Məhkəmə qərarları › İş №e-2-2(113)-2831/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2831/2024

04.06.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2831/2024 04.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: xidmət müqaviləsi, borcun ödənilməsi, icranın gecikdirilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli 03 saylı müqaviləyə əsasən yaranmış 33687 manat məbləğində əsas borc, 1684,35 manat məbləğində faiz borcu, hüquqi xidmət müqabilində vəkilə ödənilmiş 300 manat və hazırkı iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 192,26 manat olmaqla, cəmi 35863,61 manat pul vəsaitinin cavabdehdən tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında 14 may 2023-cü il tarixli, 03 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə iddiaçı cavabdehin sifarişi əsasında özünə məxsus **-HE-*** dövlət qeydiyyat nişanlı, “Man” markalı yəhərli dartıcı və **-ZH-*** dövlət qeydiyyat nişanlı, “Kempe” markalı özü boşaldan nəqliyyat vasitəsi ilə yük daşıma xidmətləri həyata keçirmişdir. Belə ki, müqavilənin 1.1-ci bəndinə əsasən sifarişçi qırma daş yükünün Tərtər çayı hövzəsində yerləşən karxanadan 0-45 çay materialının Mingəçevir şəhərində sifarişçi tərəfindən tələb olunan əraziyə daşıma xidmətlərinin göstərilməsini sifariş vermişdir. Sifarişçi razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada iş icraçısı tərəfindən tapşırılan yük daşıma xidmətlərini görməyi öhdəsinə götürür. Həmin mqavilənin 4.1-ci bəndinə əsasən göstərilən xidmətlərin həcmi tərəflərin razılaşması ilə daşınan yükün 1 kubunun qiyməti 9 manat müəyyən edilir və daşınmada istifadə olunan dizel yanacağı daşınmanın dəyərindən çıxılır və yük daşıyan tərəf sifarişçinin ünvanına elektron qaimə göndərdikdən 3 gün ərzində hesablaşma həyata keçirilir. Müqavilənin 5-ci maddəsinə əsasən bu müqavilə imzalandığı gündən qüvvəyə minir və tərəflərin öz öhdəliklərini tam yerinə yetirdikdən sonra qüvvəsini itirir. Bu müqavilədə nəzərdə tutulan xidmət 1 il müddətində həyata keçirilməlidir. Müqavilənin 9-cu maddəsinə əsasən bu müqavilədən irəli gələn bütün mübahisələr danışıqlar vasitəsilə həll edilir. Müqavilə üzrə mübahisələr tərəflərin öz aralarında, pretenziya irəli sürülməsi qaydası ilə həll edilir. Tərəflər arasında yaranmış mübahisələr 9.2-ci maddədə göstərilmiş qaydada həll edilmədikdə, mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin normaları ilə tənzimlənəcək və mübahisələrə Azərbaycan Respublikasının müvafiq məhkəmələrində baxılacaq. Bildirilir ki, İddiaçı xx.xx.2023-cü il tarixli müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirsə də, Cavabdeh MMC tərəfindən daşıma xidmətlərinin müqabilində iddiaçıya ödənməli olan 43830 manat puldan cəmi 10143 manat pul ödənilmişdir. Beləliklə də, həmin müqavilə üzrə cavabdeh MMC-nin iddiaçıya 33687 manat ödənilməmiş əsas borcu qalmışdır. Belə ki, xx.xx.2023-cü il tarixli, 476266 nömrəli elektron qaimə-faktura sənədinə görə 10143 manat, xx.xx.2023-cü il tarixli 644636 nömrəli elektron qaimə-faktura sənədinə görə 5004 manat, xx.xx.2023-cü il tarixli, 837505 nömrəli elektron qaimə-faktura sənədinə görə 28683 manat pul məbləğində yükdaşıma xidmətləri haqqının ödənilməsi üçün iddiaçı tərəfindən qaimələr cavabdehə göndərilmişdir və cavabdeh tərəfindən iddiaçıya ödənilməli idi. İddia ərizəsinə əlavə edilmiş iddiaçının bank hesabından çıxarışdan görünür ki, həmin e-qaimələr əsasında göstərilən 43830 manatlıq yükdaşıma xidmətlərinə görə cavabdeh xx.xx.2023-cü il tarixdə cəmisi 10143 manat ödəniş etmiş, qalıq 33687 manat məbləğində borcu isə bugünədək iddiaçıya ödəməmişdir. Qeyd edilir ki, cavabdehdən borcun ödənilməsi dəfələrlə şifahi qaydada xahiş və tələb edilsə də, eyni zamanda xx.xx.2024-cü il tarixdə email vasitəsilə pretenziya, xx.xx.2024-cü il tarixdə elektron kargüzarlıq vasitəsilə, xx.xx.2024-cü il tarixli pretenziya məktubu ilə xəbərdarlıq edilsə də, cavabdeh MMC tərəfindən bugünədək 33687 manat borc məbləği iddiaçıya ödənməmişdir. Odur ki, xx.xx.2023-cü il tarixli, 03 saylı müqaviləyə əsasən 33687 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. AR Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən əsas borc məbləği olan 33687 manat məbləğin 5%-i, yəni 1684,35 manat məbləğində pul da "xxxx" MMC tərəfindən İddiaçı ödənilməlidir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 431, 445.1, 445.2, 445.7, 448-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.

5. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, ircaçı qismində İddiaçı ilə sifarişçi qismində Cavabdeh MMC arasında xx.xx.2023-ci il tarixdə 03 nömrəli “Xidmətlərin göstərilməsi haqqında” müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən sifarişçi qırma daş yükünün Tərtər çayı hövzəsində yerləşən karxanadan 0-45 çay materialının Mingəçevir şəhərində sifarişçi tərəfindən tələb olunan əraziyə daşıma xidmətlərinin göstərilməsini sifariş verib. Sifarişçi razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada iş icraçısı tərəfindən tapşırılan yük daşıma xidmətlərini görməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən göstərilən xidmətlərin həcmi bu müqaviləyə əlavə edilən xidmət aktı (və ya aktları) ilə müəyyənləşdirilir. Bu müqavilə üzrə xidmət haqqının miqdarı tərəflər arasında razılaşmaya əsasən 2 nömrəli aktda xidmətlər üçün verilmiş qiymətlər əsasında müəyyən edilir. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən xidmətin göstərilməsi tərəflərin hazırkı müqavilənin 5.2-ci bəndində göstərilən müddət ərzində həyata keçirilir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən xidmətin göstərilməsi ilkin sifariş üzrə həyata keçirilir. Göstəriləcək xidmətin sifarişi sifarişçi tərəfindən verilir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən icraçı sifarişçinin sifariş verdiyi yük daşıma xidmətlərini həyata keçirir (işi icra edir). Həmin müqavilənin 4.1-ci bəndinə əsasən göstərilən xidmətlərin həcmi tərəflərin razılaşması ilə daşınan yükün 1 kubunun qiyməti 9 (doqquz) manat müəyyən edilir və daşınmada istifadə olunan dizel yanacağı daşınmanın dəyərindən çıxılır və yük daşıyan tərəf sifarişçinin ünvanına elektron qiamə göndərildikdən 3 gün ərzində hesablaşma həyata keçirilir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən hazırkı müqavilə üzrə hesablaşmalar bank (20 bank gününə) hesabına köçürmə yolu ilə həyata keçirilir.

8. xx.xx.2023-cü il tarixli, EBDİ seriyalı, 476266 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 10143 manat təşkil edir.

9. xx.xx.2023-cü il tarixli, EBDL seriyalı, 644636 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 5004 manat təşkil edir.

10. xx.xx.2023-cü il tarixli, EBDM seriyalı, 837505 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 28683 manat təşkil edir.

11. İddiaçı "xxxx" ASC-də olan hesabdan çıxarışından müəyyən edilir ki, xx.xx.2023cü il tarixdə Cavabdeh MMC tərəfindən 10143 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir.

12. İddiaçı tərəfindən Cavabdeh MMC-yə göndərilmiş pretenziya məktubundan görünür ki, borc məbləğinin 3 (üç) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

Məhkəmənin mövqeyi

15. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, tərəflər arasında xx.xx.2023ci il tarixdə “Xidmətlərin göstərilməsi haqqında” müqavilə bağlanmış və həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Müqavilənin şərtlərinə görə iddiaçı cavabdehin sifarişi əsasında özünə məxsus **-HE-*** dövlət qeydiyyat nişanlı, “Man” markalı yəhərli dartıcı və **-ZH-*** dövlət qeydiyyat nişanlı, “Kempe” markalı özü boşaldan nəqliyyat vasitəsi ilə yük daşıma xidmətlərini həyata keçirmişdir. Müqaviləyə əsasən cavabdeh qırma daş yükünün Tərtər çayı hövzəsində yerləşən karxanadan 0-45 çay materialının Mingəçevir şəhərində cavabdeh tərəfindən tələb olunan əraziyə daşıma xidmətlərinin göstərilməsini sifariş verməyi, razılaşdırılmış xidmət haqqını ödəməyi, iddiaçı isə tapşırılan yük daşıma xidmətlərini görməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən daşınan yükün 1 kubunun qiyməti 9 manat müəyyən edilmiş və daşınmada istifadə olunan dizel yanacağının daşınmanın dəyərindən çıxılması və yük daşıyan tərəfin sifarişçinin ünvanına elektron qaimə göndərdikdən sonra 3 gün ərzində hesablaşmanın həyata keçirilməsi nəzərdə tutulmuşdur. İddiaçı xx.xx.2023cü il tarixli müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, Cavabdeh MMC tərəfindən daşıma xidmətlərinin müqabilində iddiaçıya ödənməli olan 43830 manat (3 elektron qaimə üzrə ümumi məbləğ) puldan cəmi 10143 manat pul ödənilmiş, 33687 manat ödənilməmiş borc qalmışdır. Həmin elektron qaimədən biri - xx.xx.2023-cü il tarixli, EBDİ seriyalı, 476266 nömrəli elektron qaimə üzrə 10143 manat tam ödəniş olunmuş, qalan 2 elektron qaimə üzrə cəmi 33687 manat ödəniş olmamışdır.

16. İddia tələbinin bir hissəsini cavabdehdən 33687 manat nəbləğində əsas borcun tutulması təşkil edir.

17. Məhkəmə müqavilə şərtlərini, qanunvericilik normalarını, cavabdehin xidmət müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə təmin edilməli və Cavabdeh MMC-dən 33687 (otuz üç min altı yüz səksən yeddi) manat tutularaq iddiaçıya ödənilməlidir.

18. İddia tələbinin digər hissəsini cavabdehdən 1684,35 manat məbləğində pulun tutulması təşkil edir.

19. İddia tələbinin göstərilən hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, cavabdeh pul məbləğinin ödənilməsini gecikdirdiyindən iddiaçı gecikdirilməyə görə illik beş faizlə hesablanmış məbləğin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır.

20. İddiaçı pul məbləğinin ödənilməsini gecikdirildiyi müddəti əsassız olaraq 1 il götürməklə, cavabdehdən 1684,35 manat məbləğində pulun tutulmasını xahiş etmişdir. Lakin iddiaçı tərəfindən cavabdehə göndərilən sonuncu elektron qaimə xx.xx.2023-cü il tarixli olmuşdur. Tərəflər arasında bağlanmış xx.xx.2023-ci il tarixli müqavilənin 4.2-ci bəndinə əsasən hazırkı müqavilə üzrə hesablaşmalar bank (20 bank gününə) hesabına köçürmə yolu ilə həyata keçirilir. Hazırda isə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Beləliklə, qeyd edilənlərdən məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini oktyabr ayından icra etməli olduğu halda etməmişdir. Ona görə də cavabdehdən 6 ay 2023-cü ilin oktyabr ayından məhkəməyə müraciət edilən tarix, yəni 2024-cü ilin aprel ayınadək olan dövr – 6 aylıq icranın gecikdirilməsinə görə illik 5 (beş) faizlə hesablanan pul vəsaiti tutulmalıdır. İddianın həmin hissəsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, həmin hissədə iddia qismən təmin olunmalı və cavabdehdən gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanan 842 manat məbləğində (33687x5:100=1684,35:12ay=140,362x6ay=842,175~842) pul iddiaçının xeyrinə tutulmalı, qalan hissədə isə təmin olunmamalıdır.

21. Eləcə də, iddiaçı hüquqi xidmət müqabilində vəkilə ödənilmiş 300 manat pulun və hazırkı iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 192,26 manat pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

22. Məhkəmə hesab edir ki, 300 (üç yüz) manat hüquqi yardım xərci və ödənilmiş dövlət rüsumuna görə 191,40 manat (yüz doxsan bir manat qırx qəpik) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 33687 (otuz üç min altı yüz səksən yeddi) manat əsas borc, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanan 842 (səkkiz yüz qırx iki) manat, 300 manat hüquqi yardım xərci, ödənilmiş dövlət rüsumuna görə 191,40 manat (yüz doxsan bir manat qırx qəpik) olmaqla, cəmi 35020,40 manat (otuz beş min iyirmi manat qırx qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar