir. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 550 manat məbləğində müəyyən olunmalıdır. Məhkəmə MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 140,79 manat dövlət rüsumunun 134,66 manatının əvəzi cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalı, məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 200 manat məbləğində pul vəsaitinin 180 manat məbləğində hissəsi cavabdehlərdən müştərək qaydada, 20 manat məbləğində hissəsi isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 11684,37 manat məbləğində əsas borc, 2653,65 manat məbləğində faiz bоrсu, 550 manat manat məbləğində cərimə borcu, ümumilikdə 14888 (on dörd min səkkiz yüz səksən səkkiz) manat 02 (iki) qəpik borc, ödənilmiş dövlət rüsumunun 134 (yüz otuz dörd) manat 66 (altmış altı) qəpiyinin əvəzi tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı “Embafinans Qapalı Səhmdаr Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 200 manat məbləğində pul vəsaitinin 180 (yüz səksən) manatı cavabdеhlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, 20 (iyirmi) manatı isə iddiaçı Bank Olmayan Kredit Təşkilatı “Embafinans Qapalı Səhmdаr Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-282/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-282/2025
20.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver